Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2434/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh2 və X3 qarşı “istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh2 və X3 qarşı “istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, iş üzrə cavabdehlər həmin evdə qeydiyyatda olsalar da, qeyd olunan evdə yaşamırlar. Belə ki, həmin şəxslər uzun illər əvvəl həmin evdə yaşasalar da, daha sonra daimi əsaslarla başqa yerə köçmüşlər. Eyni zamanda onların mənzildə yaşamaları ilə bağlı münasibətlər isə 2000-ci ildən əvvəl baş vermişdir. Hazırda, cavabdehlərdən Anar Qasımzadə ümumiyyətlə Respublika hüdudlarından kənarda Almaniya Respublikasında daimi yaşayır. Digər şəxslər isə iddiaçıların ailə üzvləri deyil və həmin evdə də yaşamırlar. Göründüyü kimi, cavabdehlərin hər biri ayrı yerdə yaşamaqdadırlar və onlar birlikdə heç bir ümumi təsərrüfat işləri aparılmır. Bunlara baxmayaraq onların hər biri göstərilən ünvanda formal şəkildə qeydiyyatdadırlar. Göstərilən bu hallar iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır, mülkiyyətlərindəki əmlaka dair sərəncam vermək imkanlarını aradan qaldırır. Bu baxımdan qeyd edilən halların qarşısını almaq üçün həmin şəxslərin istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Cavabdehlər hazırda mübahisəli mənzildə qeydiyyatda olduqlarından “qeydiyyatdan çıxarılma” barədə Bakı İnzibati Məhkəməsində tərəflərindən iddia qaldırılmışdır. Lakin, mənzildə yaşamaqla bağlı münasibətlər 2000-ci ildən əvvəl yarandığına görə inzibati məhkəmə qaydasında işə baxılma mümkün deyildir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh1 Əbdüləli qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 1986-cı il tarixdə verilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və X2 arasında 1986-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 51/2-6773/23№-li məktubdan görünür ki, ünvan 2 ünvanına sorğuda qeyd olunan şəxslər Cavabdeh2 xx.xx.2015-ci il, X6 xx.xx.2011-ci il, X5 və Cavabdeh1 Əbdüləli qızı isə xx.xx.2007-ci il tarixlərdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0474307№-li Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına rəsmiləşdirilmiş, 1/10 hissədə İddiaçı1,1/10 hissədə İddiaçı2, 1/5 hissədə X10, 1/5 hissədə X13, 1/5 hissədə Baba Nəriman oğlunun, 1/5 hissədə isə X8 pay hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar-Sahəsindən verilən 25 oktyabr 2022-ci il tarixli, 1517№-li Arayışdan görünür ki, İddiaçı2 həqiqətən də Əbilov küçəsi 129 saylı evdə qeydiyyatdadır, xx.xx.2014-cü il tarixdə verilmiş çıxarışa əsasən 1/10 hissə onun adınadır, Cavabdeh1 Əbdüləli qızı, X11, X7 və X6 qeydiyyatdadırlar, lakin hal-hazırda bu ünvanda yaşamırlar. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 5756836№-li Arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı2 13 yanvar 2010-cu il tarixdən etibarən qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər-Cavabdeh3, Cavabdeh1 Əbdüləli qızı və Cavabdeh2dır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 202, 202A, 3 saylı mənzil 6 (yeni qaydalarla; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M2, m3) və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 23, 37 saylı mənzil qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 129 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Digər şəxslərin adlarına isə Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 pay hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə dövlət sərhədindən çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 1/10 və İddiaçı2 1/10 hissəsi xüsusi mülkiyyətindədir. Cavabdeh2 2015-ci ildən, X5 və Cavabdeh1 Əbdüləli qızı 2007-ci ildən iddiaçıların xüsusi mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Bu zaman cavabdehlə mülkiyyətçi arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Hazırda cavabdehlər həmin ünvanda yaşamır. Cavabdehlər həmin evə daimi qeydiyyata alınsa da, evin mülkiyyətçiləri ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçıların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Eyni zamanda, müəyyən edildi ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixdən etibarən ölkə sərhədindən çıxış etmişdir. Cavabdeh1 Əbdüləli qızının adına isə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 202, 202A, 3 saylı mənzil 6 (yeni qaydalarla; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M2, m3) və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 23, 37 saylı mənzil qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 129 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçılar ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçıların mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçıların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçıların tələbi əsasında cavabdehlərin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçıların mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh2 və X5 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 129 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmadığı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh2 və X5 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 129 saylı fərdi yaşayış evindən istifadə hüquqları olmadıği müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2434/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2434/2023
02.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver