Məhkəmə qərarları › İş №e-2(006)-1906/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1906/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1906/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 17 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində texniki xəta səbəbindən balansda artıq vəsait yaranmış və müştəri həmin vəsaitdən istifadə etmişdir. Bununla əlaqədar olaraq, banka 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində ziyan dəymişdir. Nəticədə Cavabdeh bank hesabına 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində əsassız varlanmışdır. “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 17 mart 2022-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə iddiaçı 17 mart 2022-ci il tarixli müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmiş, ona göndərilmiş 24 yanvar 2024-cü il tarixli, 6-3/07/05-929 saylı pretenziya (xəbərdarlıq) məktubu cavabsız qalmışdır. Hazırda borclunun müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətiə olan borcu 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASCnin Cavabdeh qarşı «pul» tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri”nin “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri” adlı İV fəslinin 3.1.8-3.1.9-cu bəndlərindən görünür ki, kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifələridir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, ******************** nömrəli hesab üzrə 3 il müddəti olan debit kart Cavabdeh verilmiş, tərəflər arasındakı münasibətlərin Standart şərtlərlə tənzimlənməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixində texniki xəta səbəbindən balansda artıq vəsait yaranmış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq, banka 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat həcmində ziyan dəymişdir. Cavabdeh məxsus AZ65AZRT******************** saylı hesabdan xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, günün əvvəlinə qalıq 271,02 manat olduğu halda, günün sonuna qalıq “-392,34” olmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, ona müqavilə üzrə yaranmış borcun 5 (beş) iş günü ərzində ödənilməsi, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2024-cü il tarixli 9/2528 nömrəli ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində göstərildiyi kimi, mülki iş materialları ilə təqdim olunmuş Cavabdeh məxsus AZ65AZRT******************** saylı hesabdan çıxarışdan (C.İ.V. 9) göründüyü kimi, həmin hesab üzrə xx.xx.2022-ci il tarixə kartda qalıq məbləğ 271,02 manat olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 207,64 manat məbləğində mədaxil (Credit) və 871,00 manat məxaric (Debit) edilmişdir. Yəni hesabda aparılmış əməliyyatlar üzrə “Credit” və “Debit” hissələrində 392,64 manat məbləğində overdraftın (mənfi qalıq) yaranması müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ******************** nömrəli hesab üzrə 3 il müddəti olan debit kart iddiaçı tərəfindən cavabdehə verilmişdir. xx.xx.2022-ci ildə həmin kartın balansı 271,02 manat olmuş, xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə isə 207,64 manat məbləğində mədaxil edildiyi halda, həmin dövr ərzində kartdan 871 manat məxaric edilmiş, nəticədə kartın balansında 392,34 manat məbləğində mənfi qalıq yaranmışdır. Məsələ ilə əlaqədar xx.xx.2024-cü ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin məbləği geri ödəməmişdir. Hazırda iddiaçı cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 392,34 manat məbləğində pulun ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırmaları dövründə cavabdeh sadəcə həmin banka məxsus kartın istifadəçisi olduğundan, banka borcunun olmasının mümkün olmadığını bildirmişdir. Bu səbəbdən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 392,64 manat məbləğində texniki overdraft borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia təmin edilməli, Cavabdeh 392,34 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddəsinə görə, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 392,34 (üç yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar