Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-242/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunun imtinasını əsassız hesab edərək, mərhum atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən miras qalmış mülkə dair buraxılmış müddətin üzürlü hesab edərək, bərpa olunması və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 və nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak etməməyinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1- ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi qüvvədən düşdüyü və qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edildiyi üçün “qanun üzrə vərəsəlik hüququnun tanınması” barədə iddiaya məhkəmə qaydasında baxılmalı deyil, aidiyyatı notariat orqanı tərəfindən müvafiq müraciətə baxılmalıdır. Göründüyü kimi, qanunvericilikdə vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən normalar qüvvədən düşdüyü üçün hazırkı iddiaya məhkəmə tərəfindən baxıla bilməz. Azərbaygan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Eyni Məcələnin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-61.0.3 və 261.0.6- 61.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və MPM-in 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı müvafiq notariusa müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-242/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-242/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver