Məhkəmə qərarları › İş №e-2(006)-274/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-274/2025

09.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-274/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6249 (altı min iki yüz qırx doqquz) manat 30 (otuz) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 33 (otuz üç) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 233 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 263 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 121x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin – OBA Azadlıq 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3040 (üç min qırx) manat 53 (əlli üç) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3823 (üç min səkkiz yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik təşkil edir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6249 (altı min iki yüz qırx doqquz) manat 30 (otuz) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6249 (altı min iki yüz qırx doqquz) manat 30 (otuz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, ona 1-ci sayımda 3000 manat əskik olduğunu dedilər, bağışlama ilə 1600-1700 manat olduğunu bildirdilər və həmin məbləğlə razılaşıb akta imza çəkdi. xx.xx.2023-cü il tarixində 2-ci sayımda 5050 manat əskik olduğunu bildirdilər və bununla razılaşmadı. 2-ci yoxlamadan avqust ayından 1 ay yarım əvvəldən, iyul ayının 6-7-dən mağazaya getməmişdir. Həmin tarixlərdə hər hansı oğurluq olubsa, o bu barədə bilmir. İyul ayının 5dən 20-nə kimi məzuniyyət istəyirdi. 2 ay öncədən bununla bağlı şirkətə məlumat vermişdir. Həmin dövrdə mağazada 1 nəfər işçi vardı. Bölgə müdirinə bildirmişdir ki, əlavə işçi versinlər. İyul ayının 6-7-də bölgə müdirinə dedi ki, getməlidir, 2 ay əvvəldən də xəbər vermişdir, heç bir tərpəniş olmadı. Sonra mağazaya 1 nəfər satıcı göndərdilər. O da işi yaxşı bilmirdi. Sonradan 1 nəfər də işçi göndərdilər, o da yeyinti etmişdi. 20 günlük məzuniyyətdən sonra işə gəlmədi ki, məsuliyyəti o daşımasın. xx.xx.2023-cü il məzuniyyətə çıxmışdır. Ondan sonra işə getməmiş və bölgə müdirinə bildirmişdir ki, işə gəlməyəcək. Məzuniyyətə getmə əmri ilə tanış olmamışdır, ona verilməyib. İyul ayında əmək haqqı almışdır. 1-ci akt üzrə maaşından 25% pul tutulmuşdur. Cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 216 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il trixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi əmr edilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul etmişdir. Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinin sədri X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onu Satış Departamentinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 233 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il trixindən etibarən Baş Satıcı vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi əmr edilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış vəzifə dəyişikliyi ilə əlaqədar X5 haqqında müqavilədən görünür ki, müqavilənin 3.3-cü maddəsinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqadər izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, DN6039 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş etmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 263 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il trixindən etibarən adminstrator vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh Baş Satıcı vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat təyin edilmişdir. Cavabdeh tərəfindən İddiaçı İdarə Heyətinin sədri X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, adminstrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. İddiaçı və Cavabdeh arasında bağlanmış vəzifə dəyişikliyi ilə əlaqədar X5 haqqında müqavilədən görünür ki, müqavilənin 3.3-cü maddəsinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqadər izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı xx.xx.2023-cü il tarixli, 121x nömrəli əmrinin çıxarışından görünür ki, Cavabdehnın İddiaçı Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2023-cü il tarixində 3040.53 (üç min qırx manat, 53 qəpik) manat, xx.xx.2023-cü il tarixində 3823.20 (üç min səkkiz yüz iyirmi üç manat iyirmi qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 6249.30 (altı min iki yüz qırx doqquz manat 30 qəpik) manat borcu qalmışdır. Beləliklə, Cavabdehnın 25 aprel 2024-cü il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 6249.30 (altı min iki yüz qırx doqquz manat 30 qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2023-cü il tarixli, 164 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə "Təbii itki normaları" tətbiq edilməsi məqsədi ilə, "xxxx" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması və "Təbii itki norması" satış dövriyyəsinin 0.15 faizi müəyyən edilməsi əmr edilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00147 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində “OBA-Azadlıq 1” (463) mağazasında aparılmış növbədənkənar inventarizasiyanın yekunu haqqında aktdan görünür ki, Cavabdehnın İddiaçınə 3040.53 (üç min qırx manat, 53 qəpik) qəpik zərər vurması müəyyən edilmişdir. Cavabdehnın xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamnamədən görünür ki, “OBA- Azadlıq 1” (463) mağazasında aparılmış növbədənkənar inventarizasiyada Cavabdeh sayımda sonadək iştirak etmiş, yoxlama işçi qrupunun rəhbəri tərəfindən, ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağını qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində “OBA-Azadlıq 1” (463) mağazasında aparılmış növbədənkənar inventarizasiyanın yekunu haqqında aktdan görünür ki, Cavabdehnın İddiaçınə 3823.20 (üç min səkkiz yüz iyirmi üç manat iyirmi qəpik) manat zərər vurması müəyyən edilmişdir. Cavabdehnın xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamnamədən görünür ki, o, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “OBA-Azadlıq 1” (463) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin 3823.20 (üç min səkkiz yüz iyirmi üç manat iyirmi qəpik) manat yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyəborcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda. Maddə 202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Maddə 205. Əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 206. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 233 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 263 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 121x saylı əmrlə işdən azad edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, “Oba-Azadlıq 1” mağazasında aparılan ümumi yoxlanış sayımına əsasən məlum olmuşdur ki, marketin anbarında müvafiq olaraq 3040,53 manat və 3823,2 manat məbləğində məhsul əksikliyi olmuşdur. Hazırda İddiaçı MMC cavabdehin ona maddi ziyan vurduğunu iddia edir və Əmək Məcəlləsinin müvafiq müddəalarına, işçinin X5i haqqında müqaviləyə və yoxlamanın nəticələrinə uyğun olaraq maddi ziyanın əvəzini Cavabdeh tələb edir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirməyərək işəgötürənə maddi zərər vurmaqla nəticələnən pozuntulara yol vermişdir. Belə ki, işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırması nəticəsində işçinin öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə maddi ziyan vurması müəyyən edilmişdir. Maddi ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli akta və cavabdehin imzaladığı iltizamnaməyə əsasən cavabdehin İddiaçı MMC-yə 3040,53 manat ziyan vurduğu öz təsdiqini tapsa da, xx.xx.2023-cü il tarixli yoxlamada işçinin iştirakı təmin edilməmişdir. Bundan başqa ikinci yoxlama üzrə tərtib olunmuş iltizamnamədə yoxlama işçi qupunun rəhbərinin ad soyad və imzası göstərilməmişdir. Belə olan halda məhkəmə, xx.xx.2023-cü il tarixli inventarizasiya nəticələrinə dair yekun akt üzrə hesablanmış 3823,2 manat məbləğin cavabdehdən tutulması üçün hər hansı əsasın olmaması qənaətinə gəlməklə, iddianın həmin hissədə rədd edilməsini məqsədəmüvafiq hesab edir. xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 3040,53 manat zərərə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 204 nömrəli əmr nəzərə alınmaqla, həmin akt üzrə satış dövriyyəsinin 0,15 faizi həddində təbii itki normaları tətbiq edilməklə işçinin vurduğu zərərin məbləğinin 2610,23 manat olduğu müəyyən edilir (286865.45 manat (satış dövriyyəsi) - 0,15% = 430,30 manat, 3040,53- 430,30 = 2610,23 manat). Qeyd edilən ziyanın ödənilməsi barədə işçiyə xəbərdarlıq olunmuş, lakin işçi tərəfindən vurulmuş zərər məhkəmədənkənar qaydada ödənilməmişdir. İşçi və işəgötürən arasında bağlanmış X5 haqqında müqavilə işəgötürənə işçinin vurmuş olduğu zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququ verir. Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda X5 daşıdığı müəyyən edilib. X5, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci X5i müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur. Normanın mənasına görə, X5 haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 2610,23 manat pul tutarkən, məhkəmə, cavabdehin izahatına əsasən iddia olunan məbləğdə əmlakın ona təhvil verilməsini (cavabdeh bunu təkzib etməmişdir), cavabdehin administrator olaraq mağazanın müdiri funksiyasını həyata keçirməsini, həmin marketdə anbardar vəzifəsinin nəzərdə tutulmadığını, başqa sözlə bilavasitə cavabdehin maddi məsuliyyətini şərtləndirən halların mövcud olmasını nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh vurduğu ziyana görə 2610,23 manat pul vəsaiti, 60 manat mediasiya xərci və 33 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 33 manatın 15 manat hissəsi, habelə 60 manat mediasiya xərcinin 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2610,23 manat (iki min altı yüz on manat, iyirmi üç qəpik) manat pul vəsaiti, 30 (otuz) manat mediasiya xərci və 15 (on beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar