Məhkəmə qərarları › İş №e-2(006)-2531/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2531/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2531/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı Əbdülqasım qızının, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Əbdülqasım qızının Cavabdeh qarşı “uşağın himayədə saxlanması,alimentin təyin edilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması,alimentin təyin edilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi onunla qalması və saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin (qazancı və başqa gəlirləri yaşayış minimumundan az təşkil etdiyi halda alimentin hər ay sabit pul məbləğində 235 manat miqdarında), 200 manat repetitor xərcinin və 150 manat müalicə xərclərinin, ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-244/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və Akt qeydləri kitabında 1222 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Buna baxmayaraq nikahın pozulması ilə əlaqədar həll edilməli məsələlər, uşağın kimin himayəsində saxlanılması, alimentin tutulması qətnamə ilə həll edilməmişdir. Belə ki, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü oğlu X7 anadan olmuşdur. Uşağın xərclərini özü çəkir. Cavabdeh 2023-cü ilin dekabr ayından uşağın qeydinə ümumiyyətlə qalmır, uşağın böyüməsi üçün ona 1 qəpik də olsun maddi dəstək olmur. Bəzi vaxtlar kartına az pul köçürsə də, bir neçə aydır ki, bunu da etmir. Çarəsiz vəziyyətdə qalır, bu xərcləri qarşılaya bilmir. Çünki uşağı təkbaşına böyütmək bir qadın olaraq onun üçün ağırdır. Uşağının müəllim xərci, xəstələnəndə həkim, xəstəxana, dava-dərman xərcləri, geyim xərclərinin öhdəsindən gəlməyi çox çətindir. Bununla yanaşı mənzilin kommunal xərc, uşağın repetitor xərci çəkir, işıq, qaz, su üçün ödənişlər edir. Bunların heç birində cavabdeh ona kömək etmir. Çarəsiz durumda olduğu üçün məcburiyyət qarşısında hazırkı ərizəni vermişdir. Halbuki cavabdeh Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin sanitar bölməsinin rəisi vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Onun bir neçə evi, yüksək həyat tərzi var. Uşağın himayəsində qalması, aliment tutulması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə mediasiya təklifi vermişdir. Daha sonra 16 saylı X3 üçün müraciət etmişdir. Oradan xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi onunla qalması, saxlanılması üçün hər ay xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, 200 manat repetitor xərcinin və 150 manat müalicə xərclərinin, ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehlə aralarında nikah xx.xx.2023-cü il tarixdə pozulmasına baxmayaraq iddiaçı 6 ay qabaqcadan evdən çıxıb getmişdir. Buna baxmayaraq, hələ o dövr ərzində o uşağına hər ay 250 manat ödəniş etmişdir. Nikah pozulanda iddiaçı tərəf qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək aliment tələbi irəli sürmüşdür. Bundan sonra iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə notarial qaydada iddia ərizəsinin baxılmamasını və gələcəkdə hər hansı iddia və tələbinin olmayacağı barədə ərizə təqdim edərək qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişdir və artıq tərəf alimentdən notarial qaydada imtina vermişdir. Buna baxmayaraq, bu günədək cavabdeh hər ay, həm cavabdehin bank kartına və onun anasının kartına uşağının saxlanması üçün 250 manat ödəniş etmiş və bütün qəbzlərin surəti cavabdehdə mövcuddur. İddiaçı tərəfin ondan Ailə Məcəlləsinin bütün maddələri ilə aliment istəməsi gülməli və absurddur. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ayrılıb gedən gündən uşağı cavabdehdən gizlədir və hər bir üsulla onların görüş və ünsiyyətlərinə mane olur, təsadüfən oğlu ilə görüşdüyü zaman uşağa psixoloji təsir göstərir, halbuki onlar boşanan zaman o, cavabdehin uşaqla görüşməyinə mane olmayacağını vəd etmişdir. Cavabdehin ümumiyyətlə uşağının sağlıq durumu, psixoloji vəziyyəti və digər problemləri barədə məlumatı yoxdur. Daha doğru desə oğlunu görsə tanımaz bəlkə də. Məcbur qalaraq uşaqla ünsiyyət üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tərəfin ondan hansısa repetitor pulu və sair istəməsidə qanunsuzdur. Cavabdeh hesab edir ki, uşaq dövlət məktəbinə gedir və orada ona keyfiyyətli təhsil verirlər. Hər hansı repetitor xərcinin istəməsi uşağa yox, özü üçün pulun istəməsidir. Əgər cavabdeh oğlunun dərsi, məktəbi barədə, necə oxumağı və qiymətləri barədə məlumatı yoxdursa, hansı repetitor xərcinin cavabdeh tələb etməsindən söhbət gedə bilər. Son olaraq cavabdeh qeyd etmişdir ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin, 15 saylı cəzaçəkmə müəssisəsinin tibb sanitar hissəsinin rəisi vəzifəsində işləyir və əmək haqqısı 838 manat təşkil edir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasıda İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, əvvəlki ərizəsində yazdığı aliment hissəsindən imtina edir. Çünki, qarşı tərəf əvvəllər notariat qaydasında alimentdən imtina edib, imtinasına baxmayaraq o, hər ay hələ boşanmadan əvvəl 250 manat pul ödəmişdir və əvvəlcədən razılaşmaları da belə olmuşdur. Bundan sonra hər ay qarşı tərəfə 250 manat köçürməkdən imtina etmir, lakin maaşının ¼ hissəsini və əlavə gəlirlərini verməkdən imtina edir. Son olaraq qeyd etmişdir ki, onların ilkin mediasiya prosesində barışıq ərizəsi mövcuddur. İş materialları: Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında qalmasına və hər ay 250 manat məbləğində aliment və ya maaşının ¼ hissəsinin tutulmasına etiraz etmir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının təhsili çox yüksək səviyyədədir və 2-ci sinif şagirdinə repetitor lazım deyil, sağlamlığına gələndə isə uşaq sağlam, zehinli uşaqdır və onun hər hansı bir müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-244/2023 nömrəli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və Akt qeydləri kitabında 1222 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/16- 00113 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. X9 ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu ödəmişdir. 1 saylı Bakı “ASAN xidmət’’ mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 772464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-16320/2-976/2024 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən ədliyyə orqanlarında, xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi isə Ədliyyə Nazirliyi 15 saylı cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin rəisi-həkim vəzifəsində çalışır. Cavabdeh hesablanmış aylıq əmək haqqı 1202.50, aylıq əmək haqqından tutulmuş vergi 125 manat, aylıq əmək haqqından tutulmuş aliment 253,49 manat və ələ çatan əmək haqqı isə 824,48 manat təşkil edir. İddiaçı Əbdülqasım qızının notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********378 nömrəli ərizəsinin surətindən görünür ki, o, alimentlə bağlı iddiadan imtina edir, alimentlə bağlı heç bir iddiası, tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı Əbdülqasım qızının notarial qaydada təsdiq edilməmiş xx.xx.2024-cü il tarixli **********954 nömrəli ərizəsindən görünür ki, o, Cavabdeh qarşı alimentin verilməsinin bərpası ilə bağlı təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını, Cavabdeh aliment borcunun tutulmasını xahiş etmişdir. İsgəndərli İddiaçı Əbdülqasım qızının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh onu məcbur etməsindən sonra xx.xx.2024-cü il tarixdə 3 saylı Notariat Ofisində ərizə yazaraq aliment tələbindən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə həmin ərizəni etibarsız saymaq üçün 3 saylı Notariat Ofisinə getsə də, ofis işləməmişdir. Digər notariuslar isə ərizəni təsdiq etmədi ki, orada təsdiq etməlidir. Anası onkoloi xəstə olduğu üçün onun müalicəsinə görə xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına, qohumlarının yanına gedir, xx.xx.2024-cü il tarixdə Bakıda olmayacaqdır, xahiş edir ki, aliment tələbinə baxılsın, cavabdehdən aliment tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş TX seriyalı 1100 nömrəli xidməti vəsiqənin surətindən görünür ki,Cavabdeh 15 saylı cəzaçəkmə müəssisəsində tibb-sanitar hissəsinin rəisi-həkim vəzifəsində işləyir. 7525, 2500 və 86876 nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, müvafiq olaraq xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində hər dəfə 250 manat olmaqla, cəmi 750 manat pul köçürmüşdür. Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Cavabdeh və İddiaçı Əbdülqasım qızı nikahın pozulması barədə, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi İddiaçı Əbdülqasım qızının yanında və himayəsində saxlanılması, İddiaçı Əbdülqasım qızının uşağın saxlanması üçün Cavabdeh qarşı aliment tələb etməməsi, birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X4 atası Cavabdeh məhdudiyyət olmadan (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olması və İddiaçı Əbdülqasım qızının X8 qarşı əmlak tələbinin olmaması barədə razılığa gəlmişlər. 1 nömrəli X5 X11 xx.xx.2024-cü il tarixli 33 nömrəli arayışının surətindən görünür ki, X7 1 nömrəli X2 2022-ci ildən “Şahmat” və “Rəsm” dərnəklərində dərnək üzvüdür. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh xərcləri gündəlik məktəbdə yemək: 2.5-3 manat; ingilis dili dərsləri: aylıq 60 manat; şahmat dərsləri: aylıq 30 manat; DTX incəsənət mərkəzində dərslər: aylıq 30 manat, rəsm xərcləri: aylıq 30 manat; dərsdən sonra əlavə müəllim yanında dərslər: aylıq 130 manat; hər ay 2-3 dəfə teatr: 20-30 manat; 2-3 ayda geyim xərcləri: 200-300 manat; ayda 4-5 dəfə sınaq imtahanlar: hər sınaq 8-10 manat; uşağın yeməyə kaprizləri olduğu üçün səhər yeməyinə aylıq 60-70 manat; məktəb gəzintilərindən qalmır, hazırlıqlara görə aylıq nəqliyyat xərci: 20-30 manat təşkil edir. xx.xx.2023-cü il tarixli resept blankından görünür ki, 7 yaşlı İlqar adlı xəstəyə dərmanlar yazılmışdır. Məmmədova İlahə adlı şəxs tərəfindən yazılmış əlyazmada göstərilmişdir ki, sənədi yazan şəxs X4 müəlliməsidir və uşağın dərslərinə görə anası İddiaçı hər ayın 18-i ona 130 manat ödəniş edir. Müxtəlif tədris mərkəzləri tərəfindən verilmiş təşəkkürnamələrdən aydın olur ki, X7 həmin tədris mərkəzlərində keçirilən sınaqlarda iştirak edir. Müxtəlif mağazalara,ictimai iaşə obyektlərində xidmətlərə görə edilmiş ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında nikah pozularkən aralarında olan barışıq sazişinə uyğun olaraq uşağın himayəsi, aliment, ünsiyyət hüququnun təmin edilməsi və əmlak tələbləri ilə bağlı məsələlər öz həllini tapmışdır. Bu baxımdan nikah məhkəmə qaydasında pozularkən qeyd edilən məsələr məhkəmə qətnaməsi ilə qət edilməmişdir. Hazırda iddiaçı nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş uşağın onun himayəsində saxlanmasını tələb edir, cavabdeh tərəfindən qeyd edilən məsələ mübahisələndirilməmişdir. Həmçinin məhkəmə uşağın anasının himayəsində saxlanmasını uşağın mənafeyinə uyğun hesab edir. Tərəflərin birgə nikahlarından olan övladlarının anasının himayəsində saxlanması məqsədəuyğundur. Məhkəmə iddia tələbinin aliment tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı övladının saxlanması üçün cavabdehin gəlirinin ¼ hissəsi miqdarında alimentin, 200 manat repetitor xərcinin və 150 manat müalicə xərclərinin tutulmasını tələb etmişdir. Cavabdeh tərəfindən bütövlükdə aliment ödənilməsi ilə bağlı məsələ mübahisələndirilməmiş, yalnız onun tərəfindən alimentin sabit pul məbləğində ödənilməsinə razılıq ifadə edilmiş, alimentin qazancın ¼ hisəssi ilə bağlı isə etiraz edilmişdir. Həmçinin tərəflər arasında mediasiya prosesi başlayan müddətdən etibarən cavabdeh tərəfindən hər ay 250 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən uşağın saxlanması üçün aliment ödənilməsi qanunla müəyyən edilən haldır və bu baxımdan iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə tələbin əlavə xərclər hissəsinə münasibətdə bildirir ki, məhkəmə, 200 manat repetitor və 150 manat müalicə xərclərinin tutulmasını hazırki məqamda əsaslı hesab etmir. Belə ki, Ailə Məcəlləsinə əsasən, uşağın qayğısına qalmaq və ona qulluq etmək hər iki valideynin vəzifəsidir. Məhkəmədən uşağın onun himayəsinə verilməsini tələb edən valideyn sözsüz ki, uşağın saxlanması xərclərinin daha çox hissəsinin onun üzərinə düşməsini qəbul etməyə hazır olan tərəf kimi çıxış edir. Əlbəttə bu hal qarşı tərəfin uşağın saxlanması xərclərindən boyun qaçırması kimi qiymətləndirilməməli, lakin uşaqdan ayrı yaşan valideynin uşağın saxlanmasında iştirakında aliment institutunun tətbiqi nəzərə alınmalıdır. Həmçinin məhkəmə irəli sürülən əlavə xərclərə və tibbi xərclərə dair tələblərin əsaslılığı ilə bağlı onu da qeyd edir ki, qeyd edildiyi kimi uşağın təhsili və təhsildən əlavə inkişafı ilə bağlı xərclərdə valideynlərin rolu bərabərdir, cavabdehin bu xərclərlə bağlı iştirakı onun aliment ödənişləri ilə əhatə olunur. Tibbi xərclərə gəldikdə isə iddiaçı yalnız 1 ədəd resept blankı təqdim etmişdir ki, məhkəmə bunu uşağın müalicəsi ilə əlaqədar tibbi xərclərdə iştirakına cəlb edilməsinə əsas verən hal hesab etmir. Odur ki, məhkəmə hər bir halda uşaqların yüksək təminatını əsas götürməklə, lakin cavabdehin də hüquqlarını nəzərə alaraq, iddiaçının xeyrinə X1 üçün hər ay cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin iddiaçının tələbində alimentin mediasiyaya müraciəti tarixindən tutulması ilə əlaqədar qeyd edir ki, qanunverici alimentin məhkəməyə müraciət edilən vaxtdan tutulması müəyyən etmişdir. Bu qaydanın mediasiya təklifi göndərilməsi tarixindən hesablanması kimi nəzərə alınmasına dair şərh mövcud deyildir. Belə ki, mediasiya təklifi göndərilməsindən sonra da mübahisə davam etdirilməyə bilər və ya elə həmin mərhələdə də həll oluna bilərdi. Xüsusilə də hazırki halda cavabdehin elə həmin vaxtdan etibarən hər ay 250 manat məbləğində ödənişlər etməsi də nəzərə alınmalıdır. Odur ki, hazırki iddia tələbi üzrə aliment iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmalı və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən cavabdehin qazancının (gəlirinin) ¼-i miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Habelə məhkəmə iddiaçının ödədiyi 100.4 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbini də əsaslı hesab edir. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən Cavabdeh qazancının (gəlirinin) ¼-i miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,4 (yüz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar