Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2480/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsini rəhbər tutaraq ona ödənilməli olan 17.928,39 manat kompensasiyanın Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında bağlanılmış kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliyi mövcud olmuşdur. Lakin, bankda sığorta hadisəsi baş verməzdən öncə həmin öhdəliyin icrasını tam təmin edərək borc öhdəliyinə xitam vermişdir. Lakin, müvafiq bank öhdəliyindən silinmə həyata keçirməmiş və bankda sığorta hadisəsi baş vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə Muğanbank ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişləri agent banklar "Kapitalbank” və "xxxx" ASC-lər tərəfindən həyata keçirilir. 2023cü ilin sonlarında "xxxx" ASC-nin baş ofisinə yaxınlaşmış və sənədlərini təqdim edərək kompensasiyanı almaq üçün nə etməli olduğunu soruşmuşdur. Ona hesabından çıxarış təqdim olunmuş və bu çıxarışla müvafiq agent banka müraciət edərək kompensasiyanı ala biləcəyi bildirilmişdir. Bundan sonra həmin çıxarışla agent banka kompensasiya almaq niyyətilə yaxınlaşmışdır. Agent bank vasitəsilə 9138 manat vəsaiti kompensasiya olaraq əldə etmişdir. Lakin, onun sözügedən bankda qorunan əmanətinin əlavə olaraq 17928.39 manat hissənin ödənilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, həmin hissə qorunmayan əmanət hesab edilir və kreditor tələbi kimi qeydə alınacaqdır. O, Fondun qaynar xəttinə bir neçə dəfə zəng etmiş və eyni zamanda yazılı müraciət etmişdir. Şifahi müraciətinə cavab olaraq ona bildirmişlər ki, onun bank qarşısında olan öhdəliyi 90.861,65 manat və 135,27 manat məbləğində hesabında olan vəsait kredit borcu ilə əvəzləşdirildikdən sonra qanunla müəyyən edilmiş 100.000 manat ümumi kompensasiya məbləğindən çıxılaraq geridə qalan hissəsi üzrə kompensasiya ödənişi ödənilə bilər. Yazılı müraciətinə cavab olaraq da ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə 90861,15 manat və xx.xx.2024-cü il tarixdə 135,27 manat məbləğində vəsait silinərək borcu tam bağlanmışdır. Eləcə də, müraciətinə cavab məktubunda kredit borcu cari hesabından silindikdən sonra hesab qalığının 17928,39 manat məbləğində vəsait təşkil etməsi, sözügedən vəsaitin kreditor tələbi kimi qeydə alındığı və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Əgər sığorta hadisəsi baş vermiş bankda əmanətçinin həm də vaxtı çatmış öhdəliyi mövcuddursa həmin öhdəliklər qorunan əmanətdən çıxılır (əvəzləşdirilir) və geri qalan məbləğ qorunan əmanətçiyə kompensasiya edilir. Və bu o deməkdir ki, əvəzləşmədən sonrakı qalıq kompensasiya məbləği 100.000 manat limiti aşmamalıdır. Onun isə əldə etməli olduğu əlavə vəsait 17.928,39 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, hazırki iddia tələbi kreditor tələbi olmaqla həmin iddiaya apellyasiya instansiyası məhkəməsində baxılmalıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan məxaric orderinin surətindən görünür ki, İddiaçı 9138 manat ödənilmişdir. İş materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun tələblərinə əsasən, fiziki şəxslərin hesablarında qalmış 100.000 manat məbləğindən artıq vəsaitlər sığortalanmış əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildirilmişdir ki, 9.138 manat məbləğində kompensasiya ona ləğv prosesində olan banka təyin olunan agent bank tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixdə 90.861,65 manat və xx.xx.2024-cü il tarixdə 135,27 manat məbləğində vəsait silinərək kredit borcu tam bağlanmışdır. Məlumat üçün bildirilmiş ki, kredit borcu cari hesabdan silindikdən sonra hesab qalığı 17.928,39 manat məbləğində vəsait təşkil edir. Sözügedən vəsait kreditor tələbi kimi qeydə alınmışdır və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən, növbəlilik qaydasında həyata keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 90547 manat p/k hesabına mədaxil edilmişdir. İş materiallarında olan borc verən "xxxx" ASC ilə borc alan İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 087/PL saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana 1 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit kartı ilə kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan borc verən "xxxx" ASC ilə borc alan İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 088/PL saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana 1 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit kartı ilə kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan borc verən "xxxx" ASC ilə borc alan İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 089/PL saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana 1 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit kartı ilə kredit xəttinin açılması haqqında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Həmin Məcəllənin 947.3-cü maddəsinə əsasən, tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın. Həmin Məcəllənin 950.4-cü maddəsinə əsasən, bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə olan kredit üzrə öhdəliyinin icrası məqsədi ilə ödənilmiş 90547 manat, onun kredit borcunun silinməsinə deyil qorunan əmanətinə daxil edilmişdir. Bunun nəticəsi olaraq, bankda sığorta hadisəsi baş verdikdən sonra kredit borcunun iddiaçının əmanəti hesabına ödənilməsini həyata keçirilməklə, kompensasiya olaraq iddiaçıya 9138 manat "xxxx" ASC vasitəsilə ödənilmiş, qalan 17.928.39 manatın növbəlilik qaydasında həyata keçirilməklə qaytarıması nəzərdə tutulmuşdur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Bu Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. Bu Qanunun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Məhkəmə qeyd edir ki, LPO "xxxx" ASC-nin iddiaçıya ünvanlanan məktubunda iddiaçının hazırda 17.928.39 manat qorunan əmanətin mövcudluğu etiraf edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" ASC-nin müflis edilməsi haqqında qərar qəbul edilənə qədər, yəni xx.xx.2023-cü il tarixdə qədər Bank qarşısında mövcud olmuş öhdəliyini tam ödəmək üçün xx.xx.2023-cü il tarixdə vəsait mədaxil etmiş, növbəti 3 (üç) iş günü ərzində belə əməliyyatların aparılmasının dayandırılmasını şərtləndirən hadisə baş verməyən dövrdə cavabdehin müvafiq səlahiyyətə malik olan əməkdaşı daxil olmuş vəsaiti öhdəliyin silinməsinə yönəltməmiş, məhkəmə qərarı ilə ləğvedici müəyyən olunduqdan sonra həmin məbləği iddiaçının Bankda olan hesabına yönəldilmişdir. Bununla da iddiaçının iradə ifadəsi nəzərə alınmadan onun Bankda olan əmanət hesabı artıq ləğv prosesi başlandıqdan sonra artmışdır. Qeyd olunanlar isə ləğv prosesi başlanmasından əvvəl mövcud olan əmanət vəsaitinin qaytarılmasına dair iddiaçının tələbinin Əmanətlərin Sığorta Fondu tərəfindən kreditor tələb kimi qeydə alınmasına əsas olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Əmanətlərin Sığortalanması Fondundan 17.928,39 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 17.928.39 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2480/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2480/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver