Məhkəmə qərarları › İş №e-2(006)-2573/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2573/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2573/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "X17" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X17" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci ildə vurulan maddi zərərin əvəzi olaraq 750 (yeddi yüz əlli ) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 ( iki min) manat məbləğində, hüquqi xidmətə görə ödədiyim 500 (beş yüz ) manat və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Metropol tədris mərkəzi “X17” MMC-dən tutulub ona ödənilməsi və MMC-nin İddiaçı üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X15 imtahandakı nəticələrinə görə yüksək qiymətləndirilmiş və başqa bir qrupa keçirilmişdir. Ancaq, yeni qrup şagirdləri X3yda və prinsiplərinə birbaşa zidd gedərək Nigarı kursun dərslərindən, yarışlarından hər vəchlə kənarlaşdırmağa çalışmışlar. Onlar keçiriləcək dərslərin vaxtı və dərsi keçiriləcək otaq haqqında dəfələrlə qəsdən məlumat verməmişlər. Nəticədə, Nigar dərslərindən geri qalmaqla yanaşı stress keçirmiş, psixoloji sarsıntı yaşamışdır. Sinifdə yaranmış bu qruplaşma, Nigarın digər şagirdlər tərəfindən təklənməsi, bulinqə məruz qalması bir valideyn kimi onu çox narahat etmişdir. X19 Kurslarında bulinqə, yəni incidilməsinə səbəb olan təkrar olaraq törədilmiş aqressiv davranışa, psixoloji zorakılığa məruz qalması onu kursa yaxınlaşmağa vadar etmişdir. O, ilk öncə, kursun tədris mütəxəssisi Firuzə xanımla bu məsələni müzakirə etmiş, kursda yaranmış bu mənfi halın aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Daha sonra, Firuzə xanım onu sinif otağına aparmış, şagirdlərin arasında yaranmış problemdən söz açmış və ona söz vermişdir. O, öz növbəsində uşaqlarla səmimi danışıqlar aparmış və heç bir təhdid, təhqirə yol verməmişdir. Bu hadisədən bir neçə saat sonra, sms vasitəsi ilə aldığı məlumata görə kursun İdarə Heyətinin iclası keçirilmiş, nəticə etibarilə X15 heç bir əsas göstərilmədən kursdan xaric edilmişdir (SMS-in mətni): “Salam, xx.xx.2022 tarixində yasanan xoşagəlməz hadisədən çox məyus olduq. Bildiririk ki, İdarə Heyətini, müəllimləri ağır tənqid etməyiniz və ən əsası da dərs prosesi zamanı sinifə daxil olaraq şagirdləri təhqir etməyiniz dəyərlərimizə və prinsiplərimizə ziddir. Ona görə də şirkətimizin İdarə Heyətinin bu xoşagəlməz hadisədən dərhal sonra keçirilən iclasında alınan qərara əsasən övladınız Nigar Kərimova xx.xx.2022 tarixindən etibarən X5 xaric edilir! Son hesablaşma üçün sizə 346 Azn geri ödəniş etməliyik. Xahiş edirik, kart hesabı göndərin ödənişinizin qalan hissəsini sizə geri ödəyək.” Halbuki, MMC ilə aralarında bağlanan müqavilənin müddəalarında İdarə Heyyətinin iclas keçirilməsi və şağırdin kursdan xaric olunması Qərarın qəbul edilməsi şərtlərinə tam ziddir!!!!. Qəbul edilmiş qərarın mətni, nə də ki Qərarı cavabdeh tərəfindən bu günədək təqdim edilməyib! Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı hüquq şirkətinə müraciət etmişdir. “Mirzayev and X30” MMC ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 500 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin ona vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X17” MMC tərəfindən xx.xx.2022-ci ildə vurulan maddi zərərin əvəzi olaraq 2.250 (iki min iki yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və MMC tərəfindən İddiaçı üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun №7, “03” noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edildiyi qeyd olunur. Hazırkı işin hallarından görünür ki, İddiaçı qızına qarşı (AZYAŞLİ UŞAĞA QARŞİ) kurs tərəfindən yaşadtığı stress, təklənmə, psixoloji sarsıntı, bu səbəbdən yaranmış mənfi fiziki və psixoloji nəticələr bir valideyn kimi iddiaçıda da mənəvi sarsıntı və sağlamlığın pozuntusu ilə nəticələnmişdir. Həmçinin iddiaçının azyaşlı uşağın əsassız dərslərindən kənarlaşdırılaraq imtahanlara hazırlaşmaqdan, özünün və uşağın bütün gələcək planlarından məhrum olunması mənəvi zərərin ödənilməsinə dair tələb hüququ yaradır. Əlavə olaraq bildiririk ki, cavabdeh tərəfindən təqdim edilən MMC ilə tələbələr arasında haqq-hesab cədvəlində göstərildiyi kimi iddiaçı tərəfindən ödənilən məbləğ 2.250 (iki min iki yüz əlli ) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunan məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixdə verilmiş AZ- İ seriyalı 946235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq nömrə ilə qeyd edilmişdir. "X17" MMC ilə X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, MMC bu müqavilə ilə müyyən edilmiş dərslərin tədrisini həyata keçirməyi, tələbə isə göstərilən xidmətin müqabilində müqavilə ilə müəyyən olunmuş miqdarda, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. X6 qanuni nümayəndələri Natiq Kərimov və İddiaçı tərəfindən "X17" MMC-yə ünvanlanmış ərizədən görünür ki, onlar X6 qanuni nümayəndələri olaraq K.Nigarın tədris müəssəsi ilə bağladığı müvafiq müqaviləyə heç bir etirazları yoxdur. Tələbənin qanuni nümayəndələri kimi müvafiq müqavilənin bütün öhdəliklərini tam şəkildə qəbul etmişlər. "X17" MMC-nin direktoru Cəlalettin Polatın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kursun tələbəsi X6 valideyni X12 xx.xx.2022-ci il tarixdə "X20” MMC-nin inzibati binasında icazəsi olmadan qızının dərs aldığı sinif otağına daxil olaraq sinifdəki şagirdləri, onların valideynlərini və müəllimləri ağır sözlərlə təhqir etmiş, nalayiq və alçaldıcı sözlər deməklə qeyri-etik davranışlara yol vermişdir. Valideynin bu hərəkətləri ilə tərəflər arasında bağlanmış müqavilənin 2.2.8-ci bəndinin tələbləri pozulmuşdur. Ona görə də kursun iş ahənginin pozulmaması, kursda sakitliyin və təhlükəsizliyin, eləcə də digər şagirdlərin mənafeyinin qorunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyini, habelə tərəflər arasında bağlanmış müqavilənin 2.2.8 və 4.3-cü bəndlərini rəhbər tutaraq, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməsi, tələbə X1 xaric edilməsi və xidmət haqqı ilə bağlı hesablaşma aparılması qərara alınmışdır. "X17" MMC-nin tələbə Kərimova Nigar ilə son haqq-hesab cədvəlindən görünür ki, tələbə ona tədris olunan dərslər üçün 2.250 manat (aylıq-412.5 manat) ödəmiş və ödənilməli olan ümumi bəbləğ isə 1904 manat olduğundan, 346 manat MMC tərəfindən geri ödənilməli olan məbləğdir. 3 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, 14 saylı məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X15 xx.xx.2015-cı ildən Nərimanov rayonu 7 nömrəli Uşaq Poliklinikasından qeydiyyatdan çıxaraq 6 nömrəli uşaq Uşaq Poliklinikasının qeydiyyatına salınıb. xx.xx.2022-ci ildə sahə həkiminin göstərişi ilə X24 3 nömrəli Poliklinika Şöbəsinin nevroloquna baş ağrısı, yuxu pozuntusu və əsəbilik şikayətləri ilə müraciət etmişdir. Nevroloq tərəfindən müayinə edilmişdir, Əsəbilik (R-45.0) diaqnozu qoyulmuşdur. Təyinat verilmişdir: Glycine 2 həbdən gündə 1 dəfə, Noofen 250mq 1 kapsuldan gündə 2 dəfə - 1 aydan sonra təkrarən müayinə məsləhət görülmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən "X17" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən yararanmış mübahisənin həlli üçün 15 iş günü müddətində illik ödənişlərin geri qaytarılmasına dair qərar qəbul edilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. X7, X13, X4 və X16 tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "X20" MMC-nin şagirdi X6 valideyni X12 xx.xx.2022-ci il tarixdə dərs saatında kursun inzibati binasında sinifə icazəsiz daxil olaraq yüksək səslə qışqıra-qışqıra şagirdlərə “... Siz kimsiniz ki, mənim qızımı saymırsınız? Niyə qızım Nigarın mesajlarına cavab vermirsiniz, onu özünüzə yaxın buraxmırsınız? Siz onlardan artıq deyilsiniz, əksiksiniz. Sizin valideynləriniz de məndən əksikdir..." deyərək onları alçaldıcı ifadələrlə təhqir etdi və aqressiv şəkildə şagirdlərə psixoloji şiddət göstərərək kursun daxili nizam-intizam qaydalarını, iş ahəngini, sakitliyi və təhlükəsizliyini pozdu. Şəbinə Kərimovanm yaratdığı səs-küyə digər müəllimələr də gəldi. Bu qeyri-etik hərəkətlər digər şagirdlərin haqlı narazılığına səbəb oldu. Bu hadisə sinif otağında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli, 94 nömrəli qəbzin surətindən görünür ki, “Mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına 210 manat köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, cavabdeh MMC-də işləyir. İlin əvvəlində kursa gəlinir, məlumat alınır, bütün qaydalar valideynlərə izah olunur. Sonra tələbələr mühasibatlığa gedir, müqavilə bağlanır. Onlar həmişə şagirdlərə deyirlər ki, nə problem olsa onlara bildirsinlər. Çünki evə gedib dedikdə valideyn kursa bildirənədək gec olur. İlin əvvəlindən dekabra kimi həmişə iddiaçı tərəf deyirdilər ki, müəllimlərlə bağlı problem var. Dekabr ayında keçirilən səviyyə imtahanında Nigar yaxşı nəticə verdiyinə görə 3-cü mərtəbəyə, üst qrupa keçirildi. Mərtəbənin fərqi yoxdur, sadəcə TS-1 qrupu idi. Əvvəllər müəllimlə bağlı problemlər olurdu, sonra uşaqlarla bağlı problem oldu. İddiaçının dediyinə görə guya müəllim Nigara zəif, digər uşaqlara yaxşı dərs keçir. Deyirdilər ki, digər uşaqlar Nigara cavab yazmir, qrupda cavab vermirlər. O, uşaqlara da dedi bu barədə niyə Nigara cavab yazmırlar. Bu uşaqlar arasında olan problemlərdi, onlar uşaqlara nəsə bu barədə deyə bilməzlər. Hətta Nigarın telefonuna da baxdı, onların Nigara cavab yazdığını gördü, sadəcə kursun etüd zalı kontində olduğuna görə orada şəbəkə yaxşı işləmədiyinə görə Nigara mesaj gec çatıb, ona qədər onsuzda uşaqlarla görüşüblər. O, Nigardan da problem olub-olmadığı barədə soruşduqda Nigar ona heçnə deməyib. Belə ki, Nigar sakit qız idi, problemini danışmırdı. Problemlərini gedib evdə ailəsinə danışıb. Valideyni kursa gələndə uşaqlarla danışmaq istədiyini bildirdi, ona bu hala icazə verilmədiyini dedi. Onun dərs otağında başqa bir söz deməyi dəqiq yadında deyil, imtahan və ya dərs barədə söz deməli idi, həmin vaxt iddiaçının bacısı dediyi şəxs də sinifə girdi və bacısı kimi təqdim edilən xanım ona “Siz yaxşı idarə etmirsiz” deyə bildirdikdə, o, həmin xanıma çölə çıxmasını demişdir. Sinifdən çölə çıxılmadı. Sonra iddiaçı sinif otağına girərək, uşaqlara qarşı “siz kimsiz, mənim uşağımdan əksiksiz, heç biriniz qəbul olmayacaqsız, siz kimsiniz ki, mənim uşağımın mesajlarına cavab vermirsiz” kimi ifadələr işlətdi kameralara da düşüb, əl qol hərəkətlərində də necə emosional olduğu bilinir. O, 9 ildir orada işləyir, uşaqlarla necə davranılmalı olduğunu yaxşı bilir. Hazırda da həmin qrup kursda davam edir və çox yaxşı oxuyurlar. O, uşaq olan qrup aktiv, şən və savadlı uşaqlardır. Hansısa uşağa deyildiyi kimi rəftar edəcək uşaqlar deyil. Valideyn getdikdən sonra düşünmüşlər və qərara almışlar ki, digər uşaqlara haqsızlıq olur. Çünki bütün valideynlər kursa etibar edərək uşaqlarını onların kursuna göndərir. Çünki məsul şəxslər bütün uşaqları qorumalıdır. Əgər bir valideyn onlarla belə danışırsa deməli uzaqlaşdırılmalıdır. Qərar verildi, sonra uzaqlaşdırma qərarı göndərildi və SMS yazıldı ki, qalıq pulu da gəlib götürsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçının yaxın rəfiqəsidir. Onlar iddiaçı ilə kursa getmişlər, Firuzə xanımın yanına qalxmışlar. İdidiaçı öz iradlarını bildirdi, Kəmalə adlı xanımla danışdı, ona da dedi ki, digər uşaqlar Nigara testləri vermirlər və s. Sonra Firuzə xanımla bu hadisəni danışdı, Firuzə xanım sinifə getdi dərsi böldü, uşaqlarla nə danışdığını bilmir. İddiaçı Nərminə adlı müəllimə ilə bu barədə danışdı, Nərminə müəllimə sinifə girdi. Sonra başqa müəlliməni gözləyirdi ki, uşağı haqqında soruşsun. Belə ki, bir gün əvvəl Firuzə xanımla telefonla danışan vaxt, Firuzə xanım uşağının zəif olduğunu, nöqsanı öz uşağında axtarmasını demişdir. Həmin telefon danışığı zamanı o, iddiaçının yanında olmuşdur. Firuzə xanım yanlarına gəlmiş, iddiaçı Firuzə xanıma bildirdi ki, uşaqlar Whatsapp qrupu açıblar, lakin Nigarı əlavə etməyiblər. Elə həmin vaxt Firuzə xanım Nigar olan sinif otağına girdi, dərsi bölərək kiminsə telefonunu götürdü və nəsə axtarırdı. Firuzə xanım otağında olan vaxt, onun qarşısında oturmuşdur. Firuzə xanım otağında ona digər uşaqlarla mövcud problemi danışdığını, hər şeyi uşaqlardan ətraflı soruşduğunu bildirdikdə o, ona bəs niyə Nigarla da bu barədə danışdınız?-deyə sual verdikdə qeyd etdi ki, Nigar həmin gün dərsdə deyildi. Yenə soruşmuş ki, “Nigar dərsə gələndə soruşdunuz”, yenə dedi ki, Nigar dərsdə yox idi. Dedi ki, bəs maraqlanırsız Nigarla, özü də alt qrupdan üst qrupa keçib. Firuzə xanım dedi ki, soruşmamışdır, uşaqlara deyilib ki, evdə problem danışmasınlar. Bildirmişdir ki, Nigar sizə deməyib, ailəsi kimi onlara deməyib, bəs kimə desin. Bu sözlərindən sonra Firuzə xanım otağından hirsli çıxaraq, Nigar olan sinifə getdi və ona da özü gəl dedi. Uşaqlara “mən sizlə maraqlanmışam ya yox” deyə sual verdi. Əlbəttə ki, uşaqlar “maraqlanırsız” deyə cavab verdilər. O, yenə eyni şəkildə “Bəs Nigardan soruşmusunuz” deyə sualını verdikdə təkrar “yox” dedi və ona otaqdan çıx deyə səsləndi. Sinifdə 7 nəfər uşaq var, başqa məktəblərdə bir sinifdə 30 nəfər uşaq olur, bir müəllimə hamıyla maraqlana bilirsə, burda niyə belə olur. Ona dedi ki, “sən kimsən” çıx sinifdən, ona mənəvi xalası olduğunu deyərək çıxmayacağını bildirmiş, özünun sinifə çağırdını demişdir. Firuzə xanımın 2 dəfə çıx deməsinə baxmayaraq o, otaqdan çıxmamışdır. O, söhbəti eşitmək istədiyi üçün çıxmamışdır. Sonra Nigara çıx dedi, Nigara 2-ci dəfə çıx sinifdən dedikdə, iddiaçı sinifə daxil oldu və Nigara otur çıxma dedi. İddiaçı üzünü uşaqlara tutaraq dedi ki, “Nigar sizə hörmətsizlik edib? Niyə testi vermirsiz, hər hansı otaqda olanda Nigara demirsiz. Nigar sizdən azyaşlıdır, sizin səviyyəyinizə gəlib, sizin yaşınıza çatanda sizdən daha da üstün olacaq, Nigarı əskik görməyin, təkləməyin. Unutmayın ki, bu gün toplu şəkildə burdasız, sabah gələcəkdə hamı Türkiyə də başqa şəhərlərdə də olacaq, orada da sizə qarşı belə təkləmələr olacaq, bunu gözünüzün qabağına alın”. Yəni üst sinifdə olacaq mənasında demişdir. Bundan əlavə iddiaçı dedi ki, “Nigarı niyə təkləyirsiz, problemləm nədir, əksik uşaq deyil axı”. Onlar müdriyyətlə görüşmək istəyirdi. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi "X17" MMC ilə X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən MMC bu müqavilə ilə müyyən edilmiş Riyaziyyat, Məntiq, Həndəsə və Türk dili fənləri üzrə dərslərin tədrisini həyata keçirməyi, tələbə isə bunun müqabilində illik 3.300 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. "X17" MMC-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən X2 xaric edilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-xx.xx.2022 tədris ili üçün iddiaçı tərəfindən cəmi 2.250 manat məbləğində ödəniş edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərər üçün müvafiq olaraq 2.250 manat və 2.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı bağlanmış müqavilənin cavabdeh tərəfindən əsassız olaraq ləğv edilməsi nəticəsində qızının mənəvi sarsıntılar və iztirab keçirdiyinə, bunun mənfi psixi reaksiyanın yaranmasına səbəb olduğuna istinad edərək özünə dəymiş mənəvi zərərin, həmçinin MMC-yə tədris ili üçün ödənilmiş 2.250 manat məbləğində dəymiş maddi zərərin ödənilməsini xahiş etmişdir. İlk öncə məhkəmə iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinin məzmununa görə, fiziki şəxs məhz ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi mülki qanunvericiliyə əsasən, vurulması ehtimal edilən zərərin aradan qaldırılmasını (dəymiş mənəvi zərərin ödənilməsi və s. formada) tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. Belə ki, şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının cavabdeh tərəfindən bağlanmış müqavilənin əsassız olaraq ləğv edilməsi nəticəsində qızının mənəvi sarsıntılar və iztirab keçirdiyinə istinadı ilə özünə dəymiş mənəvi zərərin ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin qeyd edilməlidir ki, mənəvi zərər dəyməsi istinad edilən X6 yetkinlik yaşına çatmamasına baxmayaraq, o, mülki-prosessual hüquq qabiliyyətlidir və məhkəmədə qanuni nümayəndə vasitəsilə iştirak etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48 və 49.3-cü maddələrinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Qeyd edilənlərə əsasən iddiaçıya özünün əsl iddiaçı ilə əvəz olunması təklif edilsə də, o, bu təklifdən imtina etmiş, mövqeyini daha sonra qızının keçirdiyi stress, təklənmə, psixoloji sarsıntı nəticəsində bir valideyn kimi özündə yaranmış mənəvi sarsıntı və sağlamlığının pozulması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh tərəfin hər hansı hüquqa zidd hərəkətə yol verdiyi müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı özünə dəymiş mənəvi zərərlə bağlı tələb də rədd olunmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 2.2.8-ci və 2.2.9-cu bəndlərinə əsasən, tələbə, habelə onun valideyni müəssisənin daxili nizam-intizam qaydalarına, etik davranış qaydalarına əməl etməli, müəssisənin iş ahəngini pozmamalı, sakitliyi və təhlükəsizliyi qorumalıdır (müqaviləni birtərəfli qaydada ləğv edə bilər). Tələbə, habelə onun valideyni müəssisənin daxili nizam-intizam qaydalarına, etik davranış qaydalarına əməl etməzsə, iki dəfə xəbərdarlıq edilməklə, əgər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq inzibati xəta və ya cinayət törədərsə, xəbərdarlıq edilmədən müəssisə rəhbərliyi tərəfindən xaric edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan və şahidlərin ifadələrindən göründüyü kimi X6 valideyni İddiaçı xx.xx.2022-ci il tarixdə dərs saatında kursun inzibati binasına və daha sonra dərs keçilən sinifə daxil olaraq müəssisənin iş ahəngini pozmuş, yüksək səslə digər uşaqların yanında danışaraq daxili nizam-intizam və etik davranış qaydalarına əməl etməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı müqavilə tərəfinin valideyni kimi öhdəliyi lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan cavabdehin şərtləri pozulmuş müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə cavabdeh tərəfin hər hansı hüquqa zidd hərəkətə yol verdiyi müəyyən olunmadığını təkrar qeyd edir, lakin eyni zamanda cavabdeh tərəfin 346 manat məbləğində pulun iddiaçı tərəfindən artıq ödənildiyi məbləğ kimi qeri qaytarılmalı olduğunu bildirdiyini nəzərə alır, iddianın da bu hissəsinin həmin məbləğdə təmin edilməli olduğunu hesab edir. Belə ki, müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verildiyindən, müqavilə üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün hər hansı qanuni əsas olmadığından, tələbə tərəfi tərəfindən tədris olunan dərslər üçün ödənilmiş 2.250 manatın 346 manatı isə geri qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehin göstərilən məbləğdə iddiaçının hesabına əsassız olaraq varlanması halı aradan qaldırılmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Nəticə hissəsi: Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 68 manat məbləğində pul ödəmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə 210 manat məbləğində xərc çəkmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 68 manatın 5 manatı və hüquqi xidmət xərcinə görə 100 manat məbləğində pul cavabdeh “X17” MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 346 manat, dövlət rüsumu kimi ödənilmiş 68 manatın 5 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat, cəmi 451 (dörd yüz əlli bir) manat məbləğində pul cavabdeh “X17” MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar