Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2273/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X6rşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 22 №-li əmrin ləğv edilməsi, onun «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X10 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkimtravmatoloq-ortopedi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də rezidenturaya qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-də həkim-travmatoloq-ortopedi vəzifəsinə təyin edilmişdir. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin xx.xx.2025-ci il tarixli 22 №-li əmrinə əsasən onunla xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə əsasən (özünün təşəbbüsü) xitam verilmişdir. O, işdən çıxması ilə bağlı ərizə yazmadığı halda xx.xx.2025-ci il tarixli 22 №-li əmrlə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli 22 №-li əmr xx.xx.2025-ci il tarixdə İnsan resursları şöbəsinin müdiri Nüşabə Abdullayeva tərəfindən ona təqdim edilmişdir. O, Nüşabə Abdullayevadan işdən çıxması ilə bağlı ərizə yazmadığını bildirmiş, belə bir ərizə varsa, həmin ərizənin surətini ona təqdim etməsini tələb etmişdir. Nüşabə Abdullayeva isə işdən çıxması ilə bağlı ərizənin olmadığını bildirmişdir. Göründüyü kimi, o, işdən çıxması ilə bağlı ərizə yazmadığı halda, xx.xx.2025-ci il tarixli 22 №-li əmrlə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli 22 №-li əmrin və xx.xx.2025-ci il tarixli 84 №-li əmrin ləğv edilməsi, onun «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X10 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəf ona ərizəni məcburi şəkildə, şərəf və ləyaqətini alçaladaraq, ona təzyiq göstərərək, kobud şəkildə yazdırmışlar. Ona izah olundu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə ərizə yazıldıqdan sonra 1 ay ərzində geri götürülə bilər. O da məcbur qalaraq ərizəni yazmışdır, çünki, fikirləşmişdir ki, 2-3 gün sonra ərizəni geri götürər. Lakin, iddiaçı ərizəni yazdıqdan sonra institut direktoru dərhal ərizəni əlindən almış və otaqdan qovmuşdur. Ərizəni geri almağa çalışmış, lakin mümkün olmamışdır. Başa düşmüşdür ki, burada ona qarşı oyun qurulmuş və mümkün qədər tez bir zamanda işdənçıxma əmrini verməyə çalışırlar. Ərizəni saat 12, 1-ə işləmiş yazmışdır. Sonra baş həkim yanına çağırmışdır. Orada ona bildirmişdir ki, ərizə səhv yazılıb, tarix göstərilməyib. O da ərizəni götürüb cırmışdır. Sonradan isə öyrənmişdir ki, artıq əmri verilib. Ona təzyiq göstərilərək işdən çıxarmışlar. Qadın olaraq çox alçadılmışdır. Ərizəsi olmadan barəsində qanunsuz şəkildə əmr verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə cavabdeh qurumda rezidenturaya qəbul edilmiş, 2018-ci ildə kiçik elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2023cü il tarixdə həkim-travmatoloq-ortopedi vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə direktor iddiaçını çağırıb bildirir ki, ya öz ərizəsi ilə işdən çıxacaq, ya da ağır maddə ilə özləri işdən çıxaracaqlar. Direktor başda olmaqla, 3-4 əməkdaşın təzyiqi nəticəsində ərizə yazılır, amma ərizədə tarix qeyd edilməmişdi. Prosedur belədir ki, əvvəlcə hüquqşünas araşdırmalı idi, daha sonra əgər hər şey qaydasında idisə, əmək müqaviləsinə xitam verilməli idi. Lakin, ərizədə tarix qeyd edilmədiyinə görə yanlışlığa yol verilmişdir. Baş həkim iddiaçıya bildirmişdir ki, ərizəsinə düzəliş etsin. Ərizə iddiaçıya təqdim ediləndə ərizə iddiaçı tərəfindən cırılaraq tullanılmışdır. Bu iddiaçının öz hüququ idi ki, öz yazdığı ərizəni cırıb tullasın. Bu ərizə müəssisəyə aid sənəd hesab oluna bilməz. Çünki, iddiaçı özü yazaraq imzalamışdır. Cavabdehin özünün qəbul etdiyi kimi ərizə onun istədiyi kimi tərtib edilməmişdir. İddiaçı isə fikrini dəyişdiyini bildirərək, ərizəni cırmışdır. İlkin əmr də verilərkən, ərizə geri götürülmüşdür, yəni cırılmışdır. Bundan sonra mühafizəçi ilə iddiaçı zorla çıxarılmışdır. xx.xx.2025-ci il tarixdə rəsmi müraciət ilə əmrin surəti və əmək kitabçası götürüldü. Ərizə ilə tanış olmaq istəyərkən onlar qəbula çağırılmış və bildirilmişdir ki, ərizənin əslinin olmaması ilə bağlı dərkənar qoyulmuşdur. Daha sonra mediasiyaya, oradan da məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması davam edən müddətdə cavabdeh qurumun 84 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025ci il tarixli əmri ləğv edilmişdir. DƏMX-in məktubu əsasında bunu etdilər. DƏMX məktubunda qeyd edilir ki, əmək qanunvericiliyinin tələbləri pozulduğundan şərti qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş və pozuntunun aradan qaldırılmasına göstəriş verilmişdir. Cavabdeh qurum isə yeni əmr ilə sadəcə müqaviləyə xitam verilməsi tarixini xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə dəyişmişdir. Məsələ ondan ibarətdir ki, ərizə olmadığına görə işdən çıxarılma qanunsuz hesab edilir. Cavabdeh tərəf 1-ci dəfə ərizənin əmrdən qabaq cırıldığını, daha sonra əmrdən sonra cırıldığını qeyd etmişdir. Tutaq ki, ərizə əmrdən sonra cırılıb. Axı, xx.xx.2025-ci il tarixdə əmr verilərkən yenə də ərizə yox idi. Bu o deməkdir ki, sonuncu əmr də qanunsuzdur. Məhkəməyə təqdim olunmuş ərizə telefonla iddiaçının yazmış olduğu ərizənin fotoşəkilidir. Həmin fotoşəkil çap olunaraq məhkəməyə təqdim olunmuşdur. Düzdür, ərizə iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmışdır. Daha sonra ərizə cırılmışdır. 22 yanvarda ərizə iddiaçıya verilmişdir ki, ərizədə müvafiq düzəlişlər edilsin. Bu vaxtda iddiaçı ərizəni cırmış və tullamışdır. Əgər, ərizə cırılmış və mövcud deyildirsə, ərizənin geri qaytarılmasına nə ehtiyac var idi ki? Buna heç bir ehtiyac yox idi. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının müraciətinə uyğun olaraq işi X4 Xidmətində araşdırdılar və onlara məktub göndərilmişdir. Onlar tərəflərindən verilən əmri ləğv edərək verilən vaxt ərzində yenidən baxmışlar. Hesab edir ki, pozuntu törətməyiblər. İşçinin təqdimatı onlara öncə prokurorluqdan gəlmişdi. Ondan sonra işçi xəbərdar olunmuşdur, lakin eyni hal yenidən təkrarlandı. Sonra bu məsələ mətbuatda qabardıldı və nazirliyin müvafiq şöbəsi bu məsələni araşdırdı. Şikayətçi nazirliyə müraciət edərək işçi barəsində tədbir görülməsini, şikayətçi olduğunu bildirmişdi. Onlar bütün bu halları və olanları işçiyə izah etmişdilər. İzah etdikdə işçi başqa orqanlara da şikayət olunmasın deyə, öz ərizəsini yazaraq işdən çıxmışdır. Hadisə baş verən gün işçi işdən çıxma barədə ərizəsini yazaraq kadrlar şöbəsinə təqdim etmişdir, sonra isə həmin ərizə hüquq şöbəsinə təqdim edildikdə, ərizədə işçinin hansı tarixdən işdən çıxması göstərilməmişdir. Buna görə də o, hüquq şöbəsinin məsul şəxsi kimi xəstəxananın baş həkiminin yanına getmiş, Asiman xanım da ora gəlmiş və Asiman xanıma ərizədə tarix göstərilmədiyi bildirilmişdir. Bu zaman Asiman xanım həmin ərizəni baxmaq üçün onlardan alaraq onların yanında ərizəni cırmışdır. Asiman xanımın ərizəsinin fotoşəkli daha əvvəl çəkilmiş olduğu üçün həmin fotoşəkildəki ərizəni çap etmişlər. Hazırda həmin ərizənin əsli yoxdur. Sonradan işçi müfəttişliyə müraciət edib və müfəttişlik işi araşdırıb onlara yenidən göndərmişdir. Qeyd ediblər ki, işçi narazıdır ki, ona 1 ay vaxt verilməli idi. Ancaq onlar vaxt verib və verilən vaxt ərzində rəsmi müraciət olunmayıb. Hesab edir ki, müfəttişliyin göndərdiyi məktuba əsasən pozuntu aradan qaldırılmışdır. Yanvar ayında verilən əmr ləğv edilmiş, daha sonra 13 mart tarixində qanuni şəkildə işçi azad olunub. Əmək müfəttişliyi onların törətdiyi pozuntunu görmüş və hüquqi qiymət vermişdir. Məhkəmədən iddia tələbi təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materialları: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmiş təqdimatın surətindən görünür ki, vətəndaş X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində usta köməkçisi işləyən zaman əlinin laqonda ilə kəsilməsi, ev sahibinin əməliyyat xərcləri üçün 1000 ABŞ dolları pul vəsaiti xərcləməsi, lakin başqa köməklik göstərməməsi barədə müraciəti Bakı şəhər prokurorluğundan rayon prokurorluğuna daxil olmuşdur. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü X7 11 noyabr 2023-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi 1, ev 60 ünvanında yerləşən fərdi yaşayış evində usta köməkçisi işləyən zaman taxta kəsdikdən sonra laqondanı yerə qoyub əlini laqondanı işə salan düymədən çəksə də, avadanlığın fırlanma periodu güclü olduğuna görə tamamilə qeyri-işlək vəziyyətə gəlməsi 15-20 saniyə davam etmiş, bu müddətdə laqondanın kəsici hissəsi yerində fırlanıb betona dəyərək Cavidin sağ əlinin bilək nahiyəsinə doğru çevrilmiş və biləyinin sağ nahiyənin üst hissəsindən aşağı nahiyəsinədək olan hissəni kəsmişdir. Həmin gün Cavid Məmmədli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu" PHŞ-yə gətirilmiş, sonuncunun sağ əlinin bilək nahiyəsinə müvəqqəti tikiş qoyulmuşdur. 14 noyabr 2023-cü il tarixdə pasiyent üzərində “sağ biləyin yarasının cərrahi işlənməsi, dirsək sinirinin İİİ, İV, V barmaqların bükücü vətərinin və dirsək açıcı vətərinin tikilərək bərpası” əməliyyatı icra olunmuşdur. X7 izahatında bildirmişdir ki, 11 noyabr 2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna çatan zaman Məhəmmədin dayısı olduğunu deyən bir nəfər şəxs xəstəxanada işçilərə vəsiqə təqdim etmiş, xəstəxanada qoluna müvəqqəti tikiş qoyulmuş və heç bir hüquq mühafizə orqanına bu hadisə barədə məlumat verməmişdir. O, 14 noyabr 2023-cü il tarixdə növbəti dəfə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutunda sağ əl nahiyəsindən əməliyyat olunmuş, əməliyyat təxminən 3 saat 40 dəqiqə davam etmiş, əməliyyat xərci 1000 ABŞ dolları pul vəsaitini Məhəmməd ödəmişdir. Məhəmməd həmin ödənişi əməliyyatı icra edən həkim İddiaçı ödəmişdir. X3 bildirmişdir ki, 11 noyabr 2023-cü il tarixdə hadisənin baş verməsi barədə xəbərdar olan kimi dərhal Cavidi götürüb şəxsi avtomobili ilə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutuna aparmış, yolda olan zaman Cavidin huşu özündə olmuş, Cavidin əlinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təcili tibbi yardım xidmətində ilkin yardım göstərilib müvəqqəti tikiş qoyulmuş, o həmin gün xəstəxanada 300 manata yaxın pul xərcləmiş, 3 gün sonra Cavid sağ əlindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunmuş, əməliyyatı icra edən İddiaçı olmuş, o, həkimə əməliyyat üçün 1000 ABŞ dolları pul vəsaiti vermişdir. X9 bildirmişdir ki, X2 14 noyabr 2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sağ əlindən əməliyyat olunması ilə əlaqədar həkim İddiaçı 1000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunan hadisə ilə bağlı nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi xahiş edilmişdir. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin 24 oktyabr 2024-cü il tarixli 719 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili Nəzarət şöbəsində keçirilmiş iclasda Binəqədi rayon Prokurorluğuna vətəndaş Cavid Məmmədlinin daxil olmuş şikayət ərizəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə verilmiş şifahi tapşırığı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı əsas götürülərək, Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən «yazılı xəbərdarlıq» verilmişdir. İnsan Resursları şöbəsi tərəfindən işçinin nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə halların təkrar baş verdiyi təqdirdə barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada ciddi tədbirlər görüləcək. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin baş həkimi X1 və hüquqşünas Nümayəndə akt tərtib edərək, Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkimi İddiaçı PHŞ-nin baş direktoru Rüstəm Talışinskinin adına yazılıb, dərkənarı qoyulmuş «işdən azad olunma» ərizəsini xx.xx.2025ci il tarixdə baş həkimin otağına baxmaq üçün hüquqşünasdan alaraq subordinasiya qaydalarını pozmaqla cırıb atmışdır. xx.xx.2025-ci il tarixli ərizənin fotoşəkil üzərindən çap edilmiş surətindən görünür ki, İddiaçı «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin baş direktoru Rüstəm Talışinskinin adına ərizə yazaraq, öz arzusu ilə onun tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, həmin tarixdə ərizəyə «etiraz etmirəm» məzmunlu dərkənar qoyulmuş və imzalanmışdır. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin 22 yanvar 2025-ci il tarixli 22 saylı əmrindən görünür ki, Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (özünün təşəbbüsü) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müəssisə tərəfindən təqdim edilən sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X5 direktoru Rüstəm Talışınskiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı Cavabdehndə əmək hüquqlarının pozulması barədə 142 Çağrı mərkəzinə ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı vətəndaş İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nin 13 mart 2025-ci il tarixli 84 saylı əmrindən görünür ki, Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00301 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixə saat 13:30-14:00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, lakin cavabdehin nümayəndəsi gəlməmişdir. Bu səbəbdən, mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsidir. 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. 68-ci maddəsinin: 1-hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 84-cü maddəsinin 1-ci hisəssinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli məlumatlara əmək müqaviləsinə xitam verilməsinin əsası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər aid edilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən araşdırılmış faktiki hallarından müəyyən edilir ki, iddiaçı, yəni hazırki iş üzrə cavabdeh olan işgötürənin işçisi əmək funksiyasının ehtimal edilən pozuntusuna görə (prokurorluğun müvafiq məktubunda istinad edilən hallar) xx.xx.2025-ci il tarixdə işdən çıxma barədə ərizə yazmışdır. İşçinin belə bir ərizə yazması və sonradan həmin ərizəni cıraraq məhv etməsi işin mübahisəsiz halıdır. Qeyd edilən hal tərəflərin izahatları, habelə cavabdehin tərtib edərək məhkəməyə təqdim etdiyi aktla tam təsdiqini tapmışdır. Lakin işəgötürən qeyd edilən faktdan yanlış hüquqi nəticə çıxarmışdır. Məhkəmə araşdırması zamanı işçinin həmin an müəyyən təsir altında belə bir ərizə yazması da aydın olmuşdur. İşçi yazmış olduğu ərizəni əldə edərək onu məhv etməklə işəgötürənə məhz işdən çıxmamağa dair iradəsini göstərmişdir. Belə olan təqdirdə isə işəgötürən işçinin bu iradə ifadəsini əsas götürməli olduğu halda, qiymət verməli olmadığı hala, yəni daha əvvəl yazılmış ərizəyə münasibət bildirməklə, üstəlik də əlavə inzibati xəta pozuntusuna yol verməklə işçinin artıq fiziki olaraq mövcud olmayan ərizəsi üzrə qərar qəbul edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. İşəgötürənin xx.xx.2025-ci il tarixli əmri əsası olmayan bir əmr kimi hüquqi qüvvəyə malik olmadığından ləğv edilməlidir. Məhkəmə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə özünün daha əvvəl qəbul etdiyi xx.xx.2025-ci il tarixli əmrini ləğv etməsi ilə bağlı bildirir ki, işəgötürən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın göstərişi əsasında həmin əmri ləğv etsə də, hazırki iddia tələbinin hazırda mövcud və qüvvədə olan xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilməsi özlüyündə daha əvvəl qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrin hüquqi qüvvəsinin bərpası nəticəsi daşıdığından iddia tələbi tam həcmdə, yəni hər iki əmrə münasibətdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli əmr özlüyündə əsassız olduğundan və xx.xx.2025-ci il tarixli əmrdə bir daha mövcud olmayan ərizəyə istinad edildiyindən işəgötürənin hər iki əmri ləğv edilməli və işçi əvvəlki vəzifəsinə işə bərpa edilməklə, məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq işəgötürən tərəfindən işçiyə ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» PHŞ-nın xx.xx.2025-ci il tarixli 22 №-li əmri və xx.xx.2025-ci il tarixli 84 saylı əmri ləğv edilməli, İddiaçı «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X10 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi «Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X13 həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X10 xx.xx.2025-ci il tarixli 22 №-li əmri və xx.xx.2025-ci il tarixli 84 saylı əmri ləğv edilsin. İddiaçı «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X10 Əl cərrahiyyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh «Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» X13 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2273/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2273/2025
05.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver