Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2052/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu ilə birgə 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün 39 600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumu hesablanaraq, cəmi 54 000 manat (14.400 + 39 600) məbləğində kirayə haqqının və iddianın qaldırılması üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı1 xeyrinə tutulması; Cavabdeh MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 manat pul vəsaiti ilə birgə 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün 26 400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaiti hesablanaraq, cəmi 36 000 manat (26 400 + 9600) məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 360 manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaiti tutularaq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 xeyrinə tutulması; Cavabdeh MTK-dan 54 000 manat pul məbləğinin xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla İddiaçı1 xeyrinə tutulması; eyni zamanda, 36 000 manat pul məbləğinin xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla Cavabdeh MTK-dan İddiaçı2 xeyrinə tutulması; xx.xx.2023-cü il tarixdən ödənilməmiş pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdehlər Cavabdeh MTK-ya və X5 qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair 2(006)-332/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-332/2022 saylı qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, Cavabdeh MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 iddiasının qismən təmin edilməsi, Cavabdeh MTKdan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 (əlli) manat pul vəsaitinin tutularaq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-332/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrıayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh MTK-nin apellyasiya şikayəti qismən təmin edilmiş və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli Qətnaməsi qismən –“cavabdeh - Cavabdeh MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3259/2023 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsinin icra olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Hal-hazırda həmin iş Nəsimi rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun icraatındadır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsinə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı1 ödənməli olan borc (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.000 manat və əlavə olaraq dövlət rüsumuna görə 30.40 manat təşkil edir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 ödənməli olan borc (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat və əlavə olaraq dövlət rüsumuna görə 150 AZN və göstərilmiş hüquqi xidmətə görə 50 AZN təşkil edir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsi ilə göstərilmiş borcun ödənişi ilə bağlı Cavabdeh MTK tərəfindən bugünkü tarixədək hər-hansı icra hərəkətləri həyata keçirilməmiş və həmin borc məbləği Cavabdeh MTK tərəfindən iddiaçılara ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, cavabdeh tərəfindən iddiaçılara ödənməli olan borc məbləği 2021-ci il oktyabr – 2022-ci ilin may ayı üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən, 2022-ci il may ayından – hal-hazırki tarixədək, 2024cü ilin mart ayına kimi də ödənməli olan məbləğ hesablanmalı və cavabdeh tərəfindən iddiaçıların xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan birinci tərəf İddiaçı1 və İddiaçı2 ilə ikinci tərəf Cavabdeh MMC arasında xx.xx.2018 il tarixdə bağlanmış razılaşma müqaviləsinin surətindən görünür ki, həmin müqavilə “Birinci tərəflər”in mülkiyyətlərində olan ünvan 2 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18, 20 saylı mənzillər üzrə gələcəkdə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırıldıqdan sonra isə yeni əvəzləşdirmə müqaviləsi bağlamaq, hazırkı müqavilə ilə “ikinci tərəf” “birinci tərəf” qarşısında onların mülkiyyətlərinə olan Bakı şəhəri, Azadlıq prospekti, ev 42, mənzil 6/7 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18, 20 saylı mənzillər üzrə X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daçınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi X2 əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək, İddiaçı1 Məmmədəli qızının mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətin vəsaitini ona 43200 manat birdəfəlik ödəmək, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18, 20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili İddiaçı2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək, İddiaçı2 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətin vəsaitini ona 28800 manatı birdəfəlik ödəmək haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-332/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 iddiası qismən təmin edilməklə, Cavabdeh MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14.400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 iddiası qismən təmin edilməklə, Cavabdeh MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 manat pul vəsaiti tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 425/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər "Azəri Tikinti Şirkəti” MTK-nın apellyasiya şikayəti qismən təmin edilməklə, X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi qismən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3259/2023 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-425/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılşama müqaviləsi üzrə cavabdeh tərəfindən İddiaçı1 Məmmədəli qızının mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat, İddiaçı2 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat verilməsi razılaşdırılsa da, cavabdeh tərəfindən bu öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə kirayə haqqının tələb olunan dövrünə nəzər yetirdikdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 Məmmədəli qızının 2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün 14.400 manat, İddiaçı2 2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün 9.600 manat məbləğində kirayə haqqı tələb etməsi əsassızdır, belə ki, qeyd edilən hissənin təmini barədə artıq yekun məhkəmə aktı mövcuddur və iddiaçıların həmin məbləğləri tələb etmələri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-425/2023 saylı qətnaməsi üzrə borcun ödənişi ilə bağlı hər-hansı icra hərəkətlərinin həyata keçirilməməsindən irəli gəlməklə, həmin məsələnin həllinə qətnamənin icrası qaydasında baxılması məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin “2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün İddiaçı1 üçün 39.600 manat, 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün İddiaçı2 üçün 26.400 manat məbləğində kirayə haqqı”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixdən ödənilməmiş pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçıların tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin ödəməli olduğu pulun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanmasına dair hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçıların pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tələb edilən 360 manat dövlət rüsumuna münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X8” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda” 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 288 manatı cavabdehdən alınaraq iddiaçılara ödənilməli, qalan 72 manat isə iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, İddiaçı2 tərəfindən hüquqi yardıma görə 320 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə İddiaçı2 xeyrinə cavabdehdən 320 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTKdan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 39600 manat alınaraq İddiaçı1 xeyrinə ödənilməli, Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 26400 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat İddiaçı2 xeyrinə ödənilməli, Cavabdeh MTKdan ödənilmiş dövlət rüsumuna görə 288 manat alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun qalan 72 manatı iddiaçılara aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 39600 manat alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 26400 manat və hüquqi yardıma görə ödənilmiş 320 manat İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh MTK-dan ödənilmiş dövlət rüsumuna görə 288 manat alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun qalan 72 manatı iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2052/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2052/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver