Məhkəmə qərarları › İş №e-2(006)-1838/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1838/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1838/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Ucar rayon Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Notariat Ofisi tərəfindən cavabdeh X5 Səhmdar Cəmiyyətinin xeyrinə verilmiş İddiaçı 1402 manat 63 qəpik kredit borcunun, 25 manat notariat xərcinin, cəmi 1427 manat 63 qəpik pulun tutulmasına dair xx.xx.2023-cü il tarixli 8İ-222 saylı İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı cavabdehdən kredit götürmüşdür. Lakin, həmin kreditin böyük bir hissəsi geri qaytarılmışdır. Onun borcu təxminən 1000 manat qədər qalmışdır. Bunlara baxmayaraq cavabdeh Bank iddiaçıya qarşı Ucar Rayon Notariat Ofisi vasitəsi ilə xx.xx.2023-cü il tarixli 8İ-222 saylı İcra Qeydini tərtib etdirib və iddiaçıdan 1402 manat 63 qəpik kredit borcunu və 25 manat notariat xərcini tələb etmişdir. Bu icra qeydindən iddiaçı Ucar rayon icra şöbəsində xx.xx.2022-ci il tarixində xəbərdar olmuşdur. Hesab edir ki, həmin icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb bu səbəblə ləğv olunmalıdır. Məhz Notariat haqqında AR Qanunun 76-cı maddəsinə görə, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Həmin normadan məlum olur ki, icra qeydi tərəflər arasındakı “borcun mübahisəsiz olduğu” hallarda verilir. Qeyd edildiyi kimi, iddiaçı cavabdehdən kredit alsa da, həmin kreditin böyük bir hissəsini geri qaytarıb və onun borcu ancaq təxmini olaraq 1000 manat qədər qalıb. Lakin, cavabdeh Bank həmin icra qeydi ilə 1402 manat 63 qəpik tələb edir. Bu isə borcun mübahisəli olduğunu təsdiq edir. Bundan başqa, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş İddiaçıya göndərilməyib. İddiaçı bu qeyddən təkcə Ucar rayon probasiyadan zəng edildiyi zaman xəbər tutub. Bundan başqa, icra qeydi veriləndə bu qayda pozulub, belə ki qeydiyyatı Ucar rayonu ərazisində olduğu halda onun faktiki yaşayış yeri atasının evi olan Bakı şəhəri Suraxanı r-nu Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivi döngə 14 sonudur ünvanıdır. İcra qeydini isə Ucar rayonu ərazisindəki Notariat Kontoru bu qeydi verib. İcra qeydi (sənədi) üzrə başlamış icraatın məcburi olaraq dayandırılmasına dair hüquqi əsas: İcra haqqında AR qanunun 17.1.4-cü maddəsinə görə, “icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır”. Dolayısı ilə Ucar rayonu icra və probasiya şöbəsinin rəisi vəzifələrini icra edən İ dərəcəli Ədliyyə qulluqçusu Ziya Məmmədov tərəfindən iddiaçıdan 1402 manat 63 qəpik kredit borcunun, 25 manat notariat xərcinin, cəmi 1427 manat 63 qəpik pulun tutulmasına dair xx.xx.2023-ci il tarixli İcra Qeydi (icra sənədi) əsasında başlamış icra işinin dayandırılması İcra haqqında qanunun 17.1.4-cü maddəsinin məcburi tələbidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki iş üzrə Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, tələbkar Cavabdeh1 ASC borclu İddiaçı kredit borcunun tutulmasına dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə ərizə ilə müraciət etmişdir. Ucar rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-222 saylı icra qeydi qəbul olunmuş və borclu İddiaçı 1321.53 AZN əsas, 81.10 AZN faiz, cəmi 1402.63 AZN borcun və ödənilmiş 25 AZN dövlət rüsumunun tutulması qərara alınmış və icra olunması üçün Ucar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra qeydindən narazı qalan borclu X2 icra qeydinin ləğv olunması ilə bağlı Bakı şəhər Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə etiraz olaraq bildirilir ki, Ucar rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-222 saylı icra qeydi qanunvericiliyin müvafiq normalarına uyğun olaraq qəbul edilmişdir. Bildirilir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4063318A211 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 1645.80 AZN məbləğində kredit verilmişdir. Borclu kredit müqaviləsi üzrə ilk aylar Banka aylıq ödənişlər etsə də, sonradan müqavilənin şərtlərinə əməl etməmişdir. Nəticədə, borclu indiyədək əsas borcundan 324.27 AZN, faiz borcundan isə 383.73 AZN ödəniş etmişdir. xx.xx.2023-cü il tarixə iş üzrə İddiaçı 1321.53 AZN əsas, 81.10 AZN faiz, cəmi 1402.63 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 AZN borcu var. Hesab edilir ki, iddia ərizəsi rədd edilməlidir. Ucar rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8İ-222 saylı icra qeydi tam, əsaslı və qanunidir. Borclunun iddia tələbi əsassızdır, iddia ərizəsində qeyd etdikləri məsuliyyətdən yayınmaq və kredit müqaviləsi üzrə ödənişləri gecikdirmək xarakteri daşıyır. Qeyd edilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını və xx.xx.2023-cü il tarixli, 8İ-222 saylı icra qeydinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Ucar rayon Notariat Ofisinin notariusu Ağakişiyev Vaqif məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh1 ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon İcra və Probasiya şöbəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı izahatını dinləyib, Cavabdeh1 ASC-nin etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh1 ASC-yə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona gündəlik tələbat məqsədləri üçün 1645.80 manat məbləğində, 36 ay müddətinə nağ pul kreditin verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, RGTK4063318A211№-li kredit müqaviləsindən görünür ki, kreditor Cavabdeh1 ASC ilə borcalan İddiaçı arasında kredit müqaviləsi bağlanmış, bu müqavilənin şərtlərinə uyğun olaraq kreditor borcalana müəyyən müddətə, məqsədli istifaə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 1645,80 manat məbləğində kreditin verilməsini, borcalan krediti əldə edən zaman birdəfəlik 16.30 manat xidmət haqqının ödənilməsi və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit 36 ay müddətinə, illik 20% ödənilməsi şərtilə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 15/1838№-li Maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə Cavabdeh1 ASC-yə xx.xx.2021-ci il tarixli, RGTK4063318A211 saylı kredit müqaviləsi üzrə 1321,53 manat əsas, 81.1 manat faiz, cəmi 1402.63 manat borcu vardır. Mülki işin materiallarında olan Ucar rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən 18 yanvar 2023-cü il tarixli, 8İ-222 nömrəli icra qeydindən görünür ki, İddiaçı RGTK4063318A211 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1402.63 manat məbləğində borc pulun, həmçinin ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun, cəmi 1427.63 manat məbləğində pulun tutulması qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, e16182/2023-54-8-003 №-li tələbin könüllü icrası haqqında bildirişin və icaata başlamaq haqqında qərarın surətindən görünür ki, Ucar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh2 8i-222 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına başlanılmış, İddiaçı xx.xx.2023-cü il tarixdə imza etməklə qərar və bildirişi əldə etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı bank tərəfindən 1645.80 manat məbləğində kredit verilmiş, borcu vaxtında qaytarmadığı üçün İddiaçı barəsində Ucarrayon Dövlət Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin ləğv edilməsini tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq bank ilə həmin müqaviləni bağlamışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi 8i-222 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Ucar rayon Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçının cavabdehlər X1, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 11 saylı Notariat Kontoru və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar