Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1899/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, tutulmuş, akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesab üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, tutulmuş, akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesab üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, tutulmuş 1.133 manatın, xx.xx.2020-ci il tarixli BPM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə 3.562,61 manat akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesabın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi və 2.000 manat maddi, 2.000 manat mənəvi ziyanın və ödənilmiş 107 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, əmək haqqı hesabından tutulmuş 1133 manat məbləğin, xx.xx.2020-ci il tarixli BPM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə 3562,61 manat akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesabın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, 2000 manat maddi, 2000 manat mənəvi ziyanın və 107 manat dövlət rüsumunun "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, əmək haqqı hesabından silinmiş 4.354 manat 13 qəpik məbləğin geri qaytarılması, xx.xx.2020-ci il tarixli BPM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə 3.009 manat 61 qəpik akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, əmək haqqı hesabı və tam kart hesabı üzərinə qoyulmuş məhdudiyyətin (bloklaşdırma) götürülməsi, 2.000 manat maddi, 2.000 manat mənəvi ziyanın və ödənilmiş 124 manat 40 qəpik dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə 18.000 manat məbləğində kreditin verilməsinə dair BPM**********51 saylı müqavilə imzalanmışdır. İddiaçı xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi ilə X3 bank qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. L.Məmmədovanın əri Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə onun qanun üzrə vərəsəsi hesab olunmuşdur. L.Məmmədova vəfat etdikdən sonra bank onun vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmədən, zamin İddiaçı "xxxx" ASC-də olan xx.xx.2020-ci il tarixli PM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə hesabında olan 3.562,61 manat məbləğində pulu və həmin bankda olan əmək haqqı hesabındakı əmək haqqı məbləğini akseptsiz qaydada silmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli BPM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə İddiaçı ******************** saylı hesabı blok olunaraq, xx.xx.2022-ci il tarixdə 1.781,61 manat, xx.xx.2022-ci il tarixdə 1.124 manat, xx.xx.2022-ci il tarixdə 562 manat, xx.xx.2023-cü il tarixdə 95 manat, ümumilikdə 3.562,61 manat pulu akseptsiz qaydada silmişdir. Bundan başqa, İddiaçı əmək haqqı hesabından xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 584 manat, xx.xx.2022-ci il tarixdə 251 manat, xx.xx.2023-cü il tarixdə 275 manat, ümumilikdə 1.133 manat məbləğində tutulmalar həyata keçirilmişdir. Həmçinin, İddiaçı "xxxx" ASC-də xx.xx.2016-cı il tarixdən aylıq ödənişi 565,43 manat olan ipoteka krediti mövcuddur. "xxxx"-nin İddiaçı hesabında apardığı tutulmaları əsassız hesab edirlər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 4 iyun tarixli qərarında qeyd etmişdir ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi «əlavə öhdəlik» mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Həmçinin xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərardadında da qeyd olunmuşdur ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunvericiliyin də tələblərindən görünür ki, mirası qəbul etmiş vərəsələrə qarşı iddia tələbi irəli sürmədən, zaminə qarşı tələb irəli sürə bilməz. Bundan başqa, "xxxx" əsassız olaraq, İddiaçı əmək haqqı hesabından da əmək haqqının yarısından artıq hissəsində akseptsiz qaydada silinmələr həyata keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176.1-176.3-cü maddələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50 faizi saxlanmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.1 - 65.3-cü maddələrinin tələblərinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» xx.xx.2022-ci il tarixli, 03/2022 saylı qərardadına əsasən kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır. Belə ki, İddiaçı "xxxx"-da 565,43 manat olan ipoteka krediti mövcuddur. Hər ay əmək haqqından 565,43 manat akseptsiz olaraq ipoteka borcuna silinir. Əlavə olunmuş hesabdan çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdə 973 manat əmək haqqı hesabına pul daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə 275 manat zaminlik borcu üzrə, 514 manat isə ipoteka krediti üzrə silinmə həyata keçirilmişdir. Həmin ay yaşayış üçün İddiaçı hesabında 188,03 manat pul saxlanılmışdır. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 2023-cü il üçün yaşayış minimum ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçünsə 261 manat müəyyən edilmişdir. İddiaçı əmək haqqı hesabında 188 manat saxlanılmaqla onun konstitusion hüquqları pozulmuşdur ki, bu da onun digər şəxslərdən ailəsini dolandırmaq üçün borc almasına, maddi və mənəvi zərərin vurulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında mülki işə iddiaçının və maraqlı şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq mülki işə iddiaçının və maraqlı şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb etməklə) qarşı əmək haqqı hesabından aparılan akseptsiz silinmənin dayandırılması və tutulmuş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş vardır. Həmin iddia ərizəsi ilə son olaraq iddiaya münasibətini məhkəmənin diqqətinə çatdırır. İddiaçı öz iddiasının əsası olaraq 2 məsələni rəhbər tutmuş və hesab etmişdir ki, birincisi, kredit müqaviləsi üzrə borcu olan X3 vərəsələri müəyyənləşməli, onlara məhkəmə qaydasında iddia irəli sürülməli idi və iddia təmin olunduğu təqdirdə vərəsələr tərəfindən borcun ödənilməməsi halında zamindən, yəni İddiaçı tutulmalar aparıla bilərdi; ikincisi, bu halda ondan bu günədək aparılan bütün tutulmalar öz iddia ərizəsində göstərdiyi məbləğ həcmində ona qaytarılmalıdır; üçüncüsü, əgər tutulmalar ondan aparılmalı idisə belə, bu günədək onun əmək haqqından 50%-dən artıq həcmdə aparılan tutulma məbləğləri ona geri qaytarılmalıdır. İddiaçının bildirdiyi ilk məsələ artıq ötən məhkəmə iclaslarında kifayət qədər araşdırılmış və bu araşdırmanın nəticəsində qeyd olunan məsələnin əsassız olduğu öz əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci iİ 4 iyun tarixli qərarında deyilir: «Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qəyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə, əksər ölkələrdə məhz bu yanaşmanın qəbul edildiyini görmək olar. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinə əsasən, əsas borclu öldükdə, zamin borclunun vərəsəsinin məhdud öhdəlik daşımasına istinad edə bilməz (Mülki Qanunnamənin 768.1-ci maddəsi). Göründüyü kimi, Konstitusiya Məhkəməsi öz mövqeyində qeyd etmişdir ki, borclunun vərəsələri miras əmlak həcmində qəbul etdikləri öhdəliyi lazımi qaydada icra etmədikdə və ya icra etməkdən boyun qaçırdıqda artıq kreditor zamindən miras əmlakın hansı həcmdə qəbul olunmasından asılı olmayaraq borcu tam formada tələb etmək hüququna malikdir. Hazırda qeyd olunan normanı hazırki işin hallarına tətbiq etdikdə müşahidə olunar ki, borclu X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kreditor olaraq bank tərəfindən həm borclunun vərəsələrinə, həm də hazırki iş üzrə iddiaçı olan zamin İddiaçı borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, borclunun bütün vərəsələrinin adından həmin vərəsələrdən biri olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, İddiaçı tərəfindən isə xx.xx.2023-cü il tarixdə sözügedən bildiriş qəbul edilmişdir. Həmin bildiriş daha öncə iş materiallarına əlavə edilmişdir. Hətta bundan sonra bank tərəfindən qeyd olunan tələb üzrə məhkəməyə belə müraciət olunmuş və iddia ərizəsi sonradan baxılmamış saxlanılmışdır. Lakin bütün bunlara baxmayaraq borclunun vərəsələri öhdəliyin ödənilməsi ilə bağlı bu günədək hər hansı addım atmamış, vərəsələrdən biri Maraqlı şəxs bu faktı fasiləsiz audio-video müşahidə aparılan məhkəmə proseslərində də bildirmişdir. Artıq bu zaman Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyini də rəhbər tutaraq bank tərəfindən zaminə, yəni hazırki iş üzrə iddiaçıya tələb irəli sürmək hüququ doğmuşdur. İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin 6.1.1-ci bəndinə əsasən borclu xx.xx.2018-ci il tarixli BPM**********51 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, kreditor zaminliklə təmin edilmiş öhdəliyin icrasını təmin etməyi zamindən tələb edə bilər. Həmin müqavilənin 6.2.2ci bəndinə əsasən, kreditor, zaminliklə təmin edilmiş öhdəliyi ifadə edən pul məbləğini borclunun və ya zaminin "xxxx" ASC-də mövcud olan hesablarından, əmək haqqı və pensiya kartlarından akseptsiz qaydada silmək hüququna malikdir. Həmçinin zamin İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş razılıq ərizəsinə əsasən sonuncu yuxarıda qeyd olunan formada hesablarından akseptsiz silinmə ilə bağlı razılığını bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının mövcud borcun ondan deyil, borclunun vərəsələrindən tutulması və ondan akseptsiz qaydada tutma aparılmasının heç bir əsasının olmaması ilə bağlı qeyd etdikləri tamamilə absurd və əsassızdır. İddiaçının ikinci tələbi, yəni ondan heç bir tutulmanın aparılmamalı olması səbəbindən ondan tutulan bütün məbləğlərin qaytarılması ilə bağlı olan tələbi birinci tələbə bağlı olduğundan bu da özü-özlüyündə heç bir əsas təşkil etməmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixli BPM **********75 saylı «Tam kart çərçivə» müqaviləsi üzrə İddiaçı ******************** saylı hesabı blok olunaraq, xx.xx.2022ci il tarixdə 1781,61 manat, xx.xx.2022-ci il tarixdə 1124 manat, xx.xx.2022-ci il tarixdə 562 manat, xx.xx.2023-cü il tarixdə 95 manat, ümumilikdə 3562,61 manat pulu akseptsiz qaydada silinmişdir. Bundan başqa, İddiaçı əmək haqqı hesabından xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 584 manat, xx.xx.2022-ci il tarixdə 251 manat, xx.xx.2023-cü il tarixdə 275 manat, ümumilikdə 1133 manat məbləğində tutulmalar həyata keçirilmişdir. İlk növbədə bu göstərilənlərlə bağlı yanlışlığın mövcudluğunu bildirmək zərurəti yaranır. Belə ki, qeyd olunan «Tam kart çərçivə» müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə tutulan 1124 manat və xx.xx.2022-ci il tarixdə tutulan 562 manat bankla İddiaçı arasında bağlanılan xx.xx.2018-ci il tarixli sözügedən zaminlik müqaviləsinə dair deyil, şəxsin başqa öhdəlikləri ilə bağlı aparılan tutulmalar olmuşdur və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etmişlər. Növbəti olaraq iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını əsas götürərək onun əmək haqqından 50 %-dən artıq həcmdə tutulan məbləğlərin geri qaytarılmalı olduğunu bildirmişdir. Bununla bağlı ilk növbədə qeyd etmək lazımdır ki, həmin qərardan da məlum olduğu kimi sözügedən məhdudiyyət yalnız əmək haqqı hesabında aparılan tutulmalarla bağlı ola bilərdi. Buna görə də, iddiaçının tələbindəki «Tam kart çərçivə» müqaviləsi üzrə mövcud olan hesabdan aparılan tutulmaların həcmini müəyyənləşdirmək bankın müstəsna hüququ olduğundan iddianın həmin tutulmalarla bağlı olan hissəsi də artıq öz əsasını itirmiş olur. Növbəti olaraq iddiaçının əmək haqqından 50 %-dən artıq tutulan məbləğlərin qaytarılması məsələsinə gəldikdə bildirir ki, sözügedən mübahisənin kökündə dayanan hüquqi əsas özünü Əmək Məcəlləsinin 176-cı maddəsində tapır və həmin maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə şərh olunmuşdur. Belə ki, həmin qərarda deyilir: «...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı mülki dövriyyə iştirakçılarına azad qaydada müqavilə bağlamaq və onun məzmununu müəyyən etmək imkanını tanıyır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Bu prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər…». Qərarda həmçinin deyilir: «...Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın yuxarıda göstərilən normalarının, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmununun və hüquqi mahiyyətinin təhlili əsasında hesab edir ki, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən qanunvericiliyin əmək «əmək haqqının əlli faizinin saxlanması» barədə imperativ tələbi tətbiq edilməlidir... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər. Bu məhdudiyyət həmçinin hazırda məhkəmələrin icraatında olan müvafiq işlər üzrə də tətbiq edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi öz qərarında tərəflər arasında bağlanılan müqavilələrin məzmununun onların qarşılıqlı razılığı ilə formalaşdırma azadlığının mövcudluğunu qeyd etmiş, həmçinin qərarın heç bir hissəsində akseptsiz silinmə ilə bağlı müqavilə şərtinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı müddəa mövcud deyildir. O cümlədən, sonuncu öz qərarında həmin qərar çıxarılanadək aparılan tutulmalarla bağlı hansısa mövqe göstərməmiş, xüsusən «Bu Qərarın güvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər» ifadəsini qeyd etmişdir. Bu da o deməkdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə yalnız həmin qərarın qüvvəyə mindiyi tarixdən sonra əgər kreditor tərəfindən borclunun əmək haqqından tutulmalar aparılacaqsa, əmək haqqının 50 %-indən cox olmamaqla aparılmalı, əgər 50 %-dən yuxarı tutulma aparılmışdırsa, yalnız həmin qərarın qüvvəyə mindiyi tarixdən sonra aparılmış tutulmalar üzrə məbləğlər geri qaytarılmalıdır. Sözügedən qərarın «Qərara aldı» hissəsinin 2-ci bəndində qərarın dərc olunduğu gündən qüvvəyə minməsi qeyd olunmuşdur və qərar xx.xx.2023-cü il tarixdə rəsmi formada «Respublika» Qəzetində dərc olunmuşdur. Saytdan çıxarışı əlavə etmişdir. Bu da o deməkdir ki, Konstitusiya Məhkəməsinin hazırki mövqeyi tətbiq olunması xx.xx.2023-cü il tarixdən etibarən tətbiq olunmalıdır. Hazırki məhkəmə mübahisəsinin detallarına fikir verdikdə, İddiaçı əmək haqqı hesabından yuxarıda qeyd olunan qərarın qanuni qüvvəyə minməsindən sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra cəmi bir dəfə tutma aparılmış və tutma əmək haqqı hesabına mədaxil olan məbləğin 50 %-dən çox olmamışdır. Bu da o deməkdir ki, iddiaçıdan Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının qəbul edilməsindən öncə həyata keçirilən tutulmaların miqdarı kreditorun müstəsna səlahiyyətində olduğundan həmin məbləğlərin hansı həddə aparılmasının araşdırılmasına lüzum qalmamışdır və hansısa məbləğin qaytarılmasından söhbət gedə bilməz və sonuncunun mövqeyinə görə yalnız həmin qərarın qüvvəsini almasından sonra, göründüyü kimi xx.xx.2023-cü il tarixdən sonra iddiaçının əmək haqqının 50 %-dən artıq tutulma və ya tutularaq geri qaytarılmama kimi bir hal baş verməmişdir. Ona görə də, hazırda iddiaçının xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 584 manat, xx.xx.2022-ci il tarixdə 251 manat, 21,02.2023-cü il tarixdə 275 manat məbləğin qaytarılmasına dair heç bir hüquqi əsas mövcud deyildir. Yuxarıda qeyd olunanlardan da görünür ki, iddiaçının əmək haqqısından aksepsiz qaydada tutulmaların aparılması onunla Bank arasında bağlanılan müqavilənin şərtindən irəli gəlmiş, xx.xx.2023-cü il tarixədək onun əmək haqqından tutulan məbləğlərin geri qaytarılması Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqedə nəzərdə tutulmamış və həmin tarixdən sonra tutma aparılmadığından qaytarılmalı hansısa məbləğ mövcud olmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, X5 ilə "xxxx" ASC arasında 16 avqust 2018-ci il tarixli 216RZL********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə X5 "xxxx" ASC-dən 60 ay müddətinə, illik 24 % dərəcəsi ilə 18.000 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. X5 05 sentyabr 2021-ci il tarixdə kəskin tənəffüs çatmamazlığından vəfat etmişdir. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.H.Hacızadə mərhumun vərəsələrinə 29 oktyabr 2021-ci il tarixdə və 10 fevral 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim etmişdir. Həmin şəhadətnamədən göründüyü kimi, irs almalı şəxslərin dairəsi müəyyən edilmiş, birinci şəhadətnamədə verilən miras əmlakın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli xx-xx-0158 nömrəli məktubuna əsasən mərhum hərbi qulluqçu X3 ölümü ilə əlaqədar «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 11.000 manat məbləğində sığorta ödənişindən olması, ikinci şəhadətnamədə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xx.xx.2022-ci il tarixli 17/183 nömrəli məktubuna əsasən mərhum X3 axırıncı haqq-hesabı olan 1.901 manat 68 qəpik vəsaitdən ibarət olması qeyd olunmuşdur. Mərhumun varislərinin dairəsi və alınmalı irsin həcmi müəyyən olunduqdan sonra, "xxxx" ASC mərhumun varislərinə, eləcə də zamin İddiaçı 21 iyul 2022-ci il tarixdə borcun ödənilməsinə dair bildiriş göndərərək, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borc məbləğini nəzərə çatdırmış, borcun ödənilməsini tələb etmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə irs alanlara və zaminə xəbərdarlıq edilmişdir. Həmin bildirişlər rəsmi şəkildə mərhumun varislərinə, eləcə də, zamin İddiaçı çatdırılmışdır. Bundan sonra bank tərəfindən müqavilə şərtlərinə, Qanunvericiliyə və eləcə də, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyul 2023-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə (göstərişlərə) tam şəkildə riayət olunmaqla iddiaçının mübahisələndirdiyi və qanunsuz silinməsini iddia etdiyi pul məbləğləri kredit götürənin borc məbləğərinə yönəldilmişdir. Vurğulanmalıdır ki, "xxxx" ASC tərəfindən zamin İddiaçı münasibətdə heç bir qanunsuzluğa yol verilməmiş, qanunla qorunan mənafeləri pozulmamışdır. Bundan başqa, iddiaçı ilə bank arasında yuxarıda qeyd olunan kredit və zaminlik müqaviləsinə aidiyyəti olmayan, 13 avqust 2020-ci il tarixli BPM**********75 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtləri və tutulan pul məbləğləri araşdırılarkən müəyyən olundu ki, həmin müqavilə üzrə də pul tutulması müqavilə şərtlərinə uyğun, qanunvericiliyə riayət edilməklə aparılmışdır. Bu zaman da iddiaçının hüquqları pozulmamış, mənafeyinə xələl gətirilməmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iddiaya etirazda iddia tələbində qeyd olunan halların hər birinə müfəssəl, aydın şəkildə açıqlama gətirilmişdir, həmin etirazda qeyd olunan tezislərin məhkəmə qətnaməsində yenidən qeyd edilməsinə zərurət yoxdur. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə əksinə, öz etirazının əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim etmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, tutulmuş, akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesab üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 124 manat 40 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Maraqlı şəxs qismində qeyd olunmaqla) qarşı «əmək haqqı hesabında aparılan akseptsiz silinmənin dayandırılması, tutulmuş, akseptsiz qaydada silinmiş pulun geri qaytarılması, hesab üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 124 manat 40 qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1899/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1899/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver