Məhkəmə qərarları › İş №e-2(006)-2097/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2097/2025

14.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2097/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunmasının təmin edilməsi, cavabdehin üzərinə ƏMAS-da müvafiq düzəliş edilməsi və bunun üçün X4 Xidmətinə müraciət edilməsi öhdəliyi qoyulması, əmək kitabçasına müvafiq qeydlər edilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya daxil olmaqla ödənilməmiş son haqq-hesabın cavabdeh tərəfindən ödənilməsi, son haqqhesabın ödənilmədiyi hər gün üçün xitam əmrinin verildiyi gündən pulun ödənilməsinin icra edildiyi günə qədər hesablanmaqla hər gün üçün ödənilməli olan məbləğin 1%-i məbləğində əlavə ödəncin cavabdehdən tutularaq ona ödənilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, 60 manat mediasiya ilə bağlı xərclər, 100 manat dövlət rüsumu, 320 manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, İddiaçı Cavabdeh MMC-nin həmtəsisçisidir. Eyni zamanda, cavabdeh müəssisənin direktoru kimi də fəaliyyət göstərmişdir. Ötən ilin sentyabr ayında digər təsisçilərlə aralarında yaranan mübahisələrə görə onların təzyiqi ilə direktorluqdan çıxması tələb olunmuşdur. O, bunu qəbul etməmişdir. Bundan sonra ümumi yığıncağın qərarı barədə heç bir rəsmi məlumat verilməmişdir. O, əvvəlcə cavabdehin hüquqi ünvanına məktub yazmaqla onun direktor kimi vəziyyəti barədə (direktorluqdan çıxarılıb-çıxarılmaması barədə) məlumat əldə etməyə çalışmışdır. Lakin, ona heç bir cavab verilməmişdir. O, məcbur qalaraq X4 Xidmətinə sorğu vermişdir. Sorğuya cavabdan aydın oldu ki, xx.xx.2024-cü ildən etibarən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməklə bağlı əmrin surəti hələ də ona təqdim edilmədiyindən cavabdehin nəyə əsasən əmək müqaviləsinə xitam verilməsi ona məlum deyildir. Lakin, hər bir halda, cavabdehin bu mövqeyi ilə razı deyil və bunu əsassız və qanunsuz hesab edir. Belə ki, istinad olunan maddədə qeyd olunan heç bir pozuntunu törətməmişdir. Hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuzdur və ləğv edilməlidir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmr Cavabdeh tərəfindən ləğv edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verərkən son – haqq hesab da lazımi qaydada hesablanıb ödənilməyib. Belə ki, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya vaxtında və tam şəkildə ödənilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilmə əsasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndi göstərilməklə dəyişdirilərək yenidən verilməsi, cavabdehin üzərinə ƏMAS-da müvafiq düzəliş edilməsi və bunun üçün X4 Xidmətinə müraciət edilməsi öhdəliyinin qoyulması, iddiaçının əmək kitabçasına müvafiq qeydlərin edilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya daxil olmaqla ödənilməmiş son haqq-hesab cavabdeh tərəfindən ödənilməsi, son haqq-hesabın ödənilmədiyi hər gün üçün xitam əmrinin verildiyi gündən pulun ödənilməsinin icra edildiyi günə qədər hesablanmaqla hər gün üçün ödənilməli olan məbləğin 1%-i məbləğində əlavə ödəncin cavabdehdən tutularaq ona ödənilməsi, 60 manat mediasiya ilə bağlı xərclərin, 100 manat dövlət rüsumu, 320 manat vəkil xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda Səbail Rayon Prokurorluğunda müvafiq rəy əsasında araşdırma başlayıb. İstintaq orqanı iddiaçının iştirakının təmin olunması şərtilə yenidən audit keçirilməsini tələb etmişdir. Bu hər şeydən əvvəl mövcud audit rəyinin etibarsızlığının dəlilidir. Hər bir halda onu xüsusi olaraq vurğulamaq lazımdır ki, heç indiki audit rəyində də məhz iddiaçının birbaşa təqsirli olmasına dair heç bir qeyd yoxdur. Başqa sözlə müəssisədə hətta hər hansı maliyyə pozuntuları varsa belə bununla bağlı təqsirli şəxslərin təqsiri yalnız hüquq mühafizə orqanları tərəfindən araşdırma nəticəsində sübut və təsdiq oluna bilər. İndiki halda isə buna əsas verən heç bir belə məhkəmə və ya digər istintaq orqanının qərarı yoxdur. Əlavə olaraq əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, güya əmri o imzalamışdır. Əvvəla, faktiki olaraq həmin əmri o, imzalamamışdır. Digər tərəfdən, onun özü barəsində belə bir əmri imzalaması növbəti cəfəng iddiadır. Bu özü elə həmin əmrin ümumiyyətlə bir sənəd və sübut kimi nə qədər qeyri-mötəbər olduğunu deməyə kifayət edir. Cavabdeh “FGF GROUP" MMC etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandrılmışdır ki, hazırda iddiaçı həm iddianın tələb hissəsini dəyişmiş, həmçinin əsası da dəyişmişdir. Bundan başqa iddiaçının işdən çıxarılma əmrinin ləğvi tələbi sonradan həmin əmrdə dəyişiklik edilməsi tələbi irəli sürülmüşdür ki, burada da iddia tələbləri qeyri-dəqiq göstərilmişdir. Dolayısı ilə iddiaçı işdən çıxarılmasını qəbul edir. Sadəcə əmrdə işdən çıxarılma əsasının dəyildirilməsini xahiş edirsə, bu zaman hansı məcburi işburaxma üçün kompensasiya tələb etməsini ərizəsində əsaslandırmır. Çünki faktiki olaraq iddiaçı işdən çıxarılmasını qəbul edir. Məhkəmədən isə işdən çıxarılma üçün əsas olmuş maddi normanın dəyişdirilməsini xahiş edir. Eyni zamanda iddiaçı unudur ki, işdən çıxarıldığı zaman təsisçilərin ümumi yığıncağında şəxsən iştirak etmişdir və burada onun işdən çıxarılması əsasları və iradlar ona bildirilmişdir. Məhkəməyə təqdim edilmiş rəy işdən çıxarılma üçün əsas deyil, iddiaçının direktor vəzifəsində olduğu zaman yol vermiş olduğu kobud pozuntulara sübutdur və işdən çıxarılma üçün əsas muhasibin təsisçilərə vermiş olduğu direktorun pozuntularına dair arayış olmuşdur. Direktor isə öz növbəsində bu pozuntuları təqzib edəcək heç bir sənədi təsisçilərə təqdim etməmişdir. Eyni zamanda direktorun MMC-dəki payı nəzərə alınaraq ona işdən könüllü olaraq vəzifədən getməsi təklif edilmişdir ki, o bundan imtina etmiş, hazırda isə eyni halı məhkəmədən tələb edir. Səbail rayon Prokurorluğundan isə heç bir yeni auditin keçirilməsi tələbi olmamışdır. İddiaçının izahatı alındıqdan sonra onun iştirakı ilə yeni auditin keçirilməsi təklif edilmiş, iddiaçı isə görüşdə bundan imtina edərək, özlərinin audit keçirməsini bildirmişdir. Həmin vaxtdan 1 ay müddət keçməsinə baxmayaraq bu günə qədər heç bir audit keçirilməmiş, prokurorluğa da yeni rəy təqdim edilməmişdir. Hazırda həmin araşdırmanın davam etdirilməsi ilə bağlı aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır. Hazırki mülki iş üzrə direktorun tutduğu vəifədə olduğu zaman yol vermiş olduğu pozuntular nəticəsində mülkiyyətçilərə külli miqdarda zərər vurulmasına dair subutlar tam olaraq məhkəməyə təqdim edilmişdir. Belə ki, direktorun vəzifədə olduğu zaman vergi borcu 40000 manatdan çox, DSMF borcu 10000 manatdan çox və təchizatçılara olan borcu 270000 manatdan çox borcu olmuş, bu borcdan dövlətə olan hissə təsisçi Kuliyev Ekhtibar tərəfindən rəsmi olaraq ödənilmiş, yerdə qalan hissə ilə bağlı isə məhkəmə çəkişmələri aparılmaqdadır ki, bu da direktorun fəaliyyəti nəticəsində MMC-nin işinin iflic hala salınmasına dəlalət edir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təsisçilər X1 və Kuliev Ekhtibar tərəfindən Cavabdeh MMC-nin direktoru İddiaçı MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli Ümumi Yığıncağında səsvermələrin nəticələrinə dair protokolda direktor İddiaçı vəzifədə olduğu müddətdə özünü doğrultmaması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, MMC-nin vergi borcunun təchizatçılar və işçilər qarşısında külli miqdarda borclarının yaranmasına səbəb olmasını nəzərə alaraq vəzifəsindən azad edilməsi və onun əvəzinə həmin vəzifəyə X3 namizədliyinin irəli sürülməsi qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor İddiaçı Fuad oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr №12-FGF-dən görünür ki, “Ümumi” bölməsində “direktor” vəzifəsində işləyən İddiaçı Fuad oğlu ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmri verilmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatının MŞB/20/2025-00078 nömrəli xx.xx.2025 tarixli Arayışından görünür ki, əmək hüquqlarının pozulması barədə bildiriş xx.xx.2025-ci il tarixdə cavabdehə çatdırılmışdır. İş materiallarında olan ƏƏSMN-nın yanında DƏMX tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla onun xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq “Əmək və məşğulluq” altsistemdə Cavabdeh MMC tərəfindən daxil edilmiş əmək müqaviləsi barədə məlumatlar təqdim edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Cavabdeh MMC-nin həmin tarixə işsizlikdən sığorta haqqı üzrə borcu 308 manat, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu 9337.17 manat, xx.xx.2024-cü il tarixinə 29.599,89 manat vergi borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh MMC-nin auditor xidmətlərinə dair xx.xx.2025-ci il tarixli rəyində aparılmış audit yoxlamasının nəticəsi olaraq qeyd edilmişdir ki, 1 752 932,78 manat məbləğin cəmiyyətin bank hesablaşma hesabında və ya kassasında olmadığı aşkarlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin və Cavabdeh MMC-nin direktorları tərəfindən tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixinə qalıq borcu 2877 manat təşkil edir. İş materiallarında olan 105JRNE251016429 nömrəli qəbzdən görünür ki, xx.xx.2025ci il tarixdə Azərbaycan Beynəlxalq Bankın Migəçevir filialında İddiaçı tərəfindən 19 saylı Vəkil Bürosuna 320 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilməklə qəbul edilmişdir. Xitam verilməsi barədə əmrdən xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Belə ki, iddiaçı tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir sübut mövcud deyildir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi halda, audit yoxlamasına dair rəy xx.xx.2025-ci il tarixdə alınmışdır. Cavabdeh tərəfindən təqdim edilməklə iş materiallarına əlavə edilmiş müxtəlif şirkətlərin nümayəndələrinin iddiaçının həmin şirkətlərə borcunun olması barədə alınmış izahatlarından da görünür ki, həmin izahatlar əmək müaviləsinə xitam verildikdən sonra alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçıya məxsus elektron imza ilə imzalanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün heç bir əsas mövcud olmamaqla həmin əmr ləğv edilməlidir. Məhkəmə iddianın “işdən çıxma əsasının dəyişdirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin hüququdur. Həmin Məcəllənin 11-ci maddəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə isə işçinin işə bərpası barədə iddiasının ya təmin ya da ləğv edilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilmə əsaslarını dəyişdirmək əmək müqaviləsinin tərəflərinə aid edilməklə, məhkəmənin həll etdiyi məsələ deyildir. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə ƏMAS-da müvafiq düzəliş edilməsi və bunun üçün X4 Xidmətinə müraciət edilməsi öhdəliyinin qoyulması, iddiaçının əmək kitabçasına müvafiq qeydlərin edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi iddiaçının sözügedən tələbi qanunvericiliklə tənzimlənməklə, işəgötürənin gördüyü məsələlərə aid edilmişdir. Məhkəmə iddia tələbinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya daxil olmaqla ödənilməmiş son haqq-hesab cavabdeh tərəfindən ödənilməsi, son haqq-hesabın ödənilmədiyi hər gün üçün xitam əmrinin verildiyi gündən pulun ödənilməsinin icra edildiyi günə qədər hesablanmaqla hər gün üçün ödənilməli olan məbləğin 1%-i məbləğində əlavə ödəncin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə tələb olunanlarla bağlı qeyd edir ki, iddiaçının işə bərpa edilməli olması müəyyən olunduğundan iddianın “son haqq hesab üzrə borc tələbi” hissəsinin təmin edilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 manat və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləlikləi, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə bərpa edilməli, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 320 manat vəkil xərcinə görə Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 320 manat vəkil xərcinə görə Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar