Məhkəmə qərarları › İş №e-2(006)-2093/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2093/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2093/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, qanuni nümayəndəsi Nümayəndə2, vəkili-nümayəndəsi Vəkil1, vəkili Vəkil2, Cavabdeh nümayəndələri X4 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Maraqlı şəxs, Bakı şəhər İcra Hakimiyyəti və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Maraqlı şəxs, Bakı şəhəri İcra Hakimiyyəti və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 103290 (yüz üç min iki yüz doxsan) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının qəbul edilməsinin məqsədi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Qərara əsasən qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Nəsimi rayonunun Papanin ərazisində, Y.Vəzirov küçəsi, ev 4-də yerləşən yaşayış sahəsi də həmin Qərarın təsir dairəsinə düşür və buna görə də İddiaçı mülkiyyətində olan bu yaşayış sahəsi alınmağa başlanmışdır. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın qiymətləndirmə rəyinə əsasən yaşayış sahəsinin ümumi ölçüsü 245.55 kv.m. təşkil edir. Lakin Cavabdeh MMC müqavilə öhdəliklərinə əməl etməyərək 245.55 kv.m. sahənin əvəzini tam şəkildə kompensasiya etməmişdir. Belə ki, cavabdeh qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakı alması qarşılığında 117 kv.m. fərdi yaşayış evini və 72 kv.m. əlavə fərdi yaşayış evini (20% əlavə olunaraq 86 kv.m.) kompensasiya şəklində iddiaçıya vermişdir. Belə olan halda Cavabdeh MMC iddiaçıya 189 kv.m-in pulunu və yaşayış sahəsini kompensasiya olaraq ödəmiş, lakin qalan 56.55 kv.m. olan hissəsini və 20% əlavəni kompensasiya şəklində ödəməmişdir. Ona görə də qalan kompensasiyanın da ödənilməsi zərurəti meydana gəlmişdir. Müqavilə üzrə evin kv.m-nin dəyəri 1500 manat təşkil edir. Sadə riyazi hesablamaya görə, 56.55 + 20%, yəni 11.31 = 68.86 kv.m, 68.86 kv.m * 1500 AZN = 103 290 AZN təşkil edir. Göründüyü kimi, cavabdeh iddiaçıya 103 290 manat məbləğində pul ödəməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib, bildiridi ki, iddiaçı ilə təmsil etdiyi qurum arasında könüllülük və razılıq əsasında müqavilə bağlanmış, ona kifayət qədər də vaxt verilmişdir. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs və Bakı şəhəri İcra Hakimiyyəti isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini işin materialları ilə birgə araşdırıb, iddiaçının, qanuni nümayəndəsinin, nümayəndəsinin, cavabdehin nümayəndələrinin izahatlarını, vəkillərin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020ci il tarixli 51 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin müvafiq qanunverciliyə əsasən Cavabdeh MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə razıdır və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair müqavilənin onunla bağlanmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Nümayəndə2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair müqavilənin İddiaçı ilə bağlanılmasına razı olmuşdur. Mülki işin materiallarında olan X2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair müqavilənin İddiaçı ilə bağlanılmasına razı olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 34 nömrəli müqavilədən görünür ki, əmlak mülkiyyətçisi İddiaçı bu müqaviləyə əsasən öz mülkiyyətində olan ünvan 2 ünvanında 72 kv.m. (faktiki sahə - 72 kv.m.) ibarət yaşayış sahəsini sökülmək üçün tikinti şirkəti Cavabdeh MMCyə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 72 kv.m. olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək, sahəsi 86 kv.m. olan təmirli mənzili əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədən, həmçinin, görünür ki, əmlak mülkiyyətçisi İddiaçı veriləcək sahə layihəyə uyğun ölçüdən çox olduğu təqdirdə o, yaranan nisbəti pul şəklində şirkətə ödəməyi (1 kv.m. üçün 1500 AZN), veriləcək sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə isə şirkət yaranan nisbəti pul şəklində əmlak mülkiyyətçisinə ödəməyi (1 kv.m. üçün 1500 AZN) öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində ümumi sahəsi 117.0 kv.m. olan 5 otaqlı 4 saylı fərdi yaşayış evinin X1 barədə ilkin razılığa gəlmişlər. Əmlakın qiyməti 192000 (yüz doxsan iki min) manat məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən tikintinin sahəsi 245,55 kv.m., bazar dəyəri 390000 (üç yüz doxsan min) manat təşkil etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısının aparatının xx.xx.2022-ci il tarixli 6/494 nömrəli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin sahibi olub-olmaması barədə məlumat tapılmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-3101 nömrəli cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən müvafiq torpaq sahəsinin Cavabdeh MMC-yə tikinti məqsədləri üçün ayrıldığını, eyni zamanda müraciətdə qeyd edilən digər məsələlər barədə məlumatlar Komitənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov (Y.V.Çəmənzəminli) küçəsində Cavabdeh MMC-yə ayrılan torpaq sahəsinə dair hazırlanmış xx.xx.2020-ci il tarixli 20/18 saylı cizginin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-3303 nömrəli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış və qeyriyaşayış binalarına dair tikintiyə icazə sənədi verilməmişdir. Həmin ərazidə vətəndaş İddiaçı məxsus olmuş və Cavabdeh MMC tərəfindən sökülmüş tikilinin səhərsalma norma və qaydalarına uyğun tikilib-tikilməməsi, mövcud olmuş tikilinin sökülməmişdən əvvəl ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması və digər şəxslərin qanunla qorunan maraqlarının pozulubpozulmaması ilə bağlı məsələlərin isə Komitənin səlahiyyətinə aid olmaması qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********70 nömrəli cavab məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın (çoxmərtəbəli bina, fərdi yaşayış evi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi və binası) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli xx/xx-04280 nömrəli cavab məktubundan görünür ki, ünvan 6 ünvanında sökülmüş tikili barədə Agentlikdə hər hansı məlumat mövcud deyil. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli 10/4005 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov (Y.V.Çəmənzəminli) küçəsi 4 saylı fərdi yaşayış evinin sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tİkinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 1-ci mərtəbənin sahəsi 108.08 kv.m., 2ci mərtəbənin sahəsi 83.89 kv.m. təşkil edir. Eyni zamanda, tədqiq olunan yaşayış evi söküldüyündən, İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin ümumi (faktiki) sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 393,29 (üç yüz doxsan üç manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin müvafiq qanunverciliyə əsasən Cavabdeh MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Sözügedən Sərəncamda qeyd edilən ərazinin hüdudları daxilində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı mülkiyyətində olmuşdur. Belə ki, sözügedən yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olması barədə müvafiq hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, nə iddiaçı, nə də aiddiyyəti səlahiyyətli orqanlar tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə evi özbaşına tikili, iddiaçını həmin evin faktiki sahibi, torpaq sahəsinin isə istifadəçisi kimi tanımışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə razı olduğunu bildirmiş və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair müqavilənin onunla bağlanmasını xahiş etmişdir. Həmin tarixdə Nümayəndə2 və X5 ərizələr təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin olunmasına dair müqavilənin iddiaçı ilə bağlanılmasına razı olduqlarını bildirmişlər. Beləliklə, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında 34 nömrəli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 72 kv.m. (faktiki sahə - 72 kv.m.) sahədən ibarət olan yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, cavabdeh isə ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 72 kv.m. olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək, sahəsi 86 kv.m. olan təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh, həmçinin, iddiaçıya veriləcək sahə layihəyə uyğun ölçüdən çox olduğu təqdirdə yaranan nisbəti pul şəklində cavabdehə ödəmək (1 kv.m. üçün 1500 AZN), veriləcək sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə isə yaranan nisbəti pul şəklində iddiaçıya ödəmək (1 kv.m. üçün 1500 AZN) barədə razılığa gəlmişlər. Bundan sonra, xx.xx.2021-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində ümumi sahəsi 117.0 kv.m. olan 5 otaqlı 4 saylı fərdi yaşayış evini X6 192000 (yüz doxsan iki min) manata satmaq barədə ilkin razılığa gələrək, onunla ilkin alqı-satqı müqaviləsi imzalamışdır. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi təqdim edilmiş və rəydən görünür ki, iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən tikintinin sahəsi 245,55 kv.m., bazar dəyəri 390000 (üç yüz doxsan min) manat təşkil etmişdir. İddiaçı sözügedən rəyə əsaslanaraq, cavabdehdən 189 kv.m. hissəyə dair kompensasiyanı əldə etdiyini bildirmiş, lakin qalan 56.55 kv.m. və müqaviləyə müvafiq olaraq, 20 % əlavənin kompensasiya edilmədiyini, hər kvadratmetrin qiymətinin 1500 manat məbləğində razılaşdırıldığını qeyd edərək, hazırda cavabdehdən 103 290 manat məbləğində pul tələb edir. Mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi ilə bağlı mötəbər sübutlar olmadığından məhkəmə ekspertiza təyin edilməsini zəruri hesab etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 sentyabr 2022-ci il tarixli 10/4005 saylı ekspert rəyi təqdim edilmişdir. Rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov (Y.V.Çəmənzəminli) küçəsi 4 saylı fərdi yaşayış evində 1-ci mərtəbənin sahəsi 108.08 kv.m., 2-ci mərtəbənin sahəsi 83.89 kv.m. təşkil etmişdir. Beləliklə, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən, evin ümumi sahəsinin 191.97 kv.m. olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmağı zəruri hesab edir: Əvvəla, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyindən, məhkəmə həmin yaşayış sahəsini özbaşına tikili, iddiaçını evin faktiki sahibi, torpaq sahəsinin isə istifadəçisi kimi qiymətləndirir və burada Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: Hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Lakin bununla bağlı həm də qeyd edilməlidir ki, tərəflər arasında yaşayış sahəsinin hansı formada və həcmdə kompensasiya edilməsinə dair onlar tərəfindən qarşılıqlı razılığa gəlinərək müqavilə bağlandığından, məhkəmə dəymiş zərərin ödənilməsi barədə iddia tələbinə həmin müqavilə ilə razılaşdırılmış və qanunauyğunluğu müəyyənləşdirilmiş şərtlər daxilində qiymət vermişdir. İkincisi, iddiaçı ilə cavabdeh könüllü razılıq əsasında ikitərəfli, əvəzli müqavilə münasibətlərinə daxil olmuşlar. Tərəflərin razılığı ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı ona məxsus olan, faktiki sahəsi 72 kv.m-dən ibarət olan və hazırki mübahisənin predmetini təşkil edən fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə əvəzində həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 72 kv.m-ə nəzərdə tutulmuş 20 % əlavə edilərək, sahəsi 86 kv.m. olan təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. Məhkəmə sözügedən müqaviləni dəyişdirmə müqaviləsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2 və 324.4-cü maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 387.2-ci maddəsinə görə, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 389.1-389.3-cü maddələrinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1, 390.3-cü maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Sözügedən Məcəllənin 397.1, 397.3-cü maddələrində qeyd edilmişdir ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Mülki Məcəllənin 405.1-405.2-ci maddələrinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Sözügedən Məcəllənin 662-ci maddəsinə görə, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Mülki Məcəllənin 664-cü maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Qeyd edilən hüquq normalarının hazırki işə tətbiqindən müəyyən edilir ki, tərəflər öz azad iradələri ilə qarşılıqlı razılığa gələrək dəyişdirmə müqaviləsi bağlamış və aralarında həmin müqavilədən irəli gələn qarşılıqlı öhdəlik münasibətləri yaranmışdır. Lakin hazırda iddiaçı iddia edir ki, o, müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirmiş, ona məxsus 245.55 kv.m. sahədən ibarət yaşayış evini cavabdehə təhvil vermiş, cavabdeh isə öz öhdəliyini tam yerinə yetirməmiş, belə ki, 72 kv.m. və 20 % əlavəni, həmçinin, 117 kv.m. hissəni, ümumilikdə 189 kv.m-dən ibarət olan sahəni kompensasiya etmiş, lakin qalan 56.55 kv.m. və ona 20 % əlavə cavabdeh tərəfindən kompensasiya edilməmişdir. Bununla da, iddiaçıya hər kvadrat-metrə görə müqavilədə müəyyənləşdirilmiş dəyərə (1500 manat) müvafiq olaraq, ümumilikdə 103290 manat məbləğində zərər dəymişdir. Qeyd olunan məsələ ilə əlaqədar məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki:

1. İddiaçı ilə cavabdeh arasında 72 kv.m-ə dair yazılı müqavilə imzalanmış və həmin müqavilənin şərtləri həm iddiaçı, həm də cavabdeh tərəfindən tam yerinə yetirilmişdir;

2. İddiaçının qeyd etdiyi 117 kv.m. hissəyə dair iddiaçı ilə cavabdeh arasında deyil, onunla üçüncü şəxs qismində işə cəlb edilmiş X9 arasında xx.xx.2021-ci il tarixli ilkin alqısatqı müqaviləsinin imzalanması müəyyən edilmişdir;

3. Qalan 56.55 kv.m. hissəyə dair isə tərəflər arasında ümumiyyətlə heç bir razılaşma olmamışdır, olmuşsa da, bununla əlaqədar sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçıya cavabdeh tərəfindən, həqiqətən də, zərər dəyib-dəymədiyini aydınlaşdırmaq və mübahisəli yaşayış evinin ümumi sahəsini müəyyənləşdirmək məqsədilə ekspertizanın keçirilməsini zəruri hesab etmiş, nəticədə həmin yaşayış evinin ümumi sahəsinin 191.97 kv.m. olması barədə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evinin sahəsi iddiaçının iddia etdiyi kimi 245.55 kv.m. deyil, 191.97 kv.m. olmuşdur. Belə ki, iddiaçı sökülmək üçün cavabdehə verdiyi yaşayış evinin ümumi sahəsinin 245.55 kv.m. olmasını iddia etsə də, iddiasını əsaslandıracaq mötəbər sübutu (çıxarış, qeydiyyat vərəqi, plan və s.) məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətlərinə, müqavilədəki iradə ifadələrinə, ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçının cavabdehə 72 kv.m. yaşayış sahəsi verməsi və əvəzində ona 20 % əlavə ilə birlikdə yaşayış sahəsi alması müəyyən edilmişdir. Beləliklə, 56.55 kv.m. sahənin mövcudluğu və həmin hissəyə görə cavabdeh tərəfindən iddiaçıya 103290 manat məbləğində zərərin vurulması məhkəmədə müvafiq qaydada sübuta yetirilməmişdir. İddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən tikintinin sahəsinin 245,55 kv.m. olduğu qeyd edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 10/4005 saylı ekspert rəyi ilə yanaşı yoxlanmış və həmin rəy məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş "xxxx" MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Sözügedən Məcəllənin 448.1-448.2-ci maddələrinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 21.1-21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sözügedən Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Qeyd edilməlidir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən hüquqazidd əməlin törədilməsi, bunun nəticəsində iddiaçıya zərər yetirilməsi halları müvafiq qaydada sübuta yetirilməmişdir, buna görə də digər şərtlərin mövcudluğunun araşdırılmasına zərurət yoxdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən kompensasiya edilmədiyini iddia etdiyi sahənin mövcudluğunu sübuta yetirsəydi belə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmazdı. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı sahənin əvəzində ona inşa edəcəyi yeni binada 20 % əlavə sahə ilə birlikdə yeni mənzil verməyi öhdəsinə götürmüş, yəni tərəflər arasında dəyişdirmə müqaviləsindən irəli gələn öhdəliklərin qarşılıqlı icrasına əsaslanan münasibətlər mövcud olmuşdur. Buna görə də, iddiaçı cavabdehdən pul tələbi deyil, kompensasiya edilməyən sahəyə görə sahə tələbi etməkdə haqlı olardı. Həmçinin, qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı vətəndaşların maddi cəhətdən zənginləşməsi üçün deyil, onların daha təhlükəsiz və yaşayış üçün yararlı binalarda yaşamalarının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya məxsus evin sökülmək üçün qəbul edilərək yerində cavabdeh tərəfindən inşa ediləcək binada ona yeni mənzil verilməsi barədə razılığa gəlinmişdir. Hazırda iddiaçının sahə deyil, pul tələbi ilə məhkəməyə müraciət etməsi onun öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1-4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin, Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Nəzərə alınmalıdır ki, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Göründüyü kimi, Sərəncam sadalanan maddələrin tələblərinə uyğun olaraq, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Sözügedən maddi hüquq normaları qəzalı vəziyyətdə olan mənzilin mülkiyyətçidən pul qarşılığında alınması deyil, məhz insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Mülki Məcəllənin 560.1, 560.2, 560.3-560.3.1-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadənin bir növüdür. Ekspert rəyində qeyd edilmiş əlavə 2.97 kv.m. hissəyə (191.97-189=2.97) münasibətdə isə qeyd edilməlidir ki, həmin artıq sahə iddiaçı ilə üçüncü şəxs qismində işə cəlb edilmiş Həşimov Tural arasında bağlanmış ilkin müqavilənin predmetini təşkil edən 117 kv.m. sahənin tərkibində də olmuş ola bilər. Buna görə də 2.97 kv.m. sahənin cavabdehə satılmış 72 kv.m., yoxsa üçüncü şəxsə satılmış 117 kv.m. hissənin tərkibində olmasının müəyyən edilməsi mümkün olmadığından, bu sahənin cavabdeh tərəfindən kompensasiya edilməli olub-olmaması işin mübahisəli halını təşkil etməklə bərabər, iddiaçı tərəfindən pul kompensasiyası tələbi ilə məhkəməyə müraciət edildiyindən, həmin sahənin kompensasiyası ilə bağlı məsələyə hazırki tələb daxilində münasibət bildirilməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı pul kompensasiyası tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı deyil. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, məhkəmə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırki işin faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia haqlı sayıla bilməz. Beləliklə, iddiaçının cavabdehlə könüllü qaydada müqavilə münasibətlərinə daxil olduğunu, hər iki tərəfin öz öhdəliklərini lazımi qaydada qaydada yerinə yetirdiyini, iddia tələbinin əsasını təşkil edən halların, yəni cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasının müvafiq qaydada sübuta yetirilmədiyini nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, “Cavabdeh MMC-dən 103290 (yüz üç min iki yüz doxsan) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 393,29 (üç yüz doxsan üç manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 393,29 (üç yüz doxsan üç manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar