Məhkəmə qərarları › İş №e-2(006)-2454/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2454/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2454/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ləğv prosesində olan "xxxx" ASC-yə olan kredit borcunun tam ödənilməsi və bağlanılması barədə məlumatın Kredit Bürosuna təqdim edilməsi öhtəliyinin ləğvedici Əmanətlərin Siğortalanması fondunun üzərinə qoyulması və iddiaçının adının Mərkəzi Kredit Reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin müvafiq məhkəmə aktları ilə borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə 1009.55 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 1917 manat borcun və 20 manat dövlət rüsumunun ödənilməsi qət edilmiş və məhkəmə aktları icraya yönəldilmişdir. Həmin borc məbləğləri tam ödənilmişdir. "xxxx" ASC 12 may 2017-ci il tarixli məktubu ilə Şəki rayonu üzrə İcra Şöbəsinə müraciət edərək İddiaçı xx.xx.2017-ci il tarixdə məhkəmə əmri üzrə borcunu tam ödədiyini bildirmiş və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1303/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə icraata xitam verilmişdir. Lakin ləğv prosesində olan "xxxx" ASC tərəfindən kredit borclarının tam ödənilməsi və bağlanması barədə məlumat Azərbaycan Kredit Bürosuna verilməmişdir, bu səbəbdən də Kredit Bürosunda kreditlə bağlı düzgün olmayan məlumatlar yerləşdirilmiş, adı MKR-dən çıxarılmamışdır. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 05PRK/3226 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə məhkəmə əmri üzrə borcunu tam ödəmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1303/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, icra sənədi üzrə tələb təmin olunduğundan Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1303/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli **********209 saylı məktubundan görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19 dekabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 650 (altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədillə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Şəki rayon məhkəməsinin 29 may 2014-cü il tarixli 2(075)-1303/2014 saylı qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin xeyrinə 1099.55 manat və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 621.37 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixə sözügedən qətnamə üzrə "xxxx" ASC qarşısında 498.18 manat borc öhdəliyi mövcuddur. xx.xx.2022-ci il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, iddiaçının xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 196,67 manat təşkil edir. xx.xx.2022-ci il tarixli **********306 saylı Maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 43658145 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcu, əsas borc üzrə 196,67 manat, faiz borcu üzrə 905,82 manat, cərimə üzrə 288,92 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz üzrə 104,94 manat, cəmi 1496,35 manat təşkil edir. 1444 saylı İcra işinin materiallarından müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1303/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 1106,14 manat əsas, 559,35 manat faiz, 251,51 manat cərimə, cəmi 1917,00 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmuşdur. Məhkəmə əmri icra edilməsi üçün Şəki rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2014-cü il tarixli İcraata başlamaq haqqında qərar qəbul edilərək, borcun könüllü ödənilməsi barədə borcluya bildiriş göndərilmişdir. İcra məmurunun xx.xx.2017-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə icra sənədi üzrə tələb təmin olunduğundan Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1303/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia tələbinin əsası kimi Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1303/2014 saylı icra sənədi üzrə borcun tam ödənilməsinə istinad etməklə bu barədə məlumatın Kredit Bürosuna təqdim edilməsini tələb edir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1303/2014 saylı icra sənədi üzrə tutulan borc "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcdur və Azərbaycan Kredit Bürosundan Çıxarışdan da görünür ki, həmin müqavilə üzrə iddiaçının borcu yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən Şəki Rayon Məhkəməsinin 2(075)-1303/2014 saylı icra sənədi üzrə borcun ödənilməsinə dair məlumat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş və bu hal Azərbaycan Kredit Bürosundan Çıxarışda öz əksini tapmışdır. Yəni iddiaçının tələbi cavabdeh tərəfindən yerinə yetirilmişdir. Azərbaycan Kredit Bürosundan Çıxarışda göstərilən iddiaçının borcu isə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə olan borcdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar