Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2130/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və iddiaçıya dair kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün "xxxx" MMC-yə məlumat vermə öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu tarixli Kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və iddiaçı İqrarsoy (Məlikov) İqbal İqrar oğluna dair kredit tarixçəsinə aid olan məlumatlara düzəliş edilməsi – yəni xx.xx.2023-cü il tarixinə olan 5694.91 (beş min altı yüz doxsan dörd manat 91 qəpik) manat borc məbləğinin silinməsi üçün "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, onun tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ləğvetmə prosesində olan "xxxx" ASC İqrarsoy (Məlikov) İqbal İqrar oğlu və qeyrilərinə qarşı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 222/S saylı, xx.xx.2010-cu tarixli Kredit Müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən iş üzrə Laçın rayon Məhkəməsinin 2(047)-73/2013 saylı, 17 aprel 2013-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. 7573 saylı, 22 may 2013-cü il tarixli ekspertiza rəyinə əsasən təqdim edilmiş xx.xx.2010-cu tarixli Kredit Müqaviləsinin arxa tərəfində “Borcalan” qrafasında olan imza İqrarsoy (Məlikov) İqbal İqrar oğluna aid deyil. Daha sonra tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iş məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Bugünədək qeyd edilən borc məbləği kredit reyestri məlumatlarında iddiaçının adında borc öhdəliyi və neqativ məlumat olaraq qalmaqdadır ki, bu da iddiaçının haqlı mənfəətinə ziddir. Yuxarıda qeyd edilən borc öhdəliyinə dair məlumatlara düzəliş edilməsiylə bağlı iddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna müraciət edilsə də kredit məbləğinin guya iddiaçıya verildiyi və xx.xx.2023-cü il tarixinə 5694.91 (beş min altı yüz doxsan dörd manat 91 qəpik) manat borc məbləği olduğundan iddiaçıya aid kredit məlumatlarının "xxxx" MMC-dən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsinin mümkün olmamasına dair həqiqəti əks etdirməyən 28 fevral 2023-cü il tarixli məktub təqdim edilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən kreditlə bağlı hazırda ləğv prosesində olan "xxxx" ASC-yə hər hansı müraciət edilməmiş və kredit məbləğinin iddiaçı tərəfindən hazırda ləğv prosesində olan "xxxx" ASC-dən məxaric edilməsinə dair hər hansı təsdiqedici sənəd mövcud deyil. Digər tərəfdən yuxarıda qeyd edilən ekspertiza rəyinin də iddiaçının imzasının olmadığını müəyyən etməsi həqiqətən də iddiaçı tərəfindən kredit götürülmədiyini deməyə əsas verir. İddiaçı tərəfindən hazırda məlumat təchizatçısı hesab edilən cavabdehə kredit tarixçəsi barədə məlumatlara düzəliş edilməsi üçün cavabdehə tərəflərindən müraciət edilsə də, cavabdeh əsassız olaraq borcun olmasına istinad edərək müvafiq iddiaçının kredit tarixçəsi subyekti olaraq kredit tarixçəsinə düzəliş edilməsi üçün bugünədək "xxxx" MMCyə məlumat təqdim etməkdən yayınmaqdadır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz etmiş və izahatında bildirmişdir ki, iddia tələbi Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmışdır, halbuki burada cavabdeh qismində LPO "xxxx" ASC çıxış etməlidir. Bundan əlavə, kredit müqaviləsində olan imzanın hazırki iş üzrə İddiaçı məxsus olub-olmaması məlum deyildir. Belə ki, Laçın Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmişdir. Təkcə qərardad mövcuddur ki, bu qərardadla da iddia baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia tələbi təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AZ-İ № 011389 seriyalı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 “İqrarsoy”a dəyişdirmişdir. - xx.xx.2010-cu il tarixli, 222/S nömrəli İstehlak krediti verilməsi üçün kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən X3 12 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2013-cü il tarixli, 7573 nömrəli Ekspert rəyinin surətindən görünür ki, tədqiq olunan imza, ekspertizaya təqdim olunmuş "xxxx" ASC-nin “Biznes” filialı ilə X5 arasında bağlanmış 01 sentyabr 2010-cu il tarixli 222/S nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinin arxa tərəfində “Borc alan” hissəsində “Məlikov İ.İ” yazılarının qarşısındakı imza-X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanan 28 fevral 2023-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC ilə İqrarsoy (Məlikov) İqbal İqrar oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli 222/S nömrəli kredit müqaviləsi üzrə 12 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixinə, bank əməliyyat sistemində ümumilikdə 5694.91 manat məbləğində borc öhdəliyi mövcuddur. xx.xx.2013-cü il tarixli, 7573 nömrəli ekspertizanın rəyi İqrarsoy (Məlikov) İqbal İqrar oğlunun adına olan kredit məlumatlarının "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2010-cu il tarixli, 222/S nömrəli kredit müqaviləsinə əsasən LPO "xxxx" ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış, sonradan 22 may 2013-cü il tarixli, 7573 nömrəli Ekspert rəyi əsasında kredit müqaviləsinin arxa tərəfində “Borc alan” hissəsində “Məlikov İ.İ” yazılarının qarşısındakı imzanın-X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Hazırda iddiaçı həmin rəyə istinad edərək, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsini və borc məbləğinin silinməsi üçün "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin), b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslı deyildir. Belə ki, müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən, yəni xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin həqiqətən də onun tərəfindən bağlanılmadığını və yaxud Banka borcunun olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də bu hallar aşkar edilməmişdir. Məhkəmə həmçinin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 22 may 2013-cü il tarixli, 7573 saylı ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy tələbin əsaslı olmasını sübut etmir. Belə ki, iş materiallarından göründüyü kimi LPO "xxxx" ASC 2010-cu il tarixdə borcun geri qaytarılması tələbi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qərardadı ilə xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilən ekspert rəyi ilə kredit müqaviləsində çəkilən imzanın İddiaçı məxsus olmadığı müəyyən edilmişdir. Lakin, sonradan Laçın Rayon Məhkəməsinin qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Yəni, göründüyü kimi Laçın Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılmadığından və bununla da hazırki iş üzrə İddiaçı LPO "xxxx" ASC-yə borcunun olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktı nəticəsində öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, sübut olaraq təqim edilmiş 22 may 2013-cü il tarixli, 7573 saylı ekspert rəyi hazırki iddianın təmin edilməsi əsası kimi çıxış edə bilməz. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və iddiaçıya dair kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün "xxxx" MMC-yə məlumat vermə öhdəliyinin qoyulması” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və iddiaçıya dair kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün "xxxx" MMC-yə məlumat vermə öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2130/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2130/2023
06.06.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver