Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2694/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qıznın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri X6 və X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehndə (MMC) təmizlik işçisi peşəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, İR-118/25 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” xitam verilmişdir. Lakin, cavabdeh MMC-nin İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olmuş halları ona bildirməmiş, iddiaçı barəsində intizam icraatına başlamamış, sadəcə hansısa mücərrəd şifahi əsaslar iddiaçıya bildirməklə əmək müqaviləsini qeyd olunan hüquqi əsaslarla ləğv etmişdir. Həmçinin, cavabdeh MMC tərəfindən İddiaçı sonuncu iş günü xx.xx.2025-ci il tarixində əmək kitabçasının təqdim ediməsinə baxmayaraq, həmçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş maddi hüquq norması ilə əlaqədar, işəgötürən bu barədə müvafiq əsaslandırılmış əmri ilə işçinin tanış etməmiş, əmrin surətini müvafiq qaydada ona təqdim etməmişdir. Qeyd edildiyi kimi işəgötürən tərəf olan Cavabdeh MMC iddiaçı barəsində intizam icraatına başlamadan, işçidən izahat almadan və intizam xətasının törədilməsi ilə bağlı araşdırma aparmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Lakin əminliklə qeyd edirik ki, İddiaçı onun barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barəsində işəgötürən (cavabdeh) tərəfindən ona nəinki belə bir əmr, heç əmək müqaviləsinə xitam verilməsi barədə əmri təqdim edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, 165 nömrəli məktubla Vəkil Sorğusu göndərilmişdir. Vəkil Sorğusunda İddiaçı əmək müqaviləsinin, işə qəbul və əmək müqaviləsinin xitam verilməsi barədə əmrlərin və digər sənədlərin surəti sorğu edilmişdir. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələb olunduğundan İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdehnə Bakı 8 saylı Mediasiya təşkilatında (sonradan Mediasiya təşkilatı) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir (AR MülkiProsessual Məcəlləsi, maddə 4.6). Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixinə təyin olunmuş mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən Mediasiya təşkilatı tərəfindən İddiaçı 18 mart 2025-ci il tarixli, MŞB/8/2025-00501 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli, İR-118/25 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdeh müəssisədə işlədiyi təmizlik işçisi peşəsinə işə bərpa olunması və iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı əsassız olaraq işdən çıxarılmışdır və ona qarşı tətbiq olunan AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsassızdır. Həmin maddədə 2 əsas qeyd edilmişdir ki, onlardan biri işçi öz əmək fünksiyasını yerinə yetirmədiyi hal, digəri isə 72-ci maddədə sadalanan hallardan biridir. Qarşı tərəfi təqdim etdiyi videolarla iddiaçının oğurluq etdiyini sübut etməyə çalışır. Cavabdehin təqdim etdiyi əmrdə həmin maddə sadəcə formal olaraq, əsassız tətbiq edilmişdir. Məhkəmə təcrübəsi də bu şəkildə formalaşmışdır ki, işçinin təqsiri olduğu halda işəgötürən bu halı sübut etməli və əsasları müəyyən etməlidir. Verilmiş izahatlar isə şübhə doğurur. Buna səbəb isə təhdid altında olan işçinin təzyiqə məruz qaldığı halda izahatı işə götürənin xeyrinə yazmasıdır. Tətbiq edilən bu maddə əsaslandırılmamışdır və buna görə də həmin əmr ləğv olunmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əmrdə əmək müqaviləsinə xitam verilməsinin bütün əsasları qeyd edilmişdir. Fevral ayının 23-ü xanım işdən çıxan zaman çantası X-ray aparatından keçən zaman təhlükəsizlik əməkdaşı çantada şübhəli bir şey görür və araşdırma zamanı onun çantasında 8 ədəd butulka aşkar edilir. Onların 4-nün sanitar qovşağında istifadə etdikləri sabun qabları olduğu, 4-nün isə “Sprite” olması müəyyən edilmişdir. “Sprite” içkisinin kimə məxsus olduğu bilinmədiyi üçün onu qeyd edə bilməmişlər, lakin yuyucu vasitələrin onlara məxsus olduğu müəyyən olunmuşdur. İddiaçı öz izahatında bu halları, peşman olduğunu qeyd etmişdir. Bu halda onlar bir nəfər işçini bağışladıqları halda digər işçilərə də haqsızlıq etmiş olurlar. Sübutların hər birinin yerində olduğu və qərarın ədalətli olduğunu düşünürlər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə bütün işçilərin əşyalarını ora qoyan zaman təhlükəsizlik əməkdaşının onları müşahidə etdiyini, həmin əməkdaşın sözügüdən əşyanın nə olduğunu soruşduğu zaman xanımın həmin əşyanı göstərərək izah etdiyini, həmin təhlükəsizlik əməkdaşının adının Şamil İbrahimov olduğunu, aşkar edilən butulkaların bəzilərinin “Sprite”, bəzilərinin isə “Bonaqua” butulkaları olduğunu, şirkətin 6 mərtəbədən ibarət və hər mərtəbədə 3 otaq yerləşdiyini, hər bir otağın başqa şəxlərə verilən icarələr olduğunu, binaları ofis qismində icarəyə verdiklərini və həmin ofislərin təmizliklərini təşkil etdiklərini, mübahisə gedən binanın Hilton otel ilə üzbəüz yerləşdiyini bildirmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Təsviri hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindəm görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə təmizlik işçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 9.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, İR-118/25 saylı Əmrə əsasən Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış 12 fevral 2024-ci il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26 fevral 2025-ci il tarixdən ləğv edilmiş, əsas kimi İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi barədə 06/25 nömrəli, xx.xx.2025-ci il tarixli akt və İddiaçı xx.xx.2025ci il tarixli izahatı göstərilmişdir. 10.Mülki işin materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X3 əsasən İR-118/25 saylı, xx.xx.2025-ci il tarixli Əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. 11.Mülki işin materiallarında olan FMG şirkətinin işçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahata əsasən İddiaçı evə gedəndə çantasında şampun aparıb. Foyedə mühafizə çantasını yoxlayıb və çantasından şampunu çıxarıb. Çantasından 4 ədəd şampun və 4 ədəd sprite tapılmışdır. Ə.İlahə FMG MMC-dən günahından keçib onu bağışlamasını xahiş etmişdir. 12.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən verilən 06/25 saylı, 25 fevral 2025 tarixli “əmək, icra intizamı, etik davranış qaydalarının pozulması” barədə Akta əsasən təmizlik işçisi İddiaçı BEGOC layihəsində işdən çıxan zaman heç kimə demədən cəmiyyətə məxsus şampunu 4 ədəd butulkaya tökərək özü ilə aparmaq istəyib və Təhlükəsizlik şöbəsinin əməkdaşı yoxlanış aparan zaman butulkaları aşkar etmişdir. İşçi yol verdiyi əmək və intizam pozuntuları ilə bağlı izahat verib. İzahatında əməlini boynuna alıb. 13.Mülki işin materiallarında olan təhlükəsizlik əməkdaşı İbrahimov Şamil tərəfindən verilən izahata əsasən xx.xx.2025-ci il tarixində xidmətdə olduğu zaman saat 14:00 radələrində təmizlik şöbəsinin işçisi İlahə xanım işini bitirib evə gedərkən sumkasına baxış keçirmişdir. Baxış keçirən zaman sumkasında icazəsi olmadan şirkətə məxsus bir neçə ədəd maye sabun və bir neçə ədəd sprite içkisini qeyri-qanuni apardığını aşkar etmişdir. 14.Mülki işin materiallarında olan aparıcı təhlükəsizlik əməkdaşı Bağırov Elbrus tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahata əsasən xx.xx.2025-ci il tarixində BEGOC iş mərkəzində səhər növbəsində xidmətdə olduğu zaman saat 14:00 radələrində onunla növbədə xidmət edən əməkdaş İbrahimov Şamil ondan qeydiyyata yaxınlaşmağı xahiş edib və yaxınlaşan zaman İ.Şamil mərkəzə bildirib ki, FMG şirkətində xadimə vəzifəsində çalışan İddiaçı binanı tərk edən zaman onun çantasını yoxlayarkən 4 ədəd 500 ml plastik sirab qabında maye sabun və 4 ədəd 300 ml sprite içkisi aşkar edib. 15.Mülki işin materiallarında olan işəgötürən Cavabdeh və işçi İddiaçı arasında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən sonuncu əsas təmizlik işçisi vəzifəsinə işə qəbul edilmiş və bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. 16.Mülki işin materiallarında Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli Arayışına əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirak etəsə də, Cavabdeh MMC nümayəndəsi iştirak etməmişdir. 17.Mülki işin materiallarında olan flaşkart. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 12 fevral 2024-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə təmizlik işçisi olaraq işə qəbul edilmiş, 26 fevral 2025-ci il tarixli, İR-118/25 saylı Əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin etibarsız hesab edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə işə bərpa edilməsini və ödədiyi mediasiya xərcinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 20.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 21.Məhkəmə ilk növbədə iddiaçının “Cavabdeh xx.xx.2025-ci il tarixli, İR-118/25 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə münasibətdə onu qeyd edir ki, iddiaçı mübahisələndirdiyi sözügedən əmrin ləğvi deyil, etibarsızlığına dair hazırki tələbini irəli sürmüşdür. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin ləğvi nəzərdə tutulmuşdur. İddiaçı tələbində əmrin etibarsızlığını tələb etsə də, halbuki məhkəmə araşdırması dövründə tələbinin həqiqətdə etibarsızlıq yox, əmrin ləğvi olması müəyyən edildiyi üçün məhkəmə tərəfindən əmrin ləğvinin qanuni olub-olmaması yönündə araşdırılma aparılmışdır. 22.Hazırki iş üzrə işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı cavabdeh şirkətdə 12 fevral 2024-cü il tarixli əmək müqaviləsinə əsasən təmizlik işçisi olaraq işə qəbul edilmiş, işlədiyi dövrdə işdən çıxıb evə gedən zaman cavabdehin əməkdaşları tərəfindən yoxlanılmış və üzərindən cavabdehə məxsus təmizlik vasitəsinin 4 ədəd qaba doldurularaq onun tərəfindən gizli şəkildə aparılması aşkar edilmiş, bununla bağlı əmək, icra intizamı və etik davranış qaydalarının pozulması barədə akt tərtib edilmiş, bundan sonra yol verdiyi əmək və icra intizamı pozuntusu ilə əlaqədar izahatı alınmış və xx.xx.2025-ci il tarixli izahatında iddiaçı cavabdehə məxsus təmizlik vasitəsini qablara dolduraraq evə apardığını etiraf etmiş və izahatının sonunda bağışlanmasını xahiş etmişdir. Bundan sonra işçi, yəni iddiaçı tərəfindən yol verilən pozuntu ilə əlaqədar cavabdehin xx.xx.2025-ci il tarili, İR-118/25 nömrəli Əmri əsasında onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmə araşdırması zamanı izahatın cavabdehin əməkdaşları tərəfindən təzyiq altında yazıldığını iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Həmçinin, sonuncu məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilən videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmiş, görüntülərlə həqiqətən də iddiaçının işdən çıxdığı zaman yoxlanarkən üzərindən qablara doldurulmuş təmizlik vasitəsinin cavabdehin əməkdaşı tərəfindən aşkar edilərək bu barədə məsul əməkdaşlara məlumat verildiyi aşkar edilmişdir. Göründüyü kimi iddiaçı işlədiyi dövrdə əmək, icra intizamı və etik davranış qaydalarını pozduğuna, həmçinin öz izahatında bunu etiraf etdiyinə görə cavabdeh tərəfindən haqlı və əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Odur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, İR-118/25 saylı əmrinin ləğvi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia tələbi həmin hissədə əsassız hesab edilməklə rədd edilməlidir. 23.Məhkəmə iddia tələbinin qalan hissəsinə, yəni “iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və ödənilmiş mediasiya xərcinin tutulması”na münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas, yəni əmrin ləğvi hissəsində əsassız hesab edilməklə rədd edildiyindən və sözügedən tələblər də əsas tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipi nəzərə alınaraq həmin hissələrdə də tələblər təmin edilməməlidir. 24.Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi"nə dair iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. 25.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 26.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi"nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2694/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2694/2025
30.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver