Məhkəmə qərarları › İş №e-2(006)-2126/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2126/2022

14.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2126/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi və 28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə onun tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manatın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq müəssisədə mühasib vəzifəsində işləməyə başlamış, 2012-ci il yanvar ayında həmin müəssisədə böyük mühasib, 2014-cü ilin iyul ayında ticarət mərkəzləri üzrə maliyyə meneceri, 2017-ci ilin fevral ayında ticarət mərkəzləri üzrə maliyyə və kommersiya işləri üzrə menecer vəzifələrinə təyin edilmişdir. 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayına qədər Cavabdeh MMC-nin təsisçisinə məxsus olan müxtəlif şirkətlərdə maliyyə direktoru, direktor vəzifələrində çalışmışdır. xx.xx.2019-cu il tarixində iddiaçı ona yaranan ehtiyac səbəbi ilə Cavabdeh MMC-yə qayıdıb və xx.xx.2022-ci il tarixinə qədər orada maliyyə nəzarətçisi vəzifəsində işləyərək, müəssisənin bütün daşınmaz əmlak üzrə əməliyyat bölümünə maliyyə hissəsində nəzarəti həyata keçirmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi 12 illik dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. İşlədiyi müddət ərzində ona nə xəbərdarlıq edilib, nə də inzibati tənbeh tətbiq edilib. 16 yanvar 2022-ci il tarixində Cavabdeh MMC-nin İnsan Resursları üzrə direktoru X8 iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə “540/21-k” saylı əmr imzalamışdır. Əmrdə qeyd olunmuşdur ki, “xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-də X2 Nəzarətçisi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar Cəmiyyətdə Maliyyə Nəzarətçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu Maliyyə Nəzarətçisi vəzifəsindən azad olunsun və əmək müqaviləsinə xitam verilsin”. İddiaçı qeyd etmişdir ki, Cavabdeh MMC-nin “maliyyə nəzarətçisi” ştatının ləğv olunmasını əsaslandıran heç bir əmri (qərarı) mövcud olmamışdır. Cavabdehin ştatın ixtisarı haqqında yazılı əmri (qərarı) olsaydı, onun surətini iddiaçıya təqdim edərdi. Lakin iddiaçıya nə belə bir sənəd təqdim olunub, nə də bu yöndə əmrin (qərarın) verilməsi barədə məlumat verilib. Çünki əslində heç Cavabdeh MMC-də “maliyyə nəzarətçisi” ştatı ləğv olunmayıb və bu gün də orada həmin vəzifədə işləyən işçilər var. Burada məqsəd iddiaçı ilə soyuq münasibətləri olan yeni rəhbərliyin iddiaçını işdən çıxarmasına “hüquqi don” geyindirmə cəhdidir. Çünki cavabdeh iddiaçının işində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun pozuntu tapa bilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh MMC 16 yanvar 2022-ci il tarixli “540/21-k” saylı əmrində iddiaçı ilə arasındakı əmək müqaviləsinin ləğv edilməsini bir cümlə ilə belə əsaslandırmamışdır. Beləliklə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur. Təkcə bu fakt belə, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsızlığına kifayət edir. İddiaçı onu da qeyd etmişdir ki, Cavabdeh MMC-nin 16 yanvar 2022-ci il tarixli “540/21-k” saylı əmri müəssisənin direktoru deyil, İnsan Resursları üzrə direktoru X8 tərəfindən imzalanmış və imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd əmrə əlavə edilməmişdir. Onun cavabdeh adından əmr imzalamağa səlahiyyətinin olub-olmaması isə iddiaçı üçün qeyri-müəyyəndir. Çünki iddiaçıya əmrin surəti verilərkən X1 təsdiq edən etibarnamənin surəti təqdim edilməmişdir. Bundan başqa, iddiaçı ilə əmək müqaviləsi ləğv edilməmişdən əvvəl iddiaçının ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərlə müqayisə edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı bildirir ki, cavabdehin “maliyyə nəzarətçisi” ştatını ixtisar etməsi real deyil, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək üçün planlaşdırılmış bir vasitədir. xx.xx.2022-ci il tarixdə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin aralarında razılaşma əldə olunmamışdır. Buna görə də xx.xx.2022-ci il tarixli MSB/5-00374 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. Cavabdehin hansı səbəblə ştatı ixtisar etməsi barədə əsaslandırmasının olmaması, müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə səlahiyyətli vəzifəli şəxs tərəfindən əmrin (qərarın) olmaması, əmək müqaviləsinin ləvğ edilməsi barədə əmrdə ixtisarın əsaslandırılmaması, daha yüksək ixtisasa və peşəkarlıq səviyyəsinə malik olan işçilərin işdə saxlanılması barədə (iddiaçının peşəkar olmasının sübutu isə işlədiyi müəssisədə 10 ildən artıq işləməsi ilə yanaşı daimi həmin müəssisədə yuxarı vəzifələrə təyin edilməsi ilə öz təsdiqini tapır) Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi ilə əlaqədar yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh MMC-nin iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi və 28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə onun tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi iddiaçı tərəfindən xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda bildirilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinə tam uyğundur və əmrin təsviri hissəsində Cavabdeh MMC-də “iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı stuktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması” əmrin verilməsi üçün əsas səbəb olaraq qeyd edilmişdir. Həmçinin, bildirilmişdir ki, cavabdeh xx.xx.2021ci il tarixində Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq iddiaçıya Cəmiyyətdə ştatların ixtisarı ilə əlaqədar rəsmi xəbərdarlıq göndərmiş, xəbərdarlıqda hansı səbəbdən ştatın ixtisar edildiyi iddiaçıya bildirilmiş, iddiaçı bu xəbərdarlıqla rəsmi qaydada tanış olmuş və hətta bu xəbərdarlıqda göstərilmiş hüququndan istifadə istifadə edərək xəbərdarlıq müddəti əvəzinə pul ödənişindən imtina etdiyini bildirmişdir. Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyinin edilməsi, strukturun optimallaşdırılması və bununla bağlı ştatların ixtisar edilməsi Cəmiyyətin rəhbərliyi tərəfindən son dövrdə təşkil edilərək keçirilmiş bir sıra iclasların mövzusu olmuşdur ki, bununla bağlı Cəmiyyətin xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasının 05 saylı protokoldan çıxarışı da əlavə edilmişdir. Etirazda, həmçinin, iddiaçının “ixtisarın son çarə olması barədə əsaslandırmalar mütləq şəkildə işəgötürən tərəfindən verilməli olan yazılı əmrdə (qərarda) detallı şəkildə əks olunmalıdır” barədə iddiasının tam əsassız olması və əmək müqaviləsinin ləğv edilməsi əmrində bu kimi geniş təsvirlərin edilməsinə qanunvericiliklə yol verilməməsi bildirilmişdir. Buna görə də iddiaçının əmək müqaviləsinin ləğv edilməsi əmrində əsaslandırmanın son dərəcə təhrif edilmiş və öz xeyrinə olaraq mütləq və detallı şəkildə verilməsini tələb etməsinin tam əsassız və mənasız olması vurğulanaraq, mütləq və detallı məlumatların işəgötürənin digər lokal sənədləşməsində öz əksini tapa bilməsi və əmək müqaviləsinin ləğv edilməsi əmrində bu məlumatların sadə formada öz əksini tapmalı olduğu qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi əmrinin Cavabdeh MMC-nin direktoru tərəfindən deyil, İnsan Resursları üzrə direktoru tərəfindən imzalanmasının iddiaçı üçün qeyri-müəyyən olması və etibarnamənin surətinin ona təqdim edilməməsi ilə bağlı iddiasına etiraz olaraq bildirilmişdir ki, iddiaçı əmək müqaviləsi ləğv edilərkən bununla bağlı işəgötürənə şifahi və ya rəsmi qaydada müraciət etməmiş, Cavabdeh MMC hüquqi şəxs statusunda olduğu üçün direktorunun səlahiyyətlərinin daxili iş bölgüsü əsasında öz əmri ilə əmək müqavilələrinin bağlanılması, onlara dəyişikliklər edilməsi və ləğv edilməsi səlahiyyətlərini İnsan Resursları üzrə direktora həvalə etmişdir və bütün işçilərlə münasibətdə bu məsələ ilə bağlı eyni qaydalar tətbiq olunur. İddiaçının işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsini qəbul etməsi, lakin işəgötürən tərəfindən bununla bağlı hər hansı sənədin tərtib edilməməsi ilə bağlı iddiasına münasibətdə cavabdehin nümayəndəsi tərəfindən verilmiş etirazda bildirilmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə işçilərin attestasiyasının keçirilməsi, qanunvericiliyə uyğun olaraq rəsmiləşdirmənin aparılması və yaxud hər hansı bir qaydada rəsmiləşdirmənin aparılması proseduru Əmək Məcəlləsində nəzərdə tutulmadığından, işəgötürən iddiaçının işdə saxlanılmağa üstünlük təşkil edən kateqoriyaya aid olub-olmadığını işçi qaydada müəyyən etmiş və qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə edərək, iddiaçının ştatının ixtisar edilməsini müəyyən edərək ona xəbərdarlıq etmiş, təminatlarını ödəmiş və əmr vermişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraza əlavədə qeyd edilmişdir ki, iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmrdə İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi göstərilmişdir. Sözügedən əmr elektron informasiya sistemində qeydiyyatda alındıqdan sonra hüquqi qüvvəyə minə bilər. Lakin həmin əmr işəgötürən tərəfindən sistemə daxil edilmədiyi üçün hüquqi qüvvəyə minməmişdir. Bu baxımdan mahiyyət etibarilə iddiaçı bu əmrlə rəsmi qaydada tanış olarkən xəbərdar olmuşdur ki, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə qanunauyğun qaydada xitam veriləcəkdir. İşəgötürən, həqiqətən, xx.xx.2022-ci il tarixli 004/22-k nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam vermiş və bu əmri həmin tarixdə elektron sistemə daxil edərək qüvvəyə mindirmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 004/22-k nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olmuşdur. Bu halda, işəgötürənin xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr və ya işçiyə ştatların ixtisarı ilə əlaqədar edilən rəsmi xəbərdarlığın bir elementi kimi hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun çıxış edərək, iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili Cavabdeh MMC-də “Əməliyyatlar” Bölməsində “maliyyə nəzarətçisi” vəzifəsinin (ştatının) ləğv olunmadığını, iddiaçının işdən çıxarılmazdan qabaq bu barədə xəbərdarlıq edilməsinə və cavabdeh tərəfindən mediasiya mərhələsində kompensiya və ya digər vəzifəyə təyinatın təklif edilməsinə baxmayaraq, iddiaçının hüquqlarının pozulduğunu bildirdi. Bundan əlavə, iddiaçı ilə işdən çıxarılmazdan əvvəl təklif barədə e-mail vasitəsilə yazışmalar aparılmış və protokol təklif olunmuşdur. İddiaçının işdən çıxarılması ilə bağlı əmri isə Özgür adlı şəxs imzalamışdır, lakin o, həmin vaxt Bakıda olmamışdır. Mübahisələndirilən digər məsələlər isə Fəxri Qurbanovun işdən çıxarmaq səlahiyyətinin olubolmaması, əmrin direktor tərəfindən verildiyi halda və imazalandıqdan sonra “Əsli ilə düzdür” ştampının Kadrlar şöbəsinə məxsus olması, Kadrlar şöbəsi və inzibati işlər idarəsinin cavabdeh müəssisənin orqanları olub-olmamasıdır. Bundan əlavə, əmri imzalayan şəxsə səlahiyyətin etibarnamə ilə ötürülmüş olmasına baxmayaraq, bu qeydə alınmamış və əmrdə həmin şəxsin səlahiyyəti kimi birbaşa göstərilmişdir. Əmr və protokolda açıq-aydın ziddiyyət vardır. İddiaçının işdən çıxarılmasının qərəzli olduğunu, onun tutduğu vəzifəyə başqa şəxsin təyin olunacağını bildirdi. Həmçinin, iclasın “Zoom” proqramı vasitəsilə video-konfrans formatında aparılmasına baxmayaraq, protokolda bu barədə qeyd yoxdur. İşə götürmək və işdən azad etmək müəssisənin direktorunun səlahiyyətidir, yalnız intizam tənbehi vermək səlahiyyəti digər vəzifəli şəxsə ötürülə bilərdi. Buna görə də, bu işdə qanun pozuntusu olduğunu bildirdi. İddiaçıya başqa vəzifənin təklif olunması ilə bağlı rəsmi sənəd də yoxdur. Göstərilənlərə əsasən, Cavabdeh MMC-nin iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi və 28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia ərizəsinə etirazın məzmununa və əvvəlki məhkəmə iclaslarında etdiyi çıxışlara uyğun izahat verərək, iddia tələblərinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, səlahiyyətlər bölgüsünü vəzifəli şəxslər arasında müəyyən etmək işəgötürənin hüququdur. Bundan əlavə, Kadrlar şöbəsinin “Əsli ilə düzdür” ştampını vurmaq səlahiyyəti vardır. İddiaçıya işçilərin sayı ixtisar edilməzdən qabaq xəbərdarlıq olunub və xəbərdarlıq əmri formasında işçiyə məlumat verilib. İşçi xəbərdarlıq müddətini gözləmək istəməsəydi, xəbərdarlıq əmri əsas əmr kimi sistemə daxil ediləcəkdi. İddia ərizəsi də sistemə daxil edilən əmr əsasında hazırlanmalı idi. Həmçinin, əmrdə göstərilən işçinin tutduğu vəzifənin ləğvindən söhbət gedir, yəni ştat vahidi deyil, ştat ləğv edilib. Burada heç bir qanun pozuntusu yoxdur. İddiaçı sistemə daxil edilən əmri götürməmişdir, bununla bağlı heç bir akt tərtib edilməyib. Hazırda ləğv edilmiş vəzifədə heç kim işləmir və vakansiya da yoxdur. İclaslar pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə “Zoom” proqramı vasitəsilə aparılmışdır. Cavabdehin işdən çıxarılması da bu formada olub. İclas bu şəkildə keçirildikdən sonra imzalama və sənədləşdirmə işləri aparılır. Ölkə xaricində olanda bu formatda iclaslar keçiririk və burada qanunvericiliyə zidd heç nə yoxdur. İddiaçıya, həmçinin, “Paşa Group”a daxil olan digər bir şirkətdə eyni vəzifə şifahi şəkildə təklif olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçının iddia tələblərinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 15 və 16 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “ƏM A0154/1”-ə əsasən, Cavabdeh MMC-yə Maliyyə Nəzarətçisi işinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli A0154/1 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də maliyyə nəzarətçisi işinə qəbul edilmişdir. Əmək müqaviləsini işəgötürənin adından Kadrlar və inzibati işlər üzrə direktor Andrey Sipilin imzalamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 66/h nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin direktoru Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətinin İnsan Resursları üzrə direktor X5 həvalə edilməsinə dair əmr vermişdir. Məhkəmə araşdırmaları nəticəsində əldə olunan məlumata əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X7. İş materiallarında olan Cəmiyyətin xx.xx.2021-ci il tarixli iclasının 05 saylı protokolundan çıxarışdan görünür ki, iclasın gündəliyində duran məsələ Cavabdeh MMC-nin strukturunun optimallaşdırılmasının davam etdirilməsi tədbirləri olmuşdur. İnsan Resursları üzrə direktor Fəxri Qurbanov çıxışında hazırda Cavabdeh MMC-nin Əməliyyat bölümünün fəaliyyət növlərinə görə iki biznes qrupdan – Ticarət mərkəzlərinin idarə olunması qrupu və Kommersiya və yaşayış təyinatlı daşınmaz əmlakın idarə olunması qrupundan ibarət olması, COVİD-19 pandemiyası dövründə Ticarət mərkəzlərinin kommersiya fəaliyyətinə bir ildən artıq məhdudiyyətin qoyulması ilə bağlı gəlirlərin kəskin surətdə azalması, korporativ sosial məsuliyyət siyasəti nümayiş etdirilərək pandemiya dövründə bütün işçilərin əmək haqlarının davamlı olaraq ödənilməsi barədə təsisçi "xxxx" MMC tərəfindən verilən göstərişin yerinə yetirilməsi, ötən dövrdə Cavabdeh MMC-də strukturun optimallaşdırılmasının həyata keçirilməsinə, Ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına baxmayaraq, pandemiyadan əvvəlki dövrlərə münasibətdə gəlirlərin hələ də çox aşağı səviyyədə olmasının müşahidə olunmasını bildirərək, 2022-ci il üçün kommersiya proqnozları nəzərə alınmaqla Cavabdeh MMC-də vəzifələrin (ştatların) optimallaşdırılmasının davam etdirilməsinə kəskin ehtiyac olduğunu qeyd etmişdir. Ticarət mərkəzlərinin idarə olunması qrupunda Maliyyə nəzarətçisi vəzifəsi ilə yanaşı, Maliyyə meneceri vəzifəsinin, bu qrupun daxil olduğu Əməliyyat bölümündə iki ştat vahidi Maliyyə nəzarətçisi vəzifəsinin mövcud olmasını, iş həcminin bir Maliyyə nəzarətçisi vəzifəsi tərəfindən yerinə yetirilməsi imkanlarını nəzərə alaraq, şirkətdaxili vəzifə cədvəlinə əsasən daha yüksək vəzifə sayılan və müvafiq olaraq daha yüksək əmək haqqı ödənilən Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar olunması, yaranmış vəziyyətdə biznesin səmərəliliyi mövqeyindən qaçılmaz qərar hesab edilmişdir. İştirak edənlərdən məsələyə dair münasibət bildirilməsi xahiş edilmişdir. İnsan resursları Səriştə mərkəzinin direktoru məsələyə müsbət yanaşması ilə bağlı fikrini bildirmiş, iclasın sədri Daşınmaz Əmlakın İdarəedilməsi üzrə İcraçı direktoru Özgür Geter məsələni səsə qoymuş və yekdilliklə qərara alınmışdır ki, Ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu Əməliyyat bölümündə Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılsın və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla İddiaçı ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilsin. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılmasını nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Əməliyyat bölməsində Maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar Cəmiyyətdə Maliyyə nəzarətçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu Maliyyə nəzarətçisi vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi barədə əmr verilmişdir. X9 üzrə direktor X8 tərəfindən imzalanmış və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması həyata keçirilir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən, Maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ixtisar edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bununla əlaqədar həmin bildirişlə İddiaçı ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin, xəbərdarlıq məktubu İddiaçı təqdim edildikdən sonra AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq, dörd təqvim həftəsi xəbərdarlıq müddəti gözlənilməklə, onunla xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, onunla bağlanılmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq onun orta aylıq əmək haqqının 1.4 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulması ona bildirilmişdir. Bundan əlavə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, bir iş günü ərzində əmək funksiyalarının icrasından azad olunmuş, həmçinin, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq ərizə ilə razılığını bildirdiyi təqdirdə müəyyən edilmiş dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilə bilməsi də ona izah edilmişdir. Bildirişi işəgötürənin adından İnsan Resursları üzrə direktor X8 imzalamış, İddiaçı isə “ƏM 77-ci maddəsinin 4-cü bəndindən imtina edirəm” qeydini etməklə, xx.xx.2021-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrə imza etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 004/22-k nömrəli əmrdən görünür ki, Kommersiya və Daşınmaz Əmlak bölməsində maliyyə nəzarətçisi vəzifəsini tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, xx.xx.2021-ci il tarixli bildiriş və 540/21-k saylı əmrlə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx0011X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ştat cədvəli bölməsindən olan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə ştat vahidinin ləğv edilməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MSB/5-00374 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında ilkin müzakirələr apardıqdan sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-nin X2 nəzarətçisi vəzifəsinin ixtisarı barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən X2 nəzarətçisi vəzifəsinin ixtisarı barədə məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022ci il tarixli 01/3-1604 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı vəzifələr (peşələr) üzrə ştat vahidlərinə dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən sorğu edilmiş məlumatların təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində Cavabdeh MMC-yə məxsus “maliyyə nəzarətçisi” istiqamətində vakansiya aşkar edilməmişdir. Mövcud olan vakansiyalar isə xx.xx.2021-ci il tarixindən “bağban” və xx.xx.2021-ci il tarixindən isə “təmizlik işçisi” vakansiyalarıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə maliyyə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli onlayn qaydada keçirilmiş iclasında Ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu Əməliyyat bölümündə Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılması və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla İddiaçı ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilməsi yekdilliklə qərara alınmışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmr verilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir. xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişi ilə İddiaçı ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. Beləliklə, Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə ştat vahidinin ləğv edilməsi həyata keçirilmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X7 və Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətini İnsan Resursları üzrə direktor X5 həvalə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək qanunvericiliyinin istinad olunan normasının məzmunundan aydın olur ki, işəgötürən həm tam fəaliyyət qabiliyyətli, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi, həm də onun təyin (müvəkkil) etdiyi rəhbər, səlahiyyətli orqan, habelə fiziki şəxs ola bilər. Bu normanın hazırki mülki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hal kimi İnsan Resursları üzrə direktor Fəxri Qurbanovun səlahiyyətinin olub-olmaması məsələsinə tətbiqindən belə nəticəyə gəlinmişdir ki, Fəxri Qurbanov xx.xx.2021-ci il tarixdən başlayaraq müəssisənin qanuni təmsilçisi Randolph Decker tərəfindən imzalanmış əmrə əsasən, cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətlərinə malik şəxs təyin olunmuşdur. Beləliklə, Fəxri Qurbanovun işçinin işdən çıxarılmasına dair əmri imzalamaq səlahiyyəti iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” və “ə” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Qeyd edilən maddənin mahiyyətindən göründüyü kimi, əmək qanunvericiliyi işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqlarını işəgötürənin əsas hüquqları kimi tanıyır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olaraq işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi müəyyən edilmiş və bu və ya digər əsasla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin zəruriliyinin əsaslandırılmalı olduğu təsbit edilmişdir. Hazırki mübahisə üzrə Cavabdeh MMC-nin maliyyə nəzarətçisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi kimi “Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması” qeyd olunmuşdur. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-2-ci hissələrində qeyd olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki mübahisə üzrə məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında belə qənaətə gəlinmişdir ki, işəgötürən tərəfindən yuxarıda istinad edilən normanın tələblərinə əməl olunmuş və işəgötürənin hərəkətlərində qeyri-qanuni fakt aşkar olunmamışdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-4-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəməyə sübut qismində təqdim edilən sənədlər araşdırılmış və belə qənaətə gəlinmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə müvafiq qaydada hərəkət etmiş və bununla bağlı qanun pozuntusuna yol verməmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilmkişdir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən tərəfindən 78-ci maddənin 1-ci hissəsinin pozuntusu da məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçının həmin vəzifə üzrə 2 ştat olduğu halda məhz onun tutduğu ştatın ləğv edilməsi məsələsini mübahisələndirməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürənin müəyyən etməsi qanunla müəyyən edilmişdir və hansı işçinin tutduğu vəzifənin ixtisar edilməsinə işəgötürən tərəfindən qərar verilərkən onun qeyri-qanuni hərəkəti aşkar olunmamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarında olan müvafiq sənədlərdən də göründüyü kimi, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər və bunların sənədləşdirilməsi qanunvericiliyə uyğun qaydada aparılmışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də riayət edilməsi məhkəmədə müvafiq sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmişdir. Bundan başqa iddiaçı ilə son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər isə məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Xüsusən, iddiaçının Cavabdeh MMC-nin İnsan Resursları üzrə direktorunun ölkədə olmadan keçirilən iclasın protokolunu imzalaması və onu işdən çıxararkən rəsmi olaraq başqa vəzifə təklif etməmələri (digər tələblərə yuxarıda münasibət bildirilmişdir), etdiyi təkliflərin şifahi şəkildə olması məsələlərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilən izahatdan da aydın olduğu kimi, şirkətdə formalaşan təcrübəyə əsasən, həm pandemiya, həm də işçilərin xaricdə olması ilə əlaqədar bir sıra iclaslar “ZOOM” proqram təminatı vasitəsilə onlayn-konfrans şəklində aparılmış və bu iclaslar protokollaşdırılaraq sonradan imzalanmışdır. Bu məsələdə qanunsuz heç bir hərəkət məhkəmə tərəfindən aşkar edilməmişdir. Başqa vəzifənin iddiaçıya təklif edilməsi ilə əlaqədar isə qanunvericilikdə belə bir göstəriş olmadığından cavabdehin şifahi etdiyi təklifləri sənədləşdirməsi və rəsmiləşdirməsi zəruri hesab olunmamışdır. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddianın rədd edilməsi qənaətinə gəlir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Son olaraq, məhkəmə iddia tələbinin “28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manatın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi üzrə digər tələblər təmin edilmədiyindən, vəkilə ödənilmiş 1.200 manat məbləğində məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, iddiaçının Cavabdeh MMC-nin onunla olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi dair tələbləri əsassız olduğundan, iddia tələblərinin digər hissəsi (hüquqi yardım xərclərinin tutulması) isə bu tələblərlə birbaşa əlaqəli olduğundan, iddia digər hissədə də təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar