Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2135/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı Alıeva Elviranın vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X16, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə İddiaçı Alıeva X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Alıeva Elvira cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatdan imzaladıqları müqavilə öhdəliklərini tam yerinə yetirmədiyi üçün 10.000 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 192 saylı Mənzi Tikinti Koperativinə məxsus ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli kooperativ yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümümi sahəsi 145 kv.m. olan 3 otaqlı 31 saylı yaşayış mənzilini pulunu ödəməklə 170.000 manata almışdır. Mənzilə çıxarış alandan sonra müəyyən olunmuşdur ki, mənzilin ümümi sahəsi 136.30 kv.m.-dir. Bundan sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi üçün müqavilə bağlamışdır. Qiymətləndirilməyə əsasən müəyyən olunmuşdur ki, iddiaçının 136.30 kv.m. sahəsi olan əmlakının ümumi bazar qiyməti 170.000 manatdır. Qiymətləndirilmə arayışından göründüyü kimi, cavabdeh təşkilat iddiaçı ilə bağlanan müqavilənin şərtlərini düzgün yerinə yetirməmişdir. Belə ki, aralarında bağlanan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya ödədiyi pulun əvəzinə 145 kv.m.-lik yaşayış sahəsi verməli idi. Amma ona verilmiş çıxarışdan və qiymətləndirmə arayışından görünür ki, cavabdeh təşkilat öz öhdəliyini yerinə yetirməmiş və ondan artıq pul almışdır. Dəfələrlə cavabdeh təşkilatdan ondan aldığı artıq pulun geri qaytarılmasını xahiş etsə də, onlar imtina etmişlər.
3. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X20 məktub göndərərək, tərəflər arasında alqısatqı müqaviləsinin olmadığını, mübahisə predmeti olan mənzili X7 bacısı qızı X14 bağışladığını və ya satdığını, X10 tərəfindən mənzilin bacısı qızının adına protokoldan çıxarış, maliyyə arayışı verilməsinin xahiş olunduğunu, alqı-satqı müqaviləsinin X13 dayısı X9 aid olduğunu, Əliyeva Elviranın iddiası doğrudursa, ondan alqı-satqı müqaviləsinin tələb edilməli olduğunu bildirmişdir.
4. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X20 etiraz göndərərək, tərəflər arasında alqısatqı müqaviləsinin olmadığını və iddiaçının cavabdeh MTK-dan mənzil almadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mənzili iddiaçının dayısı X10 2006-cı ildə binanı tikən Rüstəmov Rövşəndən və ya onun şəriki Vüqardan alqı-satqı müqaviləsi ilə almışdır. Rüstəmov Rövşən vəfat etdiyinə görə, bina sədri X17 alqı-satqı müqaviləsini yeniləmişdir. Dadaşov Məzahir də vəfat etmiş, onun şəriki Vüqar isə binanı təhvil vermişdir. 2022-ci ildə iddiaçının dayısı evinə “kupça” almaq və mənzili bacısı qızının adına keçirmək üçün X15 protokoldan çıxarış yazmasını xahiş etmiş və öz alqı-satqı müqaviləsini təqdim etmişdir. Maliyyə arayışı, yəni binaya borcun olub-olmaması haqqında arayış 2025-ci il fevral ayının 2-də ondan alınıb. Mənzil iddiaçının dayısına məxsus olmuş, o, mənzili iddiaçıya bağışlamış və ya satmışdır. X20 binaya 2021-ci ildə sədr təyin olunmuş və fəaliyyəti də çoxmənzilli binanın idarə olunması, kommunal ödənişlərin yığılmasıdır. X11 təyin olunanda bütün mənzillər mərhum Rüstəmov Rövşən və şəriki Vüqar tərəfindən satılmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, mənzil müqavilədə 145 m2, “kupça”da (çıxarışda) isə 136 m2 qeyd olunmuş, “kupça”da 10 m2 az yazılmışdır. Daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın “kupça”da az yazmağına səbəb mənzilin balkonlarının sahəsini qeyd etməməsidir. Bütün yeni tikili binalarda “kupça” alınanda sahə az yazılır. Əlavə olaraq, 3 otaqlı, sahəsi 145 m2 olan mənzilin dəyəri 240.000 manatdır. Mənzilləri o satmadığına və binanı tikmədiyinə görə, heç bir məsuliyyət daşımır. Onun öhdəliyində olan binanın saxlanması, vergi və sosial ödənişlərin ödənilməsidir. O, binanın həyətinin abadlaşdırılması, binanın 300 m2 sahəsinin asfaltlanması ilə bağlı və binada 2.000 manat işıq borcunun silinməsi ilə bağlı cənab prezidentə müraciət etmiş, problemlər öz həllini tapmışdır. İşləməyən 2-ci lifti də istifadəyə vermişdir. Bütün mərtəbələrin «podyezd»inə qapı və pəncərələr qoydurmuşdur. Binanın əsas su borularını dəyişmişdir. Onun fəaliyyəti sənədsiz mənzillərə sənəd vermək, binanın bütün xərclərini ödəmək, təmir etdirməkdir ki, 70 mənzildə yaşayan 200-dən çox sakin heç nədən əziyyət çəkməsin.
5. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X20 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, o, binaya 2021-ci ildə təyin olunmuşdur. Sədr olduğu gündən etirazı verdiyi günə kimi binanın saxlanılması üçün kommunal ödəniş yığımı ilə məşğul olur. Bütün mənzillər mərhum Rüstəmov Rövşən tərəfindən satılıb. Əgər mənzil ona məxsus olubsa, işıq və su da onun adına olmalı idi. Lakin hər şey Əliyeva Elviranın X22in adınadır. Əgər mənzili Dadaşov Ayaz satmışsa, ona ödənilən məbləğin bank hesabından çıxarış məhkəməyə təqdim olunmalı və iddiaçı ilə MTK arasında alqı-satqı müqavilə olmalıdır. X22 mənzili öz bacısı qızı Əliyeva Elviraya bağışlayıb və ya satıb. Dadaşov Ayazdan maliyyə arayışı və protokoldan çıxarışı öz bacısı qızı adına yazmağını istəyib ki, “kupça” Elviranın adına olsun. Yalan iddia qaldırıldığına görə Əliyeva Elviraya cəza tətbiq olunması xahiş edilmişdir.
6. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X20 təqdim etdiyi ərizələrdə qeyd etmişdir ki, əgər iddiaçının iddiası doğrudursa, alqı-satqı müqaviləsini və 170.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən qəbzi o, məhkəməyə təqdim etməlidir. Əgər təqdim edə bilmirsə, yalan ifadəyə görə iddiaçıya dövlətin qayda və qanunları ilə cəza tətbiq olunmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin ümumi sahəsinin 145 m2 olması sübuta yetirilib. Mübahisəli ünvanda bina 2006-cı ildə mərhum Rüstəmov Rövşən tərəfindən tikilmiş və mənzillər onun tərəfindən satılmışdır. X17 binanın sədri olmuş, Bakı şəhər İcra Hakimiyyətindən Yeni Yasamalda torpaq sahəsini almışdır. X17 özünə məxsus olan 2 mənzili özü satmış, qalan 70 mənzili isə binanı tikən şəxs satmışdır. 2011-ci ildə Rüstəmov Rövşən, 2020-ci ildə isə Dadaşov Məzahir vəfat etmişdir. Dadaşov Məzahirdən sonra bina sədri Dadaşov Ayaz olmuş, o, 2021-ci ildən fəaliyyət göstərmiş, fəaliyyəti binanın saxlanması, kommunal ödənişlərin yığılması, sənədsiz mənzillərə sənəd vermək olmuşdur ki, “kupça” alınması mümkün olsun. O, heç kimə mənzil satmamış, əgər kiməsə satmışdırsa, ödəniş qəbzini və alqı-satqı müqaviləsini təqdim etməli şəxs iddia edən şəxsdir. 2021-ci ildən indiyə kimi 31 saylı mənzilin kommunal ödənişlərini Fərzullayev Cəfərin qardaşının yoldaşı Həcər xanım ödəniş və orada yaşamışdır.
a) Məhkəmə prosesi:
7. Məhkəmə iclasında iddiaçı Alıeva Elviranın vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X20 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 mənzilə dair müqavilənin əvvəlcə onunla bağlandığını, belə ki, bu mənzili bacısının öz qızı – hazırkı iş üzrə iddiaçı üçün almasına baxmayaraq, vətəndaşlıq məsələlərinə görə sənədləşmənin onun adına aparıldığını, mənzili Dadaşov Ayazın atası – həmin vaxt MTK-nın sədri olmuş mərhum Dadaşov Məzahirin vasitəsilə “doktor” deyə müraciət edilən Şahvələd Zeynalovdan aldığını, pandemiya başlayanadək iddiaçının həmin mənzildə yaşadığını, sonradan anasının yanına gedib qayıda bilmədiyini, pandemiyadan sonra gələn zaman mənzilin iddiaçının öz adına sənədləşdirilməsi üçün cavabdeh MTK-nın hazırkı sədrinə müraciət etdiyini və sənədləri əldə edərək iddiaçının öz adına çıxarış aldığını bildirdi.
10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
11. "xxxx" MTK-nın xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, 31 saylı mənzilin həmin aylar üzrə kommunal ödənişi Həcər adlı şəxs tərəfindən ödənilmişdir.
12. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, X13 MTK-ya üzv qəbul edilməklə MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə, 10 ünvanında yerləşən təkbloklu, 12 + texniki mərtəbəli kooperativ yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m. olan 3 otaqlı 31 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi və ona çıxarış üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərin təqdim edilməsi qərara alınmışdır.
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 136.3 m2 olan ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 50, M7, m1) xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 adına qeydiyyata alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, aparılmış qiymətləndirmə nəticəsində ümumi sahəsi 136.3 m2 olan ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 50, M7, m1) xx.xx.2022-ci il tarixinə bazar dəyəri 170.000 manat təşkil edir.
15. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 31 saylı mənzilin son 12 aylıq kommunal ödənişi Cəfər adlı şəxs tərəfindən ödənilmişdir.
16. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 10, 31 saylı mənzil ilkin olaraq xx.xx.2022ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzilə dair xx.xx.2022-ci il tarixli çıxarış, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışı, cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan çıxarış və mənzilin texniki pasportu məktublara əlavə edilərək məhkəməyə təqdim edilmişdir.
18. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X26 xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin elektron bazasında ünvan 5 ünvanında **********310 saylı (müqavilə № 103551371, xx.xx.2012-ci il tarixli, sayğac № ********) abonent kodu müəyyən edilmişdir. Məktublara əlavə edilmiş abonent kartında Şahvələd Zeynalovun adı qeyd edilmişdir.
19. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, elektron bazada ünvan 5 ünvanı üzrə X7 abonent olaraq qeydiyyata alınmasına dair məlumat vardır.
20. Abunə haqqında sənəddən görünür ki, ünvan 5 ünvanında işıq istehlakı üzrə abonent kodu **********00031 olmaqla X7 adınadır.
21. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qaz informasiya sistemində X7 adı ünvan 6 ünvanında istehlakçı kimi qeydiyyatdadır. Məktuba həmin ünvana dair müvafiq sənədlər əlavə edilmişdir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3680 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 50, M7, m1) faktiki sahəsinin (əmsallar tətbiq edilmədən) 145,0 m2; həmin mənzilin ümumi sahəsinin “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları” nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) 136,3 m2; mənzilin tikinti sahəsinin (yaşayış, yardımçı, balkon sahələri və divaraltı sahə daxil olmaqla) 167,6 m2 təşkil etdiyi müəyyən edilmişdir.
23. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra Kooperativ, VÖEN: **********) üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli protokoluna əsasən X6 sədrliyindən azad edilmiş və X17 təyin edilmişdir. xx.xx.2005-ci il tarixli “X8 reyestrindən çıxarış”a əsasən X4 sədri olmuşdur. Kooperativin üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli protokoluna və xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən X5 sədri təyin edilmişdir. Hal-hazırda kooperativin sədri X18r.
25. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı, binanın 2006-cı ildə tərtib edilmiş inşaat pasportu da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokoluna əsasən iddiaçı Alıeva Elvira cavabdeh MTK-ya üzv qəbul edilməklə, onun MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə, 10 ünvanında yerləşən təkbloklu, 12 + texniki mərtəbəli kooperativ yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m. olan 3 otaqlı 31 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi və ona çıxarış üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərin təqdim edilməsi qərara alınmışdır. Müvafiq sənədlər əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 50, M7, m1) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, çıxarışda mənzilin ümumi sahəsinin 136.3 m2 olması göstərilmişdir.
27. İddiaçı sənədlərdəki sahə fərqinə görə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini iddia edib, 10.000 manat pulun ona ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırmaları zamanı cavabdeh iddianı qəbul etməyərək, mənzilin MTK-nın əvvəlki sədri tərəfindən iddiaçıya deyil, onun dayısı – hazırkı iş üzrə üçüncü şəxs X1, 2022-ci ildə isə həmin şəxsin mənzili bacısı qızının adına sənədləşdirmək üçün müraciət etdiyini, buna görə də həmin vaxt sənədlərin iddiaçının adına tərtib edildiyini bildirmiş, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmadığından, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmadığını əlavə etmişdir. Daha sonra cavabdeh MTK iddiaçının dayısından qabaq mənzilin başqa mülkiyyətçisinin olduğuna dair iş materiallarını əsas gətirərək, dayısının da mənzili həmin mülkiyyətçidən aldığını bildirib, dayısı yaşadığı dövrdə kommunal ödənişləri başqa bir xanım və dayısının özünün ödədiyinə dair sənədləri təqdim edib, sənədlərdəki sahə fərqinin formalaşmış təcrübədən irəli gəldiyini, daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın çıxarışda yeni tikilən mənzillərin sahəsini hər zaman az göstərdiyini qeyd etmişdir. İddiaçının dayısı – X10 üçüncü şəxs qismində məhkəmə iclasındakı izahatı zamanı mənzilə dair müqavilənin əvvəlcə onunla bağlandığını, belə ki, bu mənzili bacısının öz qızı – hazırkı iş üzrə iddiaçı üçün almasına baxmayaraq, vətəndaşlıq məsələlərinə görə sənədləşmənin onun adına aparıldığını, mənzili Dadaşov Ayazın atası – həmin vaxt MTK-nın sədri olmuş mərhum Dadaşov Məzahirdən, mərhumun isə başqa şəxsdən aldığını, pandemiya başlayanadək iddiaçının həmin mənzildə yaşadığını, sonradan anasının yanına gedib qayıda bilmədiyini, pandemiyadan sonra gələn zaman mənzilin iddiaçının öz adına sənədləşdirilməsi üçün cavabdeh MTK-nın hazırkı sədrinə müraciət etdiyini və sənədləri əldə edərək iddiaçının öz adına çıxarış aldığını bildirmişdir.
28. İddiaçının tələbi və cavabdehin etirazının dəlilləri ilə əlaqədar aparılan araşdırma zamanı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X23 əldə edilmiş sənədlərdən mübahisə predmeti olan mənzilə dair abonent kodunun Şahvələd Zeynalovun, "xxxx" ASC-dən əldə edilmiş sənədlərdən isə abonent kodunun X7 adına olması müəyyən edilmişdir.
29. Aparılmış məhkəmə araşdırması zamanı iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, nəticədə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində: - mübahisə predmeti olan mənzilin faktiki sahəsinin (əmsallar tətbiq edilmədən) 145,0 m2; - mənzilin ümumi sahəsinin “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları” nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) 136,3 m2; - mənzilin tikinti sahəsinin (yaşayış, yardımçı, balkon sahələri və divaraltı sahə daxil olmaqla) 167,6 m2 təşkil etdiyi müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
30. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında müqavilə bağlandığını və həmin müqavilənin icrası zamanı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulan sahədən daha az sahəsi olan mənzil verildiyini mübahisələndirdiyindən, iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 766-cı maddələri nəzərdən keçirilmiş və bu istiqamətdə müvafiq araşdırma aparılmışdır.
31. Qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi olmuş, deməli, iş üzrə sübutetmənin predmeti də bu məsələ olmuşdur. Burada qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların olub-olmaması haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə öz dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olub-olmaması barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki prosessual qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
32. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışa istinad edərək, cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulandan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Məhkəmə bu faktın mövcud olubolmadığını yoxlamaq məqsədilə xüsusi bilik tələb edən sualların izah edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində: - mübahisə predmeti olan mənzilin faktiki sahəsinin (əmsallar tətbiq edilmədən) 145,0 m2; - mənzilin ümumi sahəsinin “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları” nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) 136,3 m2; - mənzilin tikinti sahəsinin (yaşayış, yardımçı, balkon sahələri və divaraltı sahə daxil olmaqla) 167,6 m2 təşkil etdiyi müəyyən edilmişdir.
33. Məhkəmə hesab edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlandığı iddia edilən müqavilə üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir. Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər.
34. Belə ki, məhkəmənin qənaətinə görə, əgər tərəflər arasında bağlandığı iddia edilən müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin hazırkı işdə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
35. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin tərəflər arasında bağlandığı iddia edilən müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-verməməsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçı qarşısındakı öhdəliklərini tam olaraq icra edib-etməməsi aydınlaşdırılmalı olmuşdur. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspertin həmin rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilir.
36. Beləliklə, hazırkı işdə iddiaçının iddia etdiyi halların – cavabdehin öhdəliklərini tam icra etməyərək, müqavilədə göstərilən sahədən daha az sahəsi olan (qüsurlu) mənzil verməsinin mövcud olmadığı, onun vəd edilən sahədə (145 m2) mənzili iddiaçıya verməsi məhkəmə tərəfindən müəyyən edilmişdir.
37. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, lap mənzilin iddiaçının iddia etdiyi kimi müqavilədə göstəriləndən daha az sahədə olması müəyyən edilsəydi də belə, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurla bağlı tələb hüququ əmələ gəlmədiyindən, hazırkı işdə də üçüncü şəxs “pandemiya başlayanadək iddiaçının həmin mənzildə yaşadığını” bildirdiyindən və bu hal iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, yəni iddiaçı mənzilin sahəsi ilə bağlı heç bir pretenziya irəli sürmədən mənzili cavabdehdən qəbul etdiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi hüquqdan sui-istifadə xarakteri daşıyır. Həmçinin, iddiaçı çıxarışı aldığı zaman bu qüsuru aşkar etdiyini bildirsə də, pandemiya başlamazdan əvvəl mənzili təhvil alan, uzun müddət orada yaşayan iddiaçının çıxarış alanadək mənzildə ölçmə aparmaması ağlabatan hal hesab edilmir.
38. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçı ilə aralarında müqavilə olmadığını mübahisələndirərək, mənzilin MTK-nın əvvəlki sədri tərəfindən həkim Şahvələd Zeynalova, Şahvələd Zeynalov tərəfindən isə iddiaçıya deyil, onun dayısı – hazırkı iş üzrə üçüncü şəxs X1 bildirmişdir. Cavabdehlə aralarında müqavilə olduğunu iddia edən iddiaçı sübutetmə vəzifəsini daşımasına baxmayaraq, həmin müqaviləni məhkəməyə təqdim etməmiş, başqa sözlə, sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən edilmiş sorğular əsasında müvafiq qurum tərəfindən mənzillə bağlı məhkəməyə təqdim edilmiş mötəbər sübutlar içərisində də müqavilə olmamış, beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlandığı iddia edilən müqavilənin mövcud olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Bunun əksinə, cavabdehin mübahisələndirdiyi həmin məsələlər – irəli sürdüyü dəlillər isə kommunal xidmətlərlə bağlı müvafiq qurumlardan əldə edilmiş sənədlərlə və üçüncü şəxsin bu dəlilləri təsdiqedici mahiyyətdə olan izahatı ilə, “2022-ci ildə üçüncü şəxsin mənzili bacısı qızının adına sənədləşdirmək üçün müraciət etməsi, buna görə də həmin vaxt sənədlərin iddiaçının adına tərtib edilməsi, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmaması” barədə dəlili yenə də üçüncü şəxsin bu istiqamətdə verdiyi izahatla, “iddiaçının dayısından qabaq mənzilin başqa mülkiyyətçisinin olması” barədə dəlili kommunal xidmətlərlə bağlı müvafiq qurumdan əldə edilmiş sənədlə öz təsdiqini tapmışdır. Lakin iddiaçının dayısı – X10 üçüncü şəxs qismində məhkəmə iclasındakı izahatı zamanı həm də bu mənzili bacısının öz qızı – hazırkı iş üzrə iddiaçı üçün almasına baxmayaraq, vətəndaşlıq məsələlərinə görə sənədləşmənin onun adına aparıldığını, pandemiya başlayanadək iddiaçının həmin mənzildə yaşadığını, sonradan anasının yanına gedib qayıda bilmədiyini, pandemiyadan sonra gələn zaman mənzilin iddiaçının öz adına sənədləşdirilməsi üçün cavabdeh MTK-nın hazırkı sədrinə müraciət etdiyini və sənədləri əldə edərək iddiaçının öz adına çıxarış aldığını da əlavə etmişdir. Lap mənzilin iddiaçının iddia etdiyi kimi protokolda göstəriləndən daha az sahədə olması müəyyən edilsəydi də belə, yuxarıda göstərilən halların məhkəmə tərəfindən müəyyən edilməsi onu deməyə əsas verir ki, cavabdehlə hər hansı müqavilə münasibətində olduğunu sübut etmədiyi halda, onun müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia edən iddiaçı bu hərəkəti ilə də hüquqdan sui-istifadə edir. Belə ki, hazırkı işdə mənzili məhz iddiaçının özünün cavabdeh MTK-dan alması faktı belə öz təsdiqini tapmır, bu fakt iddiaçı tərəfindən sübuta yetirilmir, cavabdeh tərəfindən qəbul edilmir, işdə olan sübutlar və üçüncü şəxsin izahatı da cavabdehin “mənzilin MTK-nın əvvəlki sədri tərəfindən həkim Şahvələd Zeynalova, Şahvələd Zeynalov tərəfindən isə iddiaçıya deyil, onun dayısı – hazırkı iş üzrə üçüncü şəxs X2 barədə” dəlillərinin doğru olmasını təsdiq edir. Bu səbəbdən məhkəmə hazırkı işdə həm də əsl olmayan iddiaçının əsl olmayan cavabdehə qarşı əsassız tələb irəli sürdüyünü müəyyən edir.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və irəli sürülən dəlillər iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə bu dəlillər məhkəmə araşdırması zamanı da mötəbər sübutlarla öz təsdiqini tapmadığından, hazırkı iddia təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
41. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
44. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Alıeva Elviranın cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
45. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Alıeva Elviranın cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı Alıeva Elviradan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova