Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2085/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş ) manat dövlət rüsumu da daxil olmaqla 5.120 (beş min yüz iyirmi manat) manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təhsil alan X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 017-1-20 saylı, 23.09.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında 23.09.2020-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “lisey” “təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən 23.09.2020-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhsil haqqı 5.500 manat təşkil etməkdədi. Lakin cavabdeh tərəfindən təhsil haqqının az bir hissəsi olan-1000 manat ödəniş etmiş, qalan hissəsinin isə ödənilməsindən yayınmışdır. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 75 manat dövlət rüsumu ondan tutularaq liseyə ödənilməlidir. 4500+4500 manat x 5% = 225 manat + 320 manat + 75 manat = 5120 (beş min yüz iyirmi manat) cavabdehdən alınaraq liseyə ödənilməlidir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.500 manat əsas borc, 225 manat dəymiş zərər, 75 manat dövlət rüsumu, ümumilikdə 4.800 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, o, iddiaçı liseyin hesabına sonuncu dəfə 2500 manat ödədikdə, lisey əməkdaşları onun liseyə 1500 manat deyil, 1000 manat borcu qaldığını bildirdilər. O, liseyin təhsilindən narazı olduğu üçün 2020-ci ilin sonu uşağını ayrı məktəbə yönləndirmək qərarına gəlmişdir. Lakin uşağının sənədlərini tələb etdiyi halda lisey onun sənədlərini həmin vaxt deyil, müraciətindən 4 ay sonra geri qaytarmışdır. Bunun nəticəsində uşağı təhsilində yayınmışdır. Bu barədə Təhsil Nazirliyinə müraciət və şikayətlər etsə də heç bir nəticəsi olmamışdır. Bu hadisələrdən sonra lisey əməkdaşları ilə aralarında narazılıq yarandığına görə qalan 1000 manat məbləğində borcu da ödəməmişdir. Əvvəlki ödənişləri ilə bağlı sübut təqdim edə bilmir. Çünki 1000 manat pulu bank vasitəsilə, 1500 manat pulu isə məktəbdə ödəmiş, hər hansı qəbz ona verilməmişdir. Odur ki, iddianın əsassız olduğundan rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı MMC ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış 23.09.2020-ci il tarixli, 0171-20 saylı “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilənin surətindən görünür ki, “lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “təhsilalan”a ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərməyi, “təhsilalan”nın “qanuni nümayəndə”si isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0171-20 saylı, 23.09.2020-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəflərin razılaşdığı illik təhsil haqqı 5.500 manat təşkil edir. İddiaçı MMC ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış 23.09.2020-ci il tarixli “Razılaşdırma protokolu”nun surətindən görünür ki, illik təhsil haqqı 5.500 manat müəyyən edilmiş və “qanuni nümayəndə” tərəfindən 612 manat ilkin ödəniş edilmişdir. Cavabdeh yerdə qalan təhsil haqqını isə oktyabr ayından etibarən 8 ay müddətində (23.10.2020-23.05.2021) hər ay üzrə 612 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 06.12.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya borcun olması ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" ASC-nin rekvizit blankından görünür ki, AZ92TURA******************** nömrəli AZN hesablaşma hesabı İddiaçı MMC-yə məxsusdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23.09.2020-ci il tarixli, 0171-20 saylı “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən “lisey” “təhsilalan”a ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərməyi, “təhsilalan”nın “qanuni nümayəndə”si isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0171-20 saylı, 23.09.2020-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə cavabdehin öhdəliyi lazımi qaydada icra etməsinə dair dəlilləri hər hansı sübut vasitəsilə təsdiq edə bilmədiyini nəzərə alaraq onun mübahisə predmeti olan öhdəliyi icra etmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilələrin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 23.09.2020-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləsindən göründüyü kimi İddiaçı MMC təhsilin təşkili üzrə xidmətləri göstərməsi təhsilalanın qanuni nümayəndəsinin bu xidmətlərin müqabilində müqavilə ilə müəyyən edilən haqqı ödəməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddianın “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (4.500 x 5%=225:12 ay x (23.05.2021- 09.03.2022) 10 ay) 187,5 manat məbləğində faiz borcu yaranmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 4.500 manat, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 187,5 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 71 manatın 70 manatı, cəmi 4.757,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 114.1.1-ci maddəsinin tələblərinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2.-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 75 manat məbləğində pul ödəmişdir. Məhkəməyə müraciət edilən zaman iddianın qiyməti 5.045 manat təşkil etdiyindən, iddia Cavabdeh münasibətdə qismən (99%) təmin edildiyindən, məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan 71 manatın 70 manatı məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. İddiaçı MMC-yə tərəfindən artıq ödənilmiş 4 manat məbləğində dövlət rüsumu isə onun özünə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 4500, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 187,5 manat və dövlət rüsumu kimi ödənilmiş 71 manatın 70 manatı, cəmi 4.757,50 manat Cavabdeh olundan tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 4 manat dövlət rüsumu onun özünə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2085/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2085/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver