Məhkəmə qərarları › İş №e-2(006)-1924/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1924/2024

01.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1924/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasına qarşı "əmrin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasına qarşı "əmrin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasının 22 dekabr 2023-cü il tarixli 18-1-48/3-1-25/2023 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasının Klinikidiaqnostik laboratoriyanın həkim-laborantı vəzifəsində işləyir. Onun barəsində heç bir səbəb olmadan 22 dekabr 2023-cü il tarixli 18-1-48/3-1-25/2023 saylı əmr verilərək müəssisədaxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin əmrdə İddiaçı müəssisədaxili nizam-intizam qaydalarını pozmasının nədən ibarət olması göstərilməmiş və əsaslandırılmamışdır. İşəgötürən tərəfindən belə bir əmrin qəbul edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. İddiaçı mübahisəni mediasiya qaydasında həll etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etsə də nəticəsi olmamışdır. Müvafiq qanun normasında işçinin barəsində intizam tənbehinin tətbiq edilməsi əsasları qəti şəkildə müəyyən edilmişdir. Lakin həmin qanun normasında göstərilən pozuntuların heç biri nümayəndəsi olduğu İddiaçı tərəfindən törədilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasına nümayəndəsi X1 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh” X8 baş həkimi X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 5 nömrəli Şəhər Poliklinikasına Kliniki-diaqnostik laboratoriyanın həkim-laborant vəzifəsinə qəbul edilir (bənd 1.2). İşəgötürən işçiyə işlədiyi hər ay üçün 1371.55 əmək haqqı ödəyəcək. (bənd 4.1). Mülki işin materiallarında olan 5 nömrəli Şəhər poliklinikasının Baş həkiminin müavini Ağabalayeva Təranə, HİK-nin sədri Balaşzadə Nizami, Həkim-labarantı Abdullayeva İnarə Baş tibb bacısı Umarova Lola, Kadrlar üzrə mütəxəssisi Ramazanov Raufun iştirakı ilə tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli aktdan görünür ki, poliklinikaya kənar şəxslərin müdaxiləsi qəti qadağan olunan Labaratoriyasına 21 dekabr 2023-cü il saat 18:42-19:29-a qədər poliklinikanın əməkdaşı İddiaçı iştirakı ilə iki nəfər kənar şəxsi labaratoriyaya daxil etmiş və labaratoriyada olan kompyuterlərə müdaxilə etmişlər. Labaratoriya otağına kənar şəxslərin girişi kamera çəkilişinə düşmüşdür. Bununla əlaqədar həmin həkimdən Baş həkim tərəfindən izahat tələb olunsa da izahat yazmaqdan imtina etmişdir. Buna əsasən həmin həkimin tibb müəssisəsində etdiyi hərəkətlər poliklinikanın tibbi şurasının iclasına çıxarılması məqsədə uyğun hesab edilir. Mülki işin materiallarında olan Nəsimi rayon 5 nömrəli şəhər poliklinikasının 6 nömrəli protokolundan görünür ki, baş həkim Verdiyev Ramin çıxış edərək bildirib ki, həkimlabarant İddiaçı iş saatı bitdikdən sonra iki nəfər kənar şəxsi labaratoriyanın cihazlar və kompyuterlər olan otağına buraxmışdır, nəticədə özbaşına kompyuterlərə müdaxilə olunmuşdur. Tibbi şura qərara aldı: İddiaçı Müəssisədaxili nizam-intizam qaydalarının pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin. Mülki işin materiallarında olan “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasının 22 dekabr 2023-cü il tarixli, 18-1-1-48/3-1-25/2023 saylı əmri ilə müəssisədaxili nizam-intizam qaydalarını pozduğuna görə 5 nömrəli Şəhər Poliklinikasının Kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Mülki işin materiallarında olan “Cavabdeh” X10 tərəfindən İddiaçı ünvanlanmış 29 yanvar 2024-cü il tarixli məktubun sürətindən görünür ki, İddiaçı müraciəti ilə əlaqədar 5 nömrəli şəhər poliklinikasının rəhbəri Mərkəzə dəvət olunmuş, aparılan söhbətdən bu qənaətə gəlinmişdir ki, barəsində verilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Mülki işin materiallarında olan X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun sürətindən görünür ki, onunla “Cavabdeh” X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 02 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2/2024-00081 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 15:00 keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin materiallarında olan 5 nömrəli Şəhər Poliklinikasının Baş Həkimi R.Verdiyev tərəfindən təsdiq edilmiş 01 avqust 2023-cü il tarixli X6 İntizam Qaydalarından görünür ki: - daxili İntizam Qaydaları təsdiqlənərək əmək intizamının təmin olunması məqsədi ilə əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilmişdir. - daxili İntizam Qaydaları təsdiqlənərək qüvvəyə mindiyi gündən poliklinikada çalışan bütün işçilərə şamil olunur. - işçiyə alkoqollu, narkotik, toksik və digər zərərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələrin qəbul edilməsi qadağandır; işçilərin sağlamlığı, təhlükəsizliyi və rahatlığını nəzərə alaraq müəssisənin binasında siqaret çəkilməsinə icazə verilmir; müəssisənin daxilində telefon, mobil telefon və ümumi danışıqlarının hündür tonla aparılması, dəhlizdə hündür tonla danışmaq,gülmək, ehtiyac olmadığı təqdirdə digər otaqlarda olmaq və işçilərinin vəzifə öhdəliklərinin icrasında maneə törətmək müəssisənin daxili qaydalarına ziddir; müəssisə telefonları ilə şəxsi danışıqların aparılması və iş vaxtının sui istifadəsi, həmdə telefon xətlərinin məşğul olması baxımından yol verilməzdir; çətinliyə düşmüş işçilərə, xəstələrə və yaşlı adamlara vaxtında və artıq suallar vermədən operativ kömək göstərməlidirlər; işçi kobudluğa qarşılıq verməməli, özünü idarə etməyi bacarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 5 nömrəli şəhər poliklinikasında “Kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı” vəzifəsində işlədiyi dövr ərzində 22 dekabr 2023-cü il tarixdə “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasının 18-1- 1-48/3-1-25/2023 saylı əmri ilə müəssisədaxili nizam-intizam qaydalarını pozduğuna görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Xəbərdarlıq barədə əmrin verilməsinin əsasını 5 nömrəli Şəhər poliklinikasının Baş həkiminin müavini Ağabalayeva Təranə, HİK-nin sədri Balaşzadə Nizami, həkim-labarantı Abdullayeva İnarə, baş tibb bacısı Umarova Lola, kadrlar üzrə mütəxəssisi Ramazanov Raufun iştirakı ilə tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli akt təşkil etmişdir. Həmin aktda qeyd edilmişdir ki, poliklinikaya kənar şəxslərin müdaxiləsi qəti qadağan olunan Labaratoriyasına 21 dekabr 2023-cü il saat 18:42-19:29-a qədər poliklinikanın əməkdaşı İddiaçı iki nəfər kənar şəxsi labaratoriyaya daxil etmiş və onlar labaratoriyada olan kompyuterlərə müdaxilə etmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçı labaratoriyada olan kompyuter işləmədiyi üçün təmir məqsədi ilə qohumlarını labaratoriyaya daxil etdiyini, həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin və müəssisədaxili nizam-intizam qaydalarının hər hansı maddəsində labaratoriyada olan kompyuterlərə kənar şəxslərin müdaxilə etməsinin qadağan edilməsinin göstərilmədiyini bildirmişdir. Hazırda iddiaçı ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli, 18-1-1- 48/3-1-25/2023 saylı əmrinin ləğv edilməsini, cavabdeh tərəf iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının 22 dekabr 2023-cü il tarixli, 18-1-1-48/3-1-25/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işdə olan sübutlar əsasında təsdiq olunur ki, iddiaçı iki nəfər kənar şəxsi (qohumlarını) laboratoriyaya daxil etmiş və onlar laboratoriyada olan və kənar şəxslərin müdaxiləsi qəti qadağan olunan kompyuterlərə müdaxilə etmişdirlər. Bununla da o, pasientlərin məxfi məlumatları saxlanılan kompyuterə özgə şəxslərin girişi üçün şərait yaradaraq, əmək intizamını müəssisənin daxili nizam intizam qaydalarını və həmçinin X3 qaydalarını (həkim pasiyentin şəxsi sirr hüququna hörmət etməlidir) pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsinə əsas yoxdur. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin və müəssisədaxili nizam-intizam qaydalarının hər hansı maddəsində laboratoriyada olan kompyuterlərə kənar şəxslərin müdaxilə etməsinin qadağan edilməsinin göstərilmədiyinə görə iddianin təmin edilməsi əsası ilə bağlı qeyd edir ki, laboratoriyanın kompyuterlərindəki məlumatlar, informasiya resursları özü-özülüyündən artıq məxfi məlumatlar olduqlarından, onlar əmək müqaviləsində və müəssisədaxili nizamintizam qaydalarında göstərilməsələr belə, həmin hallar qanunvericilik ilə ehtiva olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” Qanununa əsasən kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmçinin məhkəmə onu da vurğulmağı zəruri hesab edir ki, 5 nömrəli Şəhər Poliklinikasının Baş Həkimi R.Verdiyev tərəfindən təsdiq edilmiş 01 avqust 2023-cü il tarixli X6 İntizam Qaydalarına əsasən ehtiyac olmadığı təqdirdə digər otaqlarda olmaq və işçilərinin vəzifə öhdəliklərinin icrasında maneə törətmək müəssisənin daxili qaydalarına zidd olduğu qeyd edilsə də, iddiaçı qohumlarını labaratoriyaya daxil edərək, müəssisənin daxili nizam intizam qaydalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 186.1-ci maddəsinin tələblərinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə görə İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-2-ci hissələrinə görə, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Eyni Məcəllənin 190-cı maddəsinin 1-3-cü hissələrinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş X3 Qaydalarına əsasən həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasına qarşı "əmrin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X10 5 nömrəli şəhər poliklinikasına qarşı "əmrin ləğv edilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar