Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2551/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, yekun məhkəmə aktında qətnamənin həmin şəxslərin göstərilən ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün əsas olması məzmunlu qeydin göstərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evi o, X5nun vəfatından sonra vərəsəlik yolu ilə qəbul etmişdir. X5 xx.xx.2009-cu ildə, anası X13 isə xx.xx.2008-ci ildə vəfat etdikdən sonra övladları olaraq onlar ata-analarından miras qalan əmlakların bölünməsi barədə öz aralarında razılığa gəlmişlər. Atalarından miras qalan əmlak hazırki mübahisə predmeti olan ev, analarından qalan əmlak isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. Övladlar arasında olan razılığa görə qardaşı Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən vərəsəlik hüququ ilə ona çatacaq olan 1/2 hissə miras payını xx.xx.2023-cü ildə ona bağışlamışdır. Analarından miras qalan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən isə vərəsəlik hüququ ilə digər qardaşı X14 çatacaq olan 1/2 hissə üzrə miras payını isə o, hazrki iş üzrə Cavabdeh1 bağışlamışdır. Hazırda da qeyd edilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Qardaşı Cavabdeh1, onun oğlu Cavabdeh2, Cavabdeh2 uşaqları X19 və Cavabdeh3 və Cavabdeh1 digər nəvələri Cavabdeh4 və Cavabdeh5 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evində pasport qeydiyyatında olsalar da, heç vaxt orada yaşamamış, əvvəldən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Bundan əlavə, həm də əlavə olaraq Cavabdeh2 xüsusi mülkiyyətində yaşayış sahəsi mövcuddur. Qeyd edir ki, həmin evlə bağlı o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmalı olan şəxslər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dur. O, həmin şəxslərə ona məxsus yaşayış sahəsindən pasport qeydiyyatından çıxmaları barədə müraciət etsə də, sonuncular bu xahişini təmin etməkdən imtina edirlər. O, cavabdehlərin qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə yazılı müraciət etsə də, həmin orqan müraciəti təmin etməmiş, qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyini izah etmişlər. Cavabdehlərin həmin evdən qeydiyyatdan çıxmamaları mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Göründüyü kimi, cavabdehlərin tam mülkiyyət hüququ ilə malik olduğu evdə formal olaraq pasport qeydiyyatında olmaları və istifadə hüquqlarının qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən, xeyli müddətdir ki, o, cavabdehlərə görə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Bu isə ona maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini, yekun məhkəmə aktında qətnamənin həmin şəxslərin göstərilən ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün əsas olması məzmunlu qeydin göstərilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, Xutor qəsəbəsində qardaşının ona bağışladığı evdə yaşayır. Onların, yəni qardaş və bacı arasında mülk bölgüsü olub. Mülkün 70 kv/m-i kiçik qardaşa verilib, 60 kv/m isə onunla bacısı arasında bölünüb.Onun xəstəliyindən istifadə edib ona çatan haqqını əlindən almaq istəyirlər,ona görə də bu mübahisə yaranıb. Oğlu Qarabağ əlilidir, İcra Hakimiyyətindən evin üstündən ev tikmək üçün müraciət edib icazə almışdır. Oğlu köçəndə qardaşı bildirdi ki, 15.000-20.000 manat köməklik üçün pul verəcək. Hazırda həmin evdə kiçik qardaşı Abuzər orada yaşayır və oradan çıxmayıb. O şərtlə qeydiyyatdan çıxar ki, ona çatacaq payı, plana gedəcək 20kv/m sahədən olan payını və ona dəyən 15.000-20.000 manat pulu versin. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, 5-6 yaşına qədər həmin evdə yaşamışdır, sonradan ailəvi olaraq Binəqədi qəsəbəsində yerləşən evə köçüb yaşamışlar. Hazırda isə Qarabağ qazisi kimi ona verilən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli ev onların baba evləri olub, daimi olaraq o evə gedib gəlmişlər. Qarabağdan qayıtdıqdan sonra əmisi ona təklif etmişdir ki, o, icazə alıb həmin evdə əlavə tikinti aparsın. O da bununla bağlı İcra Hakimiyyətindən razılıq almışdır. Hazırda həmin ev plana düşmüşdür. Lakin əmisi onun sayəsində evi artırsa da, indi əsassız olaraq onların həmin evdən qeydiyyatdan çıxarılmasını tələb edir. Halbuki əmisi ona bunun müqabilində pul verməli idi. İş materialları: Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdə reyestrdə 2V-9 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və 3M-360 nömrə ilə qeydə alınmış miras payın bağışlanması müqaviləsinə dair notariat işi materiallarından aydın olur ki: Bakı şəhəri İcra Hakimiyyəti və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01 may 1996-cı il tarixli MH seriyalı 013677 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X15 adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 32 saylı reyestr kitabının 4819 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır; Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli, 8İ- 12308 reyestr nömrəli ərizəyə əsasən X22, 8İ-12309 reyestr nömrəli ərizəyə əsasən X23 (onun əvəzinə X20), 28 yanvar 2023-cü il tarixli 8İ-693 reyestr nömrəli ərizəyə əsasən X8, 25 yanvar 2023-cü il tarixli 8İ-606 reyestr nömrəli ərizəyə əsasən X9, 25 yanvar 2023-cü il tarixli 8İ-607 reyestr nömrəli ərizəyə əsasən X16, 25 yanvar 2023-cü il tarixli 8İ-608 reyestr nömrəli ərizəyə əsasən X24 23 yanvar 2009-cu il tarixdə vəfat etmiş atası X10 irs qalmış mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmir; 17 yanvar 2023-cü il tarixdə notarial qaydada bağlanmış və təsdiq edilmiş miras payın bağışlanması müqaviləsindən görünür ki, X22 xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X1 irs qalmış əmlakdan ona çatan 1/2 hissə miras payını qardaşı X17 bağışlamışdır; 01 fevral 2023-cü il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş 8İ- 870 reyestr saylı ərizədən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda yaşamış və 23 yanvar 2009-cu il tarixdə vəfat etmiş atası X10 qalmış miras əmlakı qəbul etdiyini, miras əmlakın ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət olduğunu bildirərək, ona həmin əmlakdan çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; 01 fevral 2023-cü il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş 8İ- 871 reyestr saylı ərizədən görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşamış və 23 yanvar 2009-cu il tarixdə vəfat etmiş atası X10 qalmış miras əmlakı qəbul etdiyini, miras əmlakın ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət olduğunu bildirərək, ona həmin əmlakdan çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; 11 fevral 2023-cü il tarixdə notarial qaydada bağlanmış və təsdiq edilmiş miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixdə vəfat etmiş atası X2 irs qalmış əmlakdan ona çatan 1/2 hissə miras payını qardaşı İddiaçı bağışlamışdır. Bakı şəhəri 32 saylı notariat ofisində 11 fevral 2023-cü il tarixdə 2V-9 reyestr sayı ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X18 vərəsəsi oğlu İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı il tarixdə X21 verilmiş 30/4819 qeydə alma nömrəsi ilə müvafiq kitabın 4819-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi RPİ-nin 08 aprel 2024-cü il tarixli 51/2-Q-8842 saylı məktubdan görünür ki, iddiaçı tərəfin Nəsimi RPİ-yə etdiyi müraciətinə X3 baxılmışdır. Bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. İddiaçı tərəfə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 may 2024-cü il tarixli 3- 17/2-5276/2024 saylı məktubu ilə bildirmişdir ki, hazırki iş üzrə cavabdeh, Vətən müharibəsi əlili Cavabdeh2 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, oğlu və qızı) nəzərə alınmaqla Nazirlik tərəfindən 26 dekabr 2022-ci il tarixdə ünvan 7 ünvanda üçotaqlı mənzillə təmin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər iddiaçının ailə üzvləridirlər. Onlar iddiaçıya məxsus fərdi yaşayış evində formal olaraq qeydiyyatdadır, daimi əsaslarla başqa ünvanda yaşayırlar, iddiaçıya məxsus fərdi yaşayış evində yaşamırlar. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarı ilə onların yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilməsini istisna etmir. Belə ki, işin araşdırılmış hallarından, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və toplanmış sübutlardan aydın olmuşdur ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak olaraq qəbul etmiş Cavabdeh1, Əliyev Hamlet, İddiaçı, Əliyev Abizər və digərləri arasında olan razılaşmaya əsasən Cavabdeh1 miras əmlakda olan payını digər qardaşına -hazırki iş üzrə İddiaçı bağışlamışdır. Hazırda mübahisəli ünvanda yerləşən əmlakın mülkiyyətçisi İddiaçıdur. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatlarından aydın olmuşdur ki, o, həmin evdə doğulub yaşasa da,sonradan daimi olaraq hazırda da faktiki yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Hətta onun verdiyi izahatlardan aydın olmuşdur ki, Cavabdeh1 hazırda mübahisəli mənzildən istifadə hüquqları mövcud deyildir, onunla və həmçinin digər cavabdeh olan oğlu Cavabdeh2lə qardaşları arasında olan razılaşma həmin ünvanda əlavə tikinti işlərinin aparılması müqabilində onlara evin sökülməsi nəticəsində pulun verilməsindən ibarət olmuşdur, hazırda tərəflər arasında bu razılaşma baş tutmadığından iddiaçı belə bir iddia tələbi irəli sürmüşdür. Eyni zamanda məhkəmə nəzərə alır ki, iş üzrə Cavabdeh2 də 5-6 yaşına kimi mübahisəli ünvanda yaşasa da, sonradan atası ilə birlikdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamasını, hazırda isə onun Vətən müharibəsi əlili kimi mənzillə təmin edildiyini bildirmişdir. Bu hal öz təsdiqini müvafiq icra hakimiyyəti orqanının məhkəmənin sorğusuna əsasən cavabı ilə təsbit olunur. Bütün bunlar isə ona əsas verir ki, iş üzrə yetkinlik yaşına çatmış cavabdehlər artıq özlərinin mənzilə olan ehtiyaclarını başqa yerdə yaşayış sahəsi ilə təmin etmişlər. Hazırda onların mübahisəli ünvandan istifadə hüquqlarının saxlanmasına əsas olmadığı kimi bu yalnız iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaran haldır. Həmçinin cavabdehlərin ailə üzvləri hesab edilən yetkinlik yaşına çatmamışların da yaşayış yerləri onların qanuni nümayəndələrinin yaşayış yeri olduğundan iddia onlara münasibətdə də əsaslı hesab edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış ailə üzvləri X19, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehlərin və onların yetkinlik yaşına çatmamış ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış ailə üzvləri X19, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 134 «B» saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin və onların yetkinlik yaşına çatmamış ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərlə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2551/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2551/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver