Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2474/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə əsasında yaranmışdır və müqavilə öhdəlikləridir. Sözügedən müqavilənin predmetinə görə, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4, 1.5, 1.6 və 2.5-ci bəndlərinə əsasən, əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 18 ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15.000 ABŞ dolları təşkil edir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müqavilənin sonunda illik 9% ödəyir. Əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi– Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X6 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Müqavilənin 6.6-cı bəndinə görə, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a) Adsız borc qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; b) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; c) Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; d) Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; e) Üzərinə həbs qoyulmuş əmanətlər; f) Cəlb edildiyi gönə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilmiş həddən, yəni 12 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; g) Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; h) Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; i) Ödəniş müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; j) Bank qarşısında öhdəlikləri təminatı olan əmanətlər. Qeyd edilir ki, iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Həmin Müqavilənin 6.8-ci bəndinə görə, Fond kompensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Həmin Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi üzrə əmanətə qoyulmuş 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 9% dərəcəsilə (9:12=0.75; 15.000x0.75=112.5 (aylıq); 112.5x18=2025 (illik)) hesablanmış 2025 ABŞ dolları məbləğində faizlərin, cəmi 17025 ABŞ dolları məbləğində pul vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində kreditor tələblərinin qeydiyyatı barədə tələbim qeydiyyata alnmış və rəsmi qaydada iddiaçıya 15286 ABŞ dolları məbləğində qəbz də verilmişdir. İddiaçıya müxtəlif vaxtlarda müəyyən kompensasiya ödənilsə də, bugünki günədək depozit tam məbləğdə ödənilməmişdir. Göstərilənlərə əsasən 12.177 ABŞ dolların, faizi 2025 ABŞ dolların və hazırki iddia tələbi üçün ödənilən 163 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə müqavilənin 9% dərəcəsi ilə bağlandığını, sonradan eyni şərtlərlə uzadıldığını bildirmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının da qeyd etdiyi kimi, müqavilə illik 9% dərəcəsi ilə müəyyənləşdirilmiş və qoyulan məbləğ ABŞ dolları ilə olmuş, eyni şərtlərlə də uzadılmışdır. Müqavilə uzadıldıqdan sonra da illik 9% dərəcəsi şərti olmuşdur. İddiaçı tərəfindən iş materiallarına Azərbaycan Respublikası Ali Məhkəməsinin bir qərarı yerləşdirilmişdir ki, qarşı tərəf bu iş üzrə həmin qərarın analogiya olduğunu düşünür. Lakin həmin işdə vəziyyət tamamilə fərqlidir. Hal-hazırki işdə illik 9% dərəcəsi müəyyənləşdirilmişdir və bank müflis olana qədər də 9% dərəcəsi olmuşdur. “Əmanətlərin Sığortalanması haqqında” Qanunda qorunan əmanət anlayışındakı ilk şərtlərdən biri müəyyən edilən faiz dərəcəsidir ki, həmin dövrdə faiz dərəcəsi dollara münasibətdə 3% olmuşdur. Bu səbəbdən sözügedən əmanət qorunan əmanət hesab olunmur. Fond tərəfindən yalnız qorunan əmanətlər kompensasiya edilir. Digər tələblər isə banka qarşı kreditor tələblər kimi qeydə alınır. Artıq iddiaçıya vəsaitlər də ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, ********* nömrəli bank əmanəti müqaviləsinə (“Göy Əmanət”) əsasən Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (bənd 1.1). Əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 18 ay müddətinə qəbul edilir (bənd 1.4). Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15000 USD təşkil edir (bənd 1.5). Bank əmanət üzrə əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 9% faiz ödəyir (bənd 1.6, 1.6.1). 8.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış bank əmanəti müqaviləsi üzrə qalmış 12177 ABŞ dolların 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. 9.Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən 18 yanvar 2018-ci il tarixli, 0138 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzdən görünür ki, kreditor İddiaçı Ləğv prosesində olan "xxxx" ASC qarşısında 15287 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. 10.Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı tərəfindən ünvanlanan xx.xx.2020 və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki. A.Nadir "xxxx" ASC-də ona məxsus qorunmayan əmanət məbləğinin 2 və 3-cü tranş üzrə ödəniləcək hissəsinin əlavədə qeyd edilən rekvizitlərə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 163 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarına əlavə edilmiş fotoşəkillər və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə ********* nömrəli bank əmanəti müqaviləsi bağlamış və banka 15.000 ABŞ dolları məbləğində əmanət pul qoymuşdur. Həmin müqaviləyə əsasən müqavilənin müddəti, yəni əmanətin qaytarılma vaxtı xx.xx.2016-cı il müəyyən edilmişdir. Əmanət 18 ay müddətinə, illik 9 (doqquz) faiz ilə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarı ilə sığorta hadisəsi baş vermiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı Bankda olan 12.177 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 2025 ABŞ dolları faiz məbləğinin, həmçinin hazırki iddia tələbinin qaldırılması üçün ödədiyi dövlət rüsumunun ona cavabdeh tərəfindən ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-390.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 15.“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə görə, əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.2 və 2.1.2.6-cı maddələrinin tələbinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.9-cu maddəsinə görə, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. 2.1.10-cu maddəsinə görə, sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 16.“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5-ci maddəsinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir 17.“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. 18.Hazırkı işdə işin mübahisəli halı iddiaçının əmanətinin qorunan (sığortalanmış) olub-olmaması ilə bağlıdır. Çünki, qorunan əmanətlərə münasibətdə Əmanətlərin Sığortalanması Fondu məsuliyyət daşıya bildiyi halda, qorunmayan əmanətlər bankın bilavasitə bank fəaliyyəti ilə bağlı öhdəlikləri hesab olunur. 19.Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi İddiaçı ilə "xxxx" ASC arasında bank əmanəti müqaviləsi bağlanan zaman tərəflər əmanətin 9%-lə qoyulması barədə razılığa gəlmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, Banka əmanət olaraq qoyulan məbləğ ABŞ dolları ilə olmuş, sonradan müqavilə eyni şərtlərlə də (9% olmaqla) uzadılmışdır, yəni müqavilə uzadıldıqdan sonra da illik 9% dərəcəsi şərti olmuşdur. 20.Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi (xx.xx.2014-cü il tarixli X3 8.3-cü maddəsi). 21.Mülki iş üzrə aparılan icraat zamanı isə müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarı ilə "xxxx" ASC-nin iflas proseduruna başlanılmış, bununla da sığorta hadisəsi baş vermişdir. 22.Məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verdiyi zaman X2 2016-cı il 2 mart tarixli qərarı qüvvədə olmuş və həmin qərara əsasən qorunan əmanətlər üzrə xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edildikdən sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır. Buna görə də iddia tələbi əmanətin ödənilməsi hissəsində əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. 23.Məhkəmə iddia tələbinin bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2014-cü il tarixli bank Əmanəti Müqaviləsi üzrə banka verilmiş 15.000 ABŞ dolları məbləğində əmanət qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. 24.Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutulması hissəsinə isə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissələrdə rədd edildiyindən iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2474/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2474/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver