Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2350/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim işdən çıxarılmağım barədə AGNA MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv olunması, onun işinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2024-cü il tarixdə AGNA MMC ilə əmək müqaviləsi imzalayaraq həmin tarixdən inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilə 3 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixdə başa çatmalı idi. Lakin, buna imkan verilməmişdir. Ehtiyac ucbatından işlədiyi iş yerindən qeyri-qanuni olaraq işdən azad edilmişdir. Halbuki, o, ali təhsili olduğu halda ailəsini dolandırmaq üçün adi texniki bir işdə işləməyə başlamışdır. Lakin, həmin MMC-nin əməkdaşı Gülşən Alı adlı şəxs onunla qərəzli davranmışdır. Onun işləməsinə imkan verməmişdir. Halbuki, o, daima işinə hörmətlə yanaşmışdır. Ailədə aldığı yüksək tərbiyyəni daima işində də göstərmişdir. Halbuki, həmin şəxs etmədiyi hərəkətlərə görə onu hədələyir. Onu günahkar hesab edir. İşdən onu qovur və görüntü yaratmaqdan ötəri onun ünvanına yalan məktublar göndərir ki, guya o, işə getmir işə dəvət edir. Qeyd etmək istəmişdir ki, MMC-nin əməkdaşı yəni işlədiyi obyektin məsul şəxsi olan Gülşən adlı şəxs onun işdən getmədiym təqdirdə polis çağıracağına və oradan polis vasitəsi ilə çıxarılacağını bildirmişdir. Onu işə buraxmır. İşləməsinə şərait yaratmır. Həmin şəxs valideyinləri ilə danışan vaxtı (hələ onda işdən çıxma əmri verilməmişdi) bildirir ki, onu elə maddə ilə işdən çıxaracaq ki, heç bir yerdə işlə təmin oluna bilməyəcəkdir. Buradan onun hərəkətlərinin qanunsuz olması, qərəzli münasibət bəsləməsi və Azərbaycan Respublikasının Əmək Məcə ləsinə yox öz istəyi kimi hərəkət etməsini göstərir. Sonrdan öyrənmişdir ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən qanunsuz olaraq işdən azad olunmuşdur. Ona məlumat gələndə və guya ona işə dəvət etmələri barədə görüntü məktubu göndərəndə onu həmin MMC-nin rəhbərinə məktub ünvanlamış və onu Gülşən Alı adlı əməkdaş tərəfindən işə buraxılmamasını bildirmişdir. Eyni zamanda həmin şəxsdən qorunması üçün təhlküəsizliyinə zəmanət istəmişdir. Lakin, məktub rəsmi olaraq qəbul edilsə də ona cavab verilməmişdir. Valideyinləri ilə Gülşən Alının arasında olan danışıq zamanı o, işə getməmə ilə bağlı heç nə bildirmir. İşə buraxılmamasının səbəbi elə özü olmasını bildirir. Hətta valideyinlərinə hara istəsələr şikayət etmələrini bildirir. Göstərilən əmrin surətini və əmək kitabçası ona verilməmişdir. SİMA ilə daxil olaraq kabinetdən əmrin şəklini çəkərək götürmüşdür. Qeyd etmək istəmişdir ki, həmin əmri çap etmək mümkün olmamışdır. Bundan sonra o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə təklif göndərmişdir. Mediasiyaya ərizə ilə müraciət etmiş və ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış almışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddianı məhkəməyə vermişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması barədə AGNA MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və AGNA MMC-nin üzərinə İddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsi barədə əmrin verilməsinə dair öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X3 iddianı etiraf edərək, onun təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “AGNA" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü tarixində inzibatçı olaraq işə qəbul edilmiş xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edilmişdir. İşlədiyi dövr ərzində dəfələrlə şifahi xəbərdarlıq almasına baxmayaraq nizam-intizama riayət etməmişdir, vəzifə funksiyalarını kobud şəkildə pozmuşdur, rəhbərin tapşırıqlarını düzgün yerinə yetirməmişdir. 21 dekabr tarixində rəhbərlik ilə kobud şəkildə münagişə yaratmış, şəxsi əşyalarını götürüb heç bir məlumat vermədən iş yerini tərk etmişdir. Dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq heç bir məlumat əldə olunmamışdır. Ünvanına məktublar ünvanlanmış lakin heç bir cavab verilməmişdir. İşçi işə çıxmadığı və heç bir səbəb bildirmədiyi üçün müvafiq maddə ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilməklə qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b)İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c)Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə hesab edir ki, cavabdeh də iddianı qeyd edilən hissədə etiraf etdiyindən, işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir. Məhkəmə iddianın “işdən çıxma əsasının dəyişdirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin hüququdur. Həmin Məcəllənin 11-ci maddəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göründüyü kimi, qanunvericilikdə işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi işçinin, əmək müqavilələrini ləğv etmək isə işəgötürənin əsas hüquqlarına aid edilmiş, məhkəmə qətnaməsi ilə isə işçinin işə bərpası barədə iddiasının ya təmin ya da ləğv edilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilmə əsaslarını dəyişdirmək əmək müqaviləsinin tərəflərinə aid edilməklə, məhkəmənin həll etdiyi məsələ deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 50 manat Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qiymətləndirilməyən iddia tələbinə aid edilməklə həmin tələbə görə 100 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləlikləi, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də inzibatçı vəzifəsinə bərpa edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də inzibatçı vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2350/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2350/2025
22.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver