Məhkəmə qərarları › İş №e-2(006)-2558/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2558/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2558/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X21 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı) iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan övladı Cavabdeh2 İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X20 küç., ev 1 d, mən. 74 ( yeni qaydalarla: AZ1022. ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbinə iddiaçının vəkili-nümayəndəsi tərəfindən texniki düzəliş edilmişdir).

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X20 küç., ev 1 d, mən. 75 ( yeni qaydalarla: AZ1022. ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzildə heç kim qeydiyyatda deyildir. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan mənzili nənəsi X6 bağışlamışdır və mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən alınmış xx.xx.2024-cü il tarixdə ********** nömrəli Çıxarış əsasında onun mülkiyyətinə keçmişdir. Lakin İddiaçı mülkiyyətində olan mənzildə onun ailə üzvü olmayan başqa şəxslər yaşadığından həmin mənzilə köçə bilmir. Həmin şəxslər iddiaçının əmisi arvadı Cavabdeh1 və onun oğlu Cavabdeh2dur. İddiaçı Cavabdeh1 yazılı təklifi ilə müraciət edərək, ona təklifini aldığı gündən 14 gün ərzində mənzilin boşaldılması təklif etməsinə baxmayaraq, sonuncu həmin təklifə heç bir reaksiya verməmişdir. Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 İddiaçı məxsus olan mənzildən çıxarılmalıdır.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinin rədd edilməsini, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzildə (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) yaşamaq hüququnun tanınmasını, məhkəmə xərcləri və dövlət rüsumunun ilkin iddiaçının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, Cavabdeh1 İbrahim qızı Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzildə (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) 2003-cü ildən etibarən həyat yoldaşı Samir Kərimov və oğlu Cavabdeh2 ilə birlikdə fasiləsiz və açıq şəkildə yaşamaqdadır. Həmin mənzil ailənin babası Cavabdeh2 tərəfindən şəxsi vəsaiti ilə oğlu Samir və ailəsi üçün alınmış, sonradan Cavabdeh2 həyat yoldaşı və Samir Kərimovun anası olan İrina Kərimovanın adına rəsmiləşdirilmişdir. X19 Kərimova isə 1997-ci ildən ailə münasibətlərində olmuş, birgə yaşayışdan uşaqları Zaur Kərimov doğulmuş, sonradan isə 2012-ci il tarixdə aralarında bu günə qədər qüvvədə olan nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh2 və Cavabdeh1 qeyd olunan mənzilə yaşamaları qeyri-qanuni deyil, əksinə ailədaxili razılığa əsaslanır və faktiki istifadə nəticəsində yaşamaq hüququ formalaşmışdır. Cavabdeh1 əri Samir Kərimov hazırda azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkir, oğlu Cavabdeh2 25 yaşında olmaqla üçüncü dərəcə əlildir. Qeyd olunan mənzildə Samir Kərimov yaşamış, Cavabdeh2 isə hazırda yaşayır. Onların yaşamağa başqa yerləri yoxdur. İlkin İddiaçı mənzilə mülkiyyət hüququ formal olaraq etibarlı sayılsa da, bu hüquq ailədaxili razılıqla formalaşmış və İddiaçı uzun illər istifadə olunan yaşayış hüququnu məhdudlaşdıra bilməz. Bu baxımdan Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında belə hallarda şəxsin mülkiyyət hüququ ilə yanaşı, digər şəxslərin də yaşamaq hüququnun balanslaşdırılması zərurəti vurğulanır. Bağışlama müqaviləsinin ailə üzvlərinə qarşı hüquqi nəticəsi yoxdur. Cavabdeh1 mənzilədn çıxarılması ədalət və insanlıq prinsiplərinə ziddir. Həmin mənzildən çıxarılma 3-cü qrup əlil şəxsin yaşayış hüququnun pozulmasına, faktiki ailə birliyinin dağıdılmasına və qadının və uşağın yaşayış hüququnun təhlükə altına düşməsinə səbəb olacaqdır. Bağışlama müqaviləsi zamanı nə Vüsalə, nə onun həyat yoldaşı, nə də övladı bu barədə məlumatlandırılmamış və etiraz imkanına malik olmamışdır.

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən “iddia tələbinin artırılması barədə” bir neçə dəfə məhkəməyə ərizə təqdim edilmiş, son olaraq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Vəkil “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X20 küç., ev 1 d, mən. 74 (yeni qaydalarla: AZ1022. ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, eyni zamanda vəkil üçün ödənilmiş 350 (üç yüz əlli) manat pulun və məhkəmə üçün ödənilmiş 101 (bir yüz) manat rüsumun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbinə iddiaçının vəkili-nümayəndəsi tərəfindən texniki düzəliş edilmişdir).

6. İlkin iddia üzrə Cavabdeh1 (eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı) ilkin iddia ərizəsinə etiraz təqdim edərək ilkin iddia üzrə İddiaçı iddia tələbi əsassız olduğuna görə rədd edilməsini, mənzildə yaşayan şəxsin ailə üzvü olması, uzunmüddətli yaşayışı, sosial statusu və qanuvericiliyin göstərilən müddəaları nəzərə alınmaqla onun yaşayış hüququnun tanınmasının əsas götürülməsini, məhkəmənin işə baxarkən mülkiyyət və yaşayış hüquqları arasında qanuni balansın qorunmasının təmin etməsini, məhkəmə xərcləri və dövlət rüsumlarının ilkin iddiaçının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia tələbi əsassız və hüquqi cəhətdən qeyri-müəyyən olmaqla, mənzildə faktiki yaşayan şəxslərin konstitusion və mülki hüquqlarına ziddir. Mənzil formal olaraq İddiaçı oğlunun nənəsi İrina Kərimova tərəfindən onun adına rəsmiləşdirilsə də, faktiki ailə mülkiyyəti, uzunmüddətli birgə yaşayış və hüquqi münasibətlər ilkin iddiaçının tələbini hüquqi baxımdan əsassız edir. Belə ki, İddiaçı adına Azərbaycanda və Türkiyədə bir neçə daşınmaz əmlak mövcuddur. İddiaçı adına bu qədər yaşayış evləri və obyektləri olmasına baxmayaraq o Cavabdeh1 yaşadığı mənzildən çıxarılmasını tələb edir. Halbuki, həmin mənzilin cəmi 11 kv.metr yaşayış sahəsi var. Bu mübahisənin əsas və əsl səbəbi budur ki, bir neçə il öncə İrina Kərimovanın xahişinə əsasən Cavabdeh1 rəsmi iş yeri olduğuna görə bankda götürülən kredit müqaviləsi üzrə zamin durmuş, sonda borclu ödənişləri etmədiyindən zamin olan Cavabdeh1 özünə aid olmayan krediti tam ödədiyinə və həmin vəsaiti reqres qaydada tələb etdiyinə, borclu isə bu günə qədər həmin vəsaiti Cavabdeh1 geri qaytamadığına görə, nəhayət aralarında yaranmış mübahisənin nəticəsi olaraq İrina Kərimova acıq edərək qisas olaraq Cavabdeh1ın 23 il ailəsi birlikdə yaşadığı mənzili digər nəvəsinə bağışlamaqla özü tərəfindən yox, indi nəvəsi İddiaçı qabağı verərək öz çirkin əməllərinə “don” geydirmək niyyətini göstərir. Keçən 23 il ərzində Nicat hər zaman mübahisəli mənzilə qonaq kimi gəlmiş və o sona qədər bilirdi ki, mənzil həqiqətən Samir üçün atası Zakir tərəfindən alınmışdır. Buna baxmayaraq, İddiaçı notariat ofisinə gedib bağışlama müqaviləsinə imza atanda və mənzilə dair çıxarışı əldə edəndə Cavabdeh1 və ya mənzildə yaşayan digər şəxslərə məlumat verməmiş, 6 ay keçəndən sonra məhkəməyə müraciət etmişdir ki, guya onun “vicdanlı alıcı” hüququ pozulub. Bu məsələ üzrə İddiaçı heç bir “vicdanlı alıcı” hüququnu tələb etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, bu 23 il müddətində gecə-gündüz 2 işdə işləməklə ailəni yeganə dolandıran Cavabdeh1dır və bu illər üzrə bütün kommunal xərclər onun tərəfindən ödənilib. Belə ki, Samir Kərimov dəfələrlə həbs edilmiş və hazırda da həbsdədir. Cavabdeh1 əlil olan oğlu Zakiri və hətta Samiri dolandırmaq üçün iki yerdə işləməklə öz həyatını onlara həsr etmişdir. Bu barədə İrina Kərimova və İddiaçı da tam şəkildə xəbərdar olmalarına baxmayaraq 11 kv.metr yaşayış sahəsi olan 1 otaqlı mənzili də Cavabdeh1 və oğlu Zakirə çox görüb şərəfsiz addımlar atmaqda davam edirlər. Cavabdeh1, Samir Kərimovun və uşaqları Zakirin digər əmlakı yoxdur. Vüsalə Kərivonanın qeydiyyatda olduğu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən mənzil qəzalı vəziyyətdə olduğu üçün söküntü ərazisindədir və orada yaşamaq mümkün deyil. Beləliklə faktiki hallar ondan ibarətdir ki, Cavabdeh1 mübahisə predmeti olan mənzildə 2003-cü ildən etibarən bu günə qədər yaşayır, mənzil onun ailəsinin daimi yaşaması üçün həyat yoldaşı Samir Kərimovun atası Cavabdeh2 tərəfindən həyat yoldaşının adına alınmış və ailənin daimi yaşayış yeri kimi istifadə edilmişdir. Ailə münasibətləri və etibarlı razılıq əsasında yaşayış hüququ formalaşmışdır. Cavabdeh1 25 yaşlı övladı Zaur Kərimov üçüncü qrup əlildir, əri Samir Kərimov isə azadlıqdan məhrumetmə cəzası çəkdiyindən ailəsinin sosial müdafiəyə ehtiyacı yaranmışdır. Mübahisəli mənzilin 2024-cü ildə bağışlanma yolu ilə Zaur Kərimovun adına keçirilməsi ailənin yaşayış hüququnu ortadan qaldırmır. İddiaçı ailə münasibətlərini və əmlakın əsl təyinatını bilərək, mənzilin ona formal şəkildə nənəsi tərəfindən bağışlanmasından sonra bu hüququ sui-istifadə edərək, sosial müdafiə ehtiyacı olan şəxsləri çıxartmağa çalışır. Mənzildə yaşayan şəxslər ailənin qadın və əlil üzvləridir, Cavabdeh1 əri Samir Kərimovun cəzaçəkmə müəssisəsində cəza çəkməsi sosial zəiflik yaradır, onun və uşağının alternativ yaşayış yeri yoxdur və onların küçədə qalması insan hüquqlarına və cəmiyyətin əsas dəyərlərinə ziddir.

a) Məhkəmə prosesi:

8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkilinümayəndəsi Vəkil ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 (eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı) ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı qəbul etməyib, rədd edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, İddiaçı və Cavabdeh2 onun nəvələri, Cavabdeh1 oğlu Samirin arvadıdır. Kərimov Samir 2004-cü ildən həbs edilənədək həmin mənzildə yaşayıb, Cavabdeh1 və Cavabdeh2 isə 2004-cü ildən hazırkı vaxta qədər mübahisə predmeti olan mənzildə yaşayırlar. Ona baxdığına görə özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzili İddiaçı bağışlamışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, o Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 90 nömrəli mənzildə yaşayır. Cavabdeh1 ilə qonşudurlar. Samir Kərimov həbs edilənədək mübahisəli mənzildə yaşayıb, arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 isə hazırda da həmin mənzildə yaşayırlar.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o 35 ildir Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 81 nömrəli mənzildə yaşayır. Cavabdeh1 ilə qonşudurlar. Samir Kərimov həbs edilənədək mübahisəli mənzildə yaşayıb, arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 isə hazırda da həmin mənzildə yaşayırlar.

14. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, şahidlərin ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

15. Nikah haqqında AZ-İ seriyalı 777145 nömrəli şəhadətnamədən görünür ki, X16 ilə X5 nikahı Bakı şəhəri Səbail rayonu qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 315 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir.

16. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 13977222 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsi, ev Ö/T 22-dir. Vəsiqə xx.xx.2014-cü il tarixdə ASAN3 tərəfindən verilmişdir.

17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********).

18. İddiaçı vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsinə görə 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir.

19. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə ilkin iddia üzrə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu və 0,40 manat komissiya ödənilmişdir.

20. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə Cavabdeh1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, İnqilab küçəsi, ev 1 “D”, 74 nömrəli mənzili xx.xx.2003-cü il tarixli müqavilə üzrə X8 satmışdır. X11 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 1d, 74 saylı mənzili xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 1d, 74 saylı mənzil xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (məktuba müvafiq sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir).

22. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH 5 nömrəli MİS tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X8 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 1d, 74 saylı mənzil hazırda xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. Hazırda göstərilən ünvanda Cavabdeh1 və Cavabdeh2 yaşayırlar, lakin onların hansı vaxtdan yaşamaları barədə dəqiq məlumat yoxdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X20 (İnqilab) küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) xx.xx.2003-cü ildən etibarən alqı-satqı müqaviləsinə əsasən X8 məxsus olmuşdur. X11 xx.xx.2024-cü ildə həmin mənzili nəvəsi İddiaçı rəsmi qaydada bağışlamışdır. Həmin müqavilə qüvvədədir.

24. İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh2 X7 nəvələridir. İlkin iddia üzrə digər Cavabdeh1 Cavabdeh2 anasıdır. X1 Samir Zakir oğlu isə Cavabdeh2 atasıdır. X16 hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. Cavabdeh2 və Cavabdeh1 mübahisə predmeti olan mənzildə faktiki olaraq yaşasalar da, onların qeydiyyat ünvanları başqa mənzilə aiddir.

25. Məhkəmə araşdırmaları zamanı müəyyən edilir ki, X11 2003-cü ildə mübahisə predmeti olan mənzili aldıqdan sonra onun oğlu X16, gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh2 həmin mənzildə yaşamışlar. X16 və Cavabdeh1 rəsmi nikaha daxil olmadan faktiki olaraq birgə yaşamışlar. 2012-ci ildə onlar rəsmi nikaha daxil olmuşlar. Hazırda ilkin iddia üzrə İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarını xahiş edir. İlkin iddia üzrə cavabdehlər isə həmin iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan mənzildə yaşamaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 2003-2004-cü illərdə nənəsinin mübahisə predmeti olan mənzilinə köçmüşdür. Həmin vaxt o, yetkinlik yaşına çatmamışdı. Mənzilin keçmiş mülkiyyətiçisinin (X7) oğlu X16 öz yetkinlik yaşına çatmayan uşağı ilə birgə həmin mənzilə köçərək istifadə hüququ yaranmış və həmin tarixdən sonra Cavabdeh2 daimi olaraq orada yaşamışdır. Onların istifadə hüququ itirilməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında nəzərdə tutulmuş hüquqi mövqeyə əsasən yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Nəzərə almaq lazımdır ki, onlar mənzilə köçən vaxt 1982-ci il Mənzil Məcəlləsi qüvvədə idi. 2009-cu ildə qüvvəyə minən yeni Mənzil Məcəlləsi mövcud deyildi. Buna görə də qeyd olunan mübahisəyə, yəni X16 və Cavabdeh2 istifadə hüququ ilə bağlı mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları şamil edilmir. Çünki, tərəflərin hüquqlarını yaxşılaşdıran hal mövcud deyil. Mübahisənin həmin hissəsinə münasibətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilməlidir.

28. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mülkiyyətçi öz uşağına X14 ailəsi ilə birgə daimi yaşaması üçün mübahisə predmeti olan mənzili vermişdir. MM-nin 228.5-ci maddəsinə əsasən onun istifadə hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, maddənin dispozisiyasına görə mülkiyyətçinin ailə üzvlərinin onunla birlikdə istifadə etmək hüququ vardır. Hazırkı mübahisədə keçmiş mülkiyyətçi X7 öz evi olduğuna görə mübahisə predmeti olan evdə deyil, başqa evdə yaşamışdır. Yəni, mülkiyyətçi öz iradəsinə əsasən orada yaşayıb yaşamadığına qərar vermişdir. Buna görə də həmin dövrün qanunvericiliyinə əsasən mülkiyyətçi ilə məhz birlikdə yaşamadığına görə oğlunun istifadə hüququnun yaranmaması nəticəsinə gəlmək ədalətsiz olar. Çünki, öz sərbəst iradəsinə əsasən orada ailəsi ilə birgə daimi yaşaması üçün oğluna vermişdir. Oğlunun mülkiyyətinə deyil, istifadəsinə vermişdir.

29. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə keçmiş mülkiyyətçi öz uşağına X14 ailəsi ilə birgə daimi yaşaması üçün mübahisə predmeti olan mənzili vermişdir. 20 ildən çoxdur ki, ilkin iddia üzrə Cavabdeh2 həmin mənzildə yaşayır. Bu hazırkı işin mübahisəsiz halını təşkil edir. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən X13 həmin mənzildən istifadə hüququ yaranmışdır. Çünki, anasının mülkiyyətində olan mənzildir. Ana və oğul arasındakı münasibət olduğuna görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ehtiyac yoxdur. X16, mülkiyyətçinin ailə üzvü olmaqla öz yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 həmin mənzilə köçürmüş və onun da istifadə hüququ yaranmışdır. Onun istifadə hüququ hələ də itirilməmişdir.

30. Araşdırmalar zamanı aydın olur ki, Cavabdeh2 müvafiq mənzildən istifadə hüququ olduğuna görə X7 ilkin iddia üzrə İddiaçı mübahisə predmeti olan mənzili bağışladığı vaxt mənzil yüklü olmuşdur. Deməli, yüklü halda daşınmaz əmlak üzərində mülkiyyət hüquqları başqa şəxsə keçəndə servitut saxlanılmışdır. Hüquq sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxmadığı təqdirdə kompensasiya verilməsi yolu ilə həmin hüquqa xitam verilməsi mümkündür. Əks halda onun mənzilən çıxarılması ədalətsiz və qanunsuz olar.

31. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 münasibətdə onun mübahisə predmeti olan mənzildən istifadə hüququ olduğuna və həmin hüquq itirilmədiyinə görə təmin edilməməlidir.

32. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh1 qarşı “mənzildən çıxarma” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə Cavabdeh1 ilə X16 arasında rəsmi nikah münasibətləri 2012-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən onlar arasındakı münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları Ailə qanunvericiliyinin normaları nəzərə alınmaqla tətbiq olunur. Məlumdur ki, ilkin iddia üzrə Cavabdeh1 yaşayış sahəsinin keçmiş mülkiyyətiçisi X7 ailə üzvü və ya “digər qohumu” kateqoriyasına aid şəxs deyil, oğlunun arvadı olmuşdur. Yəni, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü və 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyil.

33. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində nəzərdə tutulan müvafiq müddəalarına görə gəlinin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən (qayınanadan) özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə hüququ olmadığına görə həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

34. 2012-ci ildə qüvvədə olan qanunvericiliyin normalarına əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yalnız o halda gəlinin istifadə hüququ yaranmış olar ki, onun MM-nin 228.1-ci maddəsində göstərilən qaydada istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Hazırkı mübahisə üzrə iş materiallarında belə bir qeydin olması barədə sübut mövcud deyil.

35. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi Cavabdeh1 mənzildən çıxarılması hissəsində təmin edilməli, o, mübahisə predmeti olan mənzildən çıxarılmalıdır. Çünki, onun qeyd olunan mənzildən istifadə hüququ, mülkiyyətçinin iradəsinin ziddinə yaşamaq üçün hüququ mövcud deyil.

36. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, həmçinin, Cavabdeh1 mübahisə predmeti olan mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən və istifadə hüququnun tanınması üçün qanunvericilikdə müvafiq əsas olmadığından qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

37. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddə, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddə, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddə, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddə, İ, İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. 125-ci maddə, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.1.4-cü maddə. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 27.1-27.2-ci maddələr. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddə. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddə. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddə. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 255.7-ci maddə. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 228.1-ci maddə. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddə. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədə qanuni qüvvəyə minən): 30.1-30.2-ci maddə. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddə. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına görə, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

42. Konstitusiya Məhkəməsinin Palatasının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadı: Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı: Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.

44. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

47. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.

48. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

49. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

50. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli və qarşılıqlı iddia təmin edilməməlidir.

51. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat komissiyanın əvəzi, hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi ilkin iddia üzrə Cavabdeh1 tutularaq ilkin iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir.

Nəticə:

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 1d ünvanında yerləşən 74 nömrəli mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, giriş 49, M1, m2) çıxarılsın. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat komissiyanın əvəzi, hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi ilkin iddia üzrə Cavabdeh1 tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar