Məhkəmə qərarları › İş №e-2(006)-2649/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2649/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2649/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı « pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 628,29 avro məbləğində pul vəsatinin və 31,65 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 297630 nömrəli “Kompleks bank xidməti” müqaviləsinə əsasən sonuncuya avro valyutasında debet (Mastercard Platinum) ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Cavabdeh 5522****6436 saylı saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitini daxil edərək istifadə etmişdir. xx.xx.2017-ci il tarixdən yaranan texniki xəta səbəbindən kart hesabında yetərli pul vəsaiti olmadığı halda cavabdeh 628.29 avro məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 628.29 avro məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 628,29 avro məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə xx.xx.2025-ci il tarixə onun banka 628,29 avro məbləğində əsas, cəmi 628,29 avro məbləğində borcu yaranmışdır. Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinə görə hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) texniki overdraft hesab olunur. Kompleks bank xidməti müqaviləsinin şərtlərinə görə Texniki overdraft - ödəniş və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixdən etibarən bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. Tərəflər arasında bağlanmış razılaşmalara əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Bildirir ki, tərəflər arasında bağlanmış razılaşmalar və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin iştirakı və izahatları: İddiaçı ASC tərəfindən məhkəməyə ərizə göndərilmiş, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi, izahatında bildirdi ki, ümumiyyətlə o kartdan limitdən artıq istifadə etməmişdir, kart məlumatlarından üçüncü şəxslər istifadə edə bilərdilər, kartın ölkə xaricində istifadə edildiyi müddətlərə diqqət yetirilsə, o, həmin tarixlərdə həmin ölkədə olmamışdır. Son olaraq iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: İş materiallarında olan xx.xx.2015-ci il tarixli kompleks bank xidməti müqaviləsindən, xx.xx.2025-ci il tarixli overdraft borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan, xx.xx.2016-cı il tarixli ödəniş kartların hazırlanması və verilməsinə dair ərizənin surətindən, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixində euro valyutasında debet ödəniş kartı təqdim edilmiş, karta müxtəlif tarixlərdə cavabdeh öz pul vəsaitini daxil edilmiş, xx.xx.2017-ci il tarixində kartda baş verən texniki xəta səbəbindən kartda yetərli pul vəsaiti olmamasına görə cavabdehdən 628,29 avro məbləğində olan pul vəsaiti istifadə edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 628,92 avro borcu vardır. İddiaçı ASC tərəfindən tərtib edilmiş overdraft borcunun faizlərini və penyanın hesablanması haqqında xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 628,92 avro borcu vardır. Dövlət Sərhəd Xidmətinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna xx.xx.2025ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2016-cı il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2016-cı il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2016-cı il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2016-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2016-cı il tarixdə ölkə ərazisinə giriş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının cavabdehə göstərdiyi kompleks bank xidmətlərindən cavabdehin istifadə etmiş, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdehin kart hesabı üzərindən əməliyyat keçirməsi nəticəsində texniki overdraft yaranmışdır. Qeyd edilən məsələ tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 297630 №li müqavilə ilə tənzimlənir. Lakin, işin faktiki hallarından müəyyən edildiyi kimi cavabdehin tərəfindən kart hesabında zəruri vəsaitin olmamasına baxmayaraq banka məxsus vəsaitdən istifadəsi təqdim edilmiş hesabdan çıxarışa əsasən 2016-cı ildə texniki overdraftla nəticələnmişdir ki, iddiaçı qeyd edilən vəsaitin geri qaytarılması üçün qanunla müəyyən edilmiş iddia müddətlərində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən və hazırkı tələb üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar