Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2204/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı "****" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh AAA qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "****" Açıq Səhmdar Cəmiyyəti cavabdeh AAA qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “****” ASC və AAA qızı arasında ilk dəfə xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işçi həmin tarixdən Bankın Sumqayıt filialında Xidmət bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Daha sonra bir neçə dəfə əmək müqaviləsinə əlavə və dəyişikliklər olmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya təhlükəsizliyinin idarə olunması sistemi şöbəsinin baş mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Bankla işçisi AAA qızı arasında xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə” bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Bank İşçinin “PECB İSO 27001 Lead İmplementer Live Online Training” hazırlıq kursunda və imtahanda iştirak haqqının ödənilməsini, işçi isə qeyd edilmiş imtahan prosesində iştirak etdikdən sonra sertifikat əldə etdiyi tarixdən sonrakı 2 il ərzində, işçi ilə Bank və ya onun törəmə müəssisələri arasında əmək münasibətlərinə xitam verildiyi təqdirdə (müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, işçinin ölümü, əmək qabiliyyətinin 6 aydan artıq müddətə itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi halları istisna olmaqla), işçi Bank tərəfindən ödənilən məbləği bu bənddə qeyd olunan müddət ərzində işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə geri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq Bank tərəfindən Cavabdeh qeyd edilən təlimdə iştirakı üçün 1699 (min altı yüz doxsan doqquz) avro məbləğində pulu təlimçi şirkət olan “Smatica.com”-a ödəmişdir. Bundan əlavə bank xərci, 18% ƏDV ilə bağlı tutma və 1% komissiya haqqı da Bank tərəfindən ödənilmiş və Bankın qeyd edilən təlimin təşkili üçün ümumi xərci 3788,26 (üç min yeddi yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat təşkil etmişdir (3495,11 manat müqavilə ilə nəzərdə tutulmuş məbləğ + 10% bank xərci kimi 293,15 manat). Bank və AAA qızı arasında bağlanmış “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən İşçi kursu bitirdikdən sonrakı 3 ay ərzində iştirakını təsdiq edən sertifikatı Banka təqdim etmədiyi halda, Bank tərəfindən ödənilən təlimdə iştirak haqqını və imtahan xərcini geri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda iştirak haqqı məbləğinin geri ödənilməsini işçidən tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən işçi imtahanı (imtahanda iştirak sayı iki dəfədən artıq olmamalıdır) müvəffəqiyyətlə tamamlamadıqda və ya müqavilənin 2.4.7-ci bəndində nəzərdə tutulan təsdiqedici sənədi (sertifikatı), o cümlədən həmin sənədin alınmasını təsdiq edən elektron məktubu Banka təqdim edə bilmədikdə, imtahan prosesi üçün ödənilən məbləğin geri ödənilməsini ondan tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.4.3-cü bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda Bank tərəfindən ödənilmiş iştirak haqqı məbləğini Banka geri ödəmək işçinin vəzifəsidir. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən təlimdə iştirakını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) alındığı tarixdən 2 (iki) il müddətindən tez Bank və/və ya onun törəmə müəssisələri ilə əmək münasibətlərinə xitam verildiyi təqdirdə iştirak haqqının məbləğini (xərcləri) işlədiyi müddətə proporsional olaraq geri ödəmək işçinin vəzifəsidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən İşçi kursda və ya imtahanda iştirak etmədiyi və ya sertifikatı təqdim etmədiyi təqdirdə kursda iştirak haqqını və imtahan prosesində iştiraka görə Bank tərəfindən ödənilən məbləği 10 (on) iş günü ərzində Banka geri ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh AAA qızı ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”yə əsasən cavabdehin Banka olan 3073.55 (üç min yetmiş üç manat əlli beş qəpik) manat məbləğində pulun, 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat komissiyanın cavabdeh AAA qızından iddiaçı “****” ASC-nin xeyrinə tutulmas barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "****" ASC ilə AAA qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, AAA qızı Bankın Sumqayıt filialında Xidmət bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan "****" ASC ilə AAA qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” müqaviləsindən görünür ki, Bank AAA qızının “PECB İSO 27001 Lead İmplementer Live Online Training” hazırlıq kursunda və imtahanda iştirak haqqının ödənilməsini, AAA qızı isə qeyd edilmiş imtahan prosesində iştirak etdikdən sonra sertifikat əldə etdiyi tarixdən sonrakı 2 il ərzində, AAA qızı ilə Bank və ya onun törəmə müəssisələri arasında əmək münasibətlərinə xitam verildiyi təqdirdə (müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, işçinin ölümü, əmək qabiliyyətinin 6 aydan artıq müddətə itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi halları istisna olmaqla), AAA qızı Bank tərəfindən ödənilən məbləği bu bənddə qeyd olunan müddət ərzində işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə geri ödəməyi, AAA qızı kursu bitirdikdən sonrakı 3 ay ərzində sertifikatı Banka təqdim etmədiyi halda, Bank tərəfindən ödənilən kursda iştirak haqqını və imtahan xərcini geri ödəməyi və AAA qızı imtahan prosesində iştirak etmədiyi halda, iştirak haqqı məbləğinin banka geri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli invoice sənədindən görünür ki, "****" ASC qeyd edilən təlimdə iştirak üçün 1699 (min altı yüz doxsan doqquz) avro məbləğində pulu təlimçi şirkət olan “Smatica.com”-a ödəmişdir. İş materiallarında olan "****" ASC-nin xx.xx.2023-cü il tarixli 511K saylı Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, "****" ASC-nin İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya təhlükəsizliyinin idarə olunması sistemi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyən AAA qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam vermişdir. xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə sazişə əsasən tərəflər cavabdehin banka ödəməli olduğu məbləğin 3788,26 manat olması, həmin məbləğin 100 (yüz) manat hissəsinin son haqq-hesab ödənişindən tutulacağı, qalan 3688,26 manat məbləğin isə cavabdeh tərəfindən 2023-cü ilin aprel ayından etibarən hər ayın 1-i tarixinədək 614,71 manat olmaqla 6 ay ərzində hissə-hissə Banka geri qaytarılması barədə razılaşmışlar. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən öhdəlik üzrə xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 614,71 manat məbləğində ödəniş edilmişdir. "****" ASC tərəfindən AAA qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh AAA qızı Bankla onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “PECB İSO 27001 Lead İmplementer Live Online Training” hazırlıq kursunda və imtahanda iştirak etməyi və iştirakını təsdiq edən sənədi 3 ay müddətində Banka təqdim etməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək kursda və imtahanda iştirakını təsdiq edən sənədi Banka təqdim etməmiş və xx.xx.2023cü il tarixdə əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə sazişə əsasən tərəflər banka ödənilməli olan məbləğin 3788,26 manat olması, həmin məbləğin 100 (yüz) manat hissəsinin son haqq-hesab tutulması, qalan 3688,26 manat məbləğin isə cavabdeh tərəfindən ayda 614,71 manat olmaqla 6 ay ərzində hissə-hissə iddiaçıya geri qaytarılması barədə razılaşmışlar. Cavabdeh xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 614,71 manat məbləğində banka ödəniş etmişdir. Hazırda iddiaçı qalan borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 386.1ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh AAA qızı müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün iddia tələbi təmin edilməli, cavabdeh AAA qızından xx.xx.2022-ci il “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” müqaviləsinə əsasən 3073,55 (üç min yetmiş üç manat əlli beş qəpik) manat məbləğində pul, 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat komissiyanın əvəzi tutularaq iddiaçı "****" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh AAA qızından xx.xx.2022-ci il “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” müqaviləsinə əsasən 3073,55 (üç min yetmiş üç manat əlli beş qəpik) manat məbləğində pul, 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat komissiyanın əvəzi tutularaq iddiaçı "****" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-2204/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2204/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver