Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1987/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 saylı əmrinin ləğv edilməsi, onun xx.xx.2023-cü il tarixdən “AZAL Sərnişin Avia şirkəti X13 yararlılığının saxlanması idarəsinin uçot üzrə mütəxəssisi vəzifəsinə 9-cu dərəcə ilə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, əvvəlki dövrlər xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat mənəvi zərərin mediasiya xərci kimi 60 manat hüquqi yardıma görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə Maliyyə- İqtisad İdarəsi Mühasibat uçotu və hesabat xidmətlərinin qiymətləndirilməsi uçotu şöbəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə vəzifədə irəli çəkilərək, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə həmin idarənin xərclərin uçotu şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü ildə o, kadrlar şöbəsinə çağırılmışdır və ona bildirilmişdir ki, onun vəzifəsi ixtisara düşmüşdür və tutduğu vəzifədən azad edilmişdir. Buna öz etirazını bildirmişdir və ixtisar haqqında bildirişi imzalamaqdan imtina etmişdir. Maliyyə idarəsinin rəisi Zaur Dibirov isə açıq və qərəzli olaraq bütün bu halları nəzərə almadan, heç deyilsə onu başqa vəzifəyə keçirmək barədə xahişini eşitmək belə istəmədən cavabı belə olmuşdur ki, təki onun idarəsində işləməsin. 03 iyul 2023-cü ildə onunla əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilmişdir. Bu hal ilə bağlı tərəfindən AZAL X3 müraciət edildikdən və yalnız onun müdaxiləsindən sonra qanunsuz əmr ləğv edilmişdir. xx.xx.2023-cü ildə yenidən vəzifə dəyişikliyi olaraq 9-cu dərəcə ilə “AZAL Sərnişin Avia şirkəti X13 yararlılığının saxlanması idarəsinin uçot üzrə mütxəsisi vəzifəsinə 9-cu dərəcə ilə təyin edilmişdir. Yeni iş yerinə təyin olunmaqla (Sərnişin Aviasiya Şirkətinin Hava X1 Saxlanılması İdarəsi) o, rəhbər vəzifə olan şöbə rəisinin müavini vəzifəsini itirmişdir və əmək haqqı demək olar ki, yarıya qədər azaldılmışdır. Həmin vəzəifədə əmək məzuniyyətinə buraxılmışdır və məzuniyətdən qayıtdıqdan dərhal sonra idarənin direktor müavini Fuad Quliyev bildirmişdir ki, burada onun üçün heç bir iş yoxdur və iş yeri başqa bir binada yerləşir, ora isə onun buraxılış vərəqəsi ilə keçid mümkün deyildir. Həmin iş yerinə onun buraxılmaq məsələsi həll edilən müddətdə (iki həftəyə yaxın) işləməli olduğu binadakı otaq bir neçə ay müddətinə ezam olaraq gəlmiş əcnəbi mütəxəssislərə verilmişdir. Ona isə kompütersiz, telefonsuz boş bir masa təhkim edilmişdir. Heç kim onu vəzifələrini yerinə yetirmək və yeni proqramı mənimsəmək istəyinə baxmayaraq yeni işlə tanış etməmişdir. Boş masa arxasında 1.5 ay əmək fəaliyyətsiz dayandıqdan sonra yeni bir işçinin orada oturacağını elan edərək onu da almışlar. Sərnişin Aviasiya Şirkətinin Hava X4 Saxlanılması İdarəsinin direktor müavini Fuad Quliyev ona mətbəxtə işləməyi tövsiyyə etdi. Buna qəti şəkildə etirazını bildirmişdir və Əmək qanunvericiliyinin tələblərinin artıq rəhbər heyyət tərəfindən kobud şəkildə pozulduğunu qeyd etdikdən sonra o, kadrlar şöbəsinə çağrılmışdır və tutduğu ştatın ixtisara düşdüyü ona bildirilmişdir. xx.xx.2023-cü il tarixdə 1105 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixdə 1105 saylı əmr ləğv edilməli və onun vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi üçün tərəfindən yuxarı orqanlara və mübahisənin məhkəmədən kənar həlli üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh orqan xx.xx.2024cü ildə təyin edilmiş mediasiya sesiyasında iştirak etmədiyi üçün mübahisənin məhkəmədən kənar həlli məsələsi mümkünsüz olmuş və bununla bağlı Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli müvafiq arayış təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə) yarımbəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. İşəgötürən bu hüququndan istifadə edərək istehsalat zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Cəmiyyətin Maliyyə- İqtisad İdarəsinin Mühasibat uçotu və hesabat xidmətlərinin qiymətləndirilməsi uçotu şöbəsinin rəis müavini vəzifəsini qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar etmiş və İ.Sadığova öz razılığı ilə xx.xx.2023-cü il tarixindən Cəmiyyətin "Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Hava X4 Saxlanılması İdarəsinə uçot üzrə mütəxəsis vəzifəsinə keşirilmişdir. "AZAL” QSC-də istehsalat zərurəti ilə əlaqədar Cəmiyyətin xx.xx.2023-cü il tarixli 494 nömrəli əmri ilə bir sıra peşə və vəzifələr, o cümlədən İddiaçı çalışdığı Sərnişin Aviaşirkətinin Hava X4 Saxlanılması İdarəsində uçot üzrə mütəxəsis vəzifəsi də ixtisar edilmişdir ki, bu halda da əmək qanunvericiliyi ilə bağlı bütün prosedurlar (xəbərdarlıq, işdənçıxarma müavinətinin və son haqq-hesabın ödənilməsi) gözlənilməklə onunla bağlınılmış əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2023-cü il tarixli 1105 salı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatların ixtisarı) xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Eyni zamanda bildirmişlər ki, işçi xx.xx.2023-cü il tarixində tutduğu vəzifənin ixtisar edilməsi ilə bağlı xəbərdar edilsə də xəbərdarlıq bildirişini imzalamaqdan imtina etmişdir. İşçinin xəbərdarlıq bildirişini imzalamaqdan imtina etməsi aktlaşdırılmışdır. İddiaçı tutduğu ştat vahidi istehsalat zərurətindən irəli gələn strukturun təkmilləşdirilməsi ilə bağlı ixtisar edilmiş və işçi həmkarlar ittifaqının üzvü olduğu üçün onun əmək müqaviləsi Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq həmkarlar ittifaqı təşkilatının razılığı alınmaqla ləğv edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixində (Cümə günü) həmkarlar ittifaqı təşkilatına təqdimat verilmiş, təqdimat həmkarlar ittifaqı təşkilatına xx.xx.2023-cü il tarixində (Bazar ertəsi) daxil olmuş, həmkarlar ittifaqı təşkilatı öz yazılı razılıq qərarını təqdimatın daxil olduğu tarixdən 16 gün sonra xx.xx.2024-cü il tarixində vermişdir. İşəgötürən aşağıda qeyd edilən səbəbləri nəzərə alaraq xx.xx.2023-ci il tarixində işçinin əmək müqaviləsinin xx.xx.2024-ci il tarixindən ləğv edilməsi barədə əmr vermişdir: əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən ləğv edildiyini nəzərə alaraq, İşəgötürən vaxtında həmkarlar ittifaqına müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixi təqdimatın həmkarlar ittifaqına daxil olduğu vaxtdan 10 gün sonrakı dövrə düşür; əmək müqaviləsinin ləğvi barədə əmr işçinin əmək münasibətlərinə xitam verilməsi barədə daha tez məlumatlandırılması məqsədilə xx.xx.2023-cü il tarixində verilib. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsini də işəgötürənin ixtisar barədə əmrinin ləğv edilməsinin əsası kimi göstərmişdir. Bununla bağlı bildirmək istərdik ki, İddiaçı əmək müqaviləsinin ləğvi işçilərin sayının azaldılması deyil, ştat ixtisarı ilə bağlı olmuşdur. Bu baxımdan həmin maddənin tətbiqi istisna edilir. Bundan əlavə Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə uyğun olaraq İddiaçı ixtisarını istisna edən hal mövcud olmamışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsindən (kontraktı) görünür ki, həmin əmək müqaviləsi xx.xx.2020-ci il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" QSC maliyyə-iqtisad idarəsinin mühasibat uçotu və hesabat xidmətinin material qiymətlilərin uçotu şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsindən (kontraktı) görünür ki, həmin əmək müqaviləsi xx.xx.2021-ci il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" QSC maliyyə-iqtisad idarəsinin mühasibat uçotu və hesabat xidmətinin material qiymətlilərin uçotu şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsindən (kontraktı) görünür ki, həmin əmək müqaviləsi xx.xx.2023-cü il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" Sərnişin Aviaşirkəti Hava X1 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan iddiaçının adına 2005-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə "xxxx" Sərnişin Aviaşirkəti Hava X1 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, həmin əmr "xxxx" Sərnişin Aviaşirkəti Hava X1 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi haqqında verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) ona son haqqı-hesab verilərkən xx.xx.2022-ci-xx.xx.2023-cü iş ili üçün (30 gün) xx.xx.2023-xx.xx.2024 iş ili üçün (23 gün) pul əvəzinin ödənilməsinin təmin edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqının 1.7 miqdarında işdənçıxarma müavinətinin ödənilməsi Maliyyə və Mühasibat İdarəsinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" QSC-nin Sərnişin Aviaşirkətin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının “81” saylı protokolundan çıxarışdan görünür ki, "xxxx"QSC-nin Sərnişin Aviaşirkətin Hava X1 Saxlanılması İdarəsinin Uçuş yararlılığına dəstək şöbəsinin uçuş yararlılığın indeksasiyası qrupunun uçot üzrə mütəxəssisi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndi ilə birtərəfli şəkildə ləğv edilməsinə razılığ verməsi qərara alınmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC-nin X10 rəisinin birinci müavini X8, X10sinin kadrlar üzrə eksperti X6 və X10sinin Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi X9 xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin "xxxx" Sərnişin Aviaşirkətinin Hava X4 Saxlanılması İdarəsinin əməkdaşı olan həmçinin İddiaçı xx.xx.2023-cü il tarixində işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq təqdim edilməsi və onun xəbərdarlıqla tanış olmaqla imza etməkdən imtina etməsinə dair akt tərtib etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı 10 ildən çox təşkil etməklə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv etməzdən əvvəl ona azı 9 iş həftəsi öncə xəbərdarlıq etməli halda, xx.xx.2023-cü il tarixdə iddiaçının xəbərdarlıq etməsindən imtina barədə akt tərtib etməklə kifayətlənmiş, xx.xx.2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmr vermişdir. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin Sərnişin Aviaşirkətin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndi ilə birtərəfli şəkildə ləğv edilməsinə razılığ verməsi qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, işəgötürən həmçinin əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almadan xitam verməklə, əmək qanunvericiliyinin müddəalarını bu əsasla da kobud şəkildə pozmuşdur. Məhkəmə hesab edir ki, Həmkarlar Komitəsi müddətə dair qanunvericiliyin tələblərini pozmaqla rəy verdiyi halda cavabdehin yenidən Komitəyə rəy almaq üçün hansı səbəbdən müraciət etməməsi, o cümlədən rəy daxil olmadan əmrin verilməsi hallarına dair cavabdehin irəli sürdüyü dəlillərin qanuni əsaslarının müəyyən edilməsi mümkün deyildir, bu dəlillər heç ağlabatan da hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı işə bərpa edilməklə yanaşı, həmin müddət onun əmək stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınır. Məhkəmə iddia tələbinin “əvvəlki dövrlər xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, müəyyən müddət işsiz qalmaqla məyus olmuş, müəyyən məhrumiyyətlərlə üzləşməklə ona mənəvi zərər dəymişdir. Lakin, məhkəmə, iddiaçının az müddətə işinə bərpa edilməsini nəzərə alaraq mənəvi zərərin həcminin iddiada göstərilən məbləğdə deyil 500 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 200 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 60 manat”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 200 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 200 manat məbləğində pul tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 manat cavabdehdən alınaraq, İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" QSC-də X13 Yararlığının Saxlanması İdarəsinin Uçot üzrə mütəxəssisi 9-cu dərəcə vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü İddiaçı əmək stajına daxil edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməli, vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 200 manat hüquqi yardıma görə xərc cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia bir neçə müstəqil tələbdən ibarət olmaqla (qiymətləndirilən və qiymətləndirilməyən) ödənilməli olan dövlət rüsumunun məbləğinin müəyyən edilməsi üçün ilk öncə iddianın qiyməti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cü maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin “işə bərpa, məcburi işburaxma üçün əmək haqqı” hissəsi qiymətləndirilməyən iddia tələbinə aid edilməklə həmin tələbə görə 100 manat, “mənəvi ziyanın ödənilməsi, mediasiya xərcinin tutulması və hüquqi yardıma görə xərc” tələbi isə qiymətləndirilən iddia tələbi olaraq, həmin tələblərin təmin edilmiş hissəsinin ümumi məbləğinin 1000 manatadək olmasını (760 manat) nəzərə alaraq-30 manat dövlət rüsumu, ümumilikdə 130 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" QSC-də X13 yararlığının saxlanması idarəsinin uçot üzrə mütəxəsisi 9cu dərəcə vəzifəsinə bərpa edilsin. Məcburi işburaxma dövrü İddiaçı əmək stajına daxil edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilsin. Vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 200 manat hüquqi yardıma görə xərc cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" QSC-dən 130 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1987/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1987/2024
22.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver