Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1927/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (Nəsimi rayon İcra və probasiya şöbəsi maraqlı şəxs, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızına, Cavabdeh2 qarşı (Nəsimi rayon İcra və probasiya şöbəsi və Qaçqınların və X4 üzrə Dövlət Komitəsi maraqlı şəxs qismində cəlb olunmaqla) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2021-ci il tarixdən hesablanmaqla cavabdehlər Cavabdeh4, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızının və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti ünvanda yerləşən 5 saylı evin 26 nömrəli mənzilindən çıxarılacağı günə qədər əmlakdan istifadəyə görə aylıq 1.000 manat haqqın cavabdehlər Cavabdeh4, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızından və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 5, mənzil 26 Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı haqqında 07 oktyabr 1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətindədir. Sözügedən mənzil illərdir cavabdehlər məcburi köçkünlər Cavabdeh4, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızı, Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Nəticədə, onun ailə üzvləri ilə yaşaya biləcəyi yaşayış yeri olmadığından dəfələrlə mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb etsə də, bu günədək cavabdehlər mənzili boşaltmamışlar. Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, məcburi köçkünlər Cavabdeh4, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızının Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması qərarı verilmişdir. Məhkəmə qərarı icra edilmədiyindən ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş və şikayətə baxılması zamanı mübahisənin hökümət məhkəmə qərarının 3 ay müddətində icrasının təmin edilməsi və iddiaçıya təyin olunmuş kompensasiyanın ödənilməsi ilə bağlı öhdəlik götürmüş, tərəflərin dostcasına razılığı AİHM-nin 19 mart 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş, qərar tərəflərə 09 aprel 2020ci ildə rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə qərarının icrası bu günədək təmin edilməmişdir. Məhkəmə qərarının icra edilməməsi nəticəsində gündən günə daha çox ziyana məruz qalmaqla, həmin sahədən nə yaşayış yeri kimi istifadə edə bilməmiş, nə də onu kirayə verərək maddi ehtiyaclarını qarşılamaq üçün gəlir əldə edə bilməmişlər. Ona görə də, məcbur qalaraq 23 iyul 2021-ci il iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etməklə, cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin, 26 nömrəli mənzildən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və əmlakından qanunsuz istifadəyə görə aylıq 1.000 manat olmaqla cəmi 15.000 manat əldən çıxmış faydanın, habelə göstərilən məcburi köçkünlərin gələcəkdə faktiki olaraq həmin yaşayış sahəsində çıxarılacağı günə qədər əldən çıxmış faydanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 24 sentyabr 2021-ci il tarixli, 2(006)-5620/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızından, Cavabdeh2 müştərək qaydada əldən çıxmış fayda olaraq 7.500 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini qət edilmişdir. Məhkəmənin 24 sentyabr 2021-ci il tarixli qərarından cavabdehlər tərəfindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Nəsimi İcra Şöbəsinə göndərilmişdir. Lakin qətnamə cavabdehlər tərəfindən könüllü icra edilmədiyindən inkasso qaydasında məcburi qaydada tutulmaqla aylıq olaraq hissə-hissə tutularaq ona ödənilir. Nəzərə almaq lazımdır ki, cavabdehlər Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli, 2(006)-58/13 nömrəli qətnaməsini icra etmirlər və bu günədək həmin mənzildə yaşamağa davam edirlər. Məhkəmənin 24 sentyabr 2021-ci il tarixli, 2(006)-5620/2021 nömrəli qətnaməsi isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı barədə hökümətə rəsmi qaydada məlumat verildiyi 09 aprel 2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi çıxarılanadək əldən çıxmış faydanın əvəzi kimi 7.500 manatın ödənilməsi qət edilsə də, həmin qətnamənin çıxarılmasından sonrakı dövrdə də cavabdehlərin həmin mənzildə yaşamağa davam etməsi nəticəsində o, zərərə məruz qalmışdır və mənzili təhvil alanadək bu zərər davam edəcəkdir. İddia ərizəsinə əlavə olunan mübahisəli mənzilin yerləşdiyi ünvanda mənzillərin kirayə qiymətləri ilə bağlı rəsmi elan saytlarından çıxarışlara görə kirayə haqqının orta məbləği 1.000 manat təşkil edir. Ona görə də, 24 sentyabr 2021-ci ildən hesablanmaqla cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 5, mənzil 26-dan çıxarılanadək aylıq 1.000 manat haqqın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə təqdim olunmuş iddiaya etirazda qeyd edilmişdir ki, cavabdehlər məcburi köçkün statusuna malikdirlər və hal-hazırda işğaldan azad olunan ərazilərə köçürülmələri üçün şərait yoxdur. Cavabdehlərin yaşamaq üçün başqa yeri, işğaldan azad olunan ərazilərə qayıtmayınca yaşayacaqları ünvanları olmadığı üçün sözügedən mənzili tərk edə bilmirlər. Onların yaşadığı yeganə mənzildən çıxarılmaları konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən, cavabdehlər işğaldan azad olunan ərazilərinə qaytarılanadək, həmin ərazidə yaşayış üçün mənzillə təmin ediləcəkləri zamanadək mənzildən çıxarılmalarını təxirə salan qərar qəbul edilməlidir. Həmçinin, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri Vaqif prospektində yerləşən 5 saylı evdən istifadə etmələri mövcud zərurətdən yaranmışdır və qeyd olunan mənzildə yaşamaları məcburidir. Belə olan halda, cavabdehlərdən sözügedən mənzildə yaşamaları üçün aylıq pul alınması inandırıcı və ağlabatan deyil. Məhkəmənin presedent hüququna müvafiq olaraq xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, cavabdehlər onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırki işdə cavabdehlərin hazırki iddia tələbi üzrə cavabdeh qismində iştirak etmələri mümkün deyildir. Çünki iddiaçı ona vurulmuş ziyan qismində hazırki cavabdehlərə deyil, başqa şəxslərə, yəni cavabdehləri məcburi köçkün qismində evlə təmin etmək öhdəliyi olan şəxslərə qarşı qaldırmalıdır. Məhz həmin şəxslərin öhdəlikləri yerinə yetirməmələri səbəbindən cavabdehlər iddiaçıya məxsus mənzildə yaşamağa məcbur olmuşlar. Bu səbəbdən, iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onları qeyd edilən ünvana İcra Hakimiyyəti yerləşdirmişdir. Digər məcburi köçkünlər kimi zorla mənzilə daxil olmamışlar. Pul məsələsinə gəldikdə isə, harada görülüb ki, məcburi köçkündən pul tutulsun. Bu, absurd bir məsələdir. Yenidən pul iddiası qaldırılırsa, və ya əldən çıxmış fayda varsa, bu pul onlardan tutulmamalıdır. Dövlət onları oraya yerləşdirmişdir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Onlara ev verilməsi ilə bağlı maraqlanmışdır, hətta dəfələrlə müraciət etmişdir. Füzuli rayonu üçün qeydiyyat hələ yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər, maraqlı şəxsin nümayəndəsi və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli MH seriyalı 108987 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Vaqif prospekti 5 saylı evin 26 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 859 saylı reyestr kitabının 129091 saylı səhifəsində qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-58/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı «mülkiyyət hüququnun müdafiəsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərin Bakı şəhəri Vaqif prospekti 5 saylı evin 26 saylı mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - Musayev Azərbaycana qarşı 1461/18 saylı müraciət üzrə 09 aprel 2020-ci il tarixli sənəddən və Bəyannamədən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsində İddiaçı işlə bağlı dövlətlə məsələni dostcasına həlli barədə razılığa gəlinmişdir. Bu razılaşma AİHM-nin 19 mart 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş və xx.xx.2020-ci il tarixdə iş üzrə tərəflərə yazılı şəkildə bildirilmişdir. Qərara əsasən Azərbaycan höküməti bildiriş aldıqdan 3 ay müddətində dövlətdaxili məhkəmə qərarının – yəni Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 saylı qətnaməsinin icra edilməsi və milli məhkəmə qərarının icrası ilə bağlı bütün xərcləri qarşılamağı öhdəsinə götürsə də, qətnamənin icrası ilə bağlı bu günədək heç bir addım atılmamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)5620/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 7.500 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM/M47-237/2025 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Vaqif prospekti 5 saylı evin 26 saylı mənzilinin orta aylıq kirayə dəyəri 23 may 2025ci il tarixə 450 manat təşkil edir. Xidmət haqqı 400 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N04-734/2025 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Vaqif prospekti 5 saylı evin 26 saylı mənzilinin orta illik kirayə dəyəri 2021-ci il üzrə 500 manat, 2022-ci il üzrə 620 manat, 2023-cü il üzrə 650 manat, 2024-cü ildə 680 manat, 2025-ci ildə 750 manat təşkil edir. Xidmət haqqı (ölçü və qiymətləndirmə işi) 300 manat təşkil edir. - 28.01.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim olunmuş sübutlardan göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 nömrəli qətnaməsi ilə məcburi köçkünlər X2, Cavabdeh1, İsayeva (Abbaszadə) Lalə Elçin qızının, Cavabdeh2 Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin iddiaçıya məxsus olan 26 nömrəli mənzilindən çıxarılmaları qət edilsə də, qanuni qüvvəsini almış məhkəmə aktı bu günədək icra olunmamışdır. İş materiallarından və tərəflərin verdikləri ifadələrdən müəyyən olunur ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan mənzildən təyinatı üzrə istifadə edə, mənzildən faydalana bilmir. Başqa sözlə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə, həmçinin maddi ehtiyacları ödəmək üçün mənzildən hər hansı şəkildə faydalana bilmir. Məhkəmə vurğulayır ki, mülkiyyət hüququ insanın və vətəndaşın təməl hüquqlarından biridir və bütün dünyada mülkiyyət hüququna xüsusi diqqət yetirilir. Azərbaycan Dövləti də, ali qanun olan Konstitusiyada, eləcə də, mülkiyyət hüququna bu və ya digər qaydada aidiyyəti olan qanunvericilikdə (Mülki Məcəllə, Mənzil Məcəlləsi və s.) bu təməl hüquqi təminat altına alınmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla təminat altına alınmış maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Normada göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) «zərər anlayışı ilə əhatə olunur. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsində zərərin əvəzinin ödənilməli həcminin düzgün hesablanmasının böyük əhəmiyyəti vardır. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi ərazidə mövcud icarə qiymətləri ilə yanaşı eləcə də Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələbəri baxımından qanuni qüvvəsini almış 24 sentyabr 2021-ci i tarixli qətnamə də nəzərə alınmaqla, qətnamənin qəbul edilən tarixindən hazırki vaxta qədər cəmi 33.900 manat əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunmuş rəydən görünür ki, 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə (3 ay, hər ay üçün 500 manat olmaqla) icarə haqqı məbləği cəmi 1.500 manat; 2022-ci il üçün hər ay 620 manat olmaqla, cəmi 7.440 manat; 2023-cü il üçün hər ay 650 manat olmaqla, cəmi 7.800 manat; 2024-cü il üçün hər ay 680 manat olmaqla, cəmi 8.160 manat; 2025-ci il üçün hər ay 750 manat olmaqla, cəmi 9.000 manat, ümumilikdə 33.900 manat təşkil edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə eyni şəraiti (bütün parametrləri nəzərə alınmaqla) olan mənzillərin real olaraq icarə haqqının 1.000 manat təşkil etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əldən çıxmış fayda olaraq 33.900 (otuz üç min doqquz yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsayeva (Abbaszadə) Lalə Elçin qızından və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, 300 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məmməqulu qızından əldən çıxmış fayda olaraq 33.900 (otuz üç min doqquz yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 300 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMCyə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1927/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1927/2025
16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver