Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1833/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin 64 ay ərzində ödənilməməsinə görə 10.483,20 manat, həmin ödənişin gecikdirilməsinə görə 3.189,8 manat, cəmi 13.673 (on üç min altı yüz yetmiş üç) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, xx.xx.2020-ci ildən etibarən hər ay 163,8 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı əmək münasibətlərində olduğu Cavabdeh MMC tərəfindən xidməti ezamiyyətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunub və İddiaçı həmin hadisə nəticəsində xəsarət alması xx.xx.2013-cü il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında Akt” № 01 İZ formalı aktla rəsmiləşdirilib və uçota alınıb. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası onu müayinə edərək əmək zədəsi səbəbindən əmək qabiliyyətini 80% itirdiyini müəyyən edib və İddiaçı müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi verib. Cavabdeh MMC xx.xx.2013-cü il tarixli əmr əsasında İddiaçı müəssisədə işlədiyi dövrdə aldığı əmək haqqının 80%-i həcmində, yəni ayda 819 manat aylıq ödənc ödəyir. İddiaçının əldə etdiyi məlumata görə 2014-cü ilin sentyabr ayının 1-dən “Cavabdeh" MMC-də işləyən işçilərin əmək haqlarında kütləvi artım olub və əmək haqları orta hesabla 20% artıb. Lakin “Cavabdeh" MMC-də baş verən kütləvi əmək haqqı artımları iddiaçıya şamil olunmayıb. İddiaçı müxtəlif vaxtlarda həmin maaş artımlarının ona da şamil edilməsi barədə “Cavabdeh" MMCnə və ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyinə rəsmi qaydada müraciət etsə də onun müraciətləri təmin olunmayıb. Həmin artımın ona şamil olunacağı təqdirdə İddiaçı ödənilən aylıq ödənc 163,8 manat (819 manatın 20%-i = 163,8) artmalı idi. Ötən 64 ay ərzində (xx.xx.2014 xx.xx.2019) cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ödəncin cəmi məbləği 10.483.20 manat (163.80 x 64) təşkil edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən aparılan hesablama nəticəsində məlum olur ki, cavabdeh kütləvi maaş artımı nəticəsində ona ödənilməli olan ödənc məbləğinin gecikdirildiyi 1 gün üçün ona 1,64 manat ödəməlidir. xx.xx.2014 xx.xx.2019 dövr üçün ödəncin verilmədiyi günlərin sayı 1.945 gün təşkil edir, ödəncin gecikdirilməsinə görə ona ödənilməli olan cəmi məbləğ 3.189,8 manat (1.945 x 1,64) təşkil edir. Beləliklə, hesab edir ki, cavabdehin ona ödəməli olduğu məbləğ cəmi 13.673 (10.483,20 +3.189,8) manatdır. Bundan başqa 2020-ci ilin yanvar ayından cavabdehin ona ayda 163,8 manat ödəməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin 64 ay ərzində ödənilməməsinə görə 10.483,20 manat, həmin ödənişin gecikdirilməsinə görə 3.189,8 manat, cəmi 13.673 (on üç min altı yüz yetmiş üç) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, xx.xx.2020-ci ildən etibarən hər ay 163,8 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, xx.xx.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə İddiaçı təyin edilmiş 819,28 manat məbləğində ödəncin xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı "Cavabdeh" MMC-də Sahə müqavilələri bölməsində Müqavilələr üzrə mühəndis vəzifəsində işləmişdir. Onunla eyni bölmədə və eyni vəzifədə işləmiş X13 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2013-cü il tarixində, X16 ilə xx.xx.2013-cü il tarixində, X11 ilə xx.xx.2013-cü il tarixində, sahə müqavilələri üzrə əməliyyatçı vəzifəsində işləmiş X3 ilə xx.xx.2013-cü il tarixində, X17 ilə xx.xx.2013-cü il tarixində, Sahə müqavilələri üzrə qrup rəhbəri vəzifəsində işləmiş X14 ilə xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. İş prosesinin daha səmərəli qurulması zərurəti yarandığına, sahə müqavilələri bölməsində iş həcmi əhəmiyyətli dərəcədə azaldığına və 2013-cü ilin may ayında həmin bölmənin İddiaçı savayı adları yuxarıda qeyd edilən bütün işçiləri əmək müqaviləsinin ləğv edilməsinə dair bir təqvim ayı qabaqcadan "Cavabdeh" MMC-ni yazılı ərizələri ilə xəbərdar etdiklərinə görə "Cavabdeh" MMC-nin rəhbərliyinin xx.xx.2013cü il tarixli, 925 nömrəli əmrinə əsasən iddiaçının da tutduğu vəzifənin ixtisara salınmasına qərar verilmişdir. Bu barədə iddiaçı rəsmi qaydada xəbərdar edilmişdir. Lakin sonradan baş vermiş qəza nəticəsində iddiaçı əmək qabiliyyətini itirdiyinə görə onunla bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 74-cü maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə də bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçi götürülməmiş, belə bir ştat olmamış, əmək haqqı ödənilməmişdir. Hazırda da strukturda belə bir vəzifə/peşə üzrə işləyən işçi və belə bir ştat vahidi yoxdur. Bütün yuxarıda göstərilənlər və əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınmasına dair əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsinin tətbiqinə müvafiq qaydaların Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilməsindən sonra başlanılmışdır. İddiaçı xəsarət almasında heç bir təqsiri olmamasına rəğmən işçinin sağlamlıq və maddi vəziyyəti nəzərə alınaraq Cavabdeh MMC tərəfindən xoş niyyət nümayiş etdirilərək ona əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin verilməsi və könüllü olaraq tibb sığorta müqaviləsinin uzadılmasına qərar verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin İİ və İİİ hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın 1.1-ci bəndinə əsasən istər aylıq ödənclərin verilməsi, istərsə də könüllü tibbi sığortanın təqdim edilməməsi Cavabdeh MMC-nin vəzifəsi olmadığından və yalnız xoşniyyət nümayişi olduğundan İddiaçı könüllü tibb sığortadan yararlanması 2015-ci ilin dekabr ayında, aylıq ödənclərin verilməsi isə cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən dayandırılmışdır. Məhkəmədən bu fakta diqqət yetirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, "Cavabdeh" MMC-də işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixli, 925 nömrəli əmr imzalanmışdır. Həmin əmrə və AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq onunla bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsi və ona dair protokollar xx.xx.2013-cü il tarixdən etibarən Cavabdeh MMC tərəfindən ləğv edilir. Bununla əlaqədar ona tərəflərindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən müvafiq kompensasiya və ödəmələr ödəniləcəkdir. "Cavabdeh" MMC-də işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixli, 925 nömrəli əmrinə əsasən Cavabdeh MMC-də iş prosesinin daha səmərəli aparılması məqsədilə və iş həcminin azalmasını nəzərə alaraq, xx.xx.2013-cü il tarixindən etibarən Cavabdeh MMC-nin aşağıda adları göstərilən ştat/vəzifələrə ehtiyac olmadığı üçün bu ştat/vəzifələr ləğv edilmiş və müvafiq olaraq, həmin ştat/vəzifələr əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunmuşdur: Texnoloji departmentin Giriş şəbəkəsi şöbəsinin Sahə müqavilələri bölməsində müqavilələr üzrə ştat/vəzifəsi – (1 ştat/vəzifə); Texnoloji departmentin Giriş şəbəkəsi şöbəsində Giriş şəbəkəsi əməliyyatları bölməsinin Sahədə əməliyyat və texniki xidmət yarımbölməsində sahədə əməliyyat və texniki xidmət üzrə texnik ştat/vəzifəsi – (3 ştat/vəzifə); Texnoloji departamentin Giriş şəbəkəsi şöbəsində Giriş şəbəkəsi əməliyyatları bölməsinin Sahədə əməliyyat və texniki xidmət yarımbölməsində sahədə əməliyyat və texniki xidmət üzrə mühəndis ştat/vəzifəsi – (2 ştat/vəzifə). Cavabdeh MMC-nin Baş İcraçı Direktoru Riçerd Şirer tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-də işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixli, 925 saylı Əmr imzalanmışdır. Həmin Əmrə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli Əmək müqaviləsi və ona dair protokollar xx.xx.2013-cü il tarixindən etibarən ləğv edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən ona müvafiq kompensasiya və ödəmələr ödəniləcəkdir. İstehsalatda bədbəxt hadisə haqqında 01 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə saat 01:00 radələrində xidməti ezamiyyətdə olarkən "Cavabdeh" MMC-yə məxsus avtomobildə qəzaya uğramış və xəsarət almışdır. Cavabdeh” MMC-nin mühəndisi İddiaçıla xx xxx 2009-cu il tarixdə saat 01:00 radələrində baş vermiş və xəsarətlə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının surətindən görünür ki, təhqiqat komissiyası təhqiqat aktının 4-cü bəndinə əsasən bədbəxt hadisənin səbəbi yol-nəqliyyat hadisəsi kimi müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT Birliyinin Mərkəzinin xx.xx.2013-cü il tarixli, 246/MEŞ saylı ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı sağ bazu və mil sümüyünün, qapalı sınıqları, hər iki dirsək sinirin travmatik sıxılması, döş qəfəsinin yumşaq toxumalarının sağ tərəfli əziyi, burun sümüyünün sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsartlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2009-cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Zona Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı, 189841 nömrəli arayışın surətindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı əmək zədəsi ilə əlaqədar müddətsiz, ikinci qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin verilməsi üçün əsas 2228 nömrəli, xx.xx.2013-cü il tarixli müayinə aktıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X25 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, xx.xx.2009-cu il tarixə keçən gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayon ərazisindən keçən 116-cı km-də X4 idarə etdiyi Cavabdeh MMC-nə məxsus Mitsubişi L 200 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillə xidməti ezamiyyətdə olarkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı həmin avtomobildə olan sərnişin, Cavabdeh MMC-nin əməkdaşı İddiaçı müxtəlif növ bədən xəsarətləri almışdır. Cavabdeh MMC-nin Baş İcraçı Direktoru Riçerd Şirer tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 2616 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Texnoloji departamentinin Giriş şəbəkəsi şöbəsində Sahə müqavilələri bölməsinin Sahə müqavilələri üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 2228 nömrəli xx xxxxxxx 2013-cü il tarixli müayinə aktından çıxarışa əsasən əmək qabiliyyətini 80% itirilməsinə və eyni adlı müəssisə tərəfindən verilmiş arayışa əsasən 2-ci qrup əlillik dərəcəsi verildiyinə görə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, xx xxxxxxx 2013-cü il tarixindən xitam verilmiş və işçi ilə son haqq-hesab aparılmışdır. Hər ay (müddətsiz) İddiaçı aylıq əmək haqqının 80%-i ödənilsin. Əsas: 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 2228 nömrəli müayinə aktından çıxarış, 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE 189841 nömrəli arayış. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-cü il tarixli məktubdan görünür ki, İddiaçı xəsarət almasında heç bir təqsiri olmamasına rəğmən işçinin sağlamlıq və maddi vəziyyəti nəzərə alınaraq Cavabdeh MMC tərəfindən xoş niyyət nümayiş etdirilərək ona əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin verilməsi və könüllü olaraq tibb sığorta müqaviləsinin uzadılmasına qərar verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin İİ və İİİ hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın 1.1-ci bəndinə əsasən istər aylıq ödənclərin verilməsi, istərsə də könüllü tibbi sığortanın təqdim edilməməsi Cavabdeh MMC-nin vəzifəsi olmadığından və yalnız xoşniyyət nümayişi olduğundan İddiaçı könüllü tibb sığortadan yararlanması 2015-ci ilin dekabr ayında, aylıq ödənclərin verilməsi isə cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən dayandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş əmrlərin surətlərindən görünür ki, texnoloji departamentin Şəbəkənin inkişaf etdirilməsi şöbəsinin Müqavilələr bölməsinin müqavilələr üzrə mühəndisi işləmiş X13 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2012-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, sahə müqavilələri üzrə əməliyyatçı vəzifəsində işləmiş X3 ilə xx.xx.2013-cü il tarixində Əmək Məcəlləsinin 74-cü maddəsinin «e» bəndinə əsasən (ölümünə görə), Giriş şəbəkəsi şöbəsinin Müqavilələr bölməsinin müqavilələr üzrə mühəndisləri X16 ilə xx.xx.2013-cü il tarixində, X11 ilə xx.xx.2013-cü il tarixində, Giriş şəbəkəsi şöbəsinin giriş şəbəkəsi əməliyyatları bölməsi sahəsinin idarə edilməsi yarımbölməsində sahə müqavilələri üzrə mühəndisi X17 ilə xx.xx.2013-cü il tarixində, Sahə müqavilələri üzrə qrup rəhbəri vəzifəsində işləmiş X14 ilə xx.xx.2013-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. "Cavabdeh" MMC-nin işçilərin əmək haqlarının artırılmasına dair məhəkəməyə və icra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 23449 nömrəli məktubun məzmunundan görünür ki, X1 xx.xx.2013-cü il tarixinə olan vəzifəsi – Hökumət orqanları ilə texniki idarəetmə üzrə bölmə rəhbəri xx.xx.2014-cü il tarixdə əmək haqqı artırılmışdır (167,41 manat), xx.xx.2015-ci il tarixdə əmək haqqı artırılmışdır (217,63 manat) xx.xx.2016-cı il tarixdən Texniki məsələlərin tənzimlənməsi üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X6 xx.xx.2013-cü il tarixinə olan vəzifəsi – X7 üzrə yarımbölmə rəhbəri xx.xx.2014-cü il tarixdə əmək haqqı artırılmışdır (373,49 manat), xx.xx.2014-cü il tarixdən İnfrastrukturun idarə olunması üzrə yarımbölmə rəhbəri vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə əmək haqqı artırılmışdır (112,05 manat), xx.xx.2016-cı il tarixdən İnfrastrukturun idarəedilməsi üzrə bölmə rəhbəri vəzifəsinə keçirilib. (112,05 manat) xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X2 xx.xx.2013-cü il tarixinə olan vəzifəsi – Əsas infrastruktur inkişafı üzrə baş Mühəndis xx.xx.2014-cü il tarixdə əmək haqqı artırılmışdır (107,39 manat) xx.xx.2014-cü il tarixdən İnfrastruktur Əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə əmək haqqı artırılmışdır (112,76 manat) xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X10 xx.xx.2013-cü il tarixinə olan vəzifəsi – Telekom məsələlərinin həyata keçirilməsi üzrə bölmə rəhbəri, xx.xx.2014-cü il tarixdən İnfrastruktur üzrə Sahədə Dəstək qrupunun rəhbəri vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə əmək haqqı artırılmışdır. (85,99 manat), xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.2009-cu il tarixdə saat 01:00 radələrində xidməti ezamiyyətdə olarkən "Cavabdeh" MMC-yə məxsus avtomobildə qəzaya uğramış və xəsarət almışdır. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, bədbəxt hadisənin səbəbi yol-nəqliyyat hadisəsi kimi müəyyən edilmiş, İddiaçı həmin hadisə nəticəsində xəsarət alması xx.xx.2013-cü il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında” Akt № 01 İZ formalı aktla rəsmiləşdirilmiş və uçota alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, xx xxxxxxx 2013-cü il tarixindən xitam verilmiş və işçi ilə son haqq-hesab aparılmışdır. "Cavabdeh" MMC-də işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixli, 925 nömrəli əmr imzalanmış və bu barədə İddiaçı məlumat verilmişdir. Həmin əmrə əsasən Cavabdeh MMC-nin Texnoloji Departamentinin strukturunda dəyişikliklər edilmiş və ştat cədvəlində mühəndis ştat/vəzifəsi ixtisar olunmuşdur. Bunda sonra Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə İddiaçı 819,28 manat məbləğində ödəncin ödənilməsi təyin edilmiş, lakin cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən bu ödənişlər dayandırılmışdır. Məhkəmə cavabdeh tərəfin baş vermiş istehsalat qəzasının işəgötürənin təqsiri üzündən baş vermədiyi üçün aparılan ödənişlərin dayandırmalı olması ilə bağlı qeyd edir ki, vurğulanan məsələyə, "Cavabdeh" MMC bu barədə məhkəməyə qarşılıqlı iddia ilə müraciət etmədiyindən və bununla da həmin məsələ araşdırılan işin baxış predmeti olmadığından Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinadən hazırkı iş çərçivəsində məhkəmə tərəfindən münasibət bildirilə bilməz. Belə ki, həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçının tələbi istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən ona ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin, xx.xx.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub ona ödənilməsi, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə ona təyin edilmiş 819,28 manat məbləğində ödəncin xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən ona ödənilməsindən ibarətdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçıya təyin edilmiş ödəncin dayandırılmasını vurğulasa da, iddiaya bu halla bağlı deyil, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçinin götürülməməsinə və belə bir ştatın olmadığı üçün əmək haqqı ödənilmədiyindən iddianın təmin edilməsi üçün əsaslar olmaması baxımından etiraz etmişdir. Məhkəmə iddiaçının müvafiq tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın: - 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. - 2.1-ci bəndinə görə istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. - 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) ad) dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. - 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin); b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyisə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırkı tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməli, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin mübahisəsiz hallarından görünür ki, "Cavabdeh" MMC-nin xx.xx.2013-cü il tarixli, 925 nömrəli əmrinə əsasən iddiaçının tutduğu vəzifənin (Sahə müqavilələri üzrə mühəndis) ixtisara salınmasına qərar verilmiş və bu barədə iddiaçı rəsmi qaydada xəbərdar edilmiş, qeyd edilənlərlə bağlı ona ünvanlanmış məktubla həmin tarixdə imza etməklə tanış olmuş, sonradan baş vermiş qəza nəticəsində iddiaçı əmək qabiliyyətini itirdiyindən onunla bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 74-cü maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən «Qaydalar»da aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilməsi və göstərilən artım günündən başlayaraq ödənilməli olmasının təsbit edilməsini nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi o halda əsaslı sayıla bilərdi ki, iddiaçının cavabdeh müəssisədə işlədiyi peşə (vəzifə) mövcud olsun və yalnız bu vəzifə üzrə də taarif maaşının kütləvi artımı baş versin. Lakin məhkəmə araşdırması nəticəsində (sübutların təmin edilməsi barədı qərardadın qəbul edilməsi yolu ilə) cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən də, məhkəmə baxışı zamanı nümayəndəsinin verdiyi izahatlardan da aydın görünür ki, artıq iddiaçının işlədiyi peşə (vəzifə) Cavabdeh MMC-də ixtisara salınmış, olmayan vəzifə üzrə də tarif maaşının kütləvi artımı baş verməmişdir. Başqa sözlə, iddiaçı cavabdeh müəssisədə işləmiş olduğu peşənin (vəzifə) mövcud olmasını və yalnız bu vəzifə üzrə də tarif maaşının kütləvi artımı baş verməsini məhkəmə baxışı zamanı sübut edə bilməmişdir. İşin materiallarından görünür ki, yalnız «Əsas infrastruktur inkişafı üzrə baş Mühəndis» vəzifəsi olmuş, onun da əmək haqqısı 2014 və 2015-ci illərdə artırılmış, 2016-cı ildə də həmin vəzifədə işləyənlə əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilən vəzifə üzrə artımın isə iddiaçının cavabdeh müəssisədə işlədiyi peşə (vəzifə) ilə hər hansı aidiyyəti müəyyən edilməmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, o, “mühəndis” vəzifəsində çalışmış, mövcud olmuş əmək münasibətlərinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçi götürülməmiş, belə bir ştat ixtisara salınmışdır. Hazırda da strukturda da belə bir vəzifə/peşə üzrə işləyən işçi və belə bir ştat vahidi yoxdur. Məhkəmə qeyd etməyi də zəruri sayır ki, “Cavabdeh" MMC-də digər vəzifələr üzrə kütləvi əmək haqqı artımları baş verdiyi halda belə bu artım Nazirlər Kabinetinin yuxarıda qeyd edilən «Qaydaları»na əsasən iddiaçıya şamil olunmur. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həyata keçirilən ödənişlərin kütləvi əmək haqqı artımı nəticəsində artırılması üçün əsas tapılmadığından İddiaçı "Cavabdeh" MMC-yə qarşı iddiası “xx.xx.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qeyd olunan tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələblərdən irəli gələn digər tələblərə hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət qalmayıb, iddia tam şəkildə rədd olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı "Cavabdeh" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi və mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Cavabdeh" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1833/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1833/2020
13.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver