Məhkəmə qərarları › İş №e-2(006)-2500/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2500/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2500/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Maraqlı şəxs MMC arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzilinin sökülməsi nəticəsində əvəzləşdirilən eyni ünvanda inşa edilmiş binanın 1-ci blokunun 5-ci mərtəbəsində 91 m2 olan 28 saylı mənzildən istifadə hüquqlarının tanınması, onların həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 keçmiş həyat yoldaşı X18 ilə rəsmi nikahda olduğu dövr ərzində sonuncu xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 36 ünvanda yerləşən 16 saylı mənzilə dair mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı2 oğlu İddiaçı1 ilə birgə həmin mənzildə xx.xx.2011-ci il tarixdən etibarən qeydiyyatdadırlar. 2015-ci ildə İddiaçı2 keçmiş həyat yoldaşı ilə boşanma prosesi başladığı zaman mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olaraq aralarında bölünməsinə dair mübahisə yaranmışdır. Belə ki, İddiaçı2 əlavə pul vəsaiti ödəyərək mənzilin tamamilə onun mülkiyyətinə keçirilməsini keçmiş həyat yoldaşına təklif etmiş, lakin sonuncu mənzilin İddiaçı2 tərəfindən əldə edilməsinə razılıq verməyərək, «həmin mənzildə mən yaşamayacaqsam, sən də yaşamayacaqsan» deyərək mənzilin üçüncü şəxslərə satılıb, əldə edilmiş məbləğin İddiaçı2 ilə arasında bölünməsinə təkid etmişdir. Keçmiş həyat yoldaşı ilə nikahı rəsmi qaydada 11 mart 2015-ci il tarixdə pozulduqdan sonra İddiaçı2 oğlu İddiaçı1 ilə birgə 2018-ci ilədək qeyd edilən mənzildə yaşamağa davam etmiş, lakin İddiaçı2 keçmiş həyat yoldaşı ilə mənzillə bağlı heç bir razılığa gələ bilməmişdir. 2017-ci ilin avqust ayında İddiaçı2 Cavabdeh ilə tanış olmuş və aralarında səmimi münasibətlər yaranmışdır. Bir müddətdən sonra isə cavabdehlə faktiki ər-arvad münasibətləri formalaşmış və birgə yaşamaqla aralarında ümumi təsərrüfat aparılmağa başlamışlar. Cavabdeh İddiaçı2 həmin mənzilin üçüncü şəxslər tərəfindən əldə edilməsinə razılığının olmadığını və onun keçmiş həyat yoldaşının mənzilə dair mülkiyyət hüquqlarının İddiaçı2 ötürülməsinə razılıq vermədiyini bildiyi üçün İddiaçı2 keçmiş həyat yoldaşının cavabdehi tanımadığını əsas gətirərək mənzilə dair mülkiyyət hüquqlarının cavabdehin adına rəsmiləşdirilib, istənilən vaxt İddiaçı2 xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirilməsini cavabdehə təklif etmişdir. Təkliflə razılığı əsasında cavabdehə tapşırılmışdır ki, İddiaçı2 tərəfindən mənzilin əldə edilməsi üçün verilmiş pul vəsaiti ilə İddiaçı2 keçmiş həyat yoldaşı ilə mənzilə dair alqı-satqı müqaviləsi bağlayıb, mənzilə dair mülkiyyət hüquqlarını əldə edib, daha sonra İddiaçı2 ilk tələbi ilə mənzili İddiaçı2 xeyrinə əvəzsiz özgəninkiləşdirsin. Cavabdeh İddiaçı2 tapşırığını qəbul etmiş və onun icrası ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə ki, cavabdehin mənzil üzərində mülkiyyət hüququnu əldə etmək niyyəti olmayıb, İddiaçı2 keçmiş həyat yoldaşı ilə arasındakı münasibətin həlli üçün İddiaçı2 tapşırıqlarını həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. Beləliklə, İddiaçı2 cavabdehə mənzilin əldə edilməsi üçün özünə məxsus 25.000 manat pul vəsaitini, qalan 25.000 manatı isə ailə dostu olan Bağır-X10 borc alaraq, toplamda 50.000 manat məbləğində pul vəsaitini nağd şəklində X16 qızı və İddiaçı1 şahidliyində verdikdən sonra cavabdeh həmin vəsaiti öz bank hesabına mədaxil etmiş və ardınca İddiaçı2 keçmiş həyat yoldaşı ilə xx.xx.2018-ci il tarixli ANİ seriyalı ******* saylı alğısatqı müqaviləsi bağlayaraq İddiaçı2 məxsus 25.000 manatı İddiaçı2 keçmiş həyat yoldaşına, digər 25.000 manatı isə ailə dostu Bağır-X14 İddiaçı2 və İddiaçı1 şahidliyində geri qaytararaq mənzilə dair mülkiyyət hüquqlarını əldə etmişdir. Qeyd edilən tarixdən etibarən İddiaçı2, İddiaçı1 və vaxtaşırı olaraq da cavabdeh mənzildə yaşamağa davam etmişlər. Mənzilin yerləşdiyi binada qonşuluq münasibətlərində olduqları X23, ƏlCavabdeh Tapdıq oğlu və X5 mənzildə 2011-ci il tarixdən İddiaçı2 oğlu İbrahim ilə birlikdə yaşadığına, cavabdeh ilə olan razılığa, mənzilin faktiki olaraq İddiaçı2 məxsus olduğuna, cavabdeh ilə İddiaçı2 faktiki ər-arvad münasibətlərində olduğuna, vaxtaşırı cavabdehin mənzilə gəlibgetdiyinə və cavabdeh tərəfindən mənzilin İddiaçı2 aid olduğu ilə bağlı edilən etiraflara şahid olmuşlar. Şahidlər haqqında məlumat daha sonra vəsatətlə təqdim ediləcəkdir. Ayrıca qeyd etmək lazımdır ki, İddiaçı2 cavabdehlə 17 iyun 2021-ci il tarixdə dini nikaha daxil olmuşdur. Belə ki, bu dövr ərzində cavabdeh ilə İddiaçı2 arasında yaranan etibarlılıq və güvən münasibəti dərinləşmiş, cavabdeh öz şəxsi ticari fəaliyyəti üçün vaxtaşırı İddiaçı2 borc pul vəsaitləri almış və bu pul vəsaitlərinin bir qismini geri qaytarmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018ci il tarixli 183 №-li Sərəncamına əsasən mənzilin təhlükəli vəziyyətdə olmasına görə onun sökülməsi və əvəzində mənzilin yerləşdiyi eyni ünvanda 1-ci blokun, 5-ci mərtəbəsində 91 m2 olan 28 saylı mənzil ilə əvəzləşdirməsinə dair xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs və cavabdeh arasında İddiaçı2 razılığı əsasında müqavilə bağlanmışdır. İddiaçı2 bu müqavilədən xəbərdar olmuş və onun icrasını arzulamışdır. Hətta sökülən mənzilin əvəzində veriləcək yaşayış obyektinin ilkin təklif edilən sahəsini qəbul etməmiş, yaşayış obyektinin sahəsini artırmaq məqsədi ilə İddiaçı2 və cavabdeh Maraqlı şəxs nümayəndəsi ilə görüş keçirmiş, razılığa əsasən mənzil sahəsinin artırılması üçün İddiaçı2 tərəfindən əlavə 4.000 manat məbləğində Maraqlı şəxsnə vəsait ödənilmişdir. Bundan əlavə, mənzil İddiaçı2 təşəbbüsü ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 sentyabr 2021-ci il tarixdə icbari qaydada sığortalanmışdır. Bu səbəbdən İddiaçı2 ilə cavabdeh arasındakı güvən və şəxsi mənasibətlərinin pozulmaması üçün mənzilin İddiaçı2 xeyrinə özgəninkiləşdirilməsi ilə bağlı tapşırığın icrası Maraqlı şəxs ilə bağlanan müqavilə üzrə öhdəliyin icrasına qədər ertələnmişdir. 2024-cü ilin mart ayında Maraqlı şəxs nümayəndəsi tərəfindən İddiaçı2 məlumat verilmişdir ki, cavabdeh mənzili özgəninkiləşdirmək niyyətindədir və hətta mənzildə hər hansı şəxsin qeydiyyatda olmamasına dair xx.xx.2024-ci il tarixli ******* №-li arayış da təqdim etmişdir. Belə ki, cavabdehin arayışı qeyri-qanuni əsaslarla əldə edildiyi üçün İddiaçı2 həmin gün 1 saylı Bakı «ASAN Xidmət» mərkəzinə müraciət edərək xx.xx.2024-ci il tarixli ******* №-li və ******* №-li arayış ilə özünün və İddiaçı1 mənzildə qeydiyyatda olduqlarına dair arayışları Maraqlı şəxsnə təqdim etmişdir. Bunun qarşısının alınması ilə bağlı İddiaçı2 cavabdəhdən mənzilin tez bir zamanda xeyrinə özgəninkiləşdirilməsini tələb etmiş, İddiaçı1 və özünün iştirakı ilə cavabdeh arasında baş tutmuş telefon danışığında sonuncu öz iradəsi ilə aralarındakı razılaşmanın varlığını təsdiq etmiş, mənzil üzrə mülkiyyət hüquqlarının İddiaçı2 aid olduğunu, lakin əvəzində qeyriqanuni və ağlasığmaz tələblər irəli sürdüyü üçün İddiaçı2 bu tələbləri qarşılamaq niyyətində olmamışdır. Cavabdeh hiddətlənərək mənzil üzərində mülkiyyət hüquqlarının onda olduğunu, onun tələblərinə razılıq verilmədiyi təqdirdə mənzili üçüncü şəxslərə satacağını qətiyyətlə vurğulamışdır. Cavabdehin bu hərəkətləri İddiaçı2 özünün və İddiaçı1 mənafelərini məhkəmə müstəvisində qorumağa vadar etmişdir. Cavabdehlə Maraqlı şəxs arasında Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 36 ünvanda yerləşən 16 saylı mənzilin sökülməsi nəticəsində həmin ünvanda inşa edilən binanın 1-ci blokun, 5-ci mərtəbəsində 91 m2 olan 28 saylı mənzillə əvəzləşdirilməsinə dair müqavilə bağlanmasaydı İddiaçı2 və İddiaçı1 yaşadıqları mənzildən bugünədək istifadə etməyə davam edəcəkdilər. Lakin mövcud vəziyyətdən göründüyü kimi, yeni mənzil istismara təhvil verildikdən sonra cavabdeh İddiaçı2 və İddiaçı1 həmin mənzildən istifadə etmək hüququndan məhrum edəcəkdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh mənzil üzərində qeydiyyatda olan mülkiyyət hüququ yalnız formal xarakter daşıyır və bu hüquq onun maliyyə və hüquqi təşəbbüsü nəticəsində formalaşmışdır. Mənzilin əvvəlki mülkiyyətçisi, keçmiş həyat yoldaşı X18 ilə olan alğı-satqı prosesi yalnız onun maliyyə və təşəbbüsü əsasında aparılmışdır. Mənzilin alınması üçün 50.000 manat məbləğində vəsaitin 25.000 manatı şəxsən özü tərəfindən, digər 25.000 manatı isə ailə dostu tərəfindən borc alınıb cavabdehə nağd şəkildə verilmiş və cavabdehin bank hesabına köçürülmüşdür. Bu vəsait əsasında alğısatqı müqaviləsi tərtib olunmuş, cavabdeh isə öz öhdəliyinə əsasən mənzilə formal mülkiyyətçi kimi daxil olmuşdur. Cavabdehin bu əməli yalnız onun tapşırığı və onunla olan etimad münasibətləri əsasında həyata keçirilmişdir. Cavabdehlə aralarında bağlanmış şifahi razılaşmanın hüquqi qüvvəyə minməsi üçün müvafiq qanunvericiliyin tələb etdiyi əsaslar mövcuddur. Belə ki, cavabdeh ilə onun iradəsi aydın və şübhəsiz şəkildə ifadə olunmuş, razılaşmanın şifahi formada bağlandığı və icra edildiyini göstərən faktiki münasibətlər, yəni razılaşmanın icrasına yönəlmiş konkret hərəkətlər mövcuddur. Bundan əlavə, razılaşmanın mövcudluğunu və şərtlərini təsdiqləyən şahid ifadələri də vardır. Məhkəməyə təqdim edilən bu şahidlərin ifadələri tərəflər arasında şifahi razılaşmanın bağlanmasını və onun müəyyən müddət ərzində icra edildiyini təsdiq edə bilər. Bu hallar, şifahi razılaşmanın mövcudluğunu və hüquqi nəticələr doğurduğunu sübuta yetirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirir ki, cavabdehlə aralarında 2017-ci ildən etibarən faktiki olaraq ər-arvad münasibətləri mövcud olmuşdur. Həmin münasibətlər 2021-ci ildə dini nikah vasitəsilə rəsmiləşdirilmişdir. Bu müddət ərzində onlar birgə yaşayaraq ümumi təsərrüfat aparmış, qarşılıqlı maddi dəstəyə əsaslanan ailə münasibətləri qurmuş və birgə həyat tərzi formalaşdırmışlar. Faktiki ailə münasibətlərinin mövcudluğu və tərəflərin birgə səyləri nəticəsində birgə yaşayış dövründə müəyyən əmlak əldə olunmuşdur. Qeyd olunan hallar birgə mülkiyyətin yaranması üçün əsas olmaqla, həmin əmlakın «Nikah dövründə əldə edilmiş əmlak» kimi qiymətləndirilməsini və Mülki Məcəllənin müvafiq müddəalarının tətbiq edilməsini zəruri edir. Cavabdeh özü dəfələrlə mənzilin faktiki sahibi kimi məhz onun olduğunu etiraf etmiş, yaşayış sahəsinin öz adında qeydiyyatda saxlanmasına və faktiki istifadəsinə heç bir maneə yaratmamışdır. Mənzil sahəsinin artırılması məqsədilə əlavə ödəniş 4.000 manat məbləğində vəsait şəxsən özü tərəfindən ödənilmişdir. Həmçinin, mənzilə dair sığorta müqaviləsinin bağlanması və sığortalanma prosesinin təşkili də birbaşa onun tərəfindən həyata keçirilmişdir. Bundan başqa, yaşayış sahəsinin abadlaşdırılması və onun istismara yararlı vəziyyətdə saxlanılması üzrə bütün məsuliyyəti özü daşıyaraq, faktiki mülkiyyətçi kimi davranmış və bu hüququ uzun müddət ərzində fasiləsiz və açıq şəkildə həyata keçirmişdir. Bu hallar, mənzildən istifadəyə dair hüququnun cavabdeh tərəfindən tanındığını, razılıqla həyata keçirildiyini və bu hüququn formalaşmasında onun maddi və faktiki iştirakının olduğunu təsdiq edir. Bu hüquqi əsaslara uyğun olaraq, hazırda mübahisə predmeti olan və 28 saylı yeni mənzil kimi tanınan yaşayış sahəsi tərəflərindən faktiki ailə münasibətləri dövründə birgə yaşayış şəraitində əldə edilmişdir. Mənzilə dair əhəmiyyətli maliyyə töhfəsi, o cümlədən əlavə sahənin alınması üçün 4.000 manat məbləğində ödənişin tərəfindən həyata keçirilməsi, mənzilin sığortalanmasının təşkili, onun abadlaşdırılması və saxlanılması ilə bağlı məsuliyyətin üzərində olması, onun bu əmlakın alınmasında və qorunub saxlanmasında birbaşa iştirakını və mülkiyyət hüququna əsas verən maddi töhfəsini sübut edir. Tərəflər arasında mövcud olan şifahi razılaşma, bu razılaşma əsasında yaranmış faktiki münasibətlər, razılaşmanın davamlı və qarşılıqlı şəkildə icra olunması, eləcə də bu halları təsdiqləyən şahid ifadələri, qeyd edilən maddələrin tətbiqi baxımından müvafiq hüquqi əsas yaradır və istifadə hüququnun qanunla qorunduğunu göstərir. Cavabdeh qeyd edir ki, guya ona və oğluna mənzilə yalnız «yaşamaq üçün icazə» vermişdir. Lakin bu tamamilə həqiqətə ziddir və əsaslı hüquqi sübutlarla təkzib olunur. Mənzilə dair bütün hüquqi, maliyyə və təşəbbüskar addımlar birbaşa onun tərəfindən həyata keçirilmişdir. Həmçinin, mənzilə dair maliyyə yükünün, o cümlədən mənzilin sığortalanmasının və abadlaşdırılmasının təşkilini, həmçinin əlavə sahənin alınması üçün müvafiq məbləğin ödənilməsini özü həyata keçirmişdir. Cavabdeh, faktiki olaraq, yalnız keçmiş həyat yoldaşı ilə olan mülkiyyət bölüşdürülməsi çətinliklərini aşmaq məqsədilə formal vasitəçi rolunu oynamışdır. Mülkiyyət hüququnun cavabdehə verilməsi, yalnız etibara əsaslanan şifahi öhdəlik çərçivəsində baş vermişdir. Bu öhdəlik şərtlərinə əməl edilmədiyi üçün cavabdeh tərəfindən etimadın sui-istifadə halları baş vermişdir. Cavabdeh, aralarında keçirilən WhatsApp yazışmalarında, mülkiyyət hüququnun ona aid olduğunu etiraf etmiş, lakin əmlakı ona verməkdən imtina edərək, bu barədə açıq şəkildə bəyan etmişdir. Həmin yazışmalarda, cavabdeh öz iradəsini açıq və şübhəsiz şəkildə ifadə etmişdir. Bu yazışmalar və səs qeydləri, cavabdehin əmlakın ona aid olduğunu etiraf etməsi, lakin mənzili ona verməməsi barədə verdiyi bəyanatlar əhəmiyyətli sübut təşkil edir. Bu yazışmalar və səs qeydləri məhkəməyə təqdim olunacaq və cavabdehin mülkiyyət hüququnun ona aid olduğunu təsdiq edən sənəd kimi istifadə ediləcəkdir. Cavabdehlə Maraqlı şəxs MMC arasında 14 yanvar 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın mənzillərin əvəzləşdirilməsinə dair müqavilə yalnız yazılı formada tərtib olunmuş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin və digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, Məcəllənin 402.2-ci maddəsinə uyğun olaraq, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanmalıdır, əks halda onun hüquqi əhəmiyyəti olmur. Bu maddələrə istinadən təqdim edilən müqavilə qanunla müəyyən olunmuş forma tələblərinə cavab vermədiyindən hüquqi nəticə doğurmur və etibarsız hesab edilməlidir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlar yalnız notarial təsdiq və dövlət qeydiyyatından sonra hüquqi qüvvəyə minir. Qeyd olunan halların olmaması həmin müqavilənin qanuni formaya uyğun olmadığını və buna görə də hüquqi nəticə doğurmadığım göstərir. Bu əsasla, cavabdeh tərəfindən təqdim olunmuş müqavilənin etibarsız hesab edilməsini və hüquqi qüvvəsinin tanınmamasını xahiş edir. Nəticədə, cavabdeh tərəfindən şifahi öhdəliyin pozulması və bu pozulmanın etimadın sui-istifadəsinə gətirib çıxarması məhkəmə müdaxiləsini zəruri etmişdir. Bu cür hallar, mülkiyyət hüququnun bərpası və digər qanuni müdafiə tədbirlərinin həyata keçirilməsini tələb edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, İddiaçı2 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X13 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh mübahisənin predmeti olan əmlakı iddiaçının keçmiş əri X18 ilə bağlanan alğı-satqı müqaviləsinə əsasən 50.000 manata almış, alğısatqı müqaviləsi əsasında mənzil cavabdehin xüsusi mülkiyyətinə keçmişdir. İddaçı mənzili aldıqdan sonra qeydiyyatdan çıxmaq üçün möhlət istəmiş, lakin həmin müddət başa çatsa da mənzildən qeydiyyatdan çıxmamışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında səmimi münasibətlər yaranmış, bu baxımdan cavabdeh iddiaçıya və sonuncunun oğluna yaşayış mənzilləri olmadığı üçün aldığı mənzildə yaşamağa icazə vermişdir. Bundan əlavə, həmin mənzil Maraqlı şəxs inşa etidyi binanın layihəsinə düşdüyü üçün, yaşayış üçün təhlükəli vəziyyətdə olduğundan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 183 №-li Sərəncamına əsasən sökülməli və əvəzində cavabdehə yeni inşa edilən binadan mənzil verilməli idi. Maraqlı şəxs MMC-nin nümayəndəsi X15 ilə cavabdeh arasında Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 36, 16 saylı yaşayış sahəsinin sökülməsi müqabilində əvəzinə eyni ünvanda 1-ci blok, 5-ci mərtəbəsində 91 m2 olan 28 saylı mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı Maraqlı şəxs MMC öz öhdəsinə götürmüşdür. Mənzil söküldüyü üçün cavabdeh iddiaçı ilə səmimi münasibətdə olduğundan və iddiaçının, onun oğlu İddiaçı1 yaşamağa hər hansı bir mənzilləri olmadığından 2021-ci ilin aprel ayında Bakı şəhəri 9-cu mikrorayon Mircəlal küçəsi ev 56da yerləşən 73 saylı mənzili 68.000 manat pul vəsaiti qarşılığında alğı-satqı müqaviləsi ilə əldə etmişlər və həmin mənzili daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçirmişlər. Həmin mənzilin alınması üçün 38.000 manat pul vəsaitini cavabdeh şəxsən iddiaçıya vermişdir. Hazırki mübahisənin predmeti olan əmlakın üzərində iddiaçının və onun oğlunun heç bir mülkiyyət hüquqları yoxdur. Həmçinin Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 36, 16 saylı mənzildə qeydiyyatda saxlanılmaları, yalnız cavabdehin icazəsi ilə olmuşdur. Bu baxımdan həmin evdə bir müddət yaşamışlar. Ancaq hazırda həmin mənzil sökülmüş və əvəzində eyni ünvanda 1-ci blokun, 5-ci mərtəbəsində 91 m2 olan 28 saylı mənzil Cavabdeh mülkiyyətinə verilmişdir. Hesab edir ki, həmin mənzil cavabdehə satıldığından iddia rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda xx.xx.2009-cu il tarixdə bağlanmış 4ə2-219 reyestr nömrəsi ilə qeyd edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, X18 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzilini X1 32.088 manata almışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-206 reyestr nömrəsi ilə qeyd edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzilini X6 50.000 manata almışdır. - X3 və İddiaçı1 ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları mənzilin Cavabdeh satılmasına etiraz etməmişlər. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzili (yeni qaydalarla: AZ1102 ünvan 2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 295232 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X7 arasında olan nikah ləğv edilmiş, bu barədə xx.xx.2015-ci il tarixdə 75 saylı akt qeydi aparılmış, nikah ləğv olunandan sonra qadına Quliyeva soyadı verilmişdir. - 14 yanvar 2021-ci il tarixli mənzillərin əvəzləşdirilməsi barədə müqavilədən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzili eyni yerdə inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binasında yerləşəcək (təmirli şəkildə, İ blok, 5ci mərtəbə, 91 m2, daxili divarlar nəzərə alınmaqla) 28 saylı mənzilin verilməsi əvəzinə sökülməsi üçün Maraqlı şəxs MMC-yə təhvil vermişdir. - 23.09.2021-ci il tarixli BB seriyalı 438475 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzili İddiaçı2 tərəfindən 250 manat sığorta ödənişi edilməklə 1 il müddətinə sığorta edilmişdir. - Bakı şəhəri 32 saylı Notariat Ofisində bağlanmış 01 noyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə Maraqlı şəxs MMC arasında 14 yanvar 2021-ci il tarixli mənzillərin əvəzləşdirilməsi barədə müqavilədə qeyd olunanlarla bağlı şərtləri müfəssəl (ətraflı) şəkildə göstərilməklə müqavilə bağlanmış, notarial qaydada təsdiq edilmişdir. - xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanda qeydiyyatdadırlar. - xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 474/2025 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(004)-2761/2024 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və ilk iddia üzrə cavabdeh Maraqlı şəxs MMC-yə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi və onun əsasında verilmiş digər müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 474/2025 saylı qərardadla, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən pasport qeydiyyatdan çıxarılma» tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 474/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş,apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(004)1297/2025 saylı qərardadından görünür ki, İddiaçı2 Cavabdeh qarşı «tapşırıq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Quliyeva X8 Samir Əli oğlu ilə rəsmi nikahda olduğu dövr ərzində sonuncu xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 36 ünvanda yerləşən 16 saylı mənzilə dair mülkiyyət hüququnu əldə etmiş, iddiaçı oğlu İddiaçı1 ilə birgə həmin mənzildə xx.xx.2011-ci il tarixdən etibarən qeydiyyatdadırlar. 11 mart 2015-ci il tarixdə İddiaçı2 ilə X18 nikahı rəsmi qaydada 11 mart 2015-ci il tarixdə pozulmuş, xx.xx.2018-ci il tarixdə verilmiş AZİ seriyalı 295232 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Həmçinin işdən görünür ki, X3 və İddiaçı1 razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-206 reyestr nömrəsi ilə qeyd edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzilini X2 Məhəmməd Ataxan oğlu 50.000 manata satmış, 19 fevral 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil (yeni qaydalarla: AZ1102 ünvan 2) xüsusi mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından daha sonra görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsi 36 saylı evin 16 saylı mənzili eyni yerdə inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binasında yerləşəcək (təmirli şəkildə, İ blok, 5-ci mərtəbə, 91 m2, daxili divarlar nəzərə alınmaqla) 28 saylı mənzilin verilməsi əvəzinə sökülməsi üçün Maraqlı şəxs MMC-yə təhvil vermiş, bu barədə 14 yanvar 2021-ci il tarixli mənzillərin əvəzləşdirilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və ilk iddia üzrə cavabdeh Maraqlı şəxs MMCyə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi və onun əsasında verilmiş digər müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddia ilə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən pasport qeydiyyatdan çıxarılma» tələbinə dair qarşılıqlı iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(103)-474/2025 saylı qətnaməsi və qərardadı ilə müvafiq olaraq ilk iddia rədd edilmiş, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı2 Cavabdeh qarşı «tapşırıq müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, sonradan iddiadan imtinası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(004)1297/2025 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı Cavabdeh ilə Maraqlı şəxs MMC arasında bağlanmış müqavilənin qanuniliyinə, başqa sözlə, mənzillə bağlı mülkiyyət hüquqlarının yaranmasına artıq hüquqi qiymət verilmişdir. Buna baxmayaraq hazırda iddiaçı cavabdehlə aralarında 2017-ci ildən etibarən faktiki olaraq ər-arvad münasibətləri mövcud olmasını, həmin münasibətlərin 2021-ci ildə dini nikah vasitəsilə rəsmiləşdirilməsini, mənzilin alınması üçün 50.000 manat məbləğində vəsaitin 25.000 manatı şəxsən özü tərəfindən, digər 25.000 manatı isə ailə dostu tərəfindən borc alınıb cavabdehə nağd şəkildə verilməsinə, sonuncunun isə öz öhdəliyinə əsasən mənzilə formal mülkiyyətçi kimi daxil olmasına, cavabdehlə aralarında bağlanmış şifahi razılaşmanın olmasına, mənzil sahəsinin artırılması məqsədilə əlavə ödəniş 4.000 manat məbləğində vəsaitin şəxsən özü tərəfindən ödənilməsinə istinad edərək faktiki ailə münasibətlərinin mövcudluğu və tərəflərin birgə səyləri nəticəsində birgə yaşayış dövründə müəyyən əmlak əldə olunmasını, qeyd olunan halların birgə mülkiyyətin yaranması üçün əsas olmaqla, həmin əmlakın «Nikah dövründə əldə edilmiş əmlak» kimi qiymətləndirilməsi və Mülki Məcəllənin müvafiq müddəalarının tətbiq edilməsini, cavabdeh tərəfindən şifahi öhdəliyin pozulması və bu pozulmanın etimadın sui-istifadəsinə gətirib çıxarmasının məhkəmə müdaxiləsini zəruri etməsini və beləliklə də özünün oğlu ilə mübahisəli mənzildən istifadə hüquqlarının tanınması, onların həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsini iddia etmişdir. Yuxarıda qeyd edildiyi kimi Yasamal Rayon Məhkəməsində İddiaçı2 Cavabdeh və Maraqlı şəxs MMC-yə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi və onun əsasında verilmiş digər müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə baxılarkən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi hallara da istinad edilərək araşdırılmış və müvafiq qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən məhkəmə aktları hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin işlər üzrə müəyyən edilmiş hallar hazırki iş üzrə nəzərə alınmalıdır. Belə ki, iddiaçı tərəf hazırda cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüquqları olması əsası ilə ora köçürülməli və istifadə qaydalarının müəyyən edilməli olmasını iddia edirlər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mənzilin hansı formada əldə edilməsi və mülkiyyət hüquqlarının yaranması halları hazırki mübahisənin predmeti olmadığı üçün iddianın bununla bağlı dəlillərinə şüquqi qiymət verilmir. İddiaçının 2017-ci ildən etibarən faktiki olaraq ər-arvad münasibətləri mövcud olmaqla həmin münasibətlərin 2021-ci ildə dini nikah vasitəsilə rəsmiləşdirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərininin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanınında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 1.5-ci maddəsinə görə dini kəbinkəsmə (dini nikah) hüqüqi əhəmiyyətə malik deyildir. Göstərilən normalara əsasən məhkəmə hesab edir ki, faktiki ailə münasibətlərinin mövcudluğu və tərəflərin birgə səyləri nəticəsində birgə yaşayış dövründə müəyyən əmlak əldə olunması faktı olması (cavabdehin adına) birgə mülkiyyətin yaranması üçün əsas olmamaqla, həmin əmlakın «Nikah dövründə əldə edilmiş əmlak» kimi qiymətləndirilə və Mülki Məcəllənin müvafiq müddəalarının tətbiq edilə bilməz. Həmçinin, mənzil sahəsinin artırılması məqsədilə iddiaçı tərəfindən əlavə ödəniş 4.000 manat məbləğində vəsait şəxsən özü tərəfindən ödənilməsinə dair sübut təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə belə bir sübut təqdim edilsə idi belə, bu hal da iddiaçının digər şəxsin, yəni rəsmi qaydada ailə üzvü saylmayan cavabdehin mülkiyyətinə istifadə hüquqlarının yaranması üçün əsas yaratmır. (Ailə Məcəlləsinin 15-ci fəsli) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İşin halları ilə cavabdehin hansı münasibətdə olmalarından asılı olmayaraq mübahisəli mənzili əldə etdikdən sonra iddiaçı tərəfə mənzildə müəyyən müddət yaşamasına icazə verməsi işin mübahisəsiz halları olmaqla, iddiaçının mənzilin icbari sığortasına görə sığorta müqaviləsinin bağlanması və sığortalanma prosesinin təşkilinin də birbaşa onun tərəfindən həyata keçirilməklə müvafiq ödəniş etməsi, iddiaçı tərəfin iddiasına görə cavabdehlə faktiki ailə münasibətləriNdə olmasına dair şahidlərin olması kimi faktların mövcudluğu da iddiaçı tərəfin həmin mənzilə istifadə hüquqlarının yaranması üçün əsas yaratmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüquqlarının yaranmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş, buna dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. İddianın mənzilə istifadə hüquqlarının olması hissəsi sübuta yetirilməməklə əsassız sayıldığı üçün məhkəmə tələbin törəmə hissələri olan mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi hissələri üzrə araşdırmanı əhəmiyyətsiz və lüzumsuz sayır. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə işin faktiki araşdırılmış halları baxımından qeyd edir ki, iddiaçı tərəfin mübahisəli mənzildə yaşadığı dövrdə özlərinin təbirincə deyilsə mənzilə dair əhəmiyyətli maliyyə töhfəsi həyata keçirilməsi və mənzilin sığortalanmasının təşkili, onun abadlaşdırılması, saxlanılması ilə bağlı xərclərə dair yalnız mötəbər və tutarlı sübutlar təqdim edildiyi təqdirdə çəkilən xərclərin əvəzini tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar