Məhkəmə qərarları › İş №e-2(006)-2013/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-2013/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2013/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sağlamlığa vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sağlamlığa vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sağlamlığa vurulmuş ziyanın əvəzi olaraq 340.000 manat (200.000 ABŞ dolları dəyərində) məbləğində pulun tutulması və tələbin Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda yerləşən 92 nömrəli mənzilə yönəldilməsi yolu ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun doğma qızı, Cavabdeh2 oğlu isə onun kürəkənidir. 2007-ci ildə qızı Tamara ona müraciət edərək, Rasimilə özlərinə məxsus ev almaq və iş qurmaq üçün pula etiyaclarının olduğunu bildirdi. Səbəbini onunla izah etdi ki, onlar yaşadıqları Rasimin atasına məxsus mənzildən bəzi səbəblərdən çıxmaq məcburiyyətindədilər və Rasimin də davamlı bir gəlir yeri yoxdur. Həmin vaxt qızı ailənin madi vəziyyətinin yaxşı olduğunu və onun şəxsi 250.000 ABŞ dolları dəyərində bir pul vəsaitinin olduğunu bilirdi. Bu pul onun səhhətində olan bəzi xəstəliklərin gələcəkdə kəskinləşməsi halında müalicə və digər xərcləri üçün saxladığı pul vəsaiti idi. Onun həmin vaxt pula etiyacının olmadığı, eyni zamanda qızının ailəsinə dəstək olmaq istədiyi üçün aralarında müqavilə bağlamağı planlaşdırdılar. Bu məqsədlə Rasimlə də razılıqdan sonra xx.xx.2007-ci il tarixli müqavilə bağladılar və müqavilə bağlanılan gün o, özündə olan puldan 200.000 ABŞ dolları məbləğində pulu Rasim və qızı Tamaraya verdi. Təqribən 1-2 ay müddətində qızı ondan aldıqları pul məbləğindən Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda inşa edilən yeni tikilidə mənzil aldıqlarını və Rasimin də yaxın vaxtda öz biznesinə başlayacağını bildirdi. Aradan uzun zaman keçdi və təqribən 3-4 ay öncə səhhətində olan xəstəliyin (onurğa, ürək və şəkər xəstəlikləri) kəskinləşməsi onun davamlı ambulator müalicələrinə səbəb oldu. O, həmin vaxt Rasim və Tamaraya səhhəti haqqında məlumat verərək əməliyyat olunmağına və bununla əlaqədar digər xərclərinə zərurət yarandığı üçün bu xərclərin qarşılanmasını tələb etdi və bu məqsədlə Medstayl və Medikalplaza və bir neçə xəstəxanalarında həkim qəbulunda oldu və 2023-cü ilin yanvar ayında əməliyyat olundu. Rasim və Tamara ona xərclərin ödənilməsi barədə vəd versələr də, vədlərinə əməl etmədilər və o, əməliyyat xərclərini özü qarşıladı. Hazırda səhhətində pisləşmələr davam edir və ölkə hüdudlarından kənarda müayinə və əməliyyat məsləhət görülmüşdür. O, məcbur əməliyyatdan sonra vəkil vasitəsilə Rasim və Tamaraya müqaviləyə uyğun bildiriş-xəbərdarlıq göndərərək sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 200.000 ABŞ dolları dəyərində ziyanı ödənilməsini tələb etdi. Rasim maddi vəziyyətlərinin aşağı olduğu və borclarının olduğunu bildirərək sağlamlığına vurulan ziyanı ödəməkdən yayınır. Halbuki, ondan alınmış pul vəsaiti hesabına əldə etdikləri ünvan 1 yerləşən mənzilin dəyəri zərərin müəyyən hissəsinin ödənilməsi üçün kifayət edir. Məhkəməyə onu bildirir ki, səhhətində olan xəstəlik hər gün kəskinləşir və sağlamlığına vurulan zərərin artması davam edir. Həyatı təklükə altındadır. Onun sağlamlığına vurulmuş ziyanın ödənilməsinə təminat kimi cavabdehlərin, hansı ki, ondan aldıqları pul hesabına əldə etdikləri ünvan 1 ünvanda yerləşən ümumi əmlaklarının - mənzilin üzərinə iddianı təminetmə tədbiri kimi həbs qoyulmalıdır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sağlamlığa vurulmuş ziyanın əvəzi olaraq 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan Azərbaycan Respubikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə tutulması və tələbin Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda yerləşən 92 nömrəli mənzilə yönəldilməsi yolu ilə ödənilməsi barədə və məhkəməyə ödədiyi 693 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2013/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sağlamlığa vurulan zərərə təminat haqqında xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 Raşid oğlunun şəxsi yaşayış evi almaq və biznes fəaliyyətləri qurulması məqsədilə 200.000 ABŞ dolları məbləğində pul vəsaitini müqavilə imzalanan gün nağd olaraq, Cavabdeh1 və Cavabdeh2 verilir. İddiaçı müqavilə bağlanılan gün 200000 ABŞ dolları məbləğində pul vəsaitini verməklə öhdəliyini icra edir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı gələcəkdə hər hansı bir halda sağlamlığına zərər dəyərsə, həmin sağlamlığa dəyən zərərin (sağlamlığın bərpası ilə bağlı müalicə müayinə və əməliyyat xərclərini, vəfat etdikdə dəfn xərcləri) aradan qaldırılması üçün 200000 ABŞ dolları həcmindən az olmamaqla qarşılayacaqları barədə öhdəlik götürür. İş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı səhhətindən müəyyən problemlərin yaranması ilə bağlı müxtəlif diaqnozlar mövcuddur. xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına uyğun olaraq cavabdehlərə borc pul məbləğini ödəmələri barədə müraciət ünvanlamışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri. Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 154.1 kv.m. ümumi, 92.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 92 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 57931 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmış, cavabdehlər iddiaçıdan 200000 ABŞ dolları məbləğində pulu almış, iddiaçının sağlamlığına hər hansı zərər dəydikdə isə həmin məbləği qaytaracaqlarını öhdələrinə götürmüşlər. İddiaçının borc pulu verərək müqavilənin ilkin şərtini icra etməsi müqavilə ilə rəsmiləşdirilmişdir. Eyni zamanda müqavilənin 8-ci bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini icra etməyəcəkləri təqdirdə İddiaçı sağlamlığına dəyən zərərin ödənilməsi məqsədilə birgə nikah dövründə əldə etdikləri ümumi daşınar və daşınmaz əmlakları (mənzil, qeyri-yaşayış sahəsi, avtomobil və s.) ilə maddi məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda yerləşən 92 nömrəli mənzil tərəflərin birgə nikahda olduğu dövrdə əldə edilmişdir və müqaviləyə əsasən həmin əmlakla maddi məsuliyyət daşıyırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan Azərbaycan Respubikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə tutulmalı və tələb Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda yerləşən 92 nömrəli mənzilə yönəldilməlidir. Ödənilmiş 693 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 693 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul ödəniş gününə olan Azərbaycan Respubikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə tutulsun və tələb Bakı şəhər Nəsimi rayon, C.Səlimov küçəsi 7 ünvanda yerləşən 92 nömrəli mənzilə yönəldilsin. Ödənilmiş 693 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar