Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2283/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” ASC arasında xx xxx 2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı 600 manat əmək haqqı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə təyin olunmuş və həmin tarixdən həmin vəzifədə çalışmışdır. xx xxx 2017-ci il tarixli əmək müqaviləsinə 4 il sonra “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunazidd olaraq xitam verilmişdir. İddiaçı həmin əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməmişdir. Bu qanun pozuntusu ilə birlikdə, sözügedən əmr iddiaçı xəstəliyə görə məzuniyyətdə olduğu vaxt, izahatı alınmadan verilmişdir ki, bu da mühüm qanun pozuntusudur. Məhz xx.xx.2021-ci il tarixi də daxil olmaqla xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər iddiaçı Covid -19 xəstəsi olduğunu ehtimal etdiyi (sahə həkimləri rəyi kəskin respirator xəstəliyi idi), qızdırma içində yanan, ciddi surətdə əziyyət çəkən xx.xx.2010-cu il təvəllüdlü 11 yaşlı oğlu X3 evdə müalicə etməyə çalışırdı. Bu barədə iş yerinə məlumat vermiş və ona işə gəlməyinin daha təhlükəli olduğunun, lakin gələrkən bu barədə tibbi sənədin təqdim edilməsi tələb edildi. İddiaçı həmin tibbi sənədi xx.xx.2021 tarixində aldı, lakin daha sonra öyrəndi ki, xx.xx.2021-ci il tarixində, yəni xəstəliyə görə məzuniyyətdə olduğu tarixdə onu işdən çıxarıblar. Göstərilənlərə əsasən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmri ləğv edilərək İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumuun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Nürəddin qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Sumqayıt şəhəri 5 saylı şəhər uşaq poliklinikası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı övladı X1 xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək kəskin respirator xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. İşin materiallarında olan TQS № 027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “kəskin respirator” xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. İşin materiallarında olan “xxxx” ASC-nin AS-k-21/09 №-li, xx xxxxxx 2021-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) xx xxxxxx 2021-ci il tarixdə xitam verilmiş, həmçinin, yekun hesablaşma aparılaraq, xx xxx 2020-ci il – xx xxxxxx 2021-ci il tarixə qədər olan iş ili üçün 19 əsas məzuniyyət günlərinin haqqı ödənilmişdir. İşin materiallarında olan Vəkil ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqi xidmətin dəyəri 290 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “xxxx” ASC-də sığorta əməliyyatçısı vəzifəsində işləmiş, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə görə işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi İddiaçı övladının xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək xəstəliyi ilə (Covid-19) əlaqədar əmək qabiliyyəti olmadığı vaxt o, qanunsuz olaraq xx.xx.2021-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə əsasən iddiaçının övladının xəstəliyi ilə əlaqədar bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 290 (iki yüz doxsan) manat hüquqi xidmət xərcinin əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 290 (iki yüz doxsan) manat hüquqi xidmət xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-2283/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2283/2021
09.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver