Məhkəmə qərarları › İş №e-2(006)-2315/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2315/2025

20.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2315/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - işəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN-nin əmək müqavilələrinin qeydiyyata alınması üçün yaradılmış elektron sistemində iddiaçının adına cavabdeh - işəgötürən Cavabdeh MMC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsi qüvvədə olan əmək müqaviləsi kimi görünür. İddiaçı cavabdehlə əmək münasibətlərini 2015-ci ildən bitirmişdir. O, daha cavabdehin işçisi deyil. Buna baxmayaraq, elektron bazada hələ də cavabdehin işçisi kimi qeydiyyatda qalmaqdadır. ƏƏSM-nin sistemində Cavabdeh MMC-də xx.xx.2013-cü il tarixdən iddiaçı traktorçu işçi kimi görünür və hər ay adına 180 manat əmək haqqı yazılır, hansı ki nə iddiaçı orada işçidir, nə də əmək haqqı alır. Bu məsələ barədə o, 2024-cü ilin oktyabrında məlumatlı olmuşdur. Belə ki, başqa bir iş üçün DOST mərkəzinə müraciət edərkən ona demişlər ki, “sənin adına sistemdə iş görünür”. İddiaçı bildirmişdir ki, “axı mən heç bir iş yerində işləmirəm”. Lakin yeni iş üçün müraciət etdiyi müəssisə əməkdaşları məsələni aydınlaşdırmaq üçün ona DOST mərkəzinə müraciət etməsini məsləhət bilmişlər. İddiaçı 2024-cü ilin oktybar ayında Bərdə rayonunda yerləşən DOST mərkəzinə gedərək, ƏƏSMN yanında X1 Xidmətinin əməkdaşlarına müarciət etmiş və onlar da elektron sistemdən iddiaçıya cavabdehin işçisi olduğuna dair elektron arayış təqdim etmişlər və ona məsələnin, məhkəmə mübahisəsi yolu ilə işəgötürənə qarşı iddia qaldıraraq əmək müqaviləsinin xitam olunması qaydasında həllinin mümkünlüyünü izah etmişlər. Lakin iddiaçı tərəfindən uzun müddət cavabdehin dəqiq ünvanı ilə bağlı yazışmalar aparıldığı üçün yalnız 2024-cü ilin dekabr ayında cavabdehin ünvanına dair dəqiq məlumat əldə etdikdən sonra mediasiyaya müraciət edə bilmişdir. Bundan sonra o, cavabdehə qarşı iddia qaldırmaq üçün xx.xx.2024-cü tarixdə mediasiya prosesinə başlamışdır. Bərdə 1 saylı mediasiya təşkilatı (mediator: M.Mehdiyev) ona xx.xx.2025-ci il tarixli MŞB\1/2024-00042 ******* nömrəli arayış təqdim etmişdir. İddiaçının cavabdehlə heç bir əmək münasibəti yoxdur. O, cavabdeh üçün əmək funksiyasının əməkhaqqı ödənilməklə hər hansısa iş icra etmir. Ümumiyyətlə o, yuxarıda da bəyan etdiyi kimi 2015-ci ildən cavabdehlə əmək münasibətlərini bitirmişdir. Cavabdeh işəgötürən olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə qeydiyyata aldırmamışdır. İddiaçı bu hüququndan istfadə edərək xx.xx.2024-cü il tarixdə cavabdehlə əlaqə saxlamağa səylər göstərmişdir. Lakin cavabdehlə əlaqə saxlamaq mümkün olmadığı üçün o, dərhal elə xx.xx.2024-cü il tarixdə də mediasiya prosesini başlatmışdır. Faktiki oalraq cavabdehin iddiaçı ilə xx.xx.2013-cü il tarixdə bağladığı və 2015-ci ildən etibarən əmək münasibətlərinin real olaraq bitməsinə baxmayaraq, hələ də elektron sistemdə iddiaçının adına müqavilənin saxlanılması əmək müqaviləsi bağlamağa məcbur edilmə kimi qiymətləndirilməlidir. DOST mərkəzinə müraciət edərkən o, ƏƏSMN əməkdaşlarından elektron sistemdə əmək müqaviləsinə xitam verməsini xahiş etsə də, lakin onlar iddiaçıya AR ƏMnin 49-cu maddəsini əsas göstərməklə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olduğunu izah etmişlər. Elektron sistemdə cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsində 180 manat aylıq əmək haqqının rəsmiləşdirildiyi öz təsdiqini tapır. Bu halın özü də işəgötürən tərəfindən həm dövlətə və həm də iddiaçıya qarşı yol verilən ciddi qanun pozuntusudr. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilməməsi onun konstitusion hüququnun birbaşa pozuntusudur. Cavabdehin iddiaçıya qarşı yol verdiyi barəsində bəhs edilən və mübahisələndirilən hüquq pozuntusu ona sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etməyə imkan vermir. Faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

3. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflərin (nümayəndələrinin) məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxsin nümayəndələri isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Sosial arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013cü il tarixli əmək müqaviləsi qüvvədədir, iddiaçının vəzifəsi traktor sürücüsü, əmək haqqı 180 manatdır. MMC iddiaçının əsas iş yeridir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehin hüquqi ünvanının Nəsimi rayonu ərazisində olması, fəaliyyətinin xx.xx.2023-cü ildən xx.xx.2040-cı ilədək dayandırılması barədə məlumat verilmişdir.

9. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə 24.02.205-ci il tarixli, MŞB/1/2024-00042 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

10. İş materiallarında iddiaçının vəkili-nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış məktub da vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2013-cü il tarixində əsas iş yeri üzrə Cavabdeh MMC-də “traktor sürücüsü” vəzifəsinə qəbul olunmuş, sonradan işdən çıxsa da, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir.

12. İddiaçı tərəfindən işəgötürənə müraciət edilsə də, cavabdeh hərəkətsiz qalmışdır. Bundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, lakin Xidmət bu məsələnin öz səlahiyyəti xaricində olmasını bildirərək, iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.

13. Xidmətin tövsiyəsi əsasında iddiaçı əvvəlcə mübahisənin məhkəmədənkənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

14. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2023-cü ildən xx.xx.2040-cı ilədək dayandırılmışdır.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

15. Məhkəmə hesab edir ki, işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verməli olduğu halda, işəgötürən bunu etmədiyindən, əmək qanunvericiliyinin normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdeh MMC-də işləmədiyi halda, sistemdə adına aktiv əmək müqaviləsinin olması onun əmək hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki iddia tələbi təmin edilməlidir.

d) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 12-ci maddə, 1-ci hissə, “h” bəndi. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddə, 1-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddə, 1-2-ci hissələr. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: 3.4-cü bənd. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

18. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələnin həll edilməsi üçün məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı olmadığını vurğulamağı zəruri sayır.

Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. İş üzrə mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh MMCdən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar