Məhkəmə qərarları › İş №e-2(006)-1852/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1852/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1852/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 4098********0012 nömrəli LeoBank kredit kartından silinmiş 2784,07 manat pula dair kredit əməliyyatının etibarsız hesab edilməsi, 4098********0012 nömrəli LeoBank kredit kartından silinmiş 2784,07 manat pulun həmin kredit kartının hesabına bərpa edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat mənləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 4098******740012 nömrəli Leobank kredit kartı 2021-ci ilin iyul ayından istifadəsindədir, istifadəsində olduğu müddətdə həmin kredit kartından öz şəxsi təlabatı üçün istifadə etmiş və heç kimə kartın rekvizitlərini verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində xəbəri və razılığı olmadan həmin kredit kartından 2784,07 manat Ukrayna Respublikasının Vinnitsa şəhərində yerləşən “Manqal-Kabab” restoranında istifadə olunmuşdur. Ümumiyyətlə kartın rekvizitlərini və foto şəkilini heç kəsə verməmişdir. Kartından 100 manatdan yuxarı məbləğdə istifadə zamanı otp3d security təhlükəsizlik kodu tələb olunur, lakin xx.xx.2023cü il tarixdə saat 18:20 radələrində məndən heç bir təhlükəsizlik kodu tələb olunmadan müharibə şəraitində olan Ukrayna Respublikasında bu qədər kredit məbləğin köçürülməsinə şərait yaradılmasının səbəbləri müəmmalıdır. Qeyd olunanlara əsasən, 409858******0012 nömrəli Leobank kredit kartından silinmiş 2784,07 manat pula dair əməliyyatı etibarsız hesab etməyi, 2784,07 manat pulun kart hesabına bərpa edilməsini və barəsində kredit borcu olan problemli müştəri qismində Azərbaycan Respublikası Kredit Bürosuna məlumat göndərilməməsini və ya belə bir məlumat göndərilibsə həmin məlumatın silinməsi üçün tədbirlər görülməsi barədə cavabdehə yazılı və telefon vasitəsi ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəsinə xx.xx.2023-cü il tarixli, İMŞİEŞ/780 nömrəli məktub ilə müraciəti araşdırılmış və nəticə olaraq aşkar edilmişdir ki, sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq (qeyd olunan platforma müştərilərə hədiyyə, lotereya təklif edərək məlumatları ələ keçirir) 409858******0012 nömrəli kart məlumatlarını və OTP kodu təqdim etmisiniz. Daha sonra kart balansından silinmə olması barədə cavab verilmişdir. “X5” ASC xx.xx.2023-cü il tarixli, İMŞİEŞ/1244 nömrəli məktubu ilə yenidən müraciətinə Oferta şərtlərinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri məsuliyyəti daşıyır. Kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, bank məsuliyyət daşımır. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı bir problem bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat – informasiya sistemlərin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Kart və mobil tətbiq məlumatlarını, sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil etmişdir. Daha sonra məlumatları ələ keçirən dələduzlar, LeoBank kartını Apple Pay-a daxiledərək qeyd olunan əməliyyatları icra etmişdir kimi cavab vermişdir. Bu hal ilə razılaşmayaraq bildirir ki, hər-hansı bir kart və mobil tətbiq məlumatlarını sosial şəbəkələrdə reklam olunan hər-hansı bir platformaya daxil etməmişdir. LeoBank kartından başqa Kapital Banka məxsus kredit və debit kartları mövcuddur. Bu günə kimi həmin kartlardan hər-hansı bir məbləğdə pul iradəsinin ziddinə silinməmişdir. Əgər hər platformaya daxil olsaydı digər kartlarının hesabından silinmələr olardı. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müraciət ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən iddiaçının istifadəsində olan 4098 ********740012 saylı kartına 2800 AZN məbləğində kredit köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kredit kartından 2784.07 AZN məbləğində vəsait istifadə edilmişdir. İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək kartdan silinməni həyata keçirmişlər. Bundan sonra Bank tərəfindən iddiaçının öncədən təqdim etdiyi mailinə (Elektron ünvan ) göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin 2.2.1-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 3.1.10-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.” 3.1.15-ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır.” Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının bank hesabından “Mangal-Kebab” restoranın hesabına 2784,07 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli İMŞİEŞ/780 saylı məktubdan görünür ki, “siz sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq (qeyd olunan platforma müştərilərə hədiyyə, lotereya təklif edərək məlumatları ələ keçirir) 409858******0012 nömrəli kart məlumatlarını və OTP kodu təqdim etmisiniz. Daha sonra isə kart balansınızdan silinmə olmuşdur. Qeyd olunan dələduzluq halı ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli İMŞİEŞ/1244 saylı məktubdan görünür ki, “oferta şərtlərinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, Bank məsuliyyət daşımır. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı bir problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Kart və mobil tətbiq məlumatlarınızı, sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil etmişiniz. Daha sonra məlumatları ələ keçirən dələduzlar, LeoBank kartınızı Apple Pay-a daxil edərək, qeyd olunan əməliyyatları icra etmişdirlər. Yaranmış problem ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur”. Məhkəmə tədiqatı zamanı müəyyən olundu ki, iddiaçının istifadəsində olan 4098 ********740012 saylı kartına 2800 AZN məbləğində kredit köçürülmüşdür. İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta Leo.az adlı platformaya daxil olaraq istifadəsində olan Leo kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmiş, sonra məlumatları ələ keçirən şəxslər qeyd olunan əməliyyatı icra edərək xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kredit kartından 2784.07 AZN məbləğində silinməni həyata keçirmişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırki iş üzrə iddiaçının kart hesabından silinməyə görə məhkəmə tədqiqatı zamanı cavabdehin hər hansı təqsiri müəyyən edilməmiş, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 2.2.1-ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır. Habelə, həmin müqavilənin 3.1.10-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. 3.1.15-ci bəndinə əsasən isə kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Bundan başqa, iddiaçı iddia tələbinin əsasını (pulun silinməsində cavabdehin təqsiri) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmənin qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar