Məhkəmə qərarları › İş №e-2(006)-275/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-275/2025

11.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-275/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh Füzuli oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Füzuli oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh Füzuli oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6931 (altı min doqquz yüz otuz bir) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 521 saylıəmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 88x saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin – OBA Əhmədli 12 mağazasında çalışdığızaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3801 (üç min səkkiz yüz bir) manat 56 (əllialtı) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4059 (dörd min əlli doqquz) manat 56 (əlli altı) qəpik təşkil edir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6931 (altı min doqquz yüz otuz bir) manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6931 (altı min doqquz yüz otuz bir) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Cavabdehin etirazı Cavabdeh "xxxx" MMC-nin onu borclandırdığı 6931 (altı min doqquz yüz otuz bir) manat pulla razılaşmır. Çünki mağazada heç vaxt obyektiv düz yoxlama keçirilməyib. Mağazada olan bütün sayımları özləri necə istəyibsə elə də keçiriblər. Mağazada olan malların çoxsunu bilərəkdən sayına salmırlar. Həmçinin mağazada qanunsuzluq hökm sürür. Məsələn: Ştatda 4 nəfər işçi olmalıdır. Amma onlar üç nəfər işləmişlər. Bu da növbə bölgüsünə çox təsir edirdi. Mağazada dörd saat tək işləməyə məcbur olurdu. Bu səbəbdən mağazada oğruluqlar olurdu. Bölgə müdiri vədlər verirdi ki işçi gələcək, amma gəlmədi. Hətta oğrunu tutduğu vaxt üstünə bıçaq da çıxarıblar. Bu barədə 34-cü polis bölməsinə dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülmədi. İlk sayım olduqda 5000 (beş min) manat əksiklik çıxdı. Bununla bağlı geri dönüş etdikdə operativ sayılmayan mallarla bağlı operativ sayım tələb etdi. Lakin bölgə müdiri tərəfindən etiraz edildi. Gəlib yoxlanan zaman geri dönüşlərində 100-dən artıq çeşid sayılmadığını gördükdən sonra, operativ sayım tələb etmişdir, amma bölgə müdiri operativ sayıma icazə vermədi. İlk sayımın yekun nəticəsi olaraq 3000 (üç min) boynuna atdılar. Halbuki sayımdakı mallar mağazada idi. Bunları gördükdən sonra o çıxışını istəmişdir. Çıxışına son bir ay qaldıqda mağazaya gəlməmiş və bildirmişdir ki, o, heç bir məsuliyyət daşımır. Heç bir sənədə imza atmamışdır. Mağazada olmadığı 1 ay müddətində gələn malları kimin qəbul etdiyini bilməmişdir və təhvil-təslim zamanı ilk sayımda bəzi mallar sayılmadığına görə vaxtı keçmiş malları ondan təhvil alan şəxs qəbul etmədi. Bunları bölgə müdirinə bildirdikdə heç bir tədbir görmədi. İlk sayımda sayılmadığına görə bunlar stokunda 0 (sıfır) göstərdi. İşlədiyi mağazada adı Administrator getsə də, özü satıcı və kassir kimi fəaliyyət göstərmişdir. Mallar mağazada olduğu halda adına kəsrlər yazılmışdı. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Füzuli oğlu iddiaya etirazda göstərilənlərə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hər iki sayımda iştirak etmişdir. Yoxlamaya o biri mağazalardan işçilər gəlirdi. Gecə saat 01:00-dən sonra işdən çıxıb yorğun halda sayıma gəlirdilər. Yorğun olduqları üçün nə qədər malını saymamışdılar. Səhəri gün o, bunu bölgə müdirinə müəyyənləşdirib bildirdi və operativ sayım tələb etdi. Amma operativ sayım vermədilər. 100-dən çox məhsulu sayılmadı. xx.xx.2023-cü il tarixli iltizamnaməyə imza atmışdır. İşdən 2023-cü ildə çıxmışdır. Sonuncu ayı işə getməmişdir və bunu şifahi qaydada bölgə müdirinə bildirmişdir. Heç bir məsuliyyət daşımadığını da demişdir. Həmin ay üçün ona əmək haqqı da ödənilməmişdir. 6931 manatla razı deyil. Onun tərəfindən mağazaya maksimum 2000 manat ziyan dəyə bilər. Oğurluq olduğu hallarda şifahi şəkildə bölgə müdirinə dəfələrlə məlumat vermişdir. “X5” haqqında müqaviləni işə başladığı gün imzalamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 204 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Füzuli oğlunun Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il trixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi əmr edilmişdir. Cavabdeh Füzuli oğlu tərəfindən İddiaçı İdarə Heyətinin sədri X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onu Satış Departamentinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh Füzuli oğlu arasında bağlanmış vəzifə dəyişikliyi ilə əlaqədar X5 haqqında müqavilədən görünür ki, müqavilənin 3.3-cü maddəsinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqadər izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı və Cavabdeh Füzuli oğlu arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh Füzuli oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh Füzuli oğlu Baş Satıcı vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat təyin edilmişdir. Cavabdeh Füzuli oğlu tərəfindən İddiaçı İdarə Heyətinin sədri X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, adminstrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 521 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Füzuli oğlunun Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il trixindən etibarən adminstrator vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. Cavabdeh Füzuli oğlu tərəfindən İddiaçı İdarə Heyətinin sədri X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 88x nömrəli əmrinin çıxarışından görünür ki, Cavabdeh Füzuli oğlunın İddiaçı Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Füzuli oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, DN3689 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş etmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-də çalışmış Cavabdeh Füzuli oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh Füzuli oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2023-cü il tarixində 3801,56 (üç min səkkiz yüz bir manat 56 qəpik) manat, xx.xx.2023-cü il tarixində 4059.78 (dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 6931.56 (altı min doqquz yüz otuz bir manat əlli altı qəpik) manat borcu qalmışdır. Beləliklə, Cavabdeh Füzuli oğlunın 17 yanvar 2024-cü il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 6931.56 (altı min doqquz yüz otuz bir manat əlli altı qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2023-cü il tarixində «OBA-Ehmedli 12” (1027) mağazasında aparılmış növbədənkənar inventarizasiyanın yekunu haqqında aktın surətindən görünür ki, Cavabdeh Füzuli oğlunın İddiaçınə 3801,56 (üç min səkkiz yüz bir manat 56 qəpik) qəpik zərər vurması müəyyən edilmişdir. Cavabdeh Füzuli oğlunın xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamnamənin surətindən görünür ki, «OBA-Ehmedli 12” (1027) mağazasında aparılmış növbədənkənar inventarizasiyada Cavabdeh Füzuli oğlu sayımda sonadək iştirak etmiş, yoxlama işçi qrupunun rəhbəri tərəfindən, ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağını qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində «OBA-Ehmedli 12” (1027) mağazasında aparılmış növbədənkənar inventarizasiyanın yekunu haqqında aktın surətindən görünür ki, Cavabdeh Füzuli oğlunın İddiaçınə 4059.78 (dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat zərər vurması müəyyən edilmişdir. Cavabdeh Füzuli oğlunın xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamnamənin surətindən görünür ki, «OBA-Ehmedli 12” (1027) mağazasında aparılmış növbədənkənar inventarizasiyada Cavabdeh Füzuli oğlu sayımda sonadək iştirak etmiş, yoxlama işçi qrupunun rəhbəri tərəfindən, ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağını qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən «OBA-Ehmedli 12” (1027) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Füzuli oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Füzuli oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin 4059.78 (dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00141 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh Füzuli oğlu xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyəborcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda. Maddə 202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Maddə 205. Əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 206. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 521 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 88x saylıəmrlə işdən azad edilmişdir İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, “Oba-Əhmədli 1” mağazasında aparılan ümumi yoxlanış sayımına əsasən məlum olmuşdur ki, marketin anbarında müvafiq olaraq 3801,56 manat və 4059 manat məbləğində məhsul əksikliyi olmuşdur. Hazırda İddiaçı MMC cavabdehin ona maddi ziyan vurduğunu iddia edir və Əmək Məcəlləsinin müvafiq müddəalarına, işçinin X5i haqqında müqaviləyə və yoxlamanın nəticələrinə uyğun olaraq maddi ziyanın əvəzini Cavabdeh tələb edir. Qeyd edilən ziyanın ödənilməsi barədə işçiyə xəbərdarlıq olunmuş, lakin işçi tərəfindən vurulmuş zərər məhkəmədənkənar qaydada ödənilməmişdir. İşçi və işəgötürən arasında bağlanmış X5 haqqında müqavilə işəgötürənə işçinin vurmuş olduğu zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququ verir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirməyərək işəgötürənə maddi zərər vurmaqla nəticələnən pozuntulara yol vermişdir. Belə ki, işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırması nəticəsində işçinin öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə maddi ziyan vurması müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərlə mübahisənin müəyyən güzəştlər tətbiq edilməklə həll olunması istiqamətində müzakirələr aparılmış, iddiaçı tərəf tərtib olunmuş aktlardan birini (xx.xx.2023-cü il tarixli) tam şəkildə cavabdehə güzəşt etməklə, digər akt üzrə hesablanmış zərər məbləğinin - 3801,56 manatın ondan tutulmasına razı olduğunu bildirmişdir. Cavabdeh isə mübahisənin bu qaydada həll olunmasına etirazının olmadığını bildirmişdir. Odur ki, məhkəmə məhkəmə iddianı qismən təmin etməklə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 3801,56 manatın cavabadehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddianı qismən təmin edərkən, cavabdehin izahatına əsasən iddia olunan məbləğdə əmlakın ona təhvil verilməsini (cavabdeh bunu təkzib etməmişdir), cavabdehin administrator olaraq mağazanın müdiri funksiyasını həyata keçirməsini, həmin marketdə anbardar vəzifəsinin nəzərdə tutulmadığını, başqa sözlə bilavasitə cavabdehin maddi məsuliyyətini şərtləndirən halların mövcud olmasını nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurduğu ziyana görə 3801,56 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manatın 10 manat hissəsi, habelə 60 manat mediasiya xərcinin 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3801,56 (üç min səkkiz yüz bir manat, əlli altı qəpik) manat pul vəsaiti, 40 (qırx) manat mediasiya xərci və 10 (on) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar