Məhkəmə qərarları › İş №e-2(006)-2048/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2048/2025

08.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2048/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin yanvar ayında işə düzəlmək məqsədi ilə müraciət etdiyində məlum olmuşdur ki, Cavabdeh MMC adlı bir şirkət onun xəbəri olmadan onu “Anbardar” vəzifəsində işə götürmüş və Əmək və Məşğulluq altsisteminə qeydiyyata salmışdır. Halbuki, onun belə bir şirkətdən və ya belə bir işdən ümumiyyətlə xəbəri olmamış, heç bir əmək müqaviləsinə imza etməmişdir. Onun hüquqları pozulub və hal-hazırda kimlərinsə qanunsuz əməlləri nəticəsində o, heç bir işə girə bilmir. Məlumat üçün bildirmişdir ki, o, 2019-cu ildə İdman Akademiyasına qəbul olmuş, 2023-cü ildə təhsilini bitirmişdir. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmişdir. 2024-cü ildə hərbi xidməti başa vurmuşdur. Məsələni öyrəndikdən dərhal sonra ASAN Xidmət Mərkəzinə getmiş və ordan DOST Xidmətinə yönləndirmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 142 Qaynar xəttinə müraciət etmişdir. Sonra isə “Mygov” portalından şirkətin adını öyrənmiş və elektron portal vasitəsilə VÖEN-i daxil edərək şirkətin qeydiyyat ünvanını öyrənmişdir. Həmin ünvana gedərək qeyd olunan şirkəti axtarsa da, tapa bilməmişdir. Məlum olmuşdur ki, həmin ünvanda belə bir şirkət yoxdur. Əmək Müfəttişliyi tərəfindən “DOST” Mərkəzinə yaxınlaşması ilə bağlı ona cavab gəlmişdir. “DOST” Mərkəzində onun izahatı alınmış, işə ancaq məhkəmə qaydasında baxıla biləcəyini bildirildi və onun sənədləri Bakı 16 saylı Mediasiya Təşkilatına göndərilmişdir. Bakı 16 saylı X1 Mediasiya Sessiyasında iştirak etmişdir. Cavabdeh şirkətə göndərilmiş bildiriş geri qayıtmış və şirkəti tapmaq mümkün olmamışdır. Bu səbəbdən də ona müvafiq arayış təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də anbardar vəzifəsində çalışmaqla, aylıq əmək haqqı 350 manat təşkil edir. Həmin bildirişdə işəgötürən Cavabdeh MMC kimi göstərilmişdir. İş materiallarında olan X2 tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilm rsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, şirkət fəaliyyətini dayandırması səbəbindən İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitamına müvəffəq ola bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Göründüyü kimi, iddianın qaldırılmasına səbəb şirkətin fəaliyyətinin dayandırılmasına baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilməməsi, bununla da iddiaçının başqa yerdə işə qəbul oluna bilməməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar