Məhkəmə qərarları › İş №e-2(006)-2162/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2162/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2162/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Aleksandrovanın cavabdeh azyaşlı X1i nümayəndəsi Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Aleksandrova cavabdeh azyaşlı X1i nümayəndəsi Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, nəvəsi X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X9 xx.xx.2005-ci il tarixdə Cavabdeh adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdülü X11 adlı bir övladı vardır. Nəvəsi xx.xx.2022-ci il təvəllüdlü X5 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyata alınmışdır. Lakin oğlu ilə gəlininin xasiyyətləri uyğun gəlmədiyindən keçmiş gəlini Cavabdeh nikahın pozulması və aliment tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. İşə Nəsimi Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılaraq (tərəflər iddiaçı Cavabdeh, cavabdeh X9) nikahları pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X11 anası Cavabdeh yanında saxlanılmış,xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh X4 220 manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X11 3 yaşına çatanadək iddiaçının saxlanması üçün hər ay 50 manat məbləğində alimentin cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır, qətnamənin və nikahın pozulması haqqında şəhadətnamənin surətlərini iddia ərizəsinə əlavə edir. Qeyd edir ki, keçmiş gəlini Cavabdeh Qazaxıstan Respublikasının vətəndaşıdır və o, azyaşlı övladı ilə birlikdə Qazaxıstan Respublikasında yaşayır. Lakin nəvəsi (xx.xx.2022) X11 ünvan 1 ünvanda yerləşən mənzildə hal-hazırda qeydiyyatdadır. Keçmiş gəlini Cavabdeh nəvəsi ilə birgə Qazaxıstan Respublikasına getmələri barədə uçuş biletlərinin surətlərini də iddia ərizəsinə əlavə edir. Həmin mənzilə dair Azərbaycan Respublikasi DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2006-ci il tarixli qeydiyyat nömrəsi ********* olan çıxarış əldə etmiş və həmin mənzil onun xüsusi mülkiyyətidir. Qeyd edir ki, bu və ya digər sənədləşmə işləri aparılarkən keçmiş ailə üzvü, yəni nəvəsinin formal olaraq ona məxsus olan ünvan 1 ünvanında qeydiyyatda olması bir sıra çətinliklər törədir. Nəsimi rayon Polis İdarəsinə qeydiyyatdan çıxarılma barədə müraciət olunmuşdur. Nəsimi rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli, 51/2- Z-40258 nömrəli cavab məktubu ilə onların məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Mülkiyyətində olan evdə yaşamayan şəxsin qeydiyyatda qalması mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Hesab edir ki, nəvəsinin ona məxsus mənzilə istifadə hüquqları xitam olunmalıdır və mülkiyyətçisi olduğu evdən qeydiyyatdan çıxmalıdır. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qeyd edilməsi zəruridir ki, nəvəsinin onun mülkiyyətində olan evdə qeydiyyatı və istifadə hüquqları tamamilə formal xarakter daşımaqla qanunvericiliyə ziddir. Bu səbəbdən də onun iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır.Əlavə olaraq bildirir ki, cavabdehin nümayəndəsi Cavabdeh ona məxsus ünvan 4 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. X2 Xidmətinə Cavabdeh qeydiyyat ünvanı barədə müraciət olunmuş, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə Qazaxıstan Respublikası Vətəndaşı Cavabdeh Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin (qanuni nümayəndəsinin) məlum sonuncu yaşayış ünvanına bildiriş göndərilsə də, cavabdehin (qanuni nümayəndəsinin) məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin (qanuni nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, İddiaçı müraciətinə əsasən Qazaxıstan Respublikası vətəndaşı Cavabdeh ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 8083328-L nömrəli qərarından görünür ki, Qazaxıstan Respublikası vətəndaşı Cavabdeh Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 19b ünvanında yerləşən 18 saylı mənzil xx.xx.2006-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmaqla mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli Arayışına əsasən ünvan 1 ünvanında X10, X8, X11 və X9 qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 1793/2023 nömrəli qətnaməsindən görünür ki, X9 və Cavabdeh arasında bağlanmış nikah pozulmuş və onların birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X7 anasının yanında saxlanılması qət etmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X6 Alina Zasovina arasında olan nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır. "xxxx" MMC tərəfindən təsdiqlənmiş “Electronic Ticket” çıxarışına əsasən Cavabdeh Almatı şəhərinə (Qazaxıstan Respublikası) xx.xx.2023-cü il tarixdə eniş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-38-2/33- 1480/24 saylı məktubdan görünür ki, Qazaxıstan vətəndaşı Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən çıxış etmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirilməsi: Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh azyaşlı X7 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi tələbi təmin edilməlidir. Belə ki, iddiaçının oğlu X12 Alina ilə nikahı pozulduqdan sonra azyaşlı övladlarının anasının himayəsinə verilməsi məhkəmə tərəfindən qət edilmişdir. Bundan sonra Cavabdeh həmin mənzildən çıxmış, xx.xx.2023-cü il tarixində isə ümumiyyətlə ölkədən çıxış etmişdir. xx.xx.2022-ci il təvəllüdlü X7 azyaşlı olması və anasının himayəsinə verilməsi ilə onun yanında yaşaması halları nəzərə alınaraq, cavabdeh azyaşlı X7 həmin mənzildən istifadəyə ehtiyacının olmasını özündə əks etdirən halların müəyyən olunmadığı səbəbindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar