Məhkəmə qərarları › İş №e-2(006)-2493/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2493/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2493/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “Nəsimi – 53” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qarajın iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və “Nəsimi – 53” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “qarajın iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın (VÖEN **********, əvvəlki adı "xxxx" MMC) Bakı şəhəri, Bül-Bül prospekti 40 və S.Rəhimov küçələri arasında inşa edilən (hazırki ünvan Nəsimi rayonu, Bül-bül prospekti 40) yaşayış binasının qarajından 1 ədəd qarajın İddiaçı təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktoru T.İ.Nəbiyev ilə xx.xx.2009-cu il tarixində İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC-nin Bakı şəhəri, Bül-Bül prospekti 40 və S.Rəhimov küçələri arasında inşa edilən (hazırki ünvan Nəsimi rayonu, Bül-bül prospekti 40) yaşayış binasının 1A girişi, 7-ci mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan 5 otaqlı, 18 saylı mənzili və binanın qarajından 1 ədəd qaraj alınmışdır. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən qaraja olan pay İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MMC xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-ya çevrilmişdir. xx.xx.2023-cü il tarixdə binanın idarə edilməsi sakinlər tərəfindən yaradılmış Cavabdeh1 MMMC-yə keçmişdir. Mübahisəli hal ondan ibarətdir ki, İddiaçı bina tikilib təhvil verildikdən sonra öz mənzilində yaşadığı dövrdə qarajını istifadə etmiş, bir neçə ildir ki, binada yaşamadığından qarajından da istifadə etməmişdir. Hazırda İddiaçı qarajdan istifadə etmək istədikdə ona qaraj verilmir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" MTK-nın əsl Cavabdeh2 MMC ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh “Nəsimi – 53” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh qismindən çıxarılaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, hazırda təmsil etdiyi MMC əvvəlki adı Jalə MTK olmaqla iddiaçı ilə müqavilə bağlayıb, iddiaçı qaraja görə ödəniş edib və qaraj iddiaçıya təhvil verilib. Qarajın dəqiq nömrəsi yoxdur. Sonradan iddiaçı orada maşın saxlamadığı üçün başqa şəxslər orada maşın saxlayırlar. Buna təmsil etdiyi cəmiyyət heç bir məsuliyyət daşımır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Nəsimi – 53” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Bülbül prospekti 40 və S.Rəhimov küçələri arasındakı yüksək mərtəbəli binanın 1 ədəd qaraja onun tərəfindən pay tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 18 nömrəli mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2721 nömrəli reyestr kitabının 253635 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında inşa olunan yaşayış binasında 1-ci “A” giriş, 7ci mərtəbə ümumi sahəsi 216,04 m2, yaçayış sahəsi 131,98 m2 olan 5 otaqlı 18 saylı mənzilin sahibidir. Həmin mənzildə heç kim qeydiyyata alınmamışdır. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 03 nömrəli xx.xx.2011-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 4 girişli kooperativ binasının 1-ci «A» girişində 7-ci mərtəbədə, ümumi sahəsi 216.04 kv.m yaşayış sahəsi 131.98 kv.m olan 5 otaqlı 18 nömrəli mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Həmin binada, giriş 1 “A”, mərtəbə 7, ümumi sahəsi 216.04 kv.m yaşayış sahəsi 131.98 kv.m olan 5 otaqlı 18 nömrəli mənzilin pay sahibi İddiaçı tərəfindən 41.479,68 manat tam ödənilmişdir, borcu yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilmiş EJ seriyalı 0018 nömrəli müvəqqəti orderin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 392-ci məhəllədəki “A” korpusundakı binanın 7-ci mərtəbəsində 5 otaqlı 18 nömrəli mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********019400 nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü il tarixində dövlət qeydiyyatına alınmış, sonradan qurumun adı dəyişdirilərək, Cavabdeh2 adlandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025-ci il tarixli cavabından görünür ki, xx.xx.2004cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı xx.xx.2012-ci il tarixdə dəyişdirilərək Cavabdeh2 (VÖEN **********) kimi adlandırılmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağının xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında daşınmaz əmlak kompleksini birgə idarə etmək və s. məqsədlərlə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı mübahisə predmeti olan qarajı cavabdehdən almış və bu hal iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə, həmçinin iddiaçının həmin binada mənzilinin olması ilə sübuta yetirilir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında qeyd etmişdi ki, qaraj iddiaçıya təhvil verilmişdir. Əgər başqa şəxslər qarajdan istifadə edirsə, burada cavabdehin təqsiri yoxdur. İzahatın məzmunundan göründüyü kimi cavabdeh də öz növbəsində qarajın iddiaçının mülkiyyətində olmasını və ondan istifadə etmək hüququnun olmasına etiraz etməmişdir. Yəni məhkəmə belə olan təqdirdə hesab edir ki, iddiaçı qarajın dəyərini cavabdehə ödəmiş, buna dair cavabdehin hüquqi sələfi tərəfindən müvafiq arayış təqdim edilmiş, lakin hazırda iddiaçı cavabdehin ona verməli olduğu qarajdan istifadə və sahiblik hüquqlarından məhrum olmuşdur. Cavabdeh qarajın iddiaçıya təhvil verilməsini qeyd etsə də, buna dair mötəbər sübutları təqdim etməmişdir.Belə olan təqdirdə cavabdeh tərəfindən dəyərinin ödənilməsi mübahisələndirilməyən qaraj iddiaçı təhvil verilməlidir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Bülbül prospekti 40 və S.Rəhimov küçələri arasında inşa edilən (hazırki ünvan Nəsimi rayonu, Bülbül prospekti 40) yaşayış binasının qarajından 1 ədəd qarajın İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bülbül prospekti 40 və S.Rəhimov küçələri arasında inşa edilən (hazırki ünvan Nəsimi rayonu, Bülbül prospekti 40) yaşayış binasının qarajından 1 ədəd qarajın İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar