Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2186/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızının Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Hüseynova (Əlimova) Səbinə Babək qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilməsi və adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi və adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməsi, eləcə də bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Hüseynova (Əlimova) Səbinə Babək qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Sonradan, iddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də menecer vəzifəsində işləməyə başlamışdır. Lakin artıq uzun müdətdir ki, ona hər hansı bir maaş ödənilmir, bu səbəbdən də işə çıxmır. Cavabdeh tərəfindən tamamilə əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmir və bu barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmir. Bunun nəticəsində o, nə başqa işdə işləyə bilir, nə də işsiz kimi dövlətin verəcəyi müəyyən təminatlardan istifadə edə bilir. Onda olan məlumata əsasən Cavabdeh MMC-nin rəhbəri hazırda Azərbaycan Respublikasında olmadığından, onun tutduğu vəzifədən azad edilməsi, eləcə də bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi mümkün deyildir. Bu barədə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. Lakin müraciətinə verilmiş cavab məktubunda məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməli, eləcə də bu barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir. Bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdikləri əvvəlki məhkəmə iclaslarında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndələri X2 və X3 ayrı-ayrılıqda verdikləri izahatlarında, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsinə etiraz etmədiklərini bildirmişlər. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru kimi qeydiyyatdan keçmiş Hüseynova (Əlimova) Səbinə Babək qızı izahatında onun bu şirkətin direktoru olması barədə məlumatının olmadığını, sonradan bu barədə xəbər tutduğunu, iddiaçı kimi onun da hüquqlarının pozulduğunu, lakin şirkətin təsisçisinin ölkəni tərk edərək, birdəfəlik getdiyini, hazırda özünün də hər hansı bir işə düzələ bilmədiyini qeyd etmişdir. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və Hüseynova (Əlimova) Səbinə Babək qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin və Hüseynova (Əlimova) Səbinə Babək qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsinin məlumatlarına əsasən cavabdeh dövlət qeydiyyatına alınmış, ona müvafiq VÖEN verilmişdir. Cavabdehin qanuni təmsilçisi fiziki şəxs Ahmad Nawaz adlı şəxsdir. Cavabdehlə iddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı arasında xx.xx.2019cu il tarixdə əmək müqaviləsi bağlanmaqla iddiaçı işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X5 üzrə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli, **********635200 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən Cavabdeh MMCnin xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı əmək müqaviləsinə xitam verilməsi və tələbinin təmin ediləcəyi təqdirdə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən iddiaçıya hazırki tələbi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi izah edilmişdir. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəsini saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kim, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlansa da, sonradan onlar arasında mövcud olmuş işçi-işəgötürən münasibətləri kəsilmiş, əmək müqaviləsi formal olaraq qüvvədə saxlanılmışdır. Əmək müqaviləsinin formal olaraq qüvvədə saxlanılması səbəbilə iddiaçı başqa işə düzələ bilməmiş və nəticə etibarı ilə onun qanunla təminat verilmiş hüquqları pozulmuşdur. İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bir sıra orqana, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etsə də, hər hansı bir müsbət nəticə əldə edə bilməmiş və son çarə olaraq məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli, iddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızının xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı Hüseynova (Hüseyn) Məhəbbət Elxan qızının xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2186/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2186/2022
26.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver