Məhkəmə qərarları › İş №e-2(006)-1882/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1882/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1882/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 558.84 AZN, faiz borcu üzrə 327.09 AZN olmaqla cəmi 885.93 AZN borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin istifadəsinə dair ərizəsinə əsasən Bank tərəfindən təşkilatın işçilərinin istifadəsinə verilməsi üçün 15 ədəd əmək haqqı kartı 3 il müddətinə açılmış və istifadə edilməsi üçün plastik kart verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialının müştərisi olan Cavabdeh sözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 558.84 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində eyni miqdarda (559.06 AZN) “AMAK HAQQİ” təyinatı ilə vəsait mədaxil olunmuşdur. Köçürülmüş hər iki əməkhaqqı cavabdeh tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində məxaric edilmişdir. xx.xx.2021 tarixində “AMAK HAQQİ (REVERSE)” təyinatı ilə vəsaitin biri geri qaytarılaraq overdraft yaranmışdır. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 558.84 AZN, faiz borcu üzrə 327.09 AZN olmaqla cəmi 885.93 AZN borcu olmuşdur. Maliyyə arayışına əsasən hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün heç bir silinmə və nəğd ödənişlər aparılmamışdır. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 885.93 AZN borcu mövcuddur. Eyni zamanda iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixli 6-2-22/2-3941/2023 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib bildirdi ki, overdraft nəticəsində yaranmış əsas borcla yanaşı, bank gecikdirmə üçün illik 5 %-i də tələb edir. İddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan bank xidmətlərinin istifadəsinə dair xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Bakı Baş Səhiyyə İdarəsi "xxxx" ASC-dən əlavə olunan siyahıya uyğun olaraq 15 ədəd əmək haqqı kartını 3 il müddətinə açmağı xahiş etmişdir. Mülki işin materiallarında olan Cavabdeh məxsus ******************** nömrəli hesabla bağlı tərtib edilmiş cədvəldən görünür ki, hesabda xx.xx.2021-ci il tarixdə 558.84 manat “amak haqqı (reverse)” təyinatı ilə əməliyyat yaranmışdır. Həmin məbləğə ümumilikdə 327.09 manat məbləğində faiz hesablanmış, Cavabdeh ümumilikdə 885.93 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. 30 manat dövlət rüsumu və 0.40 komissiya haqqı ilə birlikdə cəmi 916.33 manat məbləğ tələb edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh məxsus ******************** nömrəli hesabdan xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə edən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində hesaba “amak haqqı” təyinatı ilə 559.06 manat məbləğlərində pul mədaxil edilmişdir (2 dəfə). xx.xx.2021-ci ildə “amak haqqı (reverse)” təyinatı ilə 559.06 manat məbləğin geri qaytarılması ilə əlaqədar hesabın balansı “-558.84 manat” olmuşdur. Həmin tarixdən etibarən hesaba mədaxil edilməmiş, mənfi balansın üzərinə hər keçən gün üçün faiz məbləği hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli 6-2-22/2-3941/2023 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh əsassız varlanmaya səbəb olmuş 582.2 (beş yüz səksən iki manat iyirmi qəpik) manat borcunu 7 (yeddi) gün ərzində ödəməsi, əks halda bank tərəfindən yaranmış borcun, hesablanmış faizlərin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli PHŞ-6-1/2-3220/2023 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh hal-hazırda Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin heç birində işləmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh əmək haqqını iddiaçı "xxxx" ASC-də olan ******************** nömrəli hesab vasitəsilə almışdır. xx.xx.2021-ci il tarixində cavabdehə məxsus hesaba əmək haqqı təyinatı ilə 559.06 manat məbləğində pul köçürülmüş, xx.xx.2021-ci il tarixində sistem xətası səbəbilə həmin əməliyyat təkrar icra olunaraq, 559.06 manat məbləğində pul yenidən cavabdehə məxsus hesaba köçürülmüşdür. Cavabdeh hər iki məbləği nağdlaşdırmışdır. Bundan sonra xx.xx.2021-ci ildə xəta səbəbilə hesaba köçürülən 559.06 manat məbləğində pulun geri qaytarılması ilə əlaqədar əməliyyat aparılmış və hesabda kifayət qədər pul olmadığından, “-558.84 manat” məbləğində mənfi balans yaranmışdır. Həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən günədək keçən müddət ərzində cavabdehin hesabına heç bir mədaxil edilmədiyindən, balansda mənfi qalıq qalmış və üzərinə faiz borcu hesablanmışdır. Hazırda bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, overdraft nəticəsində yaranmış əsas borcun və ona hesablanmış faiz borcunun cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar müəyyən edilir. Belə ki, cavabdeh iddiaçı bankda olan hesabı vasitəsilə əmək haqqı aldığı müddətdə texniki xəta səbəbilə hesabında overdraft yaranmış, cavabdehə məxsus olmayan 559.06 manat məbləğində vəsait onun tərəfindən istifadə edilmiş, hesabında 0.22 manat olduğundan banka 558.84 manat məbləğində borcu yaranmışdır. Cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Məhkəmə iddia tələbinin əsas borc hissəsinə münasibətdə hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməli, faiz borcu hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, tələb olunan məbləğin gecikdirilmiş vaxt üçün tələb olunan faiz borcu olması nəzərə alınaraq, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, 558.84 manat məbləğində pul cavabdeh tərəfindən 2 il müddətinə gecikdirildiyi üçün sadə hesablama yolu ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu məhkəmə tərəfindən 56 manat məbləğində müəyyən edilir (558.84 manat x 5 % x 2 il ≈ 56 manat). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 558.84 manat məbləğində pul, 56 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 614.84 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 558.84 manat məbləğində pul, 56 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 614.84 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 10 (on) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 558.84 (beş yüz əlli manat səksən dörd qəpik) manat məbləğində pul, 56 (əlli altı) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 614.84 (altı yüz on dörd manat səksən dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 10 (on) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar