Məhkəmə qərarları › İş №e-2(006)-272/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-272/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-272/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.600 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əmanət Müqaviləsinə əsasən 18.600 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 ASC-yə depozit olaraq qoymuşdur. Sözügedən əmanət həmin tarixdə və hazırda qüvvədə olan Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 18.600 ABŞ dolları məbləğində olmaqla qorunan əmanət olaraq yerləşdirilmişdir. Sonradan Cavabdeh2 ASCnin lisenziyası ləğv olunmuş və bununla da sığorta hadisəsi baş vermişdir. Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, fond tərəfindən hər bir istehlakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Onun tərəfindən qoyulmuş əmanət tam sığortalanmış hesab olunmaqla 18.600 ABŞ dolları kompensasiyanın ödənilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə tərəfindən cavabdehə müraciət olunsa da Əmanətlərin Sığortalanması Fondu müraciətə heç bir cavab verməmiş və öhdəliyini icra etməmişdir. Bu səbəbdən də hesab etmişdir ki, İddiaçı tərəfindən qoyulmuş əmanət tam sığortalanmış hesab olunmaqla 18.600 ABŞ dolları kompensasiyanın ödənilməsinin cavadehin üzərinə qoyulması barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Daha sonra LPO "xxxx" ASC cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, tələbin əsaslandığı hallara dair müqavilə yoxdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı tələbini əsaslandırarkən tərəflər arasında bank əmanəti müqaviləsinin bağlandığını bildirmişdir. Mülki qanunvericilklə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (Məcəllənin 944.1-ci maddəsi). İddiaçının bildirdiyi kimi, əgər tərəflə qeyd edilən müqavilə münasibətləri olduğu halda, belə müqavilənin mövcudluğunu bir neçə əlamət şərtləndirməlidir. Belə ki, Mülki qanunvericiliyin tələbinə əsasən, bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin (Mülki Məcəllənin 946.1-ci maddəsi). İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə Ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı (hesab №-si **********2121701535, ********************, ***-*******-1) arasında bağlanmış əmanət müqaviləsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsinə dair qərardadla Banka müqaciət edisə də, cavab olaraq sözügedən əmanət müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir. Hazırki halda məhkəmənin qənaətinə görə, tərəflər arasında iddia tələbində qeyd edilən əmanət müqaviləsinin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, iddia tələbində tərəflər arasında əmanət müqaviləsinin bağlanması əsas göstərilməklə həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə cavabdehdən pul tələb edilmiş, belə bir müqavilə iddia ərizəsinə əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında da, iddiaçının nümayəndəsi tərəfindən müqavilənin təqdim edilməsinin mümkün olmaması bildirilmiş, sübutların cəlb edilməsinə dair qərardadın icrası həmin müqavilənin mövcud olmaması səbəbindən mümkün olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın əsasını təşkil edən əmanət müqaviləsi və digər zəruri sənədlər təqdim edilmədiyindən, cavabdehdən iddia tələbində göstərilən borcun tələb edilməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından iddiaçı tərəfindən ödənilmiş 185 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar