Məhkəmə qərarları › İş №e-2(006)-2251/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2251/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2251/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 manat əsas borc, 85 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5%, 320 manat vəkilə ödənilən vəsait, 45 manat iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu, ümumilikdə 2150 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təhsil alan X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 0227-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhsil haqqı 5000 manat təşkil etməkdədi. Lakin, cavabdeh tərəfindən təhsil haqqının bir hissəsi olan-3300 manat ödəniş etmiş, qalan hissəsinin isə ödənilməsindən yayınmışdır. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətlərimiz nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 45 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab etmişdir ki, 5000 manat-3300 manat = 1700 manat, 1700 x 5% = 85 manat, 1700 + 320 + 45 + 85 = 2150 manat cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 0227-21 saylı müqavilədən görünür ki, müqavilənin predmeti lisey tərəfindən təhsilalana Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlərinin təşkili və göstərilməsi və təhsilalan tərəfindən xidmət haqqının ödənilməsi və vəzifələrinin, öhdəliklərin yerinə yetirilməisndən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Lisey bu müqavilənin qüvvədə olduğu müddətdə təhsilalanın ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsində 2-ci sinif rus bölməsi üzrə təhsil xidmətləri göstərir, qanuni nümayəndə isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0227-21 saylı xx.xx.2021-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış razılaşdırma protokolundan görünür ki, illik təhsilhaqqı 5000 manat müəyyən edilməklə, ilkin ödəniş 1000 manat, növbəti 9 ay ərzində isə hər ay 445 manat ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 5 gün vaxt verilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərin icra edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında təhsil xidmətlərindən yararlanmaq hüququna malik olduğu kimi eyni zamanda müqavilədə razılaşdırılmış şərtlərlə təhsil haqqını iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh təhsil müqaviləsi əsasında xidmətlərin göstərilməsi hüququndan istifadə etmiş, təhsil haqqını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh özü də əvvəlki məhkəmə iclasında tələb edilən təhsil haqqının məbləğini etiraf etməklə onun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 1700 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz” məbləğinin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 85 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilən vəsaitin və iddia qaldırılması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulmasını hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla dövlət rüsumu ödəməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə müraciət etməli olduğundan, bu hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh 1700 manat əsas borc, 85 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz, 320 manat hüquqi xidmət haqqı, 45 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 manat əsas borc, 85 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz, 320 manat hüquqi xidmət haqqı, 45 manat ödənilmiş dövlət rüsumu, cəmi 2150 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar