Məhkəmə qərarları › İş №e-2(006)-2448/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2448/2024

08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2448/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə qismində tanınma və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə qismində tanınma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ləyaqətsiz vərəsə qismində tanınması, vərəsəlikdən, mirasdan və məcburi paydan məhrum edilmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olması barədə hər hansı sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-49/2024 nömrəli qərardadından isə görünür ki, İddiaçı hüquqlarının müdafiə edilməsi və ona yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkillə təmin olunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, şəxsin dövlət hesabına vəkillə təmin olunması məsələsi (mülki işlər üzrə) mülki prosessual qanunvericiliklə (MPM-in 67-1-ci maddəsi) tənzimləndiyi halda, dövlət rüsumundan azad olma məsələsi «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə (9-cu maddəsi) tənzimlənir. Bu isə o deməkdir ki, şəxsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1-ci maddəsində göstərilən hallardan birinə (və ya bir neçəsinə) uyğun hesab edilməklə, onun dövlət hesabına vəkillə təmin edilməsi barədə məhkəmə qərardadının mövcudluğu həmin şəxsin həm də dövlət rüsumunu ödəməkdən azad olması nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin konkret siyahısı müəyyənləşdirilmiş və həmin kateqoriyalardan birinə uyğun olmasına dair sübutları iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsinə nə rüsumun ödənilməsinə dair sənədi, nə də rüsumdan azad olmasına dair sənədləri əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyindən hazırki iddia ərizəsi geri qaytarılmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 150.1 və 150.1.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1, 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsini və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə qismində tanınma və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar