Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2354/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi, Ağdam rayon İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və mülkiyyətdən istifadənin faktiki bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X4 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və mülkiyyətdən istifadənin faktiki bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən iddiaçıya məxsusdur və iddiaçı həmin evin mülkiyyətçisidir. 1995-cü ildə ermənilər Ağdam rayonunu işğal etdiyi zaman həmin rayondan məcburi köçkünlər Cavabdeh1, X9, Cavabdeh2, X8 həmin mənzili zəbt etmiş və artıq 30 ildən çoxdur ki, hazırki ailə üzvləri ilə birlikdə həmin mənzildən istifadə edib, orda yaşayırlar. Bu isə iddiaçının mülkiyyət hüquqlarının tam pozulmasıdır. Halbuki, iddiaçı öz mənzilinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək istəyir. Beləliklə hesab edilir ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Göstərilənlərə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzildən müvəqqəti məskunlaşmış məcburi köçkünlər cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X3 çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X8 iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 4.Etiraz onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Ağdam şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal olunandan sonra cavabdehlərin ailəsi Bakı şəhərinə pənah gətirdi. Bir müddət yaxın qohumlarının evində qaldıqdan sonra Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdilər. İH-nin səlahiyyətli nümayəndələri ailəni yuxarıda göstərilən, əvvəllər erməni ailəsinin yaşadığı boş mənzildə yerləşdirdilər. Onlar məskunlaşana qədər yanğına və dağıntıya məruz qalmış mənzili təmir edərək yararlı hala salıb orada yerləşdilər. Artıq 30 ildən çoxdur ki, onlar həmin mənzildə yaşayırlar, iddiaçının ərizəsində göstərildiyi kimi onlar mənzili zəbt etməmişlər, faktiki olaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri tərəfindən həmin mənzildə məskunlaşdırılaraq 1995-ci il tarixdən məcburi köçkün kimi qeydiyyata alınmışlar. İddiaçı iddia ərizəsində onun mülkiyyətçisi olduğu göstərilən mənzilə çıxarış xx.xx.2021-ci il tarixdə verilib. Ortaya belə bir sual çıxır: Çıxarış alınan bu tarixə qədər mənziİin mülkiyyət hüququ məxsusluğu (aidiyyəti) hansı sənədə əsaslanıb? Əgər sənəd order adlanan sənəd olubsa, kimin adına olub və onda kimlərin adı, familiyası qeyd olunub? Mənzildə kimlər pasport qeydiyyatında olub? Order sonradan Çıxarışa dəyişdirilibsə, adları orderdə qeyd olunan şəxslər buna rəsmi razılıq veriblərmi? Həmin mənzilə Çıxarışın alındığı 02. 07.2021-ci il tarixə qədər onun digər sənədləşmə formalarının mövcudluğunu da ehtimal etmək olar. Göründüyü kimi, göstərilən mənzilə Çıxarış alınan tarixə qədər onun sənədləşməsində müəyyən müəmmalar vardır. Odur ki, bu məsələnin səhihliyi yoxlanılmalıdır. İddiaçı iddia ərizəsində bu suallara tam dürüst cavab tapmaq mümkün deyil. 5.Ağdam rayon İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 2354/2025 saylı qərardadına əsasən mülki işin “cavabdeh X4 dair” hissəsində icraatına xitam verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir, və rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Artıq neçə ildir ki, həmin ərazidə cavabdehlər yaşayır və iddiaçı öz mülkiyyət hüququnu bərpa edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikasının Prezidentin fərmanında da qeyd olunmuşdur ki, məcburi köçkünlər torpaqlar azad olunana qədər qaldıqları yerdə məskunlaşa bilərlər. Artıq torpaqlar işğaldan azad olunmuşdur. Evlə təmin olunma ilə bağlı cavabdehlər aidiyyəti orqanlara müraciət etməlidirlər. Odur ki, qeyd edilənlərə əsasən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar hələ evlə təmin olunmamışlar. Evdən çıxarılsalar, harada qalacaqlar? Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq Müsavi Şirinovun atası, Cavabdeh2 anası olduğunu, həyat yoldaşı ilə rəsmi nikahda olduğunu, onun başqa yerdə qeydiyyatda olduğunu, işi ilə əlaqədar Bakı şəhərinə az-az gəldiyini, işlədiyini, aylıq 1000 manat əmək haqqı aldığını, anasının 600 manat, atasının isə 400 manat pensiya aldığını, övladının təhsil xərclərini özünün qarşıladığını, digər iki cavabdehin (Cavabdeh2 və Şirinov Müsavi) isə xəstə olduqlarını və pensiyalarının onların sadəcə dərmanlarına xərcləndiyini bildirmişdir. 9.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh X9 və iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 11.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 5-ci mikrorayon, ev 50, mənzil 46 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2021-ci il). 13.Mülki işin materiallarında olan AR Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 31 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 63 nömrəli, 28 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, 5 mkr., A.Məhərrəmov küçəsi 50 saylı binanın, 46-cı mənzil ********** saylı çıxarışa əsasən xx.xx.2021-ci il tarixindən İddiaçı məxsusdur. Hal-hazırda mənzildə 1995-ci il tarixində Ağdam rayonunun məcburi köçkünü kimi 4 nəfər ailə üzvləri ilə birgə məskunlaşıblar: Cavabdeh1, X12, Cavabdeh2 və X11. 14.AA seriyalı, 470829 nömrəli, 425584 nömrəli və 425586 nömrəli məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və X1 rayonundan məcburi köçkündürlər və ünvan 2 ünvanında qeydiyyatdadırlar. 15.Mülki işin materiallarında AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, X9 və Cavabdeh2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 574,68 manat və 642.02 manat məbləğində əmək pensiyası alır. 16.Mülki işin materiallarında olan X-ЖГ seriyalı, 309733 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, atası X9, anası Cavabdeh2dır. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nəsimi rayon Sektoru tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 296 nömrəli Arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür. Nəsimi rayonu, A.Məhərrəmov 50/46 ünvanında müvəqqəti qeydiyyatdadır. Mənzildə özü, h/yol Cavabdeh2, qızı Cavabdeh1 və nəvəsi X8 qeydiyyatdadırlar. 18.Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 31 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X9 5 mkr. A.Məhərrəmov küçəsi 50 saylı evin 46 nömrəli mənzilində aşağıda göstərilən ailə üzvləri ilə birlikdə Ağdamdan gəlmiş məcburi köçkün kimi məskunlaşıb: h/yoldaşı Cavabdeh2, qızı Cavabdeh1 və nəvəsi X8. 19.Mülki işin materiallarında olan AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilən sorğuya cavab məktubundan görünür ki, Ağdam şəhərindən məcburi köçkün X9 həyat yoldaşı Cavabdeh2 ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 50 saylı evin 46 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. Qeyd edilir ki, ailə üzvlərinin məlumatına əsasən Şirinova X2 vətəndaşı ilə ailəlidir və X8 adlı bir övladı var. 20.Mülki işin materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilən 02 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 may 2025-ci il tarixli, 5-31-12/2-98/2024 nömrəli arayışına əsasən X5 həyat yoldaşı Cavabdeh2 övladı Cavabdeh1 məcburi köçkün statusları var, lakin nəvəsi X3 atası yerli sakin olduğuna görə məcburi köçkün statusu yoxdur. 21.Mülki işin materiallarında olan Cavabdeh1 dair gəlir məlumatları bölməsindən edilən çıxarışdan görünür ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllim vəzifəsində çalışır, aylıq əmək haqqı 1304.42 manat təşkil edir. 22.Mülki işin materiallarına həmçinin, X7 məxsus epikriz, əmək qabiliyyətinin olmaması vərəqəsi, ultrasəs müayinəsi, X9 və Cavabdeh2 arasında nikahın bağlanması haqqında şəhadətnamənin surəti əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 23.Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdehlər 1995-ci il tarixdə Ağdam rayonundan məcburi köçkün statusu almaqla ünvan 4 ünvanında məskunlaşmışlar. ünvan 4 hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçı özünə məxsus mənzildə müvəqqəti məskunlaşmış cavabdehlərin oradan çıxarılmasını tələb edir. Cavabdehlər isə artıq 30 ildir ki, mübahisəli mənzildə yaşadıqlarını, çıxarılacaqları təqdirdə yaşamağa yerlərinin olmadığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 24.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 26.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” 27.Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 28.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.Beləliklə, mülki işin materiallarından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 4 ünvanında məskunlaşmış olduqları müəyyən edilmişdir. Sonuncuların mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi - cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olması iş materialları ilə öz təsdiqini tapmır. 30.Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı verməkdə haqlı olmuşdur. 31.Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 32.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. 33.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 35.İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. 36.Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlərin məcburi köçkün statusuna malik olsalar da, bugünkü günə qədər məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmələri müəyyən edilmişdir. Lakin buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu, cavabdehlərin hazırki vəziyyətdə kirayədə yaşaya bilmə imkanını istisna etmir. Belə ki, müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və X9 yaşa görə müəyyən məbləğlərdə pensiya məbləği, Cavabdeh1 isə müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 1304.42 manatdır. Yəni göründüyü kimi cavabdehlərin hazırki vəziyyətdə kirayədə yaşaya bilmə qabiliyyətinə malik olmalarına baxmayaraq iddiaçıya məxsus mənzili zəbt etmələri iddiaçının hüquqlarının pozulmasına səbəb olur. 37.Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh1 (övladı xx.xx.2011-ci il təvəllüdlü X8 ilə birlikdə) İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. 38.AR Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 39.Bu halda məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin həmin mənzildə uzun müddət yaşaması, əşyalarının mövcudluğu, özlərinə digər yaşayış sahəsinin tapılaraq köçməsi nəzərə alınaraq onlara hazırki qətnamə qanuni qüvvəsini aldıqdan 1 ay sonra çıxarılması ilə icraya möhlət verilməlidir. 40.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 41.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh1 (övladı xx.xx.2011-ci il təvəllüdlü X8 ilə birlikdə) İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 (övladı xx.xx.2011-ci il təvəllüdlü X8 ilə birlikdə) ünvan 4 ünvanından çıxarılması hazırki qətnamə qanuni qüvvəsini aldıqdan 1 (bir) ay sonra icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2354/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2354/2025
30.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver