Məhkəmə qərarları › İş №e-2(006)-2375/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2375/2022

27.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2375/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və qətnamə qanuni qüvvəsini alan günə kimi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1996-cı il tarixdə Bakı Dövlət Universiteinin biologiya fakultəsinə qəbul olunmuş, 2000-ci ildə həmin universiteti bitirmişdir. 01 sentyabr 2000-ci il tarixdə Kəlbəcər rayonu 14 saylı orta məktəbində biologiya müəlliməsi təyin olunmuşdur. 2002-ci il tarixdə isə Kəlbəcər rayonu 117 saylı məktəbində müəllimə işləmişdir. 2007-ci il tarixdən isə Bakı şəhəri 314 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 314 saylı məktəbdə direktor müavini işləməyə başladığı dövrdə isə özünü yüksək səviyyədə təsbit edərək, məktəbdə sağlam kollektiv yaradılmasında, şagirdlərin təlim-tərbiyəsi, təhsili, rəhbərlikdə isə idarəçilik yüksək səviyyədə təşkil olunmuşdur. Lakin Bakı Şəhər Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli, K90 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ilə üzərinə düşən funksiyanı yerinə yetirmədikdə) işdən azad edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həmin əmri olduqca əsassız və qanunsuz olduğu, faktlara söykənmədiyi üçün ləğv olunmalıdır və o, işinə bərpa olunmalıdır. Belə ki, o, 2007-ci il tarixdən 2022-ci ilin yanvar ayına qədər Binəqədi rayonu 314 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalımışdır. 2022-ci ilin yanvar ayının 27-sinə qədər. Direktor müavini vəzifəsində işlədiyi bütün bu illər ərzində öz vəzifə öhdəliklərini, üzərinə düşən bütün vəzifə və insani funksiyalarını vicdanla və ləyaqətlə yerinə yetirmişdir. Bu vicdanlı və şərəfli əməyinin bəhrəsi olaraq, işlədiyi dövrlərdə dəfələrlə mükafatlandırılmış, bir çox fəxri fərmanlar, sertifikatlar almış, təlimçi kursunu, öyrədənlərin öyrədəni təlim kursunu keçərək pedaqoji sahədə uzun illər səmərəli fəaliyyətinə, gənc nəslin təlimtərbiyəsində və müxtəlif tədbirlərdə qazandığı uğurlara görə Bakı Şəhər Təhsil İdarəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Həmçinin Azərbaycan təhsil işçiləri X13 Binəqədi rayon Komitəsi tərəfindən də vicdanlı və məsuliyyətli fəaliyyətinə görə fəxri fərmanlara layiq görülmüş, təhsilin tətbiqi və idarəetmə sistemlərində yüksək nəticələr göstərmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş məktəb direktorlarının hazırlığı kursunu ən yüksək nəticələrlə bitirmişdir. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə mütəxəssis kimi cəlb olunaraq, həmin məktəb jurnallarının yoxlanılması tədbirləinə dəvət olunaraq, məktəb jurnallarının yoxlanılması tədbirlərində aktiv iştirak etmiş və buna görə təşəkkürlər almışdır. İstər müəllimə işlədiyi dövrlərdə, istərsə də 2007-ci ildən sonrakı direktor müavini işlədiyi uzun illər ərzində, işlədiyi məktəblərin sıravi işçiləri və rəhbərliyi ilə heç bir problemi yaranmamışdır. Əksinə işlədiyi məktəblərdə mehriban atmosferin, kollektiv daxili münasibətlərin yaxşı mənada formalaşmasında onun da böyük rolu olmuşdur. Binəqədi rayonu 314 saylı məktəbdə müavin işlədiyi dövrdə kollektiv daxilində münasibətlər o qədər gözəl qurulmuşdu ki, bu münasibətlər barədə hətta digər məktəblərin əmək kollektivinin xəbəri olmuş, müxtəlif tədbirlərdə digər məktəblərin müəllim kollektivləri onların məktəbdəki kollektiv daxilində olan gözəl münasibətə həsəd apardıqlarını bildirmiş, bu cür nümunəvi kollekiv yaratdıqları üçün onlara öz təşəkkürlərini bildirmişlər. Çünki onların kollektiv daxilində gözəl işgüzar münasibətlər vardı, olduqca mehriban və səmimi atmosfer hökm sürürdü. Bu hal 2020-ci il tarixdə Səfa Xəlilov direktor təyin olunana qədər davam etmişdir. 2020-ci ildə X15 rayonu 314 saylı məktəbə direktor təyin olunduqdan sonra əvvəlki mehriban və xoş atmosferdən əsər-əlamət belə qalmadı. Kollektiv daxilində bütün münasibətlər tamamilə korlanmağa başladı. Sonuncunun məktəbə direktor təyin olunmasından dərhal sonra onlar hər gün ancaq daxili intriqaların, məktəb kollektivinə yaraşmayan çəkişmələrin, ərköyün tələblərin, lazımsız dəyişikliklərin, qeyri-qanuni iddiaların şahidi olmağa başlamışlar. Sonuncu, istər kollektiv üzvlərinə, istərsə də ona qarşı müəllim və direktor adına yaraşmayan münasibət göstərməyə başlamışdır. Sonuncunun müəllimə, direktora yaraşmayan hərəkətləri sayəsində məktəbin müəllim kollektivi və rəhbərliyi arasında olan sağlam münasibətlər pozulmağa, tez-tez intriqalar yaranmağa başladı ki, bu da kollektiv arasında gərginlik yaradaraq, işgüzar atmosferin pozulmasına səbəb olmuşdur. Sonuncunun nalayiq hərəkətləri o həddə çatmışdır ki, X16 məktəbin laborantı X2 mütəmadi olaraq ağır sözlərlə təhqir etdiyi üçün sonunda Türkan Valehzadə boğaza yığılaraq bütün bunları həyat yoldaşına bildirməyə məcbur olmuşdur. Sonuncunun həyat yoldaşı direktorun bu pedaqoqa yaraşmayan hərəkətlərindən qəzəblənib məktəbə gələrək, direktorla dalaşmağa məcbur olmuşdu. Bakı Təhsil İdarəsi tərəfindən bu nalayiq hərəkətinə görə X16a «pedaqoji etikaya yaraşmayan hərəkətlərə» yol verdiyi və bununla da «Müəllimlərin etik davranış qaydalarının» və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ hüquqi sənədlərin tələblərini pozduğu təsdiq olunaraq, şiddətli töhmət verilmişdir. X16 məktəbə direktor gəldiyi gündən ona qarşı xüsusi ilə olduqca qərəzli, düşmənçilik mövqeyi tutmuş, onu müavinlikdən və öz sevimli işindən uzaqlaşdırmaq üçün ən yaramaz vasitələrə əl ataraq, aramsız təzyiqlərlə normal işləməsinə mane olmağa başlamışdır. X8 bir neçə dəfə üstüörtülü formada eyhamla pul tələbi irəli sürsə də, o, özünü bilməməzliyə vuraraq söhbətdən yayınmışdır. Bir gün sonuncu onu öz iş kabinetinə çağıraraq, açıq-aşkar formada ona «sən nə söz anlamaz adamsan, guya mənim nə istədiyimi başa düşmürsən dəə sən. Mənə müəllimələrdən, xüsusi ilə də yeni gələn müəllimələrdən müntəzəm olaraq pul yığıb gətirməlisən» deyə tələb irəli sürmüşdür. O, bunu heç vaxt etməyəcəyini dedikdən sonra, sonuncunun ona qarşı hücumları daha kəskin xarakter almağa başladı. Sonuncu yerli-yersiz onlara çığırır, təhqir edir, pedaqoji işçiyə yaraşmayan münasibət sərgiləyirdi. Sonuncu, onun təzyiqlərə davam gətirdiyini, illərlə işlədiyi, böyük hörmətə malik olduğu kollektivdən öz xoşu ilə getməyəcəyini gördükcə daha alçaq üsullara əl atmağa başlamışdır. Belə ki, əmək məzuniyyətində olduğu dövrdə, 28 sentyabr 2021-ci il tarixdə, sonuncu onun kabinetinə bir qrup şəxs, məktəbin müəllimləri Alıyev Ramal, Mahmudov Bəhruz, Cəfərov Əhəd, Rəhimov Vüqarı göndərərək iş otağını dağıtdırmış, həmin şəxslər dağıdılmış otağından müxtəlif pozada video və fotolar çəkərək sosial şəbəkələrdə paylaşmış və bununla onu aşağılamağa, nüfuzdan salmağa çalışmışlar. Bu hərəkətin təşkili ümumiyyətə müəllim, direktor adına yaraşmayan utancverici, ləyaqətsiz və heç bir çərçivəyə sığmayan bir hərəkətdir. Səfa Xəlilovun gəlişindən sonra baş verən hadisələr dözülməz olduğu üçün, dəfələrlə Bakı Şəhər Təhsil İdarəsinə və Təhsil Nazirliyinə şikayət etmək istəsə də, sonda məktəbin əvvələr qazandığı böyük nüfuza xələl gəlməməsi, məktəbdə baş verən hadisələrin digər məktəb kollektivləri tərəfindən bilinməməsi və məktəbin mənfi mənada dilə-dişə düşməməsi üçün bu addımı atmamışdır. Vəziyyətin dözülməz həddə çatdığı, işləməyə imkan verilmədiyi üçün, iş yerinin dəyişdirilməsi barədə Bakı Təhsil İdarəsinə ərizə ilə müraciət etsə də, təəssüf ki, onun başqa məktəbə dəyişdirilməsi barədə xahişi təmin olunmamışdır. Direktor onu bezdirmək üçün məktəbin müəllim kollektivinə kabinetieə girişi qadağan etmişdi və heç kim sonuncunun qorxusundan onun otağına gələ bilmirdi. Çünki otağına gələn şəxsləri direktor cəzalandırır, onlara güclü təzyiqlər edirdi. Direktor bundan başqa onu ləkələmək, uzun illər pedoqoji sahədə qazandığı nailiyyətlərinin üzərinə kölgə salmaq, onu işdən uzaqlaşdırmaq məqsədi ilə, davamalı olaraq yuxarı orqanlara, Bakı Təhsil İdarəsinə ondan şikayətlər ünvanlayır, təqdimatlar təqdim edirdi. Sonuncunun ona qarşı məktəbdə yaratdığı qərəzli münasibət Bakı Şəhəri üzrə Təhsil İdarəsində də davam etdirilərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 dekabr 2021-ci il tarixli, F-300 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri tətbiq olunaraq, ona şiddətli töhmət veilmişdir. İntizam tənbehi haqqında əmrdə qeyd olunan intizam pozuntuları qərəzli olmuşdur, formal xarakter daşımışdır və heç bir tutarlı faktlara əsaslanmamışdır. Belə ki, intizam tənbehi verilməsinin əsası kimi aşağıdakı intizam pozuntuları əsas gətirilmişdir. Həmin əmrdə göstərilmişdir ki, məktəb direktoru Səfa Xəlilovun xx.xx.2021-ci il tarixli, 396 saylı təqdimatına görə o, əmək müqaviləsi üzrə, o cümlədən məktəb üzrə verilmiş «Məktəbdaxili direktor müavinlərinin vəzifə bölgüsü» haqqında xx.xx.2021-ci il tarixli, 74 saylı əmrlə müəyyən olunmuş vəzifə funksiyalarını yerinə yetirmədiyi, ancaq ona ayrılmış 10 saatlıq dərsi tədris etdiyini», - həmçinin xx.xx.2021-ci il tarixli fənn metodbirləşmə rəhbərləri ilə keçirilmiş iclasda üzürlü səbəb olmadan onun iştirak etməməyi, eyni tarixdə günün 2-ci yarısında pedaqoji Şuraya hazırlıq məqsədi ilə keçirilmiş direktoryanı iclasda isə, əvvəlki iclasda iştirak etməmə səbəbi ilə bağlı soruşulduqda, onun heç bir əsas gətirməyərək, «mənə əvvəlki illərdə olduğu kimi bütün səlahiyyətlərin verilərək baş müavin olacağım təqdirdə işləri görəcəyimi, əks təqdirdə heç bir iş görməyəcəyimi, bununla bağlı heç bir izahat verməyəcəyimi, akta da imza etməyəcəyimi» bildirmiş və «mən idarəmdən başqa heç kimə tabe deyiləm və heç kimə də izahat verməyəcəyəm» deyərək otağı tərk etmişəm. Həmin təqdimat və direktor Səfa Mirzəyevin izahatı əsasında ona intizam tənbehi – şiddətli töhmət verilmişdir. Bu hissədə intizam tənbehi tamamilə əsassız olmuşdur. Belə ki, 2021-ci ilin dərs mövsümü başlayan zaman direktor tərəfindən həmin dövrdə məktəb üzrə verilmiş «Məktəbdaxili direktor müavinlərinin vəzifə bölgüsü» haqqında əmrlə əvvəlki illərdə ona məxsus olmuş bütün funksiyalar əlindən alınaraq yeni direktorun özü ilə gətirdiyi yeni müəlliməyə verilmişdir. Ona isə ancaq 5-6-7-ci siniflərə nəzarət və evdə təhsil alan şagirdlərin sənədlərinə nəzarət səlahiyyətləri verilmişdi. Ona verilən vəzifə bölgüsü üzrə dərslər 29-u sentyabr 2021-ci il tarixdə başlandığı üçün, həmin dövrə qədər onun görəcəyi elə bir ciddi iş mövcud deyildi. 29 sentyabr 2021-ci il tarixə qədər görməli olduğu bütün zəruri işləri isə yüksək səviyyədə görərək, müəllimlərin dərsə davamiyyətini, müvəqqəti jurnallara nəzarəti həyata keçirmişdir. Dərs ili 29-u sentyabr tarixdən başlandığı üçün, o, həmin tarixdən öz əmək funksiyalarını məsuliyyət və ləyaqətlə yerinə yetirməyə başlamışdır. Qeyd etdiyi kimi, ona həvalə olunmuş vəzifə bölgüsünə, 5-6-7-ci siniflərin komplektləşdirilməsinə və ev təhsilinə cəlb olunacaq şagirdlərin sənədləri və dərslərinin təşkilinə nəzarəti yüksək səviyyədə həyata keçirmişdir. Vəzifə bölgüsü ilə tanış olunma barədə tərtib olunmuş aktla isə tanış olaraq hətta həmin akta xüsusi qeyd də etmişdir. Məktəbdə keçirilən, xx.xx.2021ci il tarixli fənn metodbirləşmə rəhbərləri ilə iclasda üzürlü səbəb olmadan onun iştirak etməməyi, həmçinin həmin tarixdə, günün 2-ci yarısında pedaqoji Şuraya hazırlıq məqsədi ilə keçirilmiş direktoryanı iclasda isə əvvəlki iclasda iştirak etməmə səbəbi ilə bağlı soruşulduqda, guya onun heç bir əsas gətirməyərək, «mənə əvvəlki illərdə olduğu kimi bütün səlahiyyətlərin verilərək baş müavin olacağım təqdirdə işləri görəcəyimi, əks təqdirdə heç bir iş görməyəcəyimi, bununla bağlı heç bir izahat verməyəcəyimi, akta da imza etməyəcəyimi» və «mən idarəmdən başqa heç kimə tabe deyiləm və heç kimə də izahat verməyəcəyəm» bildirərək otağı tərk etməsi də yalan məlumatdır. xx.xx.2021-ci il tarixli fənn metodbirləşmə rəhbərləri ilə keçirilmiş iclasda onun iştirak etməməsinin səbəbi, whatsapp-da iclas olacağı barədə whatsapp paylaşmasından xəbərinin olmaması olmuşdur və o, bunu rəhbərliyə bildirmişdir. Ancaq məktəbdə iclaslara çağırış direktor müavinləri üçün whatsapp paylaşması əsas deyildi. Belə ki, onları, direktor müavinlərini iclasa ancaq və ancaq katibə çağırmalı idi. Katibə isə belə görünür ki, keçiriləcək iclas barədə onun xəbərdar edilməməsi üçün tapşırıq aldığına görə onu iclas barədə xəbərdar etməmişdir və onun iclasın keçirilməsindən xəbəri olmamışdır. İclas zamanı isə guya ondan əvvəlki iclasda iştirak etməməsinin səbəbi soruşulduqda, demişdir ki, «mən heç kimə tabe deyiləm, BŞTİ-yə tabeyəm, izahat da yazmıram deyərək, otağın qapısını aqressiv şəkildə örtüb iclası tərk etmişəm.» Ancaq bu qətiyyən belə olmamışdır. O, iclasda iştirak etməməsinin səbəbi kimi, iclas zamanı iclasın keçirilməsi və vaxtı barədə katibə tərəfindən xəbərdar edilmədiyi üçün məlumatsız olduğunu bildirmişdir. İclası yarımçıq tərk eməsinə səbəb isə, iclasın gedişində direktorun onu ağır sözlərlə təhqir etməsi olmuşdur. Əslində buna iclas da demək olmazdı. Belə ki, sonuncu əvvəlcə onu otağına çağıraraq qışqıra-qışqıra nələrisə deməyə başlamış, sonradan otağa digər müəllimələr də daxil olduqda isə, o daha da yüksək tonla qışqıraraq məktəb kollektivi qarşısında onu olduqca ağır sözlərlə təhqir etməyə başladığı üçün, o, otağı tərk edərək getməyə məcbur olmuşdur. Özünə və şəxsiyyətinə hörmət edən hər bir şəxs, həmin anda məhz bu cür hərəkət etməli idi və o da bunu etmişdir. Yenə də həmin anda o, məktəbin illər ərzində qazandığı müsbət adını ləkələməmək üçün bu barədə heç bir yuxarı təşkilata şikayət etməmişdir. Həmin iclas zamanı guya onun «heç kim məni işdən qova bilməz» deməsi barədə məlumat isə yalan məlumatdır. Belə ki, direktor son dövrlər hər addımbaşı onu dəfələrlə işdən çıxarmaqla hədələməsindən bezərək sonuncuya «mənim işdən çıxarılmağım Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətlərinə aiddir, sizə deyil» demişdir. İclas keçirilən otağı yarımçıq tərk etməsi barədə guya müəllimlər tərəfindən onun barəsində tərtib olunmuş aktla bağlı isə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin akt saxta aktdır. Belə ki, o, otaqdan çıxandan sonra iclas keçirilməmiş, otaqda ancaq dava-dalaş baş vermişdir. Direktor otağı tərk etməsi barədə akt tərtib edərək, müəllimləri həmin aktı imzalamağa məcbur etmiş, lakin onlar həmin aktı imzalmaqdan imtina etmişlər. Sonradan bunun alınmayacağını görən direktor, başqa bir sənəd adı altında həmin aktı müəllimlərə imza etdirmişdir. Ancaq müəllimlər sonradan bilmişlər ki, onların imzalarından aldadılma nəticəsində onun barəsində tərtib olunmuş aktda istifadə olunmuşdur və onlar bu barədə öz qəti etirazlarını bildirmişlər. Guya o, iclasda bildirmişdir ki, «mənə əvvəlki illərdəki səlahiyyətlərim qaytarılacağı təqdirdə öz işlərimi görəcəyəm, əks təqdirdə heç bir işlə məşğul olmayacaq və hesabat verməyəcəyəm.» Bu tam yalandır, çünki artıq o, həmin dövr üçün öz üzərimə düşən işlərini görmüş, hesabatı isə vermişdir. İntizam tənbehi barədə əmrdə direktor tərəfindən təqdim olunmuş 28 dəqiqəlik video görünülərdə onun iclas otağını tərk etməsinin əks olunduğu bildirilmişdir. Lakin direktor video çəkilişləri təqdim etdiyi zaman da BŞTİ-ni aldatmışdır. Belə ki, həmin video çəkiliş 28 dəqiqədən ibarət olmamış, daha çox çəkiliş aparılmışdır. Direkorun onun otaqdan çıxmasına səbəb olan ağır, təhqir dolu ifadələri BŞTİ-yə təqdim olunmamışdır. Onun hər ilin sonu üçün nəzərdə tutulan və digər hesabatları da vaxtında verməməsi barədə də BŞTİ-yə yalan məlumat verilmişdir. Baxmayaraq ki, direktor pedaqoji kollektivin işçilərinə onunla ünsiyyəti qadağan etmişdir və otağına kamera qoyaraq yanına gələnləri cəzalandırırdı. Həmin dövrlər ağır pandemiya dövrü olmasına, dərslərin ardıcıl olaraq fasilələrlə aparılmasına, şagirdlərin tez-tez uzun müddətli, məcburi tətillərə buraxılmasına, işçilərin otağına daxil olmasına qadağa qoyulmasına baxmayaraq, o, hazırlamalı olduğu hesabatları vaxtlıvaxtında hazırlayaraq rəhbərliyə təqdim etmişdir. O, direktora yazmağa məcbur olmuşdur ki, sonuncu pedaqoji kollektivə onunla ünsiyyəti qadağan ediyi üçün öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir. Xahiş edir ki, işçilər üzərindən bu qadağanı götürsün və ona işləmək üçün normal şərait yaratsın. Belə ki, təqdimatda əsas intizam pozuntulaından birisi kimi, onun iş yoldaşları ilə pandemiya dövründə maskasız foto paylaşması olmuşdur. Bildirir ki, pandemiya dövründə maskasız foto çəkdirməsi əgər qayda pozuntusudursa, bu ancaq aidiyyatı dövlət orqanları tərəfindən inzibati qaydada cəzalandırılmalı olan qayda pozuntusudur. Bunun üçün intizam tənbehi verilməsi qanun pozuntusudur və səlahiyyət həddini aşmaqdır. Direktor onun bir zamanlar ciddi nizam-intizam tələb etdiyi, dərsə gecikən, normal dərs keçmədikləri üçün dəfələrlə irad bildirdiyi, bu səbəbdən ondan xoşu gəlməyən müəllimləri cəzalandırmamaqla, müxtəlif təkliflərlə (dərs saatını artırmaq və s.) öz ətrafına toplayaraq, onun sıxışdırılmasında, müxtəlif instansiyalara şikayətlər yazılmasında onlardan istifadə etmişdir. Sonradan isə həmin müəllimlər ona zəng edib üzr istəyərək buna məcbur olduqlarını, başqa çarələri olmadığını, buna görə də bağışlanmalarını xahiş etmişlər. X16 məktəbə işləməyə gəldikdən sonra məktəbdə o qədər neqativ atmosfer yaratmışdır ki, onu şərləyərək cəzalandırmağa ciddi cəhd göstərdiyi halda, nanəcib əməllərinə görə özü də şiddətli töhmətlə cəzalandırılmış, sonra isə işdən qovulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, BŞTİ-nin 07 dekabr 2021-ci il tarixli formal, qərəzli və heç bir tutarlı fakta söykənməyən əmri ilə ona şiddəli töhmət verilmişdir. Lakin aradan heç 2 ay keçməmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli, K-90 saylı əmri ilə onu işdən azad etmişlər. BŞTİ-nin qeyd olunan əmrinin isə heç bir hüquqi əsası yoxdur. Həmin əmr heç bir fakta, heç bir tutarlı sübuta əsaslanmır və bu formada əmrin verilməsi kobud qanun pozuntusudur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin əmrdən cəmi 52 gün öncə heç bir ciddi əsas, ciddi bir qanun pozuntusu olmadan barəsində intizam tənbehi verilməsinə baxmayaraq, qısa bir müddət sonra, 27 yanvar tarixdə onun işdən azad olunması barəsə əmr verilmişdir. İntizam tənbehi barədə əmrdən keçən zaman daxilində isə, onun iş fəaliyyətində heç bir qanun pozuntusu olmamışdır. Bu hal hətta əmrin yazılışında da görünür. Belə ki, onun işdən çıxarılması üçün «əsaslar» kimi işdən qovulmuş «sabiq direktorun» təqdimatı və müəllimlərin şikayəti göstərilmiş, ümumi söz yığınları olaraq «əmək müqviləsi üzrə öhdəliklərini yerinə yetirməmə və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlar» göstərilmişdir. BŞTİ əmri verən zaman qətiyyən ciddi araşdırma aparmamış, heç bir tutarlı fakta əsaslanmamış, onun bu əmrin verilməsindən xəbəri olmamışdır ki, göstərilən hallar birbaşa əmrin məhkəmə qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunan əmrdə «əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə» onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə» əmək müqaviləsinə xitam veilir. BŞTİ-nin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsini ləğv edərkən isə, onun öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi heç bir tutarlı faktla sübut olunmamış, əmr sadəcə söz yığınından ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa, əmək müqaviləsinin ləğv olunması üçün əsas hesab olunan rəsmi sənədlər əlavə olunmalıdır. Lakin bu günə qədər də onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasına baxmayaraq, əmrin hansı rəsmi sənədlər əsasında qəbul olunması haqqında heç bir məlumatı yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək M əcəlləsinin 189-cu maddəsinə əsasən (İntizam tənbehinin verilməsi şərtləri), bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Əgər tutaq ki, o, həqiqətən də sabiq direktorun sabiq təqdimatı yazdığı, saxta və əsassız ittihamlarla dolu olan intizam xətalarına yol vermişdirsə, onda həmin intizam xətasına görə ona cəmisi bir dəfə intizam tənbehi verilə bilərdi. Ancaq BŞTİ intizam tənbehinə görə ilk əvvəlcə ona şiddətli töhmət elan edir, 51 gündən sonra isə həmin inizam xətasına görə onunla bağlanmış əmək müqaviləsini ləğv etməklə olduqca ciddi qanun pozuntusuna yol vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 fəaliyyəti və məktəbdə yaratmış olduğu qeyri-sağlam iş mühiti barədə məktəb kollektivinin müxtəlif instansiyalara ünvanladığı şikayətlər araşdırılarkən sonuncu tərəfindən əmək və təhsil qanunvericiliyinin pozulması hallarına yol verildiyi müəyyən edilmişdir. Belə ki, 2021-2022-ci tədris ilinin əvvəli məktəb üzrə verilmiş «Məktəbdaxili direktor müavinlərinin vəzifə bölgüsü» haqqında xx.xx.2021-ci il tarixli, 74 nömrəli əmrlə İddiaçı 5, 6, 7-ci siniflərin komplektləşdirilməsinə və evdə təhsilə cəlb olunacaq şagirdlərin sənədləri və dərslərinin təşkilinə nəzarət həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə məktəbin direktoru və müavinləri arasında baş tutan iclasda dərs ilinin başlanması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi və məktəb üzrə verilmiş «Məktəbdaxili direktor müavinlərinin vəzifə bölgüsü» haqqında xx.xx.2021-ci il tarixli, 74 nömrəli əmrin hər bir direktor müavininin nəzərinə çatdırılmasına baxmayaraq, Lamiyə Mehdiyevə əmrlə tanış olduqdan sonra etirazını bildirmiş, səlahiyyətlərinin azaldılmasını əsas gətirərək pedaqoji etikanı pozaraq iclas bitmədən otağı tərk etmişdir. Lamiyə Mehdiyevə ona ayrılmış 10 saat dərs yükünü tədris etməkdən başqa müəyyən olunmuş vəzifə funksiyalarını yerinə yetirməkdən imtina edərək əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixdə fənn metodbirləşmə rəhbərləri ilə keçirilmiş iclasda Lamiyə Mehdiyevə üzürlü səbəb olmadan iştirak etməyərək həmin tarixdə günün ikinci yarısında Pedaqoji şuraya hazırlıq məqsədilə keçirilmiş direktoryanı iclasda iştirak etsə də təqdim olunan sənədlərə imza etməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanlara səbəb olaraq direktor tərəfindən vəzifə səlahiyyətlərinin azaldılmasını səbəb göstərsə də, bu hal İddiaçı vəzifə funksiyalarını yerinə yetirməməsi üçün əsas ola bilməz. Lamiyə Mehdiyevə məktəb direktoru ilə səlahiyyət üstündə mübarizə apararkən məktəb kollektivi arasında yaratdığı gərgin iş mühiti məktəbə təsirsiz ötüşə bilmir, həmçinin məktəb direktoru və müəllim kollektivinə qarşı qeyri-qanuni şəkildə «dəlillər» toplamağa çalışarkən məktəb mühitində müəllim adına yaraşmayan tərzdə hərəkətlər sərgiləmişdir. İddiaçı məktəbdə qanunsuzluqlar baş verməsi barədə «sübutlar»nın olduğu halda bunu gizlətməsi, müxtəlif bəhanələr gətirərək aidiyyəti orqanlara müraciət etməməsi, özünün iddia etdiyi kimi «məktəbin nüfüzunu gözləmək» yox, müraciət etmək üçün «uyğun zamanı» gözləyərək öz şəxsi maraqlarını güdmək olmuşdur. Ümumiyyətlə İddiaçı müəssisə rəhbərinə qarşı subordinasiya qaydalarını gözləməməsi, vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etməsi, məktəb kollektivinin üzvləri arasında qeyri-sağlam mühitin yaranmasına səbəb olacaq şəkildə hərəkətlər etməsi, müəllimlərin gizli olaraq səslərinin yazılması, məktəbdə baş verdiyini iddia etdiyi «qanunsuz hallar» olmasını bildiyi halda aidiyyəti orqanlara vaxtında məlumat vermək əvəzinə həmin məlumatları öz mənafeləri üçün və ona lazim olan zamanda istifadə edə bilməsi üçün saxlaması ümumilikdə təhsil müəssisəsinin və müəllim adına və nüfuzuna xələl gətirəcək hərəkətlər etməsi onun tərəfindən Təhsil Nazirliyinin Kollegiyasının 06.11,2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müəllimlərin etik davranış qaydaları»nın tələblərinin kobud şəkildə pozulmasına yol açmışdır. Nəticədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi adından Həmkarlar İttifaqı Komitəsinə təqdimat ünvanlanmış və Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Komitənin müvafiq razılığı nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-90 nömrəli əmr ilə X7 ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən Lamiyə Mehdiyevə barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona boşdayanmaya görə əməkhaqqının ödənilməsi tələbi tamamilə əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, məktəbdə laborant işləyir. İddiaçı ilə 11 il bir yerdə işləmişlərdir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra iddiaçının otağına girəndə Səfa Xəlilovun katibi otağa girib-çıxanların adını qeyd edir və sonradan həmin adamları yanına çağıraraq Lamiyə müəllimin otağına girə bilməzsiniz deyirmiş. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Bir yerdə işlədikləri dövrdə Lamiyə xanımın heç bir qanunsuz hərəkətini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, məktəbdə ingilis dili müəllimi işləyir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra belə hallar, şikayətlər başlamışdır. Əvvəlki direktorların dövründə heç bir belə hallar olmamışdır. Səfa Xəlilov 5-10 nəfəri başına yığaraq ancaq cəbhə qurmuşdur. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Lamiyə xanımın otağına girəndən sonra hamı gedirmiş Səfa müəllimin otağına və qara siyahısına düşürmüş. Psixoloji hamıya təsir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, məktəbdə Təlim-tərbiyə üzrə direktor müavini işləyir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra belə hallar yaşanmışdır. Əvvəlki direktorların dövründə heç bir belə hallar olmamışdır. Səfa Xəlilov gəldiyi gündən iddiaçı ilə işləmək istəmirmiş. İddiaçı otağına girməyə icazə verilmirmiş. Ona görə Lamiyə xanım iclasda demişdir ki, səlahiyyətlərini qaytarmayana kimi funksiyalarını yerinə yetirməyəcək. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Lamiyə xanımın otağına girəndən sonra Səfa müəllim çağırtdırırmış öz yanına. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmrinə əsasən əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 yanvar 2022-ci il tarixdən ləğv edilmiş; maliyyə və mühasibatlıq sektoruna (E.Mehdiyeva) İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi barədə göstəriş verilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının 14 mart 2022-ci il tarixli MŞB/2-00414 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Bakı şəhər Təhsil İdarəsinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2022-ci il tarixdə saat 12:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin faktiki hallarından görünür ki, əmrdə iddiaçı barədə qeyd olunanlar əsassızdır və subyektiv mülahizələrdir. Belə ki, mübahisənin tam və hərtərəfli, obyektiv araşdırılması üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məhkəməyə təqdim olunması cavabdeh tərəfə təklif olunmuş, lakin məhkəməyə əmək müqaviləsinin surəti təqdim edilməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən və jurnallardan görünür ki, o, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi üzərinə düşən (bütün məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavininin üzərinə düşən standard öhdəliklər və vəzifələr) öhdəlikləri və vəzifələri vaxtında və keyfiyyətli şəkildə icra etmişdir. Əmrdə iddiaçı barədə qeyd olunanların əsassız olması ilə yanaşı, əmr verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda şərh olunanlara ümumi halda diqqəti cəlb edən məhkəmə qeyd edir ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmək halına yol verməmiş, iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, əmək vəzifələrini pozmamışdır (bütün məktəblərdə təlimtərbiyə işləri üzrə direktor müavininin üzərinə düşən standard öhdəliklər və vəzifələr). Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı – Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmri ləğv edilməli; İddiaçı işə bərpa edilməli və ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı – Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmri ləğv edilsin. İddiaçı işə bərpa edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar