Məhkəmə qərarları › İş №e-2(006)-2308/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2308/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2308/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 152 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 152 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçıya atasının vəfatından sonra vərəsəlik yolu ilə keçmişdir. İddiaçının başqa bir şəxslə qeyrirəsmi münasibətindən 1991-ci ildə qızı - Cavabdeh dünyaya gəlmişdir. Cavabdeh iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olsa da, anadan olandan təxminən yeddi ay sonra atası tərəfindən himayəyə götürülmüş və atası ilə birlikdə başqa ünvanda yaşamışdır. Cavabdeh atası ilə yaşamağa başladıqdan sonra isə iddiaçının cavabdehlə heç bir əlaqəsi olmamışdır. İddaçı təxminən 12-15 il əvvəl cavabdehin ailə qurduğunu eşitmiş, bundan sonra isə onun barəsində ümumiyyətlə məlumatı olmamış və hal-hazırda da harada olması və həmçinin, yaşaması barədə heç bir məlumatı yoxdur. İddiaçının mülkiyyətində olan ev atasının vəfatından sonra digər vərəsələr vəfat etdiyindən, sağ qalan bir bacısı da öz payını iddiaçıya bağışlamış və iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı cavabdehin qeydiyyatdan çıxarılması üçün Nəsimi Rayon Polis İdarəsinə yazılı müraciət etsə də, həmin orqan onun müraciətini təmin etməkdən imtina etmiş və qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyini bildirilmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, iş üzrə materiallardan aydın göründüyü kimi, cavabdehin iddiaçının tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən xeyli müddətdir ki, iddiaçı həmin cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Bu isə iddiaçıya maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Göstərilənlərə əsasən, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 152 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, 6 aylıq olanda anası onu atasıgilin yaşadığı evin ağacının altına qoyub getmiş, nənəsi onu tapmışdır. 6 yaşınadək onu anasının atası, 6 yaşından 18 yaşına kimi isə atasının anası saxlamışdır. İstifadə hüquqlarına xitam verildiyi təqdirdə iddiaçıdan pul kompensasiyası tələb etdiyini qeyd edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1-dir. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi: **********93-10301) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında Cavabdeh da qeydiyyatdadır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 1298 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin uzun müddətdir, yaşamır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 082-35841İ-3222 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir, məhkəmə orqanlarına müraciət etmək hüququnun olması onun nəzərinə çatdırılmışdır. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, üçüncü şəxs Cavabdeh iddiaçının qızı olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, onun iddiaçının ailə üzvü kimi həm qüvvədən düşmüş Mənzil Məcəlləsinə, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən qeydiyyatda olduğu mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ (imkanı) olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, onun qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən istifadə hüququ əldə etdiyi mübahisəli yaşayış sahəsində iddiaçı ilə birgə təsərrüfat aparıbaparmamasının, onun həmin yaşayış sahəsinə olan zərurət əsaslarının (yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması) aradan qalxıb-qalxmamasının aydınlaşdırılması, bunun nəticəsi olaraq istifadə hüququna xitam verilib-verilməməsinin müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan hazırki icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi inzibati mühakimə icraatının predmetini təşkil etmir. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin, inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Çünki cavabdeh yalnız yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxsləri mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarmaq səlahiyyətinə malikdir. Mülki işin materiallarında olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, ünvan 3 ünvanında qeydiyyatda olan X5 və ünvan 4 ünvanında qeydiyyatda olan X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, təxminən 1991-ci ildən hal-hazıra kimi həmin ünvanda yaşamamışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 101 (bir yüz bir) manat məbləğində rüsum ödənilmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(006)-1163/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmışdır. e-2(006)-1163/2023 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı: 1) xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh anasının onu altı aylıq olarkən atıb getdiyini, 16-17 yaşına çatanda anasının yaşadığından və kim olduğundan xəbər tutaraq anasını tapdığını, lakin anasının onu qəbul etmədiyini bildirmişdir. Keçən yay anası ona zəng edib pul qarşılığında bəzi sənədlərə imza etməyi ondan xahiş etmiş, o isə qəbul etməmişdir. Hazırda xəstədir, qulluğa ehtiyacı var, bir uşağı ilə Ramana qəsəbəsində kirayə yaşayır. 2) xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı isə Cavabdeh izahatında bildirmişdir ki, 1 yaşına qədər hazırda qeydiyyatda olduğu evdə yaşamış, daha sonra anası onu aparıb atasına vermiş, 27 yaşına kimi atası ilə yaşamışdır. Hazırda yoldaşı da onu atıb gedib, uşağı ilə kirayədə yaşayır. e-2(006)-1163/2023 saylı mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır. Ümumi sahəsi 32.8 kv.m, yaşayış sahəsi 26.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.1996-cı il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı DNK-nın 2V-500 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-3065 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. e-2(006)-1163/2023 saylı mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X4 “Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə X3 verilmiş 30/5323 qeydəalma nömrəsi ilə 35 nömrəli kitabın 5323-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən sahəsi 32.8 kv.m, yaşayış sahəsi 26.5 kv.m, yardımçı sahəsi 6.3 kv.m, 2 otaqlı olan fərdi yaşayış evinə dair Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-500 reyestr nömrəsilə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş 1/2 hissədən ibarət miras payını İddiaçı bağışlamışdır. e-2(006)-1163/2023 saylı mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və X1 hər biri Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə X3 verilmiş 30/5323 qeydəalma nömrəsi ilə 35 nömrəli kitabın 5323-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 32.8 kv.m, yaşayış sahəsi 26.5 kv.m, yardımçı sahəsi 6.3 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən 1/2 hissədə pay almalıdır. e-2(006)-1163/2023 saylı mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 2128 nömrəli sərəncamından görünür ki, Mərdanov Qardaşları küçəsindəki özbaşına tikilmiş torpaqyanı sahəsi 55.4 kvm, tikinti sahəsi 51.5 kv.m, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 26.5 kv.m, köməkçi sahəsi 6.3 kv.m olan 152 nömrəli evin ilkin qeydiyyata alınmasına razılıq verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsindən xahiş olunmuşdur ki, Mərdanov Qardaşları küçəsindəki özbaşına tikilmiş 152 nömrəli ev inventarizasiya olunsun və X3 qeydiyyat vərəqəsi verilsin. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 152 saylı fərdi yaşayış evi hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh isə həmin ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, orada yaşamır. Belə ki, cavabdehin bildirdiyinə görə, o, hazırda uşağı ilə birlikdə Ramana qəsəbəsində kirayə tutduğu evdə yaşayır. Cavabdehin anadan olduqdan sonra təxminən 6-7 ay müddətində hazırda qeydiyyatda olduğu ünvanda anası ilə birlikdə yaşaması, sonradan atasının himayəsinə verilərək başqa ünvanda yaşamağa başlaması hər iki tərəfin ilkin izahatları ilə təsdiq edilir. Belə ki, cavabdeh tərəf ilkin olaraq bildirmişdir ki, anası onu altı aylıq olarkən atıb getmiş, 16- 17 yaşına çatanda anasının yaşadığından və kim olduğundan xəbər tutaraq anasını tapmış, lakin anası onu qəbul etməmişdir. Lakin sonrakı izahatlarında o, ilkin izahatı ilə ziddiyyət təşkil edən ifadələr işlətmişdir: “Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı bildirmişdir ki, 1 yaşına qədər hazırda qeydiyyatda olduğu evdə yaşamış, daha sonra anası onu aparıb atasına vermiş, 27 yaşına kimi atası ilə yaşamışdır. Hazırda yoldaşı da onu atıb gedib, uşağı ilə kirayədə yaşayır”. Hazırki məhkəmə iclasında isə cavabdeh tərəf qeyd edir ki, “6 aylıq olanda anası onu atasıgilin yaşadığı evin ağacının altına qoyub getmiş, nənəsi onu tapmışdır. 6 yaşınadək onu anasının atası, 6 yaşından 18 yaşına kimi isə atasının anası saxlamışdır”. Cavabdehin neçə yaşınadək iddiaçıya məxsus evdə yaşaması hazırki işin mübahisəli halını təşkil edir. Lakin qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə cavabdehin iddiaçının qızı olması nəzərə alınaraq, onun iddiaçının ailə üzvü kimi həm qüvvədən düşmüş Mənzil Məcəlləsinə, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən qeydiyyatda olduğu mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququnun (imkanının) olması müəyyən edilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 152 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə iddianın təmin edildiyi təqdirdə kompensasiya tələb etdiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslıdır. Belə ki, məhkəmə araşdırmaları zamanı təqdim edilmiş materiallardan və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehin anadan olduğu 1991-ci ildən neçə ay və ya il müddətində iddiaçıya məxsus evdə yaşaması mübahisəli olsa da, həmin evdən istifadə hüququnun yaranması və onun uşaqlıqdan (ya 6-7 aylığından, ya 1 yaşından və ya 6 yaşından) həmin evdə yaşamaması işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, onun hazırda həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması da formal xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan da göründüyü kimi, Cavabdeh anadan olduğu xx.xx.1991-ci il tarixdən etibarən qeyri-müəyyən müddətə hazırda iddiaçının (həmin dövrdə iddiaçının atasının) mülkiyyətində olan evdə yaşamış, 1992-ci (və ya 1997-ci) ildən isə həmin evdən çıxıb daimi əsaslarla başqa yerdə yaşamağa başlamışdır. Hazırda 30 ilə yaxındır ki, mübahisəli evdə yaşamır. Cavabdeh həmin evdə 1991-ci ildən etibarən yaşamağa başladığından, hazırki mübahisəyə 1982-ci ildən xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehin icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh doğulduduğu gündən həmin vaxt evin mülkiyyətçisi olmuş babasının evində ailə üzvünün həddi-büluğa çatmamış uşağı qismində - anası (iddiaçı) ilə birlikdə yaşamağa başlamışdır. Beləliklə, cavabdeh həmin evdən orada yaşayan digər şəxslərlə (hazırki mübahisə üzrə iddiaçı) bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Burada qeyd edilməlidir ki, evdən istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Təsadüfi deyil ki, istinad edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır. Hazırkı işdə cavabdehin 1992-ci (və ya 1997-ci) ildən başqa yerdə daimi əsaslarla yaşamağa başlamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, onun həmin evdən istifadə hüququ başqa yerdə yaşadığı andan aradan qalxmışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququnun 1982-2009-cu illər ərzində qüvvədə olan Mənzil Məcəlləsinə əsasən doğulduğu andan – 1991-ci ildən yarandığı müəyyən edilmiş, cavabdeh 1992-ci (və ya 1997-ci) ildən başqa yerdə yaşamağa başlamış, onun başqa ünvanda yaşaması səbəbindən həmin evdən istifadə hüququ 1992-ci (və ya 1997-ci) ildən aradan qalxmışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 6 ünvanında yerləşən evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin iddianın təmin edildiyi təqdirdə kompensasiya ödənilməsi ilə əlaqədar tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin mübahisəli evə dair yaranmış istifadə hüququnun kompensasiya verilmədən aradan qalxması halı müşahidə olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin istifadə hüququ saxlansaydı belə, onun kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmazdı. Belə ki, bu hüquq məhz iddiaçıya məxsus olan hüquqdur ki, kompensasiya vermək yolu ilə cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsini məhkəmə qaydasında tələb etsin. Hazırda isə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli evdən istifadə hüququ əvvəlcə yaranmış, sonra isə itirilmişdir və istifadə hüququnun itirilmiş hesab edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Buna görə də iddiaçı cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə deyil, istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin isə hazırki məhkəmə mübahisələri yaranan günə qədər müxtəlif iddia tələbləri ilə (ən azından, yaşayış sahəsinə köçürmə) məhkəməyə müraciət etmək hüququ olmuş, lakin o, hərəkətsiz qalmışdır. Bu isə onu deməyə əsas verir ki, onun bu günədək başqa yaşayış yeri olmuşdur. Başqa sözlə, yaşayış sahəsinə olan ehtiyacını bu evdən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia təmin edilməsinə baxmayaraq, iddiaçı tərəf rüsumun özünə aid edilməsini tələb etdiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən evə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar