Məhkəmə qərarları › İş №e-2(006)-2331/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2331/2023

23.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2331/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X1 cavabdeh «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X2 cavabdeh «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin İdarə Heyətinin sədri X5 ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Aralarında bağlanmış olan müqaviləyə xx.xx.2022-ci il tarixli, RHŞ/6-3.1- 2022486 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddiaçı peşəkar, İşdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. İddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı bir əsas mövcud olmamışdır. Göstərilənlərə əsasən İddiaçı barəsində qəbul edilmiş əmrin ləğvi, «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdehn İdarə Heyətinin sədri X5 ilə arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsində direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Həmin müqaviləyə isə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hesab edirlər ki, həmin əmr qanunsuzdur. Belə ki, iddiaçı bundan əvvəl də uzun müddət Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilatı metodik işlər üzrə müavini vəzifəsində çalışıb. Daha sonra Səhiyyə Nazirliyinin bir çox idarəsi kimi Tərtər rayon Mərkəzi Xəstəxanası da TƏBİB-in tabeliyinə keçib. Bu zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiaçı işin bərpa olunmuş və bu zaman onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması üçün konkret əsaslar göstərilmişdir. Ancaq bu əsasların heç biri olmadan iddiaçı ilə tam qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, həmin müqavilə bağlanıldığı andan etibarsızdır, çünki iddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə əsasən Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Yəni onun əvvəlki vəzifə səlahiyyətləri ilə yeni vəzifəsi arasında heç bir fərq olmamışdır. Belə ki, eyni vəzifədə 5 ildən artıq işləmiş işçi ilə müddətli əmək müqaviləsinin bağlanılması AR əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasıdır. İddiaçı uzun müddət həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş və qeyd edilən hadisələr baş verərkən məcburi qaydada sertifikasiya imtahanına cəlb edilmiş və onu uğurla keçmişdir. Lakin nədənsə həmin sertifikasiya imtahanı ilə bağlı sənədləri Tərtər rayon Mərkəzi Xəstəxanasına təqdim etdikdən sonra həmin sənədlər itirilib. İddiaçı işdən çıxarıldıqdan sonra cavabdehə çoxsaylı danışıqlar prosesi aparılsa da, Tərtər rayon Mərkəzi Xəstəxanasının direktoru iddiaçıya qarşı tutduğu qərəzli mövqeyi bir daha sərgiləmiş və «mən bu xəstəxanada direktoru olduğu müddətdə İddiaçı ilə bu müəssisədə çalışa bilməz» deyə bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş prosessual müddətin ötürülməsi ilə bağlı onu bildirmək istəyir ki, onlar mediasiya müraciət etməmişdən öncə uzun müddət cavabdehlə danışıqlar aparmaqla çalışmışlar. Bu da iddiaçının öz işinə məhkəmədənkənar qaydada qaytarılacağı ilə bağlı ümid etməsi ilə əlaqədar olmuşdur. Məhkəməyə tərəfindən təqdim edilmiş qəbzin surətindən də göründüyü kimi, onlar xx.xx.2022-ci il tarixdə mediasiya təklifi ilə bağlı məktubu cavabdehə göndərmişlər. Hesab edirlər ki, məhkəməyə müraciət etmək üçün prosessual müddətin axımı həmin gündən dayanmalı idi. Daha sonra onların cavabdehlə aralarında uzun müddət danışıqlar aparılmış, lakin Tərtər rayon Mərkəzi Xəstəxanasının direktorunun iddiaçıya qərəzli mövqe sərgiləməsi ilə əlaqədar onlar mediasiyaya daha sonra isə məhkəməyə müraciət etmişlər. Bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, etirax tam əsassızdır və iddiaçı barəsində qəbul edilmiş əmr tam qanunsuzdur və həmin əmr ləğv edilərək iddiaçı öz işinə bərpa olunmalıdır. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hər şeydən öncə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni xx.xx.2022-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa, işçiyə əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının məhkəməyə müraciət etməsi üçün bir aylıq müddəti var idi. İddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi 2022-ci ilin oktyabr ayında tərtib olunmuş qəbzin mötəbərliyini isə onlarda şübhə doğurmaqdadır. Belə ki, tərəfindən həmin tarixli məktubun onlara daxil olub-olmaması ilə bağlı araşdırma aparılmış, lakin elə bir məktubun onlara daxil olması heç bir məlumat aşkarlanmamışdır. İddiaçı tərəfindən onlara mediasiya ilə bağlı təklif yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Təkliflə bağlı cavab isə tərəflərindən 26 dekabr tarixində göndərilmişdir. Hesab edirlər ki, həmin cavab məktubu iddiaçı tərəfə yanvar ayının birinci ongünlüyündə daxil olmalı idi. Həmçinin həmin cavab məktubunu gözləmədən iddiaçı tərəf artıq 6 dekabrda məktub onlara çatdıqdan 10 gün sonra mediasiyaya müraciət etməli idi. Ancaq iddiaçı tərəf mediasiyaya mart ayında müraciət etmişdir. Nəticədə prosessual müddət kifayət qədər uzun bir müddət ötürülmüşdür. Mübahisənin mahiyyəti ilə bağlı isə nəzərinə çatdırmaq istəyir ki, iddia tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə TƏBİB arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsində direktorun inzibati işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi müvafiq maddələr hazırki işin faktiki hallarına tətbiq oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Həmin müqavilə də, iddiaçının razılığı ilə bağlanılıb və hər dəfə uzadılıb. İddiaçı müddətli əmək müqaviləsinin bağlanılmasını istəmirdisə, onu bağlamaqdan imtina edə bilərdi. Həmin müqavilə ilə razılaşdıqdan sonra o, müddətli əmək müqaviləsindən irəli gələn riskləri daşımalı idi. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli yenilənmiş (yenidən tərtib edilmiş) əmək müqaviləsindən görünür ki, müqavilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işçinin xx.xx.1998-ci il tarixli ilkin əmək müqaviləsinin yeni redaksiyada verilməsi məqsədilə tərtib edilmişdir (bənd 1.1). İşçi TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə əsas iş yeri üzrə təyin edilir (bənd 1.2). Yenilənmiş əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir (bənd 1.3). Yenilənmiş əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən müddətli bağlanmışdır (bənd 2.1). Yenilənmiş əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay müddətinə bağlanır. Həmin müddət bitdikdən sonra əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, Yenilənmiş əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzanır (bənd 2.2). İşçinin xx.xx.1998-ci il işə qəbul edilmə tarixi dəyişdirilmədən saxlanılır (bənd 2.3). Yenilənmiş əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər (bənd 9.1). Yenilənmiş əmək müqaviləsi qüvvəyə mindikdən sonra bu müqavilə ilkin müqavilənin yenilənmiş redaksiyada yenidən tərtibi hesab edilir və xx.xx.2020-ci il tarixədək işçi ilə bağlanmış əmək müqavilələri və ona əlavə və dəyişikliklər öz hüquqi qüvvəsini itirir (bənd 10.1).

7. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdehn xx.xx.2022-ci il tarixli, PHŞ/6-3 1-2022-486 saylı əmrin surətinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndini (əmək müqaviləsinin müddətinin qurtaması) və İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin iclasının xx.xx.2019-cu il tarixli 16 nömrəli protokolu ilə təsdiq edilmiş Cavabdehn (TƏBİB) Nizamnaməsinin 4.10.5ci və 4.10.10-cu yarımbəndini rəhbər tutaraq «Tərtər Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin direktorun inzibati məsələlər üzrə müavini İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Əsas: əmək müqaviləsi.

8. İş materiallarında olan əmək kitabçaların işəgötürən tərəfindən işçiyə təhvil verilməsi jurnaldan çıxarışından görünür ki, İddiaçı ******* nömrəli, xx.xx.2020-ci il tarixli əmək kitabçası xx.xx.2022-ci il tarixdə almışdır.

9. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, o Cavabdehn İdarə Heyətinin sədri X5 ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Aralarında bağlanmış olan müqaviləyə xx.xx.2022-ci il tarixli, PHŞ/6-3.1-2022-486 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hazırda əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi məsələsinin mediasiya yolu ilə həll edilməsini, eyni zamanda mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməsi təklif etmiş və həmin təklifdə olan qeyddən görünür ki, həmin təklif xx.xx.2022-ci il tarixdə, PHŞ/6-H-1-2022-6828 nömrə ilə qeydə alınmışdır.

10. İş materiallarında olan «Aynur Express» surətli poçt xidmətinin qəbzin surətindən görünür ki, X2 tərəfindən Cavabdeh publik hüquqi şəxsə ünvanlanmış xx.xx.2022-ci tarixli məktub həmin təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mediasiya prosesinin tətbiqi barədə təklif xarakterli müraciətində əks olunan əks olunan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi məsələsinin mediasiya yolu ilə həll edilməsi, eyni zamanda mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi və Mediasiya Təşkilatından mediatorun təyin edilməsi ilə bağlı hər hansı təklifləri yoxdur.

12. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı mediasiya prosesi barədə müraciəti Cavabdeh publik hüquqi şəxsə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə İddiaçı cavab göndərilmişdir.

13. İş materiallarında olan Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-0088/02 nömrəli arayışından görünür ki, İddiaçı nümayəndəsi Vəkil və TƏBİB-nin (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin) nümayəndəsi X3 əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 16.20-16.40 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesin davam etdirə bilməmişdir. Vəkil 50 manat məbləğində mediasiya xərcini ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli yenilənmiş əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi müddətli olmaqla xx.xx.2021-ci il tarixədək bağlanılmışdır. Müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinin müddətli bağlanması üçün əsas olmamasını iddia edərək, onun işdən azad olunması barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

17. Göstərilən Məcəllənin 47-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi bağlanan hallar aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

18. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

19. Göstərilən Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

20. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

21. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

22. Odur ki, mülki işin materiallarından (əmək müqaviləsi və ona edilmiş sonrakı dəyişikliklər) görünür ki, hazırki iddiaçı xx.xx.1998-ci il tarixdən ilkin əmək müqaviləsi üzrə işə başlamış və daha sonradan isə xx.xx.2020-ci il tarixli yenilənmiş (yenidən tərtib edilmiş) əmək müqaviləsi tərtib edilmişdir. Bu müqavilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işçinin xx.xx.1998-ci il tarixli ilkin əmək müqaviləsinin yeni redaksiyada verilməsi məqsədilə tərtib edilmişdir (bənd 1.1). İşçi TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə əsas iş yeri üzrə təyin edilmişdir (bənd 1.2). Həmçinin işçinin xx.xx.1998-ci il işə qəbul edilmə tarixi dəyişdirilmədən saxlanılmışdır (bənd 2.3). Oda müqavilədə qeyd edilmişdir ki, yenilənmiş əmək müqaviləsi qüvvəyə mindikdən sonra bu müqavilə ilkin müqavilənin yenilənmiş redaksiyada yenidən tərtibi hesab edilmiş və xx.xx.2020-ci il tarixədək işçi ilə bağlanmış əmək müqavilələri və ona əlavə və dəyişikliklər öz hüquqi qüvvəsini itirmişdir (bənd 10.1). Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz əmək münasibətlərini 1998-ci ildən başlamış və xx.xx.2022-ci il tarixədən davam etmişdir (əmək münasibəti 24 il davamlı olaraq davam etmişdir) . Bu halda işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinə sırf Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verməsində haqlı olmamışdır.

23. Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

24. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

26. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər.

27. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

29. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi ilə cavabdeh təşkilata xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bundan sonra işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/MT015/2023-0088/02 saylı arayışı əldə etmişlər.

30. Məhkəmə həmçinin xx.xx.2022-ci il tarixdən mediasiya şurasına da xx.xx.2023cü il tarixdə- 4 aydan çox müddət ötürülməklə müraciət etmişdir ki, bu halın özüdə “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin ( Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir) tələbinin pozulması ilə nəticələnmişdir.

31. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

32. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilata mediasiya prosesinin tətbiqi barədə təklifi ilə xx.xx.2022-ci il tarixdə müraciət etsə də, ilkin mediasiya sessiyasına xx.xx.2023-cü il tarixdə, təxminən 5 ay sonra, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışı əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

33. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla əsassız hesab edilməli və təmin edilməməlidir.

34. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.

35. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 cavabdeh «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya dövrü üçün əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X1 cavabdeh «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar