Məhkəmə qərarları › İş №e-2(006)-2259/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2259/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2259/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.500 manat pul vəsaitinin və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (əvvəlki adı Azerconnect) ilə Cavabdeh arasında illik icarə haqqı 1500 manat olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli kəndində yerləşən 12 kv.m əmlakı mobil baza stansiyasının quraşdırılması üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin 4.3-cü bəndinə görə icarəçi öz mülahizəsinə əsasən icarə haqqını bir illik qabaqcadan ödəyə bilər. İddiaçı hər il üçün illik icarə haqlarını qabaqcadan ödəmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli, 38525 saylı ödəniş tapşırığına əsasən 1500 manat icarə haqqı ödəmişdir. Lakin, bir müddət sonra X2 müraciət edərək yuxarıda göstərilən mobil baza stansiyasının quraşdırıldığı əmlakın xx.xx.2024-cü il tarixdən onun mülkiyyətinə verildiyini bildirmiş və icarə müqaviləsinin onunla bağlanılmasını xahiş etmiş və torpaq sahəsinin onun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə etmişdir. Buna görə də, Səadət Əhmədova ilə xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi imzalanmışdır. Həmin icarə obyekti xx.xx.2024-cü il tarixdən başqa şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə bir illik dövr üçün icarə haqqı ödənilmişdir. Buna görə də hesab edir ki ,xx.xx.2024-cü il tarixli, 38525 saylı ödəniş tapşırığına əsasən 1500 manat pul vəsaiti "xxxx" MMC-yə geri qaytarılmalıdır. xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə istənilən səbəbdən, vaxtında əvvəl xitam verildikdə icarəyə verən qabaqcadan ödənilməmiş və istifadə edilməmiş icarə haqqını geri qaytarmalıdır. Sonradan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh 1191,90 manat pul vəsaitinin və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırlmışdır ki, iddia ərizəsində göstərilmişdir ki, icarə obyekti xx.xx.2024-cü il tarixdən başqa şəxsin mülkiyyətində olmasına baxmayaraq cavabdehə xx.xx.2024-cü il tarixdə bir illik dövr üçün icarə haqqı ödənilmişdir. Buna görə də hesab edir ki, xx.xx.2024-cü il tarixli, 38525 saylı ödəniş tapşırığına əsasən 1500 manat pul vəsaiti İddiaçı MMC-yə geri qaytarılmalıdır. Bildirir ki, icarə müqaviləsinin 2.2-ci bəndinə görə, icarə müddəti təhvil-təslim aktının imzalandığı tarixdən hesablanır. Lakin, müqavilənin imzalanmasından uzun müddət keçdiyi üçün belə bir akt aşkar edilmədi. Buna görə də artıq ödənilmiş icarə haqqı icarə obyektinin X1 mülkiyyətinə verildiyi xx.xx.2024-cü il tarixdən 14 fevral 2025-ci il tarixə qədər olan 290 gün üçün (1500/365=4.11 bir gün X 290 gün=1191.90 manat) hesablanmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini 1125 manat həddində qəbul edir. İş materialları: İcarəçi "xxxx" MMC ilə icarəyə verən X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən icarəyə verən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 12 m2 olan icarə obyektini icarəçinin istifadəsinə verir, icarəçi isə bunun müqabilində icarəyə verənə müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəyir. xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 204 saylı reyestr kitabının 24 saylı vərəqində qeydiyyata alınmışdır. İcarəçi "xxxx" MMC ilə icarəyə verən Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verənin mülkiyyətində olan və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsindəki 12 m2 olan əmlakı icarə haqqı müqabilində icarəçiyə icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixli 38525 nömrəli ödəniş tapşırığının surətindən "xxxx" MMC tərəfindən 1500 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onunla "xxxx" MMC ilə arasında imzalanmış 14 fevral 2014-cü il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 12 kv.m əmlak mobil baza stansiyasının quraşdırılması üçün cəmiyyətin istifadəsinə verilmişdir. Bildirir ki, X2 müraciət edərək göstərilən icarə obyektinin xx.xx.2024-cü il tarixdən onun mülkiyyətinə verildiyini bildirmiş və icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Həmin icarə obyektinin başqa şəxsin mülkiyyətində olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə sizə 1500 (min beş yüz) manat məbləğində birillik icarə haqqı qabaqcadan ödənilmişdir. Buna görə də hesab edir ki, tərəflər arasında imzalanmış 14 fevral 2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməli və 1500 (min beş yüz) manat məbləğində birillik icarə haqqı geri qaytarılmalıdır. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə icarə müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdən etibarən isə icarə müqaviləsinin predmetini təşkil edən torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən icarə müqaviləsinə əsasən cavabdehə xx.xx.2024-cü il tarixdə əvvəlcədən illik ödəniş edilməsinə baxmayaraq, cavabdehin həmin məqamda müqavilə bağlamağa dair subyektiv hüququ olmamışdır. Bununla da cavabdeh əsassız olaraq varlanmış və iddiaçı da həmin pul vəsaitini tələb etmişdir. Həmçinin mülki qanunvericiliyin kirayə münasibətlərini tənzimləyən normalarına əsasən kirayə münasibətlərinə xitam verildiyi zaman daha irəli dövr üçün əvvəlcədən edilmiş kirayə ödənişləri geri qaytarılmalıdır. Göründüyü kimi cavabdehin qeyd edilən dövrdə müqavilə bağlamağa hüququ olmadığından ona ödənilmiş kirayə haqqı kirayə hüquq münasibətlərinin davamlılığı nəzərə alınmaqla, yəni iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən əsaslandırma nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə iclasında cavabdehin iddia tələbini qismən qəbul etməsini də nəzərə alınır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1191,90 manat (bir min bir yüz doxsan bir manat, doxsan qəpik) pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1191,90 manat (bir min bir yüz doxsan bir manat, doxsan qəpik) pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar