Məhkəmə qərarları › İş №e-2(006)-2424/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2424/2022

15.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2424/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa olunma və məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa olunma və məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bərdə X2 Mülki Mühafizə Xidməti ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Bərdə X2 Mülki Mühafizə Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun Bərdə X2 Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Bərdə X2 Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində daim işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Ona qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanı olmadığı halda qanunsuz işdən azad edilmişdir. Heç bir təqsiri olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. O, əmək funksiyasını pozmamışdır. İşdən çıxarılması üçün Həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş və o da iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatla onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə onunla əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, bu barədə əmrin surəti ona təqdim edilməmiş, əmək kitabçasını da dəfələrlə tələb etdikdən sonra yenə də verilməmiş və o, əmək kitabçasını 2022-ci ilin fevral ayında Baş İdarədən almışdır. Əmək kitabçasını alandan sonra isə mediasiya şurasına müraciət etmiş, lakin qarşı tərəf mediasiya sessiyasında da iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin 22 iyun 2022-ci il tarixli 023-3649-1222 saylı məktubundan göründüyü kimi, DİN rəhbərliyinin göstərişi əsasında 2021-ci ilin oktyabr ayında aparılmış xidməti təhqiqat nəticəsində DİN Baş Mühafizə İdarəsinin Bərdə X2 mühafizəçisi (mülki) İddiaçı Nazirliyin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini pozub «senan_010» adı ilə «Tik-Tok» sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda «canlı yayım» açması müəyyən olunmuşdur. Qeyd edilən xüsusatları xidməti təhqiqat zamanı İddiaçı öz izahatında təsdiqləmişdir. Yuxarıda qeyd olunanlara əsasən işəgötürənin xx.xx.2021-ci il tarixli BMİ-1736 ş/h saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmr verilərkən hüquqlarının pozulduğunu, əsassız yerə işdən azad olunduğunu, işdən azad edilərkən Əmək Məcəlləsinin normalarına riayət edilmədiyini və Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmədiyini qeyd etmiş, məhkəməyə müraciət etməmişdən öncə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat mediasiyaya dair xərci ödəmiş və bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Bərdə X2 Mülki Mühafizə Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun Bərdə X2 Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuş, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin aidiyyati normalarının tələblərinə riayət etmiş, Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı DİN X1 Komitəsinin 10 avqust 2022-ci il tarixli 19 saylı məktubundan görünür ki, DİN Baş Mühafizə İdarəsinin Bərdə X2 mühafizəçisi (mülki) İddiaçı işdən azad olunarkən DİN X1 Komitəsi ilə razılaşdırılmışdır. DİN BMİ-nin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlının Baş Mühafizə İdarəsinin xidmət sahələrinin rəislərinə, respublika mühafizə hissələrinin rəhbərlərinə və Alay komandirinə (siyahı üzrə) ünvanlanmış 31 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, əməkdaşların internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədi ilə istifadə etmələri barədə DİN-in və BMİ-nin çoxsaylı əmr və göstərişlərinin olmasına baxmayaraq, son dövrlər bəzi polis əməkdaşları, mülki mühafizəçilər və mülki işçilər sosial şəbəkələrdə xüsusi geyim formasında, həmçinin tabel silahının, xüsusi texnikanın əksini yerləşdirdikləri, eləcə də Respublika ərazisində hərbi vəziyyət dövründə döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı paylaşımlar və yersiz müzakirələrdə iştirak etdikləri, bunun nəticəsində daxili işlər orqanlarının işgüzar nüfuzuna xələl gətirilməsi kimi hallara yol verildiyi müəyyən edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə tələb olunmuşdur ki, Respublika ərazisində hərbi vəziyyət dövrü nəzərə alınaraq döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə paylaşımlar, bəyənmələr və yersiz müzakirələrdə iştirak etmək qadağan olunsun. Vaxtaşırı sosial şəbəkələrə baxış keçirməklə adekvat tədbirlərin görülməsi, habelə internetdən yalnız xidməti fəaliyyət istisna olmaqla, başqa məqsədlə istifadələrin tam qarşısı alınsın, hər bir polis əməkdaşının və mülki işçilərin iltizamlarının alınması təmin edilsin. Vəzifə təlimatlarının, müvafiq əmr və göstərişlərin tələblərinə, qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərə riayət olunması gündəlik nəzarətdə saxlanılsın, «Daxili işlər orqanları əməkdaşlarının etika davranış Kodeksi»nin şəxsi heyət tərəfindən bir daha öyrənilməsi təşkil edilsin. Göstərişin icrasına şəxsən məsuliyyət daşıdıqları mühafizə hissələri rəislərinin nəzərinə çatdırılmaqla onun tələblərini pozan hər bir əməkdaş və mülki işçinin bu sahəyə cavabdeh olan şəxslərlə birlikdə intizam tənbehlərinə cəlb olunacaqları nəzərlərinə çatdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2021-ci il tarixli Ə660-001-21 saylı əmrindən görünür ki, bir qrup polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Əmrin 10-cu bəndindən görünür ki, «Polis haqqında» Qanunun 3, 13 və 29-cu, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin 1, 2, 3, 4, 20 və 22-ci maddələrini, «İntizam nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq «Tik-Tok» sosial şəbəkəsində qeydiyyatdan keçib orada polisə aid və digər müxtəlif məzmunlu foto və videogörüntülər yerləşdiklərinə, ayrı-ayrı vaxtlarda «canlı yayım» açdıqlarına, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə bir neçə şəxs, o cümlədən analoji qəbahətlərə yol verdiyinə görə İddiaçı ilə bağlanmış müqaviləyə əmək qanunvericiliyinə əsasən xitam verilməsi BMİ rəisinə həvalə olunmuşdur. Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə344-038-21 saylı əmrindən görünür ki, DİN-in xx.xx.2021-ci il tarixli yuxarıda göstərilən əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Yuxarıdakı əmrlərdə istinad edilən DİN-in xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişindən göründüyü kimi, sosial şəbəkələrdə özləri barədə məlumat yayan, xidməti vəsiqəsini, silahı, xüsusi vasitələri nümayiş etdirən, polis geyimi formasında, iş otaqlarında, auditoriyalarda, təlim meydançalarında və xidməti nəqliyyat vasitələrində çəkilmiş fotoşəkillərini yerləşdirən əməkdaşların, o cümlədən müdavimlərin hərəkətləri polis etikasına yaraşmayan və konfidensiallığı pozan əməllər kimi qiymətləndirilmiş, belə faktlar üzrə xidməti yoxlamalar aparılması və nəticələri sıravi və rəis heyəti yığıncaqlarının müzakirəsinə çıxarılması barədə göstəriş verilmişdir. İş materiallarına əlavə olunmuş BMİ-nin 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya ona məlumat verilməsi barədə müraciətinə cavab olaraq, tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən azad edilməsi barədə məlumat verilmişdir. DİN-in xx.xx.2021-ci il tarixli Ə151-038-21 saylı əmrindən görünür ki, bunadək iddiaçı başqa bir hal ilə bağlı olaraq (Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın tələblərini və əmək müqaviləsinin şərtlərini pozaraq vəzifəsinə aid olmayan danışıqlarda iştirak etməklə vətəndaşa təhrif olunmuş məzmunda arayışın verilməsində vasitəçilik edilməsi) Əmək Məcəlləsinin 186-cı maddəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa olunma və məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa olunma və məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa olunma və məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar