Məhkəmə qərarları › İş №e-2(006)-2451/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2451/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2451/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "uşağın ananın himayəsində saxlanılması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsində saxlanılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 01.02.2022-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və üç yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 05.02.2021-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 01.02.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ərizəsi əsasında 11.01.2022-ci il tarixində Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən onların nikahı pozulmuş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət olunmuş, cavabdeh 02.04.2022-ci il tarixində ilkin mediasiya sessiyasına dəvət olunmuş, lakin tərəflər sessiya prosesini davam etdirmək barədə qərar qəbul etməmişdir. Bu barədə mediator tərəfindən arayış təqdim edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı 01.02.2022-ci il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və üç yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini zəruri hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, ərizə təqdim edərək, uşağın iddiaçının yanında saxlanmalsına razı olduğunu, aliment tələbi hissəsində iddianı qəbul etmədiyini, hazırda işsiz olmaqla gəlir mənbəyi olmadığını, işə düzəlmək üçün müvafiq quruma müraciət etdiyini, işə düzəldikdən sonra uşağın saxlanması üçün hər ay 150 manat ödəyəcəyini bildirib, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən 24.02.2022-cü il tarixdə verilmiş AZ-İV seriyalı 712469 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 01 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X2 qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 11.01.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 403433 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı nikahı (ər-arvadın birgə ərizəsi) 11.12.2021-ci il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11.01.2022-ci il tarixdə, 14 № ilə qeyd edilmiş, İddiaçı nikah pozulduqdan sonra Bəkirova soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatının 02.04.2022-ci il tarixli MŞB/6-00647 tarixli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi 13.05.2022-ci il tarixli ********** №-li məşğulluq haqqında arayışından görünür ki, Cavabdeh 20.04.2020-ci il tarixindən işaxtaran (işi və qazancı olmayan şəxs) kimi Dövlət Məşğulluq Xidmətinə müraciət etmiş, sənədin etibarlılıq müddəti 31.12.2022-dir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı və Cavabdeh 05 fevral 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 01.02.2022ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahı 11.01.2022-ci il tarixində pozulmuşdur. Birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan övladları X3 anasının himayəsindədir. Cavabdeh nikah pozulduqdan sonra 01.02.2022-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsinə verilməsinə razıdır. Məhkəmə ilk öncə iddia tələbinin uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı hissəsinə qiymət verməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh uşağın anasının yanında qalmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tərəflər arasında uşaqların valideynlərdən kimin yanında qalmaları barədə mübahisə olmadığını, birgə nikahlarından anadan olmuş 01.02.2022-ci il təvəllüdlü X1 yaşını, ana nəvazişinə ehtiyacının olmasını nəzərə alıb hesab edir ki, yetkinlik yaşına çatmayan X1 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların analarının yanında saxlanılmaları onların maraqlarına zidd deyildir və ilk növbədə, uşaqların mənafelərinə xidmət edəcəkdir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla işlədiyinə və aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olması nəzərə alınaraq, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, tərəflərin birgə nikahından anadan olmuş 01.02.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 08.04.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə iddiaçının “uşağın üç yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, aşağıdakı səbəblərə görə həmin hissədə iddia təmin olunmamalıdır. Əlavə xərclərin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəmə hesab edir ki, iddiaçı əlavə xərclərin ödənilməsinə əsas olan müstəsna halların olmasını (uşağın xəstəliyini və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, habelə iddiaçı özü uşağın sağlam olduğunu bildirdiyindən iddia tələbi əlavə xərclərin tutulması hissəsində təmin olunmamalıdır. Bundan başqa məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh hazırda işsizdir, işə düzəlmək üçün müvafiq quruma müraciət etmişdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan qanunun normasından göründüyü kimi keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi iddiaçı məhz cavabdehin zəruri maddi vəsaitə malik olmasını və özünün maddi cəhətdən köməyə ehtiyacı olmasını sübut etməlidir. Lakin belə sübutlar onun tərəfindən məhkəməyə təqdim olunmamış, iş materiallarında olan sübutlar əsasında isə cavabdehin iddiaçıya maddi cəhətdən köməklik etməsi üçün zəruriliyin olmasını müəyyən etmək üçün kifayət olmamışdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş 01.02.2022-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. 01.02.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08.04.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar